Çayımızı öz şəkərimizlə şirin edə bilməməyin səbəbləri

Çayımızı öz şəkərimizlə şirin edə bilməməyin səbəbləri

İqtisadiyyat
23 Yanvar 2020, 19:50 3417
İqtisadçı Pərviz Heydərov: "Baş verən hadisənin bütün məsuliyyəti dempinq siyasətinin üzərinə atıla bilməz”

Bir ölkənin əsas gəlir mənbələrindən biri də qeyri-neft sektorudur. Buna görə də bu sahənin inkişafına və genişlənməsinə xüsusi diqqət və qayğı ayrılır. Amma təəssüf ki, gündəmdə olan bir xəbər olduqca məyusedicidir. Belə ki, "Azərsun Holdinq”dən verilən açıqlamaya görə, "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin İmişli rayonunda yerləşən şəkər emalı zavodu ciddi böhran vəziyyəti ilə qarşılaşıb.  Müəssisədən verilən açıqlamada deyilir: "2016-cı ildən etibarən Rusiya Federasiyasından ölkəmizə şəkər tozu idxalının miqyası durmadan artmaqdadır. Üstəlik, idxal olunan şəkər tozunun qiyməti dempinq siyasəti ilə formalaşır. İmişli şəkər zavodunda maya dəyərinin aşağı salınması, qiymətdə rəqabət qabiliyyətinin artırılması yönündə milyonlarla ABŞ dolları ilə ölçülən investisiya qoyuluşları, həmçinin digər səmərələşdirici səylərin həyata keçirilməsinə baxmayaraq, dempinqli idxal olunan məhsul ilə rəqabət aparılması obyektiv olaraq mümkün deyil. Məhz buna görə də, müəssisəmiz son illərdə külli miqdarda zərərlə fəaliyyət göstərir.
Lakin "Azərsun Holdinq” rəhbərliyinin ölkəmizin sosial-iqtisadi inkişafı və regionda məşğulluğun təmin olunmasına verdiyi yüksək əhəmiyyətin nəticəsi olaraq, müəssisəmizin fəaliyyəti dayandırılmayıb. Hər kəsə məlumdur ki, İmişli rayonu başda olmaqla, Mərkəzi Aran bölgəsinin sosial-iqtisadı həyatında və işsizliyin aradan qaldırılmasında müəssisəmizin rolu həlledici dərəcədə mühümdür. Yaranmış bu böhran vəziyyətində, Holdinqimizin bütün xoş niyyətli səylərinə rəğmən, müəssisəmizin tam gücü ilə ilboyu fəaliyyət göstərməsi çətinləşəcək.
Hazırda İmişli Şəkər Zavodunda ixtisar baş vermir. Sadəcə istehsal müəssisəsinin fəaliyyətini dayandırması ilə bağlı ölkə qanunvericiliyinin tələbinə uyğun olaraq işçilərə ödənişlər edilir. Durum belə davam edərsə, istehsal müəssisəmiz 2020-ci ildən etibarən, sadəcə payız mövsümündə məhdud miqdarda şəkər çuğunduru emalını həyata keçirməklə fəaliyyətini xeyli kiçiltməyə məcbur qalacaq ki, çox təəssüf, işçi heyətimizin sayına yenidən baxmalı olacağıq.  Qeyd edək ki, artıq 3 ildir İmişli Şəkər Zavodu zərərlə işləyirdi”.
Zavodun fəaliyyətində belə bir halın yaşanması həqiqətən iqtisadi baxımdan ürəkaçıcı deyil. Maraqlıdır, belə bir vəziyyətin yaranmasının səbəbi nədir və bundan xilas olmaq üçün hansı addımların atılması lazımdır?
İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, qeyd edilən hal son bir neçə ildir ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafına və genişlənməsinə istiqamətlənən, həyata keçirilən addımlara ziddir: "Bunun səbəbi isə qeyri-neft məhsullarına aid məhsullarla dünya bazarına çıxmaq, ümumiyyətlə, bu sahədə istənilən nəticəyə nail olmaq çox çətindir. Çünki bu məhsulların istehsalında ən mühüm cəhət keyfiyyət və rəqabət qabiliyyətlilik və qiymət məsələsidir. Məsələyə məntiqlə yanaşdıqda, bu və ya digər malın keyfiyyəti yüksək olarsa, onun maya dəyəri də artıq olmalıdır. Amma müasir dünyada rəqabət çərçivəsində vəziyyət o qədər ciddi və kəskin xarakter alıb ki, bütün istehsalçılar məhsulun keyfiyyətini artırmaqla bərabər, onun maya dəyərinin də qalxmasına yox, əksinə azalmasına çalışırlar. Beləliklə də, malın rəqabət qabiliyyətliliyi təmin edilir”.
İqtisadçı qeyd edir ki, görünür, İmişli zavodunda istehsal edilən məhsul maya dəyərindən baha başa gəlir və bunu müəssisənin məxsus olduğu holdinq də açıq şəkil də etiraf edir: "Yəni İmişlı zavodunun məhsulları qiymət baxımından bahadır, çünki maya dəyəri yüksəkdir. Bu da ona dəlalət edir ki, həmin zavodda istifadə edilən texnologiya müasir deyil. Düzdür, holdinqin açıqlamasında qeyd edilir ki, xeyli vəsait sərf olunmuş, texnologiyanın yenilənməsi istiqamətində müvafiq addımlar atılmışdır və s. Amma o addımlar həqiqətən həyata keçirilsəydi, o zaman zavodun məhsullarının qiymət baxımından rəqabət qabiliyyətliliyi aşağı səviyyədə olmazdı və həmin məhsullar daxili bazarda Rusiyadan idxal edilən analoji məhsullar tərəfindən sıxışdırılıb çıxarılmazdı. Bu məsələ təkcə dempinq siyasətinin üzərinə atıla bilməz. Hər bir ölkə, başqa ölkəyə ixrac etdiyi məhsulun qiymətini bazarda aşağı səviyyədə təmin etməyə çalışır ki, yerli məhsulu sıxışdırıb çıxartsın. Bu, təbii bir haldır. Bunu hansısa ölkəyə irad tutmaq məntiqsizlikdir. Azərbaycan da öz məhsulunu başqa ölkəyə ixrac edəndə, həmin bazarda aşağı qiymətə qoyur ki, yerli məhsullarla rəqabət apara bilsin”.
Müsahibimiz zavodun bağlanacağı təqdirdə xeyli insanın işsiz qalacağını dedi: "Sadəcə olaraq zavod, bazarın tələblərinə əsasən lazımı səviyyədə yenilənməyib, yeni texnologiyalar və əlavə investisiya vasitələri vaxtında tətbiq edilməyib. Ona görə də belə vəziyyət yaranıb. Bu da gətirib ona çıxarıb ki, zavodun məhsulları nəinki xaricdə, hətta yerli bazarda belə analoji məhsullarla rəqabət qabiliyyətinə malik deyil. Əlbəttə, qeyri-neft sektorunda belə bir halın müşahidə edilməsi çox acınacaqlı vəziyyətdir. Çünki həmin zavodun bağlanacağı təqdirdə xeyli insan işsiz qalacaq. Üstəlik söhbət region əhəmiyyətli böyük bir müəssisədən gedir”.
 
"Burada dövlət üzərinə də müəyyən işlər düşür” deyən iqtisadçı bildirdi ki, ölkə daxilində olan bu müəssisələrin fəaliyyəti daima diqqət mərkəzində saxlanılmalıdır və ucuz idxalın qarşısı alınmalıdır: "Həmçinin belə zavodların yenilənməsinə, texnoloji cəhətdən təkmilləşdirilməsinə və bazarın tələblərinə əsasən fəaliyyət göstərməsinə nəzarət edilməlidir. Düşünürəm ki, belə bir iqtisadi əhəmiyyətli müəssisəsinin fəaliyyətinin dayanmasına icazə verilməməlidir. Hesab edirəm ki, holdinq hökumətə müraciət edərək müvafiq kredit və ya maliyyə resursları cəlb etməklə, yenilənmədən sonra işini davam etdirə bilər. Bütün işlər hökumətlə birgə həyata keçirilməlidir”.
 
Günel Azadə