• çərşənbə axşamı, 19 mart, 15:10
  • Baku Bakı 8°C

“Ayıların soyqırımı”

03.11.16 13:10 7642
“Ayıların soyqırımı”
Oktyabrın 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi ekologiya və təbii sərvətlər şöbəsinə (Balakən-Zaqatala-Qax-Şəki inzibati rayonlarını əhatə edən) Şəki rayonu ərazisində qanunsuz ov edilməsi ilə bağlı siqnal daxil olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin əməkdaşları dərhal reyd keçirib və reyd zamanı Şəki rayonunun Şin dərəsində şübhəli bilinən "Ural” markalı, AQS 95-85 dövlət qeydiyyat nişanlı maşın saxlanılıb. Avtomobilə baxış zamanı üzərilərində 7 ov tüfəngi olan 7 nəfər, bir baş ovlanmış ayı cəmdəyi və dərisi, həmçinin iki aylıq bir diri ayı balası aşkar edilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qanunsuz ov edən şəxslər Şəki rayonu Şin kəndinin sakinləridir. Ərazi sərhəd zonası olduğundan hazırda ETSN-nin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları birgə araşdırma və sənədləşmə aparır. Sənədləşmə başa çatdıqdan sonra təqsirli bilinən şəxslər barəsində qanunamüvafiq qaydada tədbir görüləcək. Avtomobildə aşkar olunan tüfənglər və ayı cəsədi maddi sübut kimi Şəki rayon Polis Şöbəsinə, ayı balası isə Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil veriləcək.

Biz insanlarla eyni təbiəti bölüşən heyvanlar canlıdır və onların da qayğıya, sevgiyə ehtiyacı var. Heyvanlar ağrını insanlarla eyni dərəcədə hiss edir. Lakin təəssüf ki, bir çoxları bunu hələ də dərk edə bilmir. Hələ də heyvanları vəhşicəsinə ovlayır, yaxud yaralayırlar. Bəs görəsən bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır? Bəlkə qanunvericilik və cəza tədbirləri daha da sərtləşdirilməlidir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyevqəzetimizə açıqlamasında əvvəlcə bildirdi ki, sözügedən hadisə haqda Nazirliyin Balakən, Zaqatala, Qax, Şəki ərazilərinə nəzarət edən 9 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinə məlumat daxil olub: "Həmin məlumat əsasında keçirilən reyd zamanı Şəki rayonunun Şin dərəsində şübhəli maşın saxlanılıb. Maşına baxış zamanı ovlanmış ayının cəmdəyi, dərisi və bir baş diri ayı balası aşkar edilib. Bununla bağlı faktlar sənədləşdirilib. Hazıfrda bununla bağlı Şəki rayon polis şöbəsində araşdırma aparılır. Ayı balası Xızı, Altıağac mərkəzinə təhvil verilib. İlkin araşdırılmalar zamanı müəyyən olunub ki, ayını öldürənlər Şin kəndinin sakinləri olub. Araşdırma başa çatanda lazımi qaydada tədbirlər görüləcək. Belə hadisələrin qarşısını almaq üçün nazirlik tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Heyvanların mühafizəsi üçün Azərbaycanda müxtəlif parklar və qoruqlar var. Heyvanlara xidmət personalı həmişə onlara xidmət edir. Lakin qanunsuz şəkildə ov edənlər həmişə olur, onlar qanunsuz alətlərlə heyvanları ovlayırlar. Bunun qarşısını almaq üçün nazirlik tərəfindən müxtəlif önləyici tədbirlər görülür. Keçən on ay ərzində qanunsuz ov edən 153 şəxs saxlanılıb. Həmin adamlardan 119 ov tüfəngi, 415 patron, ovlanmış heyvan və quşlar götürülüb”.

R.Mirzəyevin sözlərinə görə, qanunsuz ov edənlərin arasında hətta 16 nəfər əcnəbi şəxss də var: "Onların arasında BƏƏ, İraq, Suriya, Türkiyə respublikalarının vətəndaşları var. Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 272.3 maddəsinə əsasən cərimə olunublar. Ümumilikdə qanunsuz ov edən şəxslər 162 min 600 manat məbləğində cərimə edilib. Qeyd edim ki, 9 fakt üzrə təqsirkarın müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis şöbələrinə müraciət edilib. Bununla yanaşı, həmin 16 nəfər əcnəbinin ölkədən deportasiya olunması və gələcəkdə Azərbaycan Respublikasına buraxılmaması üçün Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib”.

