• cümə axşamı, 25 aprel, 21:39
  • Baku Bakı 21°C

Aydın Quliyev: Bəzi qüvvələr Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərində fasilə yaratmaqla məşğuldur

11.02.20 12:34 1646
Aydın Quliyev: Bəzi qüvvələr Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərində fasilə yaratmaqla məşğuldur
Azərbaycanda 9 fevral seçkiləri bütün əvvəlki parlament seçkilərindən bir sıra mühüm yeniliklərlə fərqlənir.
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, seçki prosesinin bütün mərhələlərinin qanunvericilik çərçivəsində həyata keçirildiyi əksər beynəlxalq missiyalar tərəfindən qeydə alınıb: "Namizədlərin sayca çoxluğu cəmiyyətimizin siyasi fəallığının yüksəlməkdə olduğunun bariz ifadəsidir. Çoxsaylı iddiaçılar hər bir seçki dairəsində prosesə cəlb olunan seçicilərin sayının dəfələrlə artmasını təmin edən təsirli faktora çevrildi.
Obyektiv beynəlxalq müşahidəçilərin ilkin rəy və hesabatlarında seçkilərin nəticələrinə əsaslı təsir göstərə bilən heç bir pozuntunun qeydə alınmadığı qırmızı xətlə qeyd edilir. Rəylərdə aydın görünən əlamətlərdən biri seçki prosesinin ümumən beynəlxalq standartlara zidd olmaması ilə bağlıdır. Bəzi qüvvələr seçki prosesində özünü göstərən mütərəqqi dinamikanı ört-basdır etməyə və əhəmiyyətini mənasızlıq həddinə endirməyə çalışır. Seçkinin beynəlxalq standartlara və qanunvericilik normalarına uyğun keçirildiyi halda, radikal qrupların mülahizələri reallığa uyğun gəlmir. Heç şübhə yoxdur ki, bu qüvvələr öz qərəzli mövqeləri ilə Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərində fasilə yaratmaqla məşğuldur. Azərbaycanın bütün məsələlər üzrə beynəlxalq əməkdaşlıq siyasəti strateji xarakter daşıdığı üçün həmin qüvvələrin bu siyasəti poza bilməz".
Ekspert deyib ki, bir-biri ilə ziddiyyət təşkil edən müxtəlif rəylər seçki məsələsində Azərbaycanın dostları və düşmənləri adı altında bölgü aparmağa tam əsas verir. Ortada seçkilər prosesinə adekvat münasibət yox, başqa maraqları yeritmək niyyətləri hiss olunur. Bütün seçkilərin nəticələrinə şübhə oyatmaq, Azərbaycandan təzyiqlə nəsə qoparmaq planlarının tərkib hissələri kimi təzahür edir".
A.Quliyev qeyd edib ki, ayrı-ayrı subyektiv və qərəzli seçki rəyləri Azərbaycanın beynəlxalq inteqrasiya siyasətinə ziyan vurmaq, dayandırmaq və ya yönləndirmək gücündə deyil: "9 fevral seçki prosesinin bütün təzahürləri Azərbaycanın beynəlxalq əlaqələr sistemində mövqe və imicinə müsbət dinamika vermək gücündədir".
banner

Oxşar Xəbərlər