• cümə, 29 Mart, 09:31
  • Baku Bakı 5°C

“Ay Taleh, yoruldun, bezdin, eləmi?”

02.11.16 14:51 1053
“Ay Taleh, yoruldun, bezdin, eləmi?”
Firuz Mustafa
ŞairTaleh Həmid son ünvana səfər etdi...
Bu gün səhər tezdən eşitdim ki, şair Taleh Həmid vəfat edib.
Çox üzüldüm.
Mən onu çoxdan tanıyırdım. Həssas şair, istedadlı redaktor, cəsarətli publisist idi.
Özünəməxsus yumoru vardı. Dərdini həmişə ürəyində daşıyırdı.
O, qısa zaman kəsiyində qardaş itkisi, övlad dağı çəkmiş bir insan idi.
Taleh son illər çox ağır xəstəliklərin sınağından çıxmışdı. Buna baxmayaraq nikbin idi. Yaradıcılıqla ciddi məşğul olurdu.
Son görüşümüz səhv etmirəmsə, ötən il olmuşdu.
Adətən, Talehlə görüşəndə belə deyirdim:
-Bu il ötənilkindən yaxşı görünürsən.
Söhbətimizə yenə bu ifadə körpü oldu.
O, əlini dən düşmüş saçlarında gəzdirib dedi:
-Va ol. Dost gözü ilə baxırsan...
Bir xeyli müasir ədəbiyyatın, elmin durumundan söhbət etdik.
Pyeslərimi oxuduğunu, amma macal tapıb tamaşalara baxa bilmədiyini dedi.
Zarafatla dedim ki, son vaxtlar sən də keçmisən dramaturgiyaya. Gülümsünüb dedi:
-Hə, elə bir şey var. Aşıq Dilqəm haqda pyes yazmışam.
-Uğurlu olsun.
O, birdən ciddiləşərək, diqqətlə üzümə baxıb, dedi:
-Bura bax, səndən bir şey soruşum.
Mən də eyni ahənglə dedim:
-Buyur, Taleh bəy.
-Sən bu öz yeri-yurdu, öz kəndi-kəsəyi olan adamların öləndə burada, yəni Bakıda dəfn olunmağına necə baxırsan? Məsələn, mənim fikrim mənfidir... İndi az qala dirilərin yox, ölülərin də torpaq davası gedir.
Mən də "yaxşı baxmıram” dedim. Sonra əlavə etdim:
-Bizim soydaşlarımızın bir qismi məcburən şəhərlərə səpələnib, onların vəziyyətini başa düşmək olar. Amma sən demiş, o birilərinə nə düşüb ki, burada qəbir yeri davası edirlər?
Taleh gülümsədi:
-Bilirdim ki, bu məsələyə sən də elə mənim kimi yanaşırsan... Adam gərək sağ olanda haqq dünyası barədə də fikirləşsin. Mən binamızda yaşayan həmkarlarıma, dostlarıma yarızarafat deyirəm ki, gəlin şərt kəsək, vəsiyyət edək ki, öləndə bizi öz doğulduğumuz yerlərdə dəfn etsinlər... Düzdür, bəzən mənə irad tutub deyirlər ki, deyəsən kənd-kəsək qocalanda yadına düşüb. And-aman edirəm ki, elə deyil, mən bu şəhərdə iş-gücə görə ilişib qalmışam. Bir parça çörəyin pulunu haradansa qazanmalıyıq, ya yox? Öz sənətimlə bağlı iş olsa, köçüb gedərəm Şəmkirə... Elə sən özün də məncə, gedərsən öz rayonuna. Amma hara gedəsən? Gedib Şınıxda fəlsəfə dərsi və ya nə bilim politologiya-psixologiya dərsi keçəsi deyilsən ki?
Mən onun dediklərini təsdiq edib, dedim:
-Bu mənada Səyavuş Sərxanlının Şəmkirdə dəfn edilməsi düzgün addım idi.
-Mənim elə qələm dostlarım var ki, bu şəhərdə dəfn edilib. İndi bu milyonlarla qəbrin arasında onları necə axtarıb tapım? Amma məsələn, yolum Qazaxa düşəndə Osman Sarıvəllinin, Ağstafaya düşəndə Hüseyn Arifin qəbrinə baş çəkirəm. Şəmkirə hər yolum düşəndə mütləq Səyavuşun qəbrinin üstünə gül-çiçək qoyuram.
-Ruhları şad olsun.
- Amin. Sənə bir şey deyim, evdəkilər indidən yaxşı bilirlər məni harada dəfn etmək lazımdır.
Mən mövzunu dəyişmək üçün dedim:
-Ölüm-itimdən danışmaq hələ tezdir, Taleh bəy. Maşallah, özün də ötənilkindən yaxşısan. Çap olunan cildlərini də görmüşəm. Otur yazı-pozunla məşğul ol. Hələ əzrayılla görüşümüzə çox var.
Taleh gülüb, dedi:
-O alçaq əzrayıl gələndə adama xəbərdarlıq edir ki?
-Xəbərdarlıq etsəydi, nə olacaqdı ki?
-Hər halda, yır-yığışımızı edib, bu səfərə vaxtında hazırlıq görərdiik.
Gülüşdük. Görüşüb ayrıldıq.
Düz dörd il əvvəl, çisəkli bir payız günü, dəqiq zaman ünvanı ilə desəm 2012-ci il noyabr ayının 1-ində yazdığı "Oldu” rədifli qoşmasında belə yazmışdı:
Ömür dediklərin keçir beləmi,
Ay Taleh, yoruldun, