AZE | RUS | ENG |


“Çayçılıq intensiv şəkildə inkişaf etdirilməlidir”

“Çayçılıq intensiv şəkildə inkişaf etdirilməlidir”
Cənub bölgəsində çay plantasiyaları tədricən bərpa ediləcək

Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Dövlət başçısının giriş nitqi ilə açılan müşavirədə çay, çəltik, sitrus meyvələri istehsalının inkişafı məsələləri müzakirə edilib. Prezident qeyd edib ki,  kənd təsərrüfatının hər bir sahəsi bizim üçün çox önəmlidir və son illər ərzində bu sahəyə göstərilən diqqət öz nəticəsini verir: "Azərbaycanda çayçılıq sahəsinin böyük ənənələri var. Lənkəranda birinci çay fabriki hələ 1930-cu illərdə yaradılıb. Çayçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci ildə 8 min hektarda çay əkilirdisə, 1982-ci ildə təxminən 12 min hektarda çay əkilərək çayın istehsalı 26 min tona çatıb. Müəyyən səbəblər üzündən fermerlər, kəndlilər tərəfindən çayçılığa maraq azaldı, dövlət də öz dəstəyini göstərə bilmədi. Ona görə biz demək olar ki, çayçılığı itirmək ərəfəsində idik. Son illər ərzində bu sahəyə göstərilən xüsusi diqqət hesabına biz çayçılığı bərpa edirik və edəcəyik. Hələ ki, min hektarda çay plantasiyaları əkilib. Bu, əlbəttə ki, əvvəlki dövrlə müqayisədə çox aşağıdır. Ancaq biz çay plantasiyalarını tədricən bərpa edəcəyik”.
 
 

Prezident onu da əlavə edib ki, əsas vəzifələrdən biri də, yeni çay plantasiyalarının salınmasıdır: "Dövlət öz dəstəyini göstərməli, yerli icra orqanları fermerlərə dəstək verməlidirlər. Bu sahələr müəyyən edilməlidir. Çünki cənub zonasında boş qalan o qədər də böyük torpaq sahəmiz yoxdur. Ona görə biz istifadəsiz qalan torpaq sahələrində, çayçılıq üçün münbit olan torpaqlarda plantasiyalar salmalıyıq. Eyni zamanda, çayçılığın inkişaf etdiyi dünyanın aparıcı ölkələrinin təcrübəsi də öyrənilməlidir. O ölkələrdə həm məhsuldarlıq çox yüksəkdir, eyni zamanda, onlar torpağın hər qarışından istifadə edirlər. Dağətəyi ərazilərdə, yamaclarda terras şəklində çay plantasiyaları salınır. Bu, eyni zamanda, sitrus meyvələrinin istehsalına da aiddir. Müvafiq dövlət qurumları burada yeni çay plantasiyalarının salınması ilə bağlı təkliflərini tezliklə verməlidirlər. Əlbəttə, bu plantasiyaların su təminatı da təşkil edilməli və davamlı su təminatı olmalıdır. Dünyanın ən qabaqcıl texnologiyaları tətbiq edilməlidir. Dünən çayçılıq təsərrüfatında olarkən mənə məruzə edildi ki, biz ən qabaqcıl texnologiyaları tətbiq etsək, məhsuldarlığı bir neçə dəfə artıra bilərik. Bu, onu deməyə əsas verir ki, biz hətta məhdud olan torpaq sahələrində keyfiyyətli və böyük həcmdə çay istehsalına nail ola bilərik”.
 
 

Dövlət başçısı qeyd edib ki, çayçılıq intensiv şəkildə inkişaf etdirilməlidir: "Ötən əsrin 80-ci illərindən fərqli olaraq, bu gün bu sahə üzrə kənd təsərrüfatı elmi inkişaf edib. Qeyd etməliyəm ki, dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq olunmalıdır. Astara rayonuna keçən səfərimdə "Astaraçay” müəssisəsində olmuşam. Bu dəfə də həmin müəssisənin plantasiyalarında olarkən məruzə edildi ki, onlar məhz bu yanaşmanı tətbiq edirlər, ən müasir texnologiyalar tətbiq olunur.  İri çayçılıq və tingçilik təsərrüfatı yaradılmalıdır. Əlbəttə ki, bu sahələr üçün də xüsusi texnika gətirilməlidir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə kreditlər verilməlidir ki, bu işlər daha da sürətlə aparılsın. 2016-cı ildə ölkəmizə 12 min 600 ton çay idxal edilib. Bu məqsədlər üçün ölkəmizdən 45 milyon dollar vəsait gedib. Eyni zamanda, keçən il 1100 ton çay ixrac edilib və ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyuta gəlib. Yəni, biz görürük ki, burada tarazlıq bizim xeyrimizə deyil. Biz çayı ixrac edirik. Ancaq daha çox idxal edilən xammal əsasında paketlənmiş, ya da qarışdırılmış çay ixrac edirik. Biz isə Azərbaycanda yetişdirilən çayı emal edib ixrac etməliyik. Belə olan halda, ölkəmizdən bu qədər valyuta getməyəcək. Başqa sahələrdə olduğu kimi, nəzərə alsaq ki, indi Azərbaycanda çayçılıq geniş vüsət alır, bir neçə çayçılıq təsərrüfatı yaradılır. Hesab edirəm ki, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması məsələsinə də baxmaq olar”.
 
 

Millət vəkil  Fəzail İbrahimli bizimlə söhbətində bildirdi ki, bu müşavirələr regionların sosial-iqtisadi inkişaf proqramının tərkib hissələridir: "Keçirilən bu müşavirələr son illərdə kənd təsərrüfatına diqqətin artırılmasının qanunauyğun ifadəsidir. Artıq hər bir zonalar üzrə ayrı-ayrı müşavirələr keçirilir. Sabirabadda, Qaxda və Lənkəranda keçirilən bu müşavirələr bu işin davamı olaraq qiymətləndirilə bilər. Cənub zonası, xüsusilə Masallı, Lənkəran, Astara subtropik zona olduğundan bu ərazidə özünəməxsus bitkilərin inkişafı üçün kifayət qədər şərait var. Bildiyimiz kimi, post-neft dövründə kənd təsərrüfatının inkişafı  dövlətin əsas prioritetlərindən biri hesab olunur. Bu baxımdan,  müşavirə həm də regionlara göstərilən diqqət və qayğının təcəssümüdür. Həmin zonalara yaşayan əhalinin təminatı və məşğulluğu baxımından da çox vacibdir. Çünki yeni istiqamətlər üzrə yeni iş yerləri də yaradılacaq. Regionların inkişafı isə bütövlükdə respublikanın inkişafı deməkdir. Bu gün kənd təsərrüfatı məhsulları ilə bağlı xaricdən asılılığın azaldılması bizim üçün çox vacibdir. Bu proqrama uyğun olaraq atılan addımlar strateji kursun davamıdır və yaxın gələcəkdə öz nəticəsini verəcək”. 

Şəbnəm Mehdizadə
 
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007