AZE | RUS | ENG |

“Aygünə “üçüncü qardaşımız” deyirik” - Fotolar

“Aygünə “üçüncü qardaşımız” deyirik” - Fotolar
Elgün Hüseynov: Gənc aktyorların illərlə çəkdikləri əziyyəti görürəm və düşünürəm ki, nə yaxşı, zamanında teatrı seçmədim

Müsahibimiz "Araz” radiosunun "Üçü birində” şousunun "Məzahir dayısı” - ifaçı, aktyor, aparıcı Elgün Hüseynovdur. İfaçı bizimlə söhbətində çəkildiyi "Ata ocağı” serialından, radiodakı nailiyyətlərindən danışdı. Elə söhbətə "Araz FM” dalğasından başladıq.  
 
- Uzun müddətdir ki, "Araz FM”-də çalışırsınız. Sizi buraya bağlayan nədir?
- 2011-ci ildən "Araz” radiosunda çalışıram. Artıq 7 ildir ki, bu radio mənim ailə üzvümə çevrilib. Özümü radiosuz təsəvvür edə bilmirəm. Hesab edirəm ki, mən uzun müddət elə radioda nəfəs alacam.
 
- Başqa bir radioya getmək, fəaliyyətinizi orada davam etdirməyi necə, düşünmüsünüzmü?
- "Araz FM”-dəki ab-hava məni qane edir. Burada işçilərə verilən sərbəstlik, rahat iş rejimini heç nə ilə əvəz etmək mümkün deyil. Ona görə bu zamana qədər başqa bir radioya getmək haqqında düşünməmişəm. Digər radiolarla müqayisədə bizim radionun iş rejimi mükəmməldir. Reytinqlərimiz, uğurlarımız daha çoxdur və kollektivimiz mehribandır. 
 
 
 
- Efirdə insanları güldürən, müsbət enerji verən Elgün həyatda necə, efirdə olduğu kimidirmi?
- Əslində həyatda da deyib-gülən bir insanam. Təbii ki, mənim də nəyəsə sərt reaksiya verdiyim, qanımın qara zamanları olur, bu da insanlıq halıdır. Gərək o an mənə dəyməsinlər və tək buraxsınlar ki, özümə gəlim. Elə anlar olub ki, zarafat etmək halında olmamışam. Həyatdır, hər şey olur, bir də görürsən sükan arxasında kiməsə əsəbiləşirsən, yaxud da hansısa neqativ hallarla rastlaşırsan. Gərək o dönəmlərdə mənə dəyib-dolaşmasınlar. 
 
- İş prosesində belə hallarla rastlaşırsınızmı?
- Əlbəttə ki. Canlı efirdir, hər şey ola bilər. Belə anlarda çalışmışıq ki, bunu tamaşaçıya hiss etdirməyək. Olub ki, efirdən əvvəl həmkarlarımla mübahisə etmişik, ancaq efirdə bunu dinləyiciyə hiss etdirməmişik. Heç nə olmamış kimi, efiri davam etdirmişik. 
 
 
 
- "Üçü birində” şousunda efir zamanı aparıcılarla bir-birinizə atmacalar atırsınız. Bu, sizin aranızda hər hansı bir soyuqluq yaradırmı?
- Hər insanın içərisində bir uşaqlıq var. Biz də məhz bu veriliş əsasında daxilimizdəki uşaqların diliylə danışırıq. Bizim aramızda yaranan mübahisələrə, aparılan dialoqlara nəzər yetirəndə,  bunları 2-3-cü sinifdə oxuyan uşaqların mübahisəsinə bənzədirəm. Bizim atmacalarımızda uşaqların aralarında olan o xırda nüanslar var. Elə zamanlar olub ki, efirdən sonra mübahisələrimiz düşüb. Atalarımız deyib ki, çəkişməsən, bərkişməzsən. Bizi möhkəmləndirən xüsusiyyətlərdən biri də odur ki, bir-birimizə qarşı səmimiyik. Səmimi olmasaq, küsərik, dalaşarıq, hətta ayrılarıq. Nə Aygündə, nə də Turalda kin deyilən bir şey yoxdur. Bir-birimizə hirslənsək də, çalışırıq ki, efirin sonuna qədər bunu hiss etdirməyək. "Üçü birində” şousunda sanki yaşıdlarımın arasındayam, sinif yoldaşlarımızla işlətdiyimiz, məktəb vaxtı etdiyimiz zarafatları edirik. Bir-birimizi çox yaxşı anlayırıq. Aramızda yeganə xanım olan Aygün Akifin xətrini çox istəyirik, onu qoruyuruq. Aygün bizim dəyərlimizdir. 
 
