• şənbə, 20 Aprel, 18:06
  • Baku Bakı 24°C

Ayrılıqların ən betərini yaşadım...

14.11.14 12:14 1416
Ayrılıqların ən betərini yaşadım...
20 ildir ki, Türkiyə pop musiqisinin ən məşhur simalarından biri olan Rafet El Roman 12-ci albomunu çıxarmağa hazırlaşır. Bu illər ərzində oxuduğu mahnılarla bərabər, ailə həyatı ilə də gündəmdən düşməyən El Roman ötən il Geren Kalpakarslan ilə ailə həyatı qurdu. Bu evliliyə inanmayanlar da çox oldu. Rafet El Roman Türkiyə mətbuatına müsahibəsində bu kimi məsələlərə aydınlıq gətirib.
- Eşitdik ki, yeni albom hazırlayırsınız.
- Bəli. Martın 12-də yeni albomum işıq üzü görəcək. Tamaşaçıların məni tanıdığı romantik ifamı bu albomda da əks etdirəcəm. Albomun 100-də 60 faizi yenə mənim söz və musiqilərimdən ibarət olacaq. Digər albomlarımda olduğu kimi, səs yazılarını Almaniyada öz studiyamda etdirəcəm. Ən diqqət etdiyim məsələ isə daha əvvəlki albomlarda yer verdiyim mahnıları təkrarlamamaqdır. Ancaq bu albomda klassikləşmiş iki-üç mahnıya da yer ayıracağam. Açığı, onları daha gözəl, dəqiq türk dilində oxumaq istəyirəm.
- Hesab edirsiniz ki, əvvəl oxuduğunuz mahnıların səlis türk dili baxımından problemi var?
- 1995-96-cı illərdə həmin klassik əsərlərə müraciət etmişdim. O zaman türkcə danışığımda problem var idi. Həmin ərəfələr ifama dair tutulan iradları qəbul etmirdim. İnsanların mənim mahnılarımın sözlərinin tələffüzünə göstərdikləri münasibətlərə hər zaman pis reaksiya verirdim. Hesab edirdim ki, musiqini ifa edərkən ən əsas məsələ ifa etdiyin musiqiyə öz duyğularını verməkdir. Qəribəsi odur ki, bu gün mən o zamanlar məni tənqid edənlərlə eyni fikirdəyəm. Hətta insanlar məni o cur ifamla necə bəyəniblər, deyə özümə sual da verirəm. Doğrudan da çox şanslı bir ifaçıyam. Mənə elə gəlir ki, o zamanlar insanlar sənət aləmində fərqli ifalar eşitmək istəyirlərmiş ki, məni mehribanlıqla qarşıladılar. Mən hər nə qədər türk dilini yaxşı bilməsəm də, dinləyicilərim “biz əslində sizin ləhcənizi sevirik” deyirlər. Bu gün biri efirə çıxıb mənim o zamanlar oxuduğum mahnıları oxusa, yəqin ki, o mahnıları dinləməzdim. Yəqin ki, insanlar mənim mahnılarımın melodiyasını, sözlərindəki incəlikləri, səmimiyyəti çox seviblər ki, tələffüzümə əhəmiyyət verməyiblər. Mən bu işə çox pis bir şəkildə başladım. Getdikcə türk dilimi düzəldərək daha da uğurlu oldum.
- Biz sizdən hər zaman qəlbə toxunan romantik mahnılar eşitdik. Hazırladığınız yeni albomda yeni romantik mahnılar varmı?
- Əlbəttə var. Mənim ən böyük özəlliyim duyğularımı birbaşa səmimi və asan şəkildə dinləyicilərimə ötürə bilməyimdir. Heç zaman real həyatda olmayan şeylərdən yazmadım. İstəmişəm ki, tamaşaçılar “Mən də eyni şeyləri yaşadım. Nə gözəl ifa etmisən” kimi kəlmələr işlətsinlər. İnsanı yazmağa sadəcə eşq deyil, dava, məyusluq, tənhalıq da təşviq edir. Mən bunların hamısını yaşadım. Ancaq həyatım bunlardan ibarət deyil.
- Bu gün geri dönüb həyatınıza baxanda nələr görürsünüz?
- Çox xoşbəxt bir insan olduğumu görürəm. 46 yaşındayam və həyat mənə gözlədiyimdən də artığını verdi. Ailəm, övladlarım şöhrətim oldu. Eşqlərin ən gözəlini yaşadım. Ayrılıqların ən betərini çəkdim. Bu gün özəl həyatıma diqqət yetirdikdə görürəm ki, həyatın bir hissəsini tək keçirmişəm. Konsert vermək üçün dünyanın dörd bir yanına getsəm də, məni oralarda qarşılayan yalnız tənhalığım olub. Bu mənim musiqimi bəsləyən bir duyğudur. Mahnılarımın çoxunu təyyarədə yazmışam.
- Artıq ailəlisiniz. Dünya turlarına çıxanda həyat yoldaşınız sizi tək qoymayacaq.
- Geren uşaqların yanında olduğu üçün mənimlə konsertlərə gedə bilmir. Bir də mən işləyərkən o yanımda çox qalmağa üstünlük vermir. Mənə “Sən işini rahat gör” deyir. Düzdür, mən onun hər zaman yanımda olmağını istəyirəm. Amma mənim tək daha rahat ola biləcəyimi düşünür.
- Geren xanım Almaniyaya öyrəşə bildimi?
- O, Almaniyanı çox sevdi. Tez alışdı. O istəyirdi ki, bir ailəsi olsun və onunla birlikdə yaşasın. Bu, onun ən böyük xəyalı idi. Övladlarım Londonda oxumaq istəyirlər. Geren də onlarla birlikdə orada yaşayacaq. Ancaq uşaqlar Türkiyədə yaşamaq istəsələr, yəqin ki, biz daimi olaraq Türkiyədə yaşayacağıq. Mən həyatımı hər zaman övladlarıma görə yaşadım.
- Qeyd etdiniz ki, ailə qurduğunuz xanım qızlarınızla mehribandır. Ancaq mətbuatda qızlarınızın onunla yola getmədiyi yazılmışdı.
- Onlar çox yaxşı yola gedirlər. 4 il əvvəl belə problemlər yaşadıq. Övladlarımla aramızda gərginlik oldu, amma indi münasibətləri çox yaxşıdır. O qədər yaxşı yola gedirlər ki, hətta mən buna çox təəccüblənirəm. Geren hər gün yeddinin yarısı yuxudan qalxır, qızlarıma sendviç hazırlayır, sonra onları məktəbə yola salır.
- Ötən ay əslində sizin Geren xanımla ailə qurmadığınız, evliliyinizin tam olmadığı kimi xəbərlər çıxmışdı. İşin əsli necə idi?
- Əlbəttə ki, evliyik. Sadəcə, sənət-sünədlərlə məşğul olmadıq. Mən Almaniya, Geren isə Türkiyə vətəndaşı olduğu üçün sənədləri gec hazırladıq. Ancaq bizim başa düşmədiyimiz bir məsələ var. Bütün bunlar kimin nəyinə lazımdır? Bu yay Kənan Doğlu, Serdar Ortac evləndi. Heç kim gedib onlarla maraqlanmadı. Ancaq bizim sənəd məsələmizə qədər hər kəs maraqlandı. Axı bu kimin nəyinə lazımdır? Çox güman ki, gərək xəstə ruha sahib olasan ki, bu kimi işlərlə maraqlanasan.
- Sizcə, sizin evlilik xəbərləriniz niyə inandırıcı olmadı?
- Bunu bilmirəm. Amma biz evliyik, xoşbəxtik və kimsəni də buna inandırmaq məcburiyyətində deyilik. Mənim həyatım musiqidən və ailəmdən ibarətdir. Musiqi sənətində çəkdiyim qrafik illər ərzində nədənsə öz həyatımda da oldu. Özəl həyatımı heç zaman tamaşaçılardan gizlətmədim. Bu da bir az yaşadıqlarımdan və çevrəmdə olan insanlardan qaynaqlanır. Mən sussam da, başqaları susmur.
- Siz Geren xanımla ayrıldığınız ərəfələrində qayınatanız Atilla Kalpakarslan sizin üçün çox ağır cümlələr işlətdi. Sonradan o sözləri sizə necə açıqladı?
- Normal şəkildə. “Mənim qızım məyus idi. Mən bunları qaldıra bilmədim. O cümlələr sənə olan məyusluğum və üsyanım idi” dedi. Ancaq mətbuatda yazılanlar qədər sərt cümlələr söyləmədiyini də bildirdi. Sən demə, mətbuat nümayəndələri onun sözlərini daha da şişirdiblər. Bu problemi öz aramızda rahat şəkildə həll etdik. Mən də qız atasıyam və qayınatamı başa düşdüm. Ayrıldığımız ərəfələrdə qızının məyusluğuna dayana bilməyib, ata olaraq o da çox məyus olub. Onun bu açıqlaması mənə çox inandırıcı gəldi. Təbii ki, belə bir hadisə olmasaydı, daha yaxşı olardı. Çünki biz Gerenlə bir-birimizi hər zaman sevmişik və günün birində onunla xoşbəxt həyat sürəcəyimi bilirdim.
- Bu qədər böyük bir sevgiyə rəğmən, nə üçün tez-tez ayrılırdınız?
- Hər münasibətdə belə hallar olur. Bizim də öz aramızda bölüşdürə bilmədiyimiz, müzakirə etdiyimiz mövzular olurdu. Mən özüm çox asan şəkildə “gedirsənsə get” deyə bilən bir insanam. Geren isə heç bir sözün altında qalmadan, arxasına belə baxmayıb bir dəfəlik gedən bir insandır. Bu dönəmlər bir-birimizin qiymətini anlamırdıq. Ancaq bir-birimiz olmadan xoşbəxt olmayacağımızı başa düşürdük.
- Qızlarınızın anası Tuba xanımla problemləri həll etdinizmi?
- Hazırda heç bir problemimiz yoxdur. O istədiyi vaxt övladlarını görür. İstədiyi zaman gəlib qızları götürüb. Mənim bildiyimə görə, hələ ki qızlarla arasında bir problem yaranmayıb.
- Geren xanımın qızlara analıq etməsi Tuba xanımı narahat edirmi?
- Geren xanımla tanış olan ərəfələrdə bir az qısqanclıqlar olsa da, hazırda elə bir problemimiz yoxdur. Çünki qızların xoşbəxt olduqlarını o da görür. Həm də qızlar da uşaq deyil. Onlar da daimi olaraq anaları ilə danışıb gündəlik həyatlarını onunla bölüşürlər. Qızlarım hazırda çox xoşbəxtdirlər. Onlar mənə “Yaxşı ki, belə oldu, həm sənin, həm də bizim üçün” deyirlər.
- Ötən həftə konsertlərinizin birində qızınız Su ilə səhnəyə çıxdınız və onunla mahnı oxudunuz. Qızınızla birlikdə yenə də mahnı ifa etməyi düşünürsünüzmü?
- Əslində biz qızımla “Eurovision” mahnı müsabiqəsinə hazırlaşmışıq. Bildiyiniz kimi, artıq iki ildir Türkiyə həmin müsabiqəyə qatılmır. Eşitdiyimə görə, bu il ola bilər ki, müsabiqədə iştirak edək. Türkiyə həmin müsabiqədə iştirak edərsə, biz də ata-qız olaraq hazırladığımız mahnını münsiflər heyətinə göndərmək istəyirik. Bu mahnı ingilis dilində qızımla mənim ifamda gözəl bir kompozisiya oldu. Özümüzü həmin müsabiqəyə hazırlamışıq.
- Türkiyə “Eurovision” müsabiqəsinə qatılmazsa, həmin mahnını dinləmə şansımız olmayacaq?
- Hələ onun qərarını verməmişik. Amma qızımla yəqin ki, mahnı oxumayacağıq. Çünki qızım özü ingilis dilində yeni bir mahnı hazırlamaq istəyir. Amerikada Beyonce və onun kimi məşhur ifaçılara mahnılar yazan ssenaristləri araşdırır, onlarla münasibət qurmaq istəyir. Özünə çox inanır və bacaracağını söyləyir. O mənə onun qismətinin məhz mənimki kimi olacağını söyləyir. Mən də Suyu dəstəkləyirəm.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər