Ayağı yerdə, özləri havada olan bakılılar... ARAŞDIRMA

Ayağı yerdə, özləri havada olan bakılılar... ARAŞDIRMA

Cəmiyyət
27 Noyabr 2012, 14:19 1561
“Hər seçki ilində bir problemimizi həll edirlər. Yolumuzu çəkdilər, işıqla, qazla, su ilə təmin etdilər, yaxınlıqda məktəb tikdilər, amma evlərimizi qeydiyyata alın deyəndə, deyirlər ki, qanunsuz tikilidir”. Sabunçu rayonu, Şəhər şossesi döngə-5 ünvanında yaşayan sakinlər deyir bunu. Həmin ərazidə yüzlərlə evdə minlərlə sakin qeydiyyatsız yaşayır.

“Bir problemimiz, dərd-sərimiz olanda deməyə adam da tapmırıq. Ölkədə keçirilən seçkilərdə iştirak etmək, səs vermək istəyirik, o da mümkün deyil” deyir Qafar kişi: “Hara gediriksə, təbii olaraq bizdən sənəd istəyirlər, sənəd də yoxdur, havadan asılı kimiyik. Bu yaxınlarda yaşadığımız küçələrə ad da veriblər, daha işıq, qaz, su borcları ilə bağlı xəbərnamələrdə küçə adı göstərilir. Məsələn, bizim küçə əvvəllər “Mədən-2” idi, indi olub Elşən Mehdiyev küçəsi”.

Qeyd edək ki, həmin ərazilərin ARDNŞ-yə məxsus olduğu bildirilir və bu səbəbdən də orada tikilmiş evlər dövlət qeydiyyatına alınmır. Qafar kişi isə deyir ki, ordan evi 6-7 il əvvəl alıb: “Əlimdə bələdiyyənin 2002-ci ildə verdiyi sənəd var, amma mənə deyirlər ki, bələdiyyə qanunsuz verib bu torpağı. Bunun günahı məgər məndədir?” Sakinlərin narazılığına səbəb olan daha bir amil isə ARDNŞ-nin ikili davranışıdır: “Həm deyirlər qanunsuzdur, həm də şirkətin tabeçiliyində olan “Azəriqaz” gəlib bizə qaz çəkir, sayğac qurub pul yığır. Belə olan halda qeydiyyata niyə almırlar?” Bütün bunlara baxmayaraq, sakinlər ümid edirlər ki, növbəti seçki ilində qeydiyyat problemi də öz həllini tapacaq: “Bizim dövlətimizdən narazılığımız yoxdur, bütün kommunal infrastrukturla təmin ediblər bizi, qalanlar da yavaş-yavaş həllini tapır, yeganə dərdimiz qeydiyyatla bağlıdır. Öz evimizdə qeydiyyata düşüb, vətəndaşlıq sənədləri alıb, seçkilərdə iştirak etmək istəyirik”.

Məsələ yalnız qeyd edilən ünvandakı vəziyyətlə bitsəydi, bəlkə də üzərinə çox getməmək olardı, amma iş ondadır ki, bu cür problemlə Bakıda məskunlaşan əhalinin böyük əksəriyyəti üzləşir. Milli Məclisin deputatı Qalib Salahzadənin səsləndirdiyi rəqəmə əsaslansaq, paytaxtdakı evlərin 70 faizi sənədsizdir. Bu, olduqca böyük rəqəmdir və həyəcan doğurmaya bilməz. Demək, Bakı əhalisinin 70 faizi seçmək və seçilmək hüququndan ya məhrumdur, ya da bunun üçün saxta sənədə ehtiyac duyur. Saxta sənəd dedikdə isə, söhbət vətəndaşların yaşamadıqları evlərdə qeydiyyata düşüb vətəndaşlıq sənədləri almasından gedir. Yeri gəlmişkən, ötən parlament seçkiləri zamanı qeydiyyatsız evlərdə yaşayan sakinlərə şəxsiyyət vəsiqəsi ilə təmin olunmaları üçün polis şöbələrində müvəqqəti qeydiyyata düşməyə şərait yaradıldı. Dövlət tərəfindən atılan bu addım nəticəsində belə vətəndaşlardan bir qismi qeydiyyata düşərək şəxsiyyət vəsiqəsi aldı. Lakin sonradan ölkə başçısı problemin birdəfəlik həlli ilə bağlı göstəriş verdi və qeydiyyatsız evlərin bələdiyyələr, icra qurumları tərəfindən qeydə alınması tapşırıldı.

Günahkarlar sırasında hakimiyyət orqanları da var

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun prezidentin müvafiq sərəncamından irəli gələn məsələlərə şərhində də bildirilir ki, bu vəziyyətin yaranmasında günahkarlar sırasında bir sıra hakimiyyət orqanları da var: “On, on beş bina tikiləcək məhəllədə daha artıq bina tikilib. İnsanların sayına müvafiq olaraq, yol, su, nəqliyyat infrastrukturları müvafiq qaydada olmalıdır. Şəhərin digər zəruri ehtiyacları üçün meydanlar, parklar, yaşıllıqlar, məktəblər, bağçalar və sair mövcud olmalıdır. Amma bu sistemin hamısı pozulub. Bunlardan başqa, şəhərdə bütün sənaye əhəmiyyəti kəsb edən torpaqlar, məsələn, neft-qaz yataqları üzərində olan torpaqlar, şəhəri elektrik enerjisi ilə təmin edən aparıcı elektrik xətlərinin altında olan torpaqlar, şəhəri digər zəruri ehtiyaclarla təmin edən böyük boruların və digər infrastrukturların üzərindəki torpaqlar ayrı-ayrı insanlar tərəfindən qanuni, yarı qanuni, yaxud da ki, qeyri-qanuni şəkildə ələ keçirilib. Həmin sahələrdə hakimiyyət orqanlarının bəzi strukturlarının icazəsi olaraq, yaxud da icazəsi olmadan hansısa əyri yollarla evlər tikilib”. PA rəsmisinin sözlərinə görə, əvvəlki ilərdə şəhərin baş planı pozulub, infrastruktur bərbad vəziyyətə gətirilib: “Bir insanın məskunlaşdığı ərazi onlarla, yüzlərlə insanın normal yaşamasına mane olur. Ona görə də yüzlərlə, onlarla insanın normal həyatını təmin etmək məqsədilə bir insanı mütləq şəkildə o ərazidən köçürməliyik və ona başqa yerdə yaşayış şəraiti təmin etməliyik. Bütün bu məsələlər komissiyada müvafiq olaraq müzakirə olunacaq, komissiya ayrı-ayrı sahələrə differensial yanaşaraq qərarlar çıxaracaq və o qərarların icrası oradakı sakinlərlə müzakirə olunacaq, daha sonra qərarlar həyata keçiriləcək”.

Ə.Həsənov deyib ki, insanlar narazı olmasın deyə, eyni zamanda, köçürmə prosesi yavaşımasın deyə, bu komissiya Bakı Şəhər İcra Hakimiyyətinə və köçürməni həyata keçirən digər dövlət qurumlarına kömək edəcək. Onun sözlərinə görə, komissiyada sənədsiz evlərin sənədləşdirilməsinə də baxılacaq: “Əgər insanlar on illərlə orada məskunlaşıb yaşayırsa, onun sənədinin olub-olmaması vəziyyəti heç də yüngülləşdirmir. Söhbət ondan gedir ki, insan orada məskunlaşıb, yaşayır və neçə illərdir ki, oranın sakinidir. Ona görə də bu məsələyə də baxılacaq. Mümkün alternativ variantlar axtarılacaq. Azərbaycan hakimiyyəti üçün əsas maraq vətəndaşların hüquqlarıdır, rifah halıdır, həyat şəraitinin yaxşılaşdırılmasıdır”.

Ötən ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Prezident İlham Əliyev də rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini bəyan etmişdi. Ölkə başçısı həmin müşavirədəki çıxışında bu məsələni daha dəqiq və son dərəcə konkret qoymuşdu: “Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər”.

Bəs problemin həlli niyə yubanır?

Bütün bunlara rəğmən, prosesin yubanması narahatlıq yaratmaya bilməz. Bakı Şəhər İcra Hakimiyyətində sənədsiz tikililərin siyahısının hazırlanması, ümumiyyətlə, problemin həlli ilə bağlı hər hansı işin gedib-getmədiyi məlum deyil. Qurumun mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova sorğumuza cavab olaraq bildirdi ki, bu iş təkcə BŞİH-ə tapşırılmayıb. Nuranə xanımın söylədiklərindən belə məlum oldu ki, prosesdə başqa dövlət orqanlarının da iştirakı nəzərdə tutulub, lakin mətbuat xidməti onların hansılar olduğunu dəqiq deyə bilmədi.

Məsələdə sevindirici olan yeganə məqam bu istiqamətdə qanun layihəsinin hazırlanmasıdır. İlkin layihə “Mülkiyyət hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən yaşayış evləri və torpaq sahələri üzərində hüquqların leqallaşdırılması haqqında” adlanır. Layihədə göstərilib ki, magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik xətlərinin, metropolitenin, dəmir yolu qurğularının üzərində tikilmiş evlərə sənəd verilməyəcək. Eyni qadağa müdafiə obyektləri, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğuları, neft buruqları, avtomobil yollarının və suların mühafizə zolaqlarında yerləşən torpaq sahələrinə də aiddir. Həmçinin, sürüşmə zonası və onların üzərindəki evlər də sənəd ala bilməyəcək. Bura meşə və su fondu torpaqlarında, müdafiə təyinatlı torpaqlarda tikilən evlər də daxildir: “Neft və qaz yataqlarının işlənməsi, neftin, qazın hasilatı, nəqli üçün müvafiq təsərrüfat subyektinin qanuni istifadəsində olan torpaqlarda tikilən evlərin də sənədləşdirilməsi mümkün olmayacaq. Əgər həmin ərazilər neft hasilatına yararlıdırsa”.
Ümumilikdə 10 maddədən ibarət layihədə qanuniləşdirilməsi mümkün olan və olmayan evlərin, torpaq sahələrinin dəqiq siyahısı göstərilib. Bir sıra mütəxəssislərin fikrincə, layihəyə dəyişikliklər və əlavələr olunmasa, sənədsiz evlərin böyük hissəsi yenə də sənədləşdirilməmiş qalacaq.

Sənədləşməni yerli komissiyalar aparacaq

Layihəyə əsasən, yaşayış evləri və ya torpaq sahələri üzərində mülkiyyət hüquqlarının leqallaşdırılmasını yeni yaradılacaq komissiyalar həyata keçirəcək. Bu komissiya leqallaşdırılmalı olan yaşayış evləri və torpaq sahələrinin inventarlaşdırılması nəticəsində müəyyənləşdirilməsini, zəruri sənədlərin toplanması və hazırlanmasını, habelə leqallaşdırma ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi ilə məşğul olacaq. Yerli leqallaşdırma komissiyalarının fəaliyyətinin əlaqələndirilməsi, onların qərarlarından, habelə hərəkət və ya hərəkətsizliyindən verilən şikayətlərə baxılması məqsədilə mərkəzi leqallaşdırma komissiyası yaradılır. Yerli və mərkəzi leqallaşdırma komissiyalarının tərkibi və fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanun yalnız 2011-ci il martın 1-dək tikilmiş yaşayış evlərinə və onların yerləşdiyi torpaq sahələrinə, habelə həmin tarixədək üzərində tikintisinə başlanmış, lakin tikintisi başa çatdırılmayan yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinə şamil olunacaq. Qeydiyyatsız ev və torpaq sahələrinin sənədləşdirilməsinə görə mülkiyyət sahiblərindən yalnız müvafiq qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumları alınmalıdır. Göründüyü kimi, qanun layihəsi hazır olsa da, nədənsə onun parlamentdə müzakirəsi və qəbulu ləngiyir.

Sənədsiz evlərin çoxluq təşkil etdiyi Binəqədi rayon İrca Hakimiyyətindən bu məsələ ilə bağlı bir neçə gün əvvəl açıqlama verildi. Məlum oldu ki, rayon üzrə siyahı hazırlanıb və sənədləşmənin mexanizmi hazır olsa, rayonda 2013-cü ilin yanvarından proses başlayacaq. Hər bir halda, yazımızı müsbət notlarla bitirmək bizim üçün də xoş oldu, ümid edirik, sənədsiz mənzillərin sakinləri tezliklə sevinəcək...

Həbibə ABDULLA