- Bu üçlüyü birləşdirən, sadəcə "Üçü birində” şousudurmu?
- Əvvəllər belə idi. İndi isə bəzən verilişdən sonra yemək yeyirik, harasa gəzməyə gedirik, maraqlı zaman keçiririk. İllər keçdikcə biz daha da möhkəmlənirik. Bir-birimizin fikirlərinə hörmət edirik, fikir mübadiləsi aparırıq. Gənclərin getdiyi məkanlara gedib, istirahət edir, birlikdə əylənirik. Bir-birimiz arasında ayrı-seçkilik etmirik ki, sən xanımsan, bizimlə harasa gedə bilməzsən və sair. Hərdən Aygünə "sən bizim üçüncü qardaşımızsan” deyirik. Onu kənarda Aydın deyə səsləyirik. 
 
 
 
- Radioda aparıcı olan Elgünü, "Məzahir dayı”nı dinləyici yaxşı tanısa da, efirdə, səhnədə sizin həmin Elgün olduğunuzu təsəvvür etmirlər. 
- Bir çoxları məni məhz müğənni kimi tanıyır, bir çoxları da heç bilmir ki, mən radioda veriliş aparıram. İndi elə bir zəmanədir ki, tək müğənniliklə də dolanmaq olmur. Elə insanlar var ki, mənim haqqımda hər şeyi bilir. Sosial şəbəkədə məni izləyir, ifa etdiyim sonuncu mahnını, bir neçə il əvvəl iştirak etdiyim müsabiqəni belə yada salırlar. Sosial şəbəkələrdən istifadə etməyənlərin mümkündür ki, xəbəri olmasın. Çünki mən gündəlik paylaşımlarımı məhz "İnstagram”da, "Facebook”da edirəm. 
 
- "Üçü birində” səhər şousunun "Məzahir dayısı” çox məşhurdur. Yaratdığınız bu obraz daha məşhurdur, yoxsa Elgün özü?
- Sadəcə "Üçü birində” şousunu dinləyənlər bilir ki, "Məzahir dayı” adlı belə bir obraz var. Elgün adı isə həm səhər şousunda, həm efirdə, həm saytlarda, həm də serialda səslənir. Məncə, Elgün daha məşhurdur. 
 
 
 
- Tələbəlik illərində sizi "Səda” Teatrının səhnəsində müxtəlif tamaşalarda aktyor kimi görürdük. Universiteti bitirdikdən sonra isə sizi ancaq ifaçı kimi gördük. 
- Düzdür, tələbəlik illərində səhnədə bir çox obrazların müəllifi olmuşam. Elə üçüncü kursda oxuyanda da teatrda çalışırdım. Ancaq aktyor kimi məni bir növ həvəsdən saldılar, sındırdılar. Üçüncü kursda oxuyanda Azərbaycan Dövlət Musiqili Teatrında aktyor kimi çalışmaq üçün müraciət etdim. Orada Ramil Qasımov mənə çox kömək oldu. Belə ki, Ramil başqa bir işə gedəcəkdi və məni özünün teatrda canlandırdığı obrazlara dublyor kimi hazırlayırdı. Məşqlər edir, gecə-gündüz çalışırdıq. Sonra gördüm ki, bu məşqlər çox zamanımı alır. Çəkdiyim əziyyətin qarşılığında isə əməkhaqqı çox az idi. Tək teatrın qonorarı ilə də dolana bilməzdim. İçimdə oxumaq həvəsi vardı və bu həvəsi yalnız teatrda xərcləmək istəmirdim. Bəzən el şənliklərə gedir, toy idarə edirdim. İfaçı var ki, toya yalnız pul qazanmağa gedir. Mənsə çalışırdım ki, toyda oxuduğum mahnılardan zövq alım. Teatrda obrazım olan tamaşalar da həftə sonuna düşürdü. Düşündüm ki, teatrın verdiyi məvacib mənə kifayət etməyəcək. Ən əsası isə, teatrda perspektiv yox idi. 
 
- Perspektiv deyəndə nəyi nəzərdə tutursunuz?
- Misal üçün, yaşlı aktyorlar gənc aktyorlara sanki paxıllıq edir, onlara rol verilməsinin tərəfdarı olmurlar. Hər işdə "mən-mən” deyirlər. Təbii ki, bu da psixoloji olaraq gəncləri işindən soyudur, həvəsdən salır. Bir də ki, biz teatrda tələbə vaxtı aldığım təqaüd qədər maaş alırdıq. Tələbə vaxtı bilirdin ki, bu pulla özünü ancaq 4 il idarə edəcəksən və bu 4 il də müvəqqətidir. Həmin pulla özümü ömürlük idarə edə bilməzdim. 
 
 
 
- Bu gün teatrda baş qəhrəman obrazlarını canlandıran tələbə yoldaşlarınızı görəndə, təəssüf hissi keçirirsinizmi?
- Əsla. Gənc aktyorlar illərlə teatrda çalışırlar. Onların çəkdikləri əziyyəti görürəm və düşünürəm ki, nə yaxşı ki, zamanında teatrı seçmədim.  Bəlkə nə vaxtsa teatrda işləyəcəm, bəlkə bu cameədə vəziyyət düzələcək. Ancaq bu sahədə heç bir perspektiv görmürəm. Doğrudanmı, mən neçə il çalışacam və 90 manat maaş alacam? İstəyirdim, elə bir işdə çalışım ki, rahat olum. Mənə bu rahatlığı isə "Araz FM” verdi.   
 
- Sizi "Ata ocağı” serialında Rəvan obrazında da görürük. Serialda vəziyyət necədir?
- Serialda vəziyyət mənim üçün yaxşıdır. Aktyor kimi bir filmdə çəkilmək çoxdankı arzum idi. 2017-ci ildə serialdan dəvət aldım. Artıq 2 mövsümdür ki, Rəvan obrazını yaradıram və bu işdən zövq alıram. 
 
- Həm radio aparıcısı, həm aktyor, həm müğənni, həm də toy aparıcısısınız. Sizin haqqınızda "bir əlində beş qarpız tutur” deyirlərmi?
- Əgər bir əlimdə o qarpızları saxlaya bilirəmsə, uğur əldə edirəmsə, onlardan mənə söyüş gəlmirsə, niyə də etməyim? Bizim üçün ən böyük tərəzi tamaşaçı və onun verdiyi dəyərdir. İndi elə bir zəmanədir ki, buna məcbursan. Gəncəm, enerjiliyəm, yüngül bir işlə məşğul olub passiv otura bilmərəm. Əgər səhər verilişi aparıb, bütün günü istirahət etsəm, özümü cəmiyyətə yararsız hiss edərəm. Ailə saxlayan bir gənc üçün sadəcə bir yerdə çalışmaq sərf etmir. Ən əsası odur ki, həm sevdiyim işlə məşğulam, həm də pulumu qazanıram. Hər kəsə də bunu arzulayıram. İnsan sevdiyi işlə məşğul olanda pul özü gəlib onu tapır. Amma çatdırmasam, təbii ki, birini axsadaram. İncəsənət Universitetinin "Estrada aktyorluğu” ixtisasında Xalq artisti Ramiz Əzizbəylinin kursunu bitirmişəm. Ramiz müəllimin üzərimizdə böyük əziyyəti var. O həmişə deyirdi ki, estrada sözünün tərcüməsi səhnədə tək deməkdir. Bir insan səhnəni tək ələ almağı bacarmalıdır. Estrada fakültəsində tələbələr elə yetişdirilirdi ki, oranı bitirən şəxs həm aparıcılığı, həm teatr aktyorluğunu, həm səhnə danışığını, həm də estrada da özünü yaxşı göstərə bilirdi. Mən bu sahələrin hamısını çox sevirəm. Bunların hamısı incəsənətin qollarıdır. 
 
- Bu sənətlərdən hansında özünüzü daha rahat hiss edirsiniz?
- Radioda. Təbii ki, ifaçılığı da çox sevirəm. Hər birinin ayrı yeri var. Radio isə daha rahatdır. Çünki burada çox sərbəstəm. 7 il bir aparıcının yetişməsi üçün kifayət qədər vaxt deməkdir. Təbii ki, mənim də qüsurlarım var, demirəm ki, peşəkar radio aparıcısıyam. Ancaq radioda efirin taktikasını bilirik. Hələ də öyrənə-öyrənə gedirik. İnsan gərək dayanmasın. 
 
- Sizi toylarda da çox görürük.
- Son dönəmdə toylarımız zəifləyib.
 
- Səbəb?
- Sanki gənclər ailə qurmaq istəmirlər. Əvvəlki illərə nəzər salsaq, ayda 7-10 toya gedirdiksə, indi 3 toya gedirik. 
 
- Elgün bəy, ata olduqdan sonra həyatınızda nələr dəyişdi?
- Övladım elə bir yaşdadır, elə cümlələr deyir ki, mən özümü artıq güvəndə, daha güclü hiss edirəm. Atalıq hissimi sözlə ifadə etmək mənə çətindir. Hiss edirsən ki, sən artıq həyatda formalaşmış insansan.
 
- İndiyə qədər özünüz üçün yaşayırdınızsa, yəqin ki, artıq övladınız üçün yaşayırsınız?
- Əslində özüm üçün də yaşayıram, övladım üçün də. Bu ifadəni çox da qəbul etmirəm. Can şirin şeydir. Valideynlərimiz "sənin üçün yaşayıram” deyəndə, çox da dərinə getmirik. Amma ata olduqdan sonra hiss edirəm ki, üzərimdə daha bir məsuliyyət var. Cəmiyyət üçün elə bir övlad yetişdirməliyəm ki, həm özüm ona baxıb fəxr edim, həm də vətənə xeyirli-yararlı olsun. 
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157