Sektor müdiri bu kimi halların qarşısının alınmasında cəza tədbirləri ilə yanaşı, ictimai qınağın da mühüm rol oynadığını vurğuladı: "Cərimənin miqdarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən təyin edilib. Bundan başqa, müəyyən ziyan məbləği var ki, bu məbləği keçdiyi təqdirdə, həmin şəxslər qanunla cinayət məsuliyyətinə cəlb olunurlar. Nazirlik qanunvericiliyə uyğun şəkildə tədbirlər görür. Lakin bununla yanaşı, ictimai qınaq da burada mühüm rol oynayır. Yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və digər aidiyyəti qurumlar belə hallara qarşı mübarizə aparmalıdırlar. Təkcə bir qurum bu problemi həll edə bilməz. Bu işdə KİV-lərin də üzərinə böyük yük düşür. Onlar da bu mübarizəyə qoşulmalıdırlar”.
Canlı Aləmin Mühafizəsi Alyansının (CAMA) sədri Mənsurə Rəsulzadə deyir ki, bu kimi halların başa verməsinin əsas səbəbi insanlarda hələ də qanunlarımız barədə dolğun məlumatın olmamasıdr: "Onlar bu barədə geniş məlumatlanmalıdırlar ki, belə halların qarşısı alınsın. KİV-lər yalnız bu hallar baş verdikdən sonra məsələni qaldırmamalıdır. Hesab edirəm ki, bu kimi aktual mövzular hər zaman gündəmdə olmalıdır. Ətraf mühitə qarşı insanlarda mərhəmət hissi formalaşdırmaq lazımdır. Bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi insanlarla söhbətlər aparmalı, ictimai yerlərdə önləyici tədbirlər görməlidir. Vəhşi təbiətin sakini olan heyvanların öldürülməsi böyük bir cinayətdir. Təkcə cərimə ilə kifayətlənmək olmaz. Bunu edən şəxslər mütləq cinayət məsuliyyətinə cəlb edilməlidir”.

M.Rəsulzadə deyir ki, cərimə xuliqanlıq hadisəsi zamanı ödənilə bilər: "Əgər ortada ölüm hadisəsi varsa, xüsusilə də qoruqda qorunan heyvanların öldürülməsindən söhbət gedirsə, bunun bir adı var ki, o da cinayətidir. Həmin şəxslər mütləq həbs olunmalıdır. Düşünürəm ki, həbs cəzası insanlarda qorxu hissi formalaşdıraraq digərlərini də bundan çəkindirə bilər. Bu insanlar heç cür bəhanə gətirə bilməz ki, mən ac idim, yaxud da ehtiyacım var idi deyə, yazıq heyvanı öldürdüm. Qonşum ac olanda gəlib məni öldürür? Bunun nə fərqi var ki, ayını öldürmək, yaxud insanı öldürmək? Qanun zəifin keşiyində daha güclü dayanır. Zəif olanın haqqı daha güclü qorunmalıdır. İnsan özü-özünü qorumağa qadirdir. Həmçinin qanunları da bilir. Heyvanların taleyi isə qanunların onlara olan münasibətinə qalır”.

Müsahibimiz deyir, nə qədər ki belə hallar zamanı cinayətkar təkcə cərimə ödəməklə yaxasını qurtarır, bu, daim biznes şəklində davam edəcək: "Hətta bəzən bu, sərfəli biznes də olur. Əgər ayı meşədə yaşayırsa, onun heç bir faydası yoxdur. Öldürüldükdə isə, cərimə ilə ayı "pul gətirir”. Bizə məlum olan təkcə bir hadisədir. Elə hadisələr var ki, onlar heç ümumiyyətlə bilinmir. Qoruqlara giriş, ovçuluq hələ də qanunidir. Əgər meşədə bir dəfə tüfəng açılırsa, bütün meşə heyvanları stress halına düşür. Keçmiş zamanda heyvanları oxla ovlayırdılar. Lakin onda heyvanların ətindən istifadə olunurdu, çünki başqa qida növü yox idi. Onda indiki kimi meşəyə top-tüfənglə girilmirdi. Bəzən yaralı heyvanlar qaçıb güclə canını qurtarırlar. Tutulmayan oğrular və cinayətkarlar hələ ki çoxdur. Bu kimi faktlar cinayət kimi dəyərləndirilib, sərt cəza tədbirləri görülməlidir. Belə faktlar daha çox ictimailəşdirilməli və dövlətin diqqəti buraya yönəldilməlidir. Qanunlarımız daha da sərtləşdirilməlidir. Heyvanı öldürüb balasını yetim qoyana insan deyilə bilməz. Həmin insanların tərbiyə etdiyi övladlar var. Gələcəkdə onlar da bu vəhşiliyə adi yanaşacaqlar. Belə insanlara bunun vəhşilik olduğunu başa salan isə qanun olmalıdır”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər