• cümə axşamı, 28 mart, 12:18
  • Baku Bakı 16°C

Çayçılığın inkişafına dövlət dəstəyi

16.02.18 13:30 983
Çayçılığın inkişafına dövlət dəstəyi
Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan verib. Ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və mövcud ixrac potensialı aqrar sahənin daha da inkişafına əlverişli şərait yaradır.Prezident İlham Əliyev fevralın 12-də "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. AZƏRTACxəbər verir ki, çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə və İqtisadiyyat nazirlikləri hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görəcəklər.
Kənd Təsərrüfatı Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Prezidentə məlumat verməlidir. Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ötən ilin sentyabr ayında Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib ki, rayonları üçün ən perspektivli sahələrdən biri də çayçılıqdır: "Ötən əsrin 70-80-ci illərində çayçılıq Astara rayonunda ən yüksək inkişaf mərhələsinə çatmış və 3 min hektar çay plantasiyasından 7 min tona qədər məhsul istehsal edilmişdi. Həmin dövrdə çay plantasiyalarında işləyənlərin sayı 12 min nəfərdən çox olmuşdu. 1990-cı illərin əvvəllərində diqqətdən kənarda qalan çay sahələri tədricən sıradan çıxmışdır. Torpaq islahatı aparılan zaman çayçılıq üçün əlverişli olan torpaqlar sakinlərə pay torpağı, çay kolları isə əmlak kimi verilmişdir. Pay torpağından tədarük etdiyi yaşıl kütləni təhvil verməyə yer tapmayan mülkiyyətçi çox əziyyətlər bahasına başa gəlmiş və məhsuldarlığının ən yüksək mərhələsində olan kolları qıraraq odun kimi istifadə etmişdir. Hazırda rayonumuzda mövcud olan 345 hektar çay plantasiyasından 188 hektarı bərpa olunan, 157 hektarı isə yeni salınan çay sahələridir. Ötən il 1500-dək sakinimizin çalışdığı plantasiyalardan 646 ton yaşıl çay yarpağı tədarük edilib. Cari ildə isə bu göstəricinin 1000 tona çatdırılması nəzərdə tutulur”.
O, həmçinin qeyd edib ki, 2015-ci ilin aprel ayında "Astaraçay” çay emalı fabrikinin açılışı zamanı cənab prezidentin qeyd etdiyi "əminəm ki, vaxt gələcək, Azərbaycan öz çayını daha da böyük həcmdə dünya bazarlarına çıxaracaqdır” çağırışından ruhlanan çayçılar rayonun əvvəlki şöhrətini qaytarmaq əzmindədirlər.
Həmin müşavirədə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd edib ki, cənab prezidentin tapşırığına əsasən, əvvəllər bu bölgənin ən gəlirli sahəsi olan çayçılığın inkişaf etdirilməsi məqsədilə dağlıq ərazidə yeni texnologiyaya əsaslanan 42 hektar çay plantasiyası salınıb, 60 hektarda isə əkin işləri yaxın aylarda başa çatdırılacaq: "Bu əraziyə rayonun daxili imkanları və digər maliyyə mənbələri hesabına 11 kilometr asfalt, 6 kilometr çınqıl döşənərək yol çəkilib, "Azərsun” şirkəti tərəfindən suvarma sistemi qurulub. Hazırda burada 50-yə yaxın iş yeri yaradılıb. "Azərsun” şirkəti tərəfindən daha 200 hektara qədər sahədə çay plantasiyasının salınması üçün torpaq mülkiyyətçiləri ilə danışıqlar aparılır”.
O qeyd edib ki, yaxın illərdə çay plantasiyasının rayonda ən azı 1400 hektara çatdırılmasına imkan var: "Prezidentin tapşırığına əsasən 1000 hektarı əhatə edən yeni çay plantasiyasının salınması üçün hazırlıq işləri görülüb. Torpaq mülkiyyətçiləri ilə maarifləndirmə işləri, müvafiq nazirliklərin, "Astaraçay” şirkətinin rəhbərliyi ilə müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub. Həmin sahələrdə bu ilin payızından başlayaraq çay əkinlərini aparmaq mümkündür”.
Dövlət Proqramının qəbul edilməsinin əhəmiyyətini və növbəti mərhələdə qeyri-neft sektorunun inkişafına necə təsir göstərəcəyini öyrənməyə çalışdıq.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov deyir ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində böyük nailiyyətlər əldə olunub: "Regionlarda infrastruktur problemi, fasiləsiz enerji təminatı və s. kimi ciddi problemlər artıq öz həllini tapıb. Növbəti mərhələdə prioritet hədəf regionlarda aqrar sahənin inkişaf etdirilməsidir. Bu baxımdan hər bir regionun xüsusiyyəti nəzərə alınır. Vacib kənd təsərrüfatı məhsullarının becərilməsi ilə daxili bazar yerli məhsul hesabına təmin ediləcək. Bu çox mühüm məsələdir. Eyni zamanda, rəqabət qabiliyyətli məhsulların ixracı üçün geniş imkanlar var. Və cənub zonasında çayçılığın və çəltikçiliyin inkişafı üçün münbit şərait var. Bu sahə artıq ənənəvi sahəyə çevrilib. Yəni sovetlər dönəmindən çayçılıqla bağlı fəaliyyətlər olub. İndi isə dövlət proqramı səviyyəsində çayçılığın inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Bu, həmin sahəyə elmi və sistemli şəkildə olan yanaşmanın göstəricisidir. Burada əsas məqsəd məhsulun dünya bazarlarına çıxarılması və rəqabət qabiliyyətinin artırılmasıdır. Atılan bu addım ilk növbədə iqtisadiyyatımızın inkişafına ciddi təsir edəcək. Həmçinin yeni iş yerlərinin yaradılmasına və ölkəyə valyuta axınına səbəb olacaq”.
Günel Azadə
banner

Oxşar Xəbərlər