• cümə axşamı, 28 mart, 13:28
  • Baku Bakı 16°C

Aynişan Məmmədova: “Teatrda məni özünə cəlb edən hansısa bir qüvvə var”

20.12.14 13:03 2099
Aynişan Məmmədova: “Teatrda məni özünə cəlb edən hansısa bir qüvvə var”
Həyat da teatr tamaşası kimidir. Əhəmiyyətli olan onun nə qədər davam etməsi deyil, nə dərəcədə maraqlı keçməsidir. Teatrda isə bu, təkcə aktyorlardan, rejissordan, rəssamdan, bəstəkardan asılı deyil. Bu, həm də bizim səhnədə üzünü görmədiyimiz, adını bilmədiyimiz bir çox insanlardan asılıdır. Teatrda çalışan texniki işçilər məhz belə insanlardır. Biz də bu rubrikamızda texniki işçilərin əziyyətlərini, gördükləri işləri göz önünə gətirməyə çalışırıq. Bir tamaşanın ərsəyə gəlməsi üçün onların əziyyətləri əvəzsizdir. Səhnə arxasında çalışan bu sənət fədailəri ömürlərini məhz teatra həsr ediblər, qonorarları nə qədər az olsa da onlar işlərini sevərək, ürəkdən görürlər.
Beləliklə, bu dəfə rubrikamızın qonağı Azərbaycan Dövlət Musiqili Teatrının kostyum sexinin rəhbəri Aynişan Məmmədovadır.
Arzuladığı peşəyə doğru...
Aynişan İbrahim qızı Məmmədova 1962-ci ildə Bakıda doğulub. Müəyyən səbəblər üzündən ali təhsil almaq imkanı olmayıb. Teatra gəlməyi isə 1997-ci ilə təsadüf edir. Həmsöhbətim danışır ki, o zaman Musiqili Komediya Teatrının binası təmirə dayandığından Teatr Sahil metrosunun yanındakı Dənizçilərin Mədəniyyət evində yerləşirdi. Teatrda işləmək üçün kadrlar şöbəsinə müraciət edib. Orada Aynişan xanıma kostyum sexinə işçi axtarıldığı söylənilib. O, sexə daxil olaraq, kostyumlarla tanış olub. Kostyum sexi ilə ilk tanışlıqda müsahibim sanki uzun müddətdir gözlədiyi xəyallarına qovuşduğunu dilə gətirir. Orada iki ay işlədikdən sonra kostyum sexinin rəisi vəzifəsinə layiq görülüb. Aynişan xanım o günləri belə xatırlayır: “O zaman mənim 37 yaşım var idi. Bir gün Hacıbaba Bağırov məni çağıraraq kostyumu ütüləməyi tapşırdı. Kostyumu əlimə alan kimi Hacıbaba müəllim dedi ki, əlini kostyumun cibinə sal, içində nə varsa, onu yarı böləcəyik. Mən isə qayıtdım ki, kostyumunuzun cibindəkini özünüz götürün, mən başqasının cibinə baxa bilmərəm. Hacıbaba Bağırov gülərək , kostyumun cibində heç nə yoxdur. Mən sizin əlinizin doğru olub-olmamağını yoxlamaq istəyirdim,-dedi. O gündən sonra mən kostyum sexinə rəis təyin edildim.
17 il sərasər, yorulmadan çalışan qadın...
Artıq 17 ildir ki, kostyum sexində işləyən Aynişan xanım uşaqlıqdan incəsənət sahəsinə böyük marağı olduğunu deyir. Teatra böyük həvəsi olan müsahibim hər zaman teatra getdikdə kulisdə baş verən hadisələri maraqla izləyib. Tale elə gətirib ki, arzuladığı bir işdə işləmək ona qismət olub. Hazırda işini hər şeydən çox sevən kostyum sexinin rəhbəri əslində bu işin heç də asan olmadığını bildirir. Deyir ki, onların işində ilk növbədə gərək aktyorlarla dil tapmağı bacarasan. Tamaşadan qabaq aktyor əsəbi, şən və müxtəlif auralara daxil ola bilər. Əsas odur ki, onları başa düşəsən və səhnəyə müsbət emosiya ilə yola salasan. Aynişan xanım bütün aktyorların xasiyyətinə bələd olaraq onlarla səmimi şəkildə davranmağa çalışır.
Hazırda teatrın kostyum sexində beş mindən artıq səhnə kostyumunun olduğunu dilə gətirən müsahibim onların hamısını gözüyumulu tanıdığını deyir. O deyir ki, ola bilər, aktyor səhnədə oynadığı zaman əynindəki paltarda hər hansı bir nasazlıq yaransın. O zaman dərzilərə müraciət edərək problemi həll etməyə çalışırlar. Əgər tamaşa həftədə 3 dəfə olursa, aktyorlar istənilən vaxt davamlı olaraq kostyum sexinə gələrək geyinəcəkləri paltarlara nəzarət edir, onun hər hansı bir problemini söyləyirlər. Tamaşa günləri isə kostyumlar qrim otağına düşürülür.
Aynişan xanım geyimlərlə bağlı başına maraqlı hadisələrin gəldiyini də deyir. Bəzən kostyumların itməyindən də danışan müsahibim bildirir ki, aktyor səhnədə köynəyini çıxarıb elə yerə qoyub ki, onu axtarsalar da tapa bilməyiblər. Uzun müddətdən sonra həmin köynək səhnədə fırlanan dairənin altından tapılıb.
Heç zaman teatrdan uzaqlaşmağı düşünməyən müsahibim gördüyü işdən həzz aldığını da qeyd edir: “Əlbət ki, tamaşalar çox olduqca biz də çox yoruluruq. Ancaq bu yorğunluq mütəmadi şəkildə baş vermir. Teatrda məni özünə cəlb edən hansısa bir qüvvə var. Mən teatra çox bağlıyam. Hesab edirəm ki, bu işdə ən önəmlisi həvəsdir. Həvəssiz yanaşdıqda gördüyün iş keyfiyyətsiz alınır. Bizim işdə əsas səliqədir”.
Kostyum sexində işləməyin elə də asan olmadığını bildirən Aynişan xanım bir paltarın ərsəyə gəlməsinin uzun bir proses keçdiyini söyləyir. Belə ki, sexə hazır kostyumlar daxil olur. Rəssam geyimin eskizini çəkdikdən sonra o işi dərzilərlə həll edir, daha sonra geyimlər kostyum sexinə hazır olaraq göndərilir. Aynişan xanım isə rollara görə kostyumları qarderobda yerləşdirir. Bütün kostyumların hamısını əli ilə bir-bir yerləşdirdiyini deyir: “Onların hamısı mənim yaddaşıma həkk olunub. O geyimlərin kimə aid olduğunu da əzbər bilirəm. Dərzidən paltarları təhvil aldıqdan sonra onları göz bəbəyi kimi qoruyuram”.
Problemlərdən üzüağ çıxmışıq...
Hər zaman kulisdə, səhnə arxasında qalan Aynişan xanım heç zaman tamaşaçı qarşısına çıxmağı arzulamayıb. Ancaq tamaşaları kənardan izləməyi çox sevir. Çalışdığı 17 il ərzində bir çox görkəmli sənətkarın fəaliyyətini səhnədə yaxından izlədiyini, onların sənətlərinin vurğunu olduğunu da gizlətmir.
Teatra bağlandığını söyləyən Aynişan xanım aldığı məvacibin onu heç də qane etmədiyini, ancaq hər gün işə həvəslə gəldiyini deyir. O işin maddi tərəfini fikirləşmir, işə olan sevgini hər şeydən üstün tutur. Hər zaman çətin işlərə marağı olan, asan işi sevməyən Aynişan xanım işini sevərək görür.
Teatrın təmirsiz zamanlarında, əlverişsiz şəraitdə geyimləri çətinliklə saxlayırlarmış. Onun üçün çox əziyyət çəkiblər: “Bizə Günəş şadlıq evinin birinci mərtəbəsində otaq vermişdilər. Teatr binasından uzaq olduğumuz üçün bizə çətin idi. İşlək olan tamaşaların kostyumlarını göz önündən asırdıq. Repertuarda olmayan tamaşanın kostyumlarını isə səliqə ilə qatlayıb kənara yığmışdıq. O zaman bizim çətinliklərimiz çox oldu. İşçilərimizin az olmasına baxmayaraq, biz bütün işlərin öhdəsindən gəlirdik. Əlverişsiz şəraitdə sıradan çıxan paltarlar da olub. Elə bir vəziyyət yaranmışdı ki, paltarları saxlamağa çətinlik çəkirdik. Yeni binaya gəldikdə isə şəraitimiz düzəldi, məxsusi otaqlara yerləşdik, demək olar ki, əksər paltarlar təzələndi”.
Sonda isə müsahibim bütün kollektivə yaratdığı əlverişli şəraitə görə teatrın rəhbəri Əliqismət Lalayeva təşəkkürlərini bildirdi. Biz də öz növbəmizdə bundan sonrakı fəaliyyətində Aynişan Məmmədovaya uğurlar arzulayırıq.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər