• cümə, 29 Mart, 09:41
  • Baku Bakı 5°C

“Aydın” serialı Azərbaycan teleməkanında yenilik olacaq Fotolar

05.09.13 11:18 7703
“Aydın” serialı Azərbaycan teleməkanında yenilik olacaq Fotolar

Mövsümün başlanması ilə əlaqədar olaraq telekanallarda yeni serialların çəkilişləri davam edir. Artıq neçə aydır ki, bütün diqqətlər əhalinin sıx məskunlaşdığı ərazilərdə afişaları yerləşdirilən və sosial şəbəkələrdə anonsları gedən, Cəfər Cabbarlının eyniadlı əsərinin motivləri əsasında çəkilən, “Azad Azərbaycan” (ATV) telekanalında nümayiş olunacaq “Aydın” serialına yönəlib.
Serialın prodüseri və ssenari müəllifi Şamxal Həsənli, rejissoru Almaniyadan dəvət olunmuş Enes Hakan Tokyay, quruluşçu operatoru Gürcüstandan dəvət olunmuş Georgi Beridze, bəstəkarı isə Fransanın Paris operasından dəvət edilmiş Pyer Tilodur. “Kaspi Global” prodakşnın məhsulu olan serial noyabrda tamaşaçılara təqdim olunaq. Serialın ssenari müəllifi və prodüseri Şamxal Həsənli ilə rejissoru Enes Hakan Tokyayla ekran əsəri barədə söhbət etdik. 50 ölkədə film çəkən, bir çox beynəlxalq festivallarda layiqli yerlər tutan əcnəbi rejissor söhbətimiz zamanı serialın yaradıcı heyətindən razı qaldığını, Azərbaycanda bu səpkidə serialların çəkilmədiyini, burada ona işləmək üçün hər bir şəraitin yaradıldığını söylədi.
Hər zaman öz aktuallığını qoruyan mövzu
- Hakan bəy, necə oldu ki, bu seriala dəvət aldınız?
- Azərbaycanda başqa bir film çəkirdim, orada Şamxal bəylə tanış oldum. Sonra bir-birimizlə internet vasitəsi ilə əlaqə qurduq. Əslində mən Azərbaycana başqa iş üçün gəlmişdim. İşlərimiz belə ilərlədikcə “Aydın” əsəri üzərində dayandıq və onu həyata keçirdik.
- “Aydın” klassik bir əsərdir. Nə yaxşı, bu əsərin üzərində işləməyə qərar verdiniz?
- Enes Hakan Tokyay: Şamxal klassik və tarixi əsərlərə daha çox meyllidir. O, mənə Azərbaycanın gözəl və klassik əsəri hesab olunan “Aydın” əsərini təqdim etdi. Bu çox universal bir hekayə olduğu üçün qəbul etdim. Əsərdə nəql edilən hekayə tək bir mövzuya həsr olunmayıb.
- Şamxal Həsənli: Əsərdə dramatizm daha çoxdur. Bu diqqətimi cəlb etdi. Bilirsinizmi, əsərin mövzusu çox gözəldir. Xəyanət üzərində qurulmuş, zamanın əsas tələblərinə cavab verə bilən, gündəmdə olan bir mövzudur. Düşündüm ki, həm klassik, həm də tərkibində aktual detalları cəmləşdirə bilən bir əsər olsun və sonda “Aydın” əsərinin üzərində dayandım.
- Bəs, hazırda çəkilişlər necə gedir?
- Enes Hakan Tokyay: Çəkilişlər mənim zənn etdiyimdən də yaxşı gedir. Nyu-Yorkda, Almaniyada, Türkiyədə bir çox filmlər çəkmişəm. Açığını deyim ki, buraya gələrkən belə bir çəkiliş qrupu ilə qarşılaşacağımı gözləmirdim. Biz Türkiyədə bir bölüm üçün 17 saat işləyirik. Burada ilk gəldiyimdə hər kəs söylədi ki, heç kim bizdə o saatda işləməz. Ancaq Şamxal qrupu elə hazırladı ki, problem olmadı, üstəlik, özü də bu qrupa daxil oldu. Bu çox nadir hallarda baş verir ki, o da prodüserin, ssenaristin işinə qayğısının nəticəsidir. Yəni heç bir prodüser, ssenarist gəlib çəkiliş qrupu ilə birlikdə 17 saat işləməz. O, işi elə bir səviyyədə hazırladı ki, çəkilişlər bizim düşündüyümüzdən də tez gerçəkləşdi. 2 gündə 1 bölüm bitiririk. Bu həm Azərbaycan, həm də xarici ölkələrdəki serial çəkilişlərinə görə çox sürətlidir. Bu sistemdə vəziyyət elədir ki, qrup çox böyük olarsa, onlarla işləmək, əlaqə qurmaq, istədiyini onlardan almaq daha da çətin olur. Amma Şamxal yaradıcı heyəti elə ustalıqla seçib ki, biz işləyərkən heç bir çətinlik çəkmirik. Burada hər kəs öz işini yaxşı bilir və bu da bizim işimizi həm asanlaşdırır, həm də sürətləndirir.
- Şamxal Həsənli: Çəkiliş zamanı böyük problemlərimiz olmur. Amma iş prosesində maraqlı hadisələr baş verir. Çəkiliş gedərkən heyətdən kənar adamlar müdaxilələr edirlər. Bu bir az iş rejiminə əngəl olur, ancaq çəkiliş prosesi planlaşdırdığımız şəkildə gedir. Rejissorun və digər yaradıcı heyətin iş rejimindən də razıyam.
“Aydın” digər seriallardan xırda detallarına qədər fərqlənəcək
- Hakan bəy, bizim digər seriallarla “Aydın” serialının fərqi nədir? Ümumiyyətlə, seriallarımızı bəyənirsinizmi?
- Buraya gələrkən yerli seriallarınızın çoxunu izlədim. Ümumiyyətlə, hər rejissorun öz iş tərzi var. Mənim bəyənib-bəyənməməyimin heç bir önəmi yoxdur. Sadəcə olaraq, “Aydın” serialındakı kimi bir layihə digər çəkiliş qruplarında və şirkətlərdə demək olar ki, yoxdur. Digər seriallara baxdıqda, onların daha çox dünyada gördüyümüz Meksika, Brazilya seriallarının görüntüsü tərzində yayımlandığının şahidi oluram. Gərək film çəkən şirkət düşünsün ki, nə qədər maddiyyat və zəhmət xərcləyim ki, gördüyüm iş gözəl olduğu qədər də baxımlı olsun. Burada bir neçə qrup film çəkirdi. Onların iş prosesi zamanı gördüm ki, işlədikləri qrupla, filmə ayrılan büdcə ilə çəkmək istədikləri, arzusunda olduqları filmi yaratmağa çətinlik çəkirlər. Misal üçün, biri gəlib mənə “sizə 50 min dollar verim mənə HTC formatlı serialı çəkin” desə çəkmərəm. Bəlkə bu məbləğin müqabilində “çəkərəm” deyən rejissorlar var. Amma buradan belə bir nəticə çıxır ki, həmin rejissor HTC formatlı serialın nə demək olduğunu bilmir. Burada ayrılan büdcə ilə biz daha yaxşı bir nəticə əldə etdiyimizi düşünürük. Bunu tamaşaçı da serialı izləyərkən görəcək. Bizim kollektivdə çalışan işçilərə baxsanız, görərsiniz ki, hamısı bədii filmlərdən, reklamlardan və bu sahənin başqa bölmələrindən gələnlərdir. Buradakı yaradıcı kollektivin üzvləri işlərini çəkiliş prosesi zamanı öyrənmir. Hamısı səviyyəli universitetlərdə təhsil almış, bu sahəni yaxşı bilən insanlardır. Sizə onu deyə bilərəm ki, “Aydın” serialı digər seriallardan xırda detallarına qədər fərqlənəcək. Tamaşaçı seriala baxarkən onun film üslubunda çəkildiyinin şahidi olacaq.
- Bəs serialın çəkiliş qrupunu necə formalaşdırdınız?
- Enes Hakan Tokyay: Serialın komanda heyətini Şamxal bəy öncədən hazırlamışdı. O qrupu özü topladı. İş rejimi davam etdikcə qrup da inkişaf etdi. Rejissor olaraq eyni insanlarla işləməyin üstünlükləri çox böyükdür. Gün ərzində 18 saat işləyirik. Heç kim gəlib yoruluruq kimi fikirlər səsləndirmir. Təsəvvür edin ki, son çəkiliş günü 12 saat işlədik. İşçilər gəlib dedilər ki, “Evə getmək istəmirik, yenə də işləyək”. Oxucuların nəzərinə çatdırım ki, serial 20 bölümdən ibarət olacaq. Artıq 12 bölümü çəkmişik.
- Şamxal Həsənli: Bizim üçün yaradıcı heyətin yığılmasında əsas amil onların iş prosesi zamanı heç bir problem yaratmamalarından ibarətdir. Serialı çəkərkən 30 nəfərlə işləməyə başladıq. Çəkilişlər irəlilədikcə heyətdən çıxanlar oldu və biz 15 nəfər qaldıq. Əslində həmin 30 nəfərlə davam edəcəkdik. Sonradan onların özləri problem yaratdı və biz 15 nəfər qaldıq. Hazırkı işçi heyətdən çox razıyam.
- Hakan bəy, buradakı iş sisteminin xaricdəki ilə nə kimi fərqləri var?
- Öncəliklə Şamxal bəyə təşəkkür edirəm ki, burada sistem dəyişikliyini mənə hiss etdirmədi. O özü də xaricdəki iş sistemini daha yaxşı bildiyi üçün mən burada heç bir çətinlik çəkmədim. Yəni burada mənim üçün iş prosesində heç bir dəyişiklik olmadı. Türkiyədə, Almaniyada və başqa xarici ölkələrdə necə işləmişdimsə, burada da o texnikalarla və qrafiklə iş prosesim quruldu.
Heç kimlə işləmərəm
- Tamaşaçılar “Aydın” serialından nələr gözləsinlər?
- Tamaşaçılar bizdən indiyədək Azərbaycanda olmayan gözəl bir layihə və serial gözləsinlər. Onlar klassik əsər olan “Aydın”nın yeni formasını, tarixi hekayənin bugünkü halını, belə problemlərin təkcə o dövrə aid olmadığını görəcəklər.
- Azərbaycanda sizə bu serialdan başqa iş təklifləri gəlibmi?
- Ümumiyyətlə, Azərbaycanda Şamxal bəydən başqa heç kimlə işləmərəm.
- Şamxal müəllim, istərdim yeni layihələrinizdən oxucularımızı xəbərdar edəsiniz...
- Biz “Aydın “serialı ilə bərabər, başqa serialların da çəkilişlərinə başlamaq niyyətindəyik. Gələcək 3 proyektimiz tarixi mövzuda olacaq ki, onların da strukturları artıq müəyyən olunub. Belə ki, qismət olarsa, oktyabrın əvvəllərində “Babək” serialı üzərində işləməyi düşünürük. Həmin mövzunun timsalında tarixi faktlara əsaslanaraq yeni bir serial işləyəcəyik. Komanda heyəti hazırda işlədiyimiz heyətlə eyni olacaq. Sadəcə, aktyor heyəti fərqli olacaq. Bu serialda daha böyük heyətlə çalışacağıq. Təxminən 250 nəfər aktyor heyəti ilə işləyəcəyimizi fikirləşirik.
- “Babək” serialında komanda heyəti necə qurulacaq?
- Aktyor heyəti demək olar ki, 20% hazırdır. Tarixi mövzulara “Babək” serialı ilə başlayacağıq. Fikirləşirdim ki, birinci “Şah İsmayıl Xətai” ilə başlayaq. Ancaq Hüseyn Cavidin “Knyaz” əsəri ilə davam edəcəyik. Hələ ki “Şah İsmayıl”-ı sona saxlamaq niyyətindəyik. Çünki o çox ağır bir serial olacaq. Layihələrimizin quruluşçu rejissoru da Enes Hakan Tokyay olacaq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər