• cümə, 19 Aprel, 08:33
  • Baku Bakı 13°C

Ayşəgül və Kosıgin

30.05.13 09:14 4858
Ayşəgül və Kosıgin
1966-cı ilin dekabr ayının sonlarına doğru, SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin böyük bir nümayəndə heyəti ilə Türkiyəyə işgüzar səfərə gəlir. Bu səfər Türkiyə üçün xeyli dərəcədə əhəmiyyət daşıyır, çünki iqtisadi böhranın astanasında olan Türkiyə SSRİ-dən əlverişli şərtlərlə kredit almaq niyyətində olur. Ankarada gərgin təmaslardan və qızğın müzakirələrdən sonra Kosıgin son üç gününü çoxdan bəri görmək arzusunda olduğu İstanbulda keçirmək qərarına gəlir. Əlbəttə ki, Kosıgini böyük bir jurnalist ordusu müşayiət edir. Bu jurnalistlərin arasında “Hürriyət” qəzetinin gənc müxbiri Ayşəgül Dora da xüsusilə fərqlənir. İstanbulun gəzməli-görməli, tarixi yerlərini böyük həvəslə gəzib dolaşan Kosıgin Topkapı sarayını da ziyarət etməyi unutmur. Kosıgini Türkiyənin o zamankı maliyyə naziri İhsan Sabri Çağlayangil müşayət edir. Gəzinti zamanı hörmətli qonaq sarayın daxilində yerləşən Bağdad köşkünün önündəki hovuzun yanında ayaq saxlayır. Fürsəti bada verməyən Ayşəgül Kosıgin və Çağlayangilə yaxınlaşaraq –hovuzun el arasında müqəddəs bir yer sayıldığını, inanclara görə bir dilək tutulub hovuza dəmir pul atıldığı zaman diləyin hasil olduğunu söyləyir. Ayşəgülün həyəcanlı izahı və hovuzun mistik keçmişi Kosıgində əməlli-başlı marağa səbəb olur. Çağlayangil cibindən qəpik çıxararaq hovuza atır. Bunu görən Ayşəgül “Cənab Kosıgin, bəlkə siz də bir dilək tutasınız” deyə əlində hazır saxladığı 150 qəpiyi Kosıginə uzadır. Onsuz da cibində sadəcə kağız pul, yəni rubl olan Kosıgin etiraz etmir, ona uzadılmış pulu alır və bir dilək tutaraq qəpikləri hovuza atır. Və belə gözəl təəssüratla da Topkapı sarayından ayrılır…
Ertəsi gün “Hürriyət” qəzeti “Ayşəgül Dora Sovet İttifaqına 150 qəpik borc verdi” manşeti ilə gündəmə öz damğasını vurur. Günün zarafatı isə “Türkiyə Kosıgindən, Kosıgin isə Ayşəgüldən borc istəyir” ifadələri olur. Bir azdan səfirlikdə istirahət edən Kosıgini də vəziyyətdən hali edirlər. “Hürriyət” qəzetinin manşeti Kosıginin üzündə təbəssümə səbəb olur … Bir neçə dəqiqə sonra Ayşegül Dora, “Hürriyət” qəzetinin baş redaktorunun yanına çağrılır. Baş redaktor qayğılı bir ifadə ilə Kosıginin Sovet səfirliyində onu gözlədiyini deyir.
SSRİ-nin rəhbəri Ayşəgülü qapıda qarşılayır. Ona oturmağa yer göstərdikdən sonra “Mən hələ ömrüm boyu heç kimdən borc almamışam. İcazə verin ilk dəfə sizdən aldığım borcu, yəni 150 qəpiyi geri verim” deyə gülümsəyərək əlindəki qəpikləri Ayşəgülə uzadır. Xanım jurnalist başa düşür ki, etiraz etmək mənasızdır və qəpikləri alıb çantasına qoyur… Eyni zamanda səfirliyin əməkdaşları ona işində “Matruşka” və üzündə Kremlinin təsviri olan ipək şal təqdim edirlər…
“Sizi Moskvada öz qonağım olaraq görmək mənim üçün sevindirici olardı” deyən Kosıgin öz vizit kartını Ayşəgülə uzadır: “Sayənizdə Türkiyə səfəri mənim üçün daha yaddaqalan oldu…”
Aradan düz on il keçir. Moskvada keçirilən beynəlxalq əhəmiyyətli bir tədbirə getmək istəyən maliyyə naziri İhsan Sabri Çağlayangil bir sıra bürokratik əngəllərlə üzləşir. Sovet Səfirliyi onun nümayəndə heyətinə viza verməkdən birmənalı şəkildə imtina edir. Qəfildən Çağlayangil Ayşəgül Doranı xatırlayır…
Sovet səfirliyində Ayşəgül Doranı ehtiramla qarşılayırlar. Kosıginin vaxtilə ona təqdim etdiyi vizit kart isə əməlli-başlı açar rolunu oynayır. Qısa müddətdən sonra nazir Çağlayangilin, onun nümayəndə heyətinin və Ayşəgül Doranın vizası hazır olur. Nazir Ayşəgülün də onlarla getməsini məsləhət bilir…
Moskvada tədbir zamanı Çağlayangil onu Kosıginə təqdim edir. Ayşəgülü xatırlayan Kosıginin üzü işıqlanır. Onun əlini möhkəm sıxaraq “Sən mənim qonağımsan, borcunu geri ödəməliyəm” deyir və bir müddət Rusiyada qalmasını istəyir. Ayşəgül sual dolu nəzərlərlə Çaglayangilə baxir, nazir təsdiq əlaməti olaraq başını tərpədir…
Kosıgin sözünü tutur və Ayşəgülü ən yüksək səviyyədə qonaq edir. Demək olar ki, Sovetler Birliyinin bütün səfalı bölgələrini qarış-qarış gəzdirir. Hətta onu Bakıya da göndərir…
Vaxt keçir, vədə dolur, Ayşəgül geri dönmək istəyir. Kosıgin onu buraxmaq istəmir və Rusiya vətəndaşlığı təklif edir. Ayşəgül isə nişanlı olduğunu, getməyə məcbur olduğunu bildirir. Kosıgin bir şərtlə razılıq verir:
- Bal ayını Moskvada keçirəcəksən…
Ayşəgül razılaşır. Türkiyəyə dönür və toydan qısa bir müddət sonra həyat yoldaşı ilə bərabər Moskvaya yola düşür. Kosıgin əhdinə vəfalı çıxır, Ayşəgül və yoldaşını böyük qonaqpərvərlik hissi ilə qarşılayır…
Bir müddət sonra Ayşəgül və həyat yoldaşı müxtəlif hədiyyələrlə Türkiyəyə geri dönürlər. Bu onların Kosıginlə son görüşü olur… Bir neçə il sonra isə Kosıgin dünyasını dəyişir…
P.S. - Artıq yaşı xeyli irəliləmiş Ayşəgül Dora ilə görüşmək cəhdlərim baş tutmadı. Amma bilirəm ki, onun öz dilindən Moskva və Bakı təəssüratlarını dinləmək çox maraqlı olardı. Növbəti cəhdimin uğurlu olması diləyi ilə…
banner

Oxşar Xəbərlər