AZE | RUS | ENG |

“Çayımı özüm gətirəcəyim iş daha maraqlıdır” - Peşəkar

“Çayımı özüm gətirəcəyim iş daha maraqlıdır” - Peşəkar
Rəcəb Davudov: “Sevdiyi işlə məşğul olanın nailiyyətlər əldə etmə şansı daha çoxdur”

Öyrənməyi sevir, hətta nə qədər yaxşı işi olsa da, çalışdığı iş yerində iş ab-havası yoxdursa, oradan uzaqlaşır. İşləməyi də sevir, amma işçi kimi. Deyir ki, rəhbər olanda sevdiyin işdən uzaqlaşıb idarəetmənin problemlərinin içinə düşürsən. Bir çox böyük şirkətlərdə çalışsa da, heç vaxt rəhbər vəzifəyə maraq göstərmədiyini deyən müsahibimiz "Simbrella” şirkətinin telekom həllər üzrə mütəxəssisi Rəcəb Davudovdur.

Qeyd edək ki, R.Davudovun 12 ildən artıq telekom təcrübəsi var. "HP", "Turkcell", "Vodafone" və "Nar" şirkətlərində  uzunmüddətli iş stajına sahibdir. Java dilində ümumilikdə 16 ildən artıq təcrübəsi var.

- Hələ orta məktəb vaxtı respublikada və ölkə xaricində informatika yarışlarına qatılmısınız, hətta qızıl medal almısınız. Deyəsən, elə o vaxtdan bu sahəyə meyillənmisiniz...
- İnsanın həyatda verdiyi vacib qərarlardan biri də ixtisas seçimidir. 660 bal yığan bir şəxs sevmədiyi, amma "yaxşı yer” deyilən bir ixtisasda təhsil alıb, sonra o sahə üzrə işləməyə, işləsə belə heç nə əldə etməyə də bilər. Amma peşə məktəbini qurtarmış bir aşpaz öz işini çox sevirsə, o "yaxşı yer”də təhsil alandan daha uğurlu ola bilər. Təhsil cəhətdən fərq ola bilər, amma sevdiyi işlə məşğul olanın nailiyyətlər əldə etmə şansı daha çoxdur. O cəhətdən, mənim bəxtim gətirib. Atamın iş yerində kompüter vardı, ora tez-tez getdiyim üçün kompüterlə ilkin tanışlığım olmuşdu. 5-ci sinifdə oxuyanda isə evə artıq kompüter aldılar. İlk olaraq oyun üçün istifadə edirdim. Sonra riyazi məsələləri həll etmək üçün də yararlanırdım. Belə-belə kompüterə marağım yarandı. Ailənin tək uşağı olduğum üçün ev mühitində daha çox olmuşam, nəinki həyət-bacalarda, "razborka”larda. Ona görə əsas məşğuliyyətim kompüter olub. Bu məşğuliyyət sonra peşəkar tərəfə yönəlməyə gətirib çıxardı.
 


- Uşaq kompüterə, oyunlara meyl edəndə dərslərə marağı azala bilir. Amma siz həm də orta məktəbi fərqlənmə ilə bitirmisiniz. Kompüterə maraq dərslərinizi arxa plana atmağınıza gətirib çıxarmırdı?
- Mən türk liseyində oxuyurdum. Orada dərsə getməmək, yaxşı oxumamaq kimi seçimlər yox idi. Türk müəllimlər elə abı-hava yaradırdılar ki, hamı bir-biri ilə yaxşı mənada rəqabətdə olub oxuyurdu, nəsə əldə etməyə çalışırdı. Dərslərlə yanaşı, məktəbdə olimpiyaçı qruplar da yaradılmışdı. Mən də informatika üzrə olimpiya qrupuna daxil oldum. Bundan sonra kompüterlə daha da çox məşğul olmağa başladıq. 10-cu sinifdə respublika olimpiadasında 4-cü yeri tutdum, 11-ci sinifdə 1-ci yeri. Həmçinin, Finlandiyada dünya olimpiadasına da qatılmışdım. Düzdür, medal ala bilmədim, amma iştirak etmişdim. Bəzən olimpiadaya hazırlaşanda dərsdən icazə alıb kompüter otaqlarında məşğul olurduq. Amma belə dərsləri arxa plana atmaq yox idi.

- Məlumatlı olduğunuz üçün ixtisas olaraq da bu istiqaməti seçdiniz?
- Düzü, atam hüquqşünas, anam isə həkim olmağımı istəyirdi. Atam mühəndis, anam isə həkimdir. Mənim həkimliyə marağım var idi. Amma nədənsə, sonra bir anda ağlıma gəldi ki, kompüterdə oyun oynayıram və bunu da kimsə yaradıb, necə edirlər? Bəlkə, mən də bu işlə məşğul olum? Bu ideya əsasında fikrimi dəyişib, ixtisasımı seçdim. Ailəm də mənim istədiyimi dəstəklədi.
 


- Ali təhsilinizi Türkiyədə almısınız. CV-nizdə ordakı şirkətlərin adı daha çoxdur. Tələbəlik müddətində işə başlamısız, yoxsa universitetin bitməsini gözlədiniz?
- Xaricə gedən tələbələr ilkin bir şok yaşayırlar. Türkiyə bizə nə qədər yaxın olsa da, orda da olur. Biz burda avtobusdan düşəndə pul verirdik, onlar minəndə. Avtobusa minib keçirdim, tutub saxlayırdılar ki, hara gedirsən, pulu ödə keç (Gülür-red). Ön qapıdan minməli olduğum halda, arxa qapıdan keçirdim. Bu kimi xırda detallardan başlayaraq, öyrəşmə şokları olur. Ona görə tələbəlikdə düşdüyün yerə öyrəşmək istər-istəməz heç də az olmayan bir zaman tələb edir. Türk dilini yaxşı bilirdim, qısa müddətdə daha da təkmilləşdirdim. Dərs və imtahanlar da çətin idi, təqaüd almaq imkanı olduğu üçün daha yaxşı oxumalı idim. 4 il ərzində işləməyə vaxt olmadı. Ümumiyyətlə, işləyənlər az idi. Mərmərə Universiteti Türkiyənin məşhur ali təhsil ocaqları siyahısındadır, müəllimləri isə çox tələbkardır. Tələbəlik müddətində çalışmasam da, işdən, iş mühitində istifadə olunan texnologiyalardan xəbərim var idi. Həftə sonları və yay tətillərində bir evə yığışıb özümüzü təkmilləşdirirdik, bilmədiyimiz sahələri öyrənirdik.

- Bəs orda iş mühitinə düşməyiniz necə oldu?
- 2005-ci ildə universitetdə məzun oldum. Mən akademik sahədə irəliləmək, Amerikada magistr təhsili planı qururdum. 4-cü kursdakı elmi rəhbərimin biri Türkiyənin Sabancı Universitetinin müəllimi idi. Mənə dedi ki, gəl bizdə oxu, təhsil haqqı olmayacaq, üstəlik təqaüd veriləcək. Düşündüm ki, müəllim çağırırsa, onun sözünü yerə salmaq düz deyil. Üstəlik də, təhsil haqqı istənilmirdi. Doktoranturanı Amerikada oxuya biləcəyimi düşündüm. Sabancı Universitetinə müraciət etdim və qəbul etdilər. Lakin sonra məlum oldu ki, 15 min TL təhsil haqqı ödəməliyəm, bunu isə ödəmək imkanımız yox idi. Ona görə işləməyə qərar verdim. Sonrakı il Türkiyənin Yıldız Teknik Universitetində magistraturaya qəbul olub, işləyə-işləyə oxudum. İlkin olaraq adi bir şirkətdən başladım, sonra digər yerlərə keçdim.
 

 
- Karyeranızın sonrakı mərhələsində Türkiyədə HP, "Turkcell” və "Vodafone” şirkətlərinin adları var...
- Mən Türkiyədə çalışdığım birinci şirkətdə olarkən kurs yoldaşım da "Turkcell”də işləyirdi. Dedi ki, burda perspektiv yaxşıdır, sən də müraciət et. Müraciət etdim, amma mənim sahəm üzrə vakansiyaları yox idi. Dedilər ki, "Turkcell” şirkəti HP ilə böyük bir layihə həyata keçirir, ora götürə bilərik. Mən də razılaşdım. Layihədə 60-70 nəfərlik bir komanda çalışırdı. 5-6-sı türk idi, qalanlarını isə HP-nin dünyadakı ofislərindən gətirmişdilər. 2006-cı ilin sonu layihənin əsas hissəsi başa çatdı, amma tam bitməmişdi, hələ davam edirdi. Artıq həyəcanverici iş yox idi, hər şey qurulmuşdu, bəzən xırda nə isə etmək lazım olurdu. Məndə belə bir xasiyyət var ki, bir iş yerində öyrənəcəyim nəsə qalmayanda çıxıram. Ona görə işimi dəyişməyə qərar verdim. Sonra Portuqaliya şirkətlərindən birinin Türkiyə ofisində işə başladım. Şirkətə elə adam lazım idi ki, onu Türkiyədə tapmaları çətin məsələ idi. Qazaxıstan, Moldova, Ukrayna və Yunanıstan kimi ölkələrə Türkiyədəki ofisdən xidmət göstərilirdi. Yunanıstanı çıxmaq şərtilə o biriləri ilə işləmək üçün rus dili biliyin olmalı idi. Bu şirkətə elə adam lazım idi ki, həm proqramlaşdırmanı güclü bilsin, həm də rus dili biliyi yüksək olsun. Müraciət etdim və işə götürdülər. Çalışdığım işdə çıxmaq istədiyimi dedim, qalmağım üçün bir neçə yaxşı təklif verdilər, amma o biri şirkətə razılıq verdiyim üçün qala bilməzdim. Bir il də o şirkətdə işlədikdən sonra "Vodafone”a keçdim, 2 il də orda işlədim. Çox maraqlı bir iş yeri olaraq o şirkəti vurğulaya bilərəm.

- Amma ordakı işinizdən çıxıb Bakıya qayıtmısınız. O cür maraqlı iş yerini qoyub gəlməyinizə səbəb nə oldu?
- Bilirsiniz, mən ailənin tək uşağıyam və məktəb illərindən sonra artıq valideynlərimdən uzaq düşmüşdüm. Belə desək, onlar mənim dəliqanlı vaxtımı görməmişdilər. 9 il idi ki, Türkiyədəydim. Valideynlərim dedilər ki, gəl burda da özünü sına, alınmasa, bəyənməsən, yenə qayıdıb gedərsən. Türkiyədə ola-ola iş üçün "Azerfon” ilə əlaqə saxladım, gəlib müsahibədə iştirak etdim. Dedilər ki, istəsən gəl burda işlə. "Vodafone”da dedilər ki, səni itirmək istəmirik, çıxma səbəbin nədirsə, de, həll edək. Ailə ilə bağlı olduğunu deyib, çıxdım və qayıdıb Bakıda işə başladım.
 


- Hər şeyi atıb gəlmək çətin olmadı?
- Əlbəttə ki, asan deyildi. İş əlaqələri ilə yanaşı, mənim orda bir həyatım var idi. Ən çətini isə motosikletimdən ayrı qalmaq oldu (Gülür-red). Arada motosiklet qruplarımızla gəzməyə gedirdik, xeyriyyəçilik tədbirlərində iştirak edirdik, manqal partiləri verirdik. Bəzən 40-50 motosikl sürən yığışıb şou təşkil edirdik. Gələndə satdım. Burda hələ ki almamışam, çünki Bakı yollarında motosiklet sürmək üçün şərait yoxdur. İşə gəlincə, artıq 8 iə yaxındır ki, Bakıdayam. Ötən ilin aprel ayına qədər "Azerfon”da çalışdım.

- Hazırkı iş yeriniz isə "Simbrella”dır. Bir az da şirkət haqqında məlumat verin.
- Mən çalışdığım şirkətlər əsasən telekom olub. Bu da bir telekom şirkətidir. "Simbrella” Azərbaycanda xaricə xidmət göstərən tək-tük şirkətlərdəndir. Dünyanın 20-dən artıq ölkəsində "Simbrella”nın xidmətləri var. Həm də gözəl mühiti və maraqlı işləri diqqətimi cəlb edir.

- Deyəsən, işsiz qaldığınız vaxt olmayıb.
- Heç vaxt işsiz qalmamışam. Bu gün burda işdən çıxıb sabah başqasında başlamışam.

- Bir çox böyük şirkətlərdə çalışsanız da, karyeranızda rəhbər vəzifə olmadığını gördüm…
- Çünki heç vaxt rəhbər vəzifəyə meyilli olmamışam. Mən mühəndis adamam. İşçi kimi işlərimdən əlavə vaxt qalanda, başqa layihələrə, işlərə vaxt ayırıram. Yeni işlər görməyi, maraqlı layihələr etməyi sevirəm.  İdarəçi adamın digər işlərə vaxtı olmur. Sizi yuxarının tələb etdiyi hesabatlar, idarəetmə yorur. Sevdiyin işdən uzaqlaşıb idarəetmənin problemlərinin içinə düşürsən. İş görək, fərqli texnologiyaları işimizdə tətbiq edək. Amma qalstuk geyinib, otağa daxil olum, köməkçi çayımı gətirsin, tipli iş abı-havası məndən çox uzaqdır. Çayımı özüm gətirəcəyim iş daha maraqlıdır.
 


- "Hackathon Azerbaijan” layihəsində də sizin adınız çəkilir. Orda rolunuz nədən ibarətdir?
- 2012-ci ildə smartfonlar bizdə populyarlaşmağa başlayanda bir neçə dostumuzla bunu yaratdıq. Məqsədimiz nəsə öyrətməyə çalışmaq idi. Bu, iki-üç gün ərzində çox sayda proqramçının qapalı binaya qapanıb müəyyən məsələləri həll etdikləri bir yarışdır. Məsələnin həlli üçün iki gün vaxt verilir, axırda qalibə priz təqdim olunur. Bu işi 2 gün etmək üçün isə çox bacarıqlı proqramçılar lazımdır. Azərbaycanda isə o vaxt elələri çox deyildi. Ona görə biz müddəti 3 ay etdik. Arada müəyyən fasilə verdik, amma indi il ərzində iki-üç yarış keçiririk.

- Uğur sizə görə nədir?
- İnsan özünə hədəf qoymalıdır. Onlara çatdıqca uğurlu addımlarını davam etdirmiş olur. Məncə, insanın həm də heç vaxt çatmayacağı hədəfi olmalıdır. Çatılması çox çətin olan hədəf deyək. Bu hədəf insana motivasiya verir. Maşın almaq hədəf ola bilər, amma ona çatmaq o qədər də çətin deyil. Uğurlu olmaq üçün öz sahəmdəki bütün yeniliklərdən xəbərdar olmaqla yanaşı, başqalarına da nəsə öyrətməyə çalışmışam. Bir müddət Xəzər Universitetində dərs də keçirdim. Sonra layihələr çox oldu deyə, çatdıra bilmədim. Öyrətməyi sevirəm.

Aygün Asimqızı


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9230
GEL 1 1 Gürcüstan larisi 0.6378
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1390
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.7036
KWD 1 1 Küveyt dinarı 5.5847
TRY 1 1 Türkiyə lirəsi 0.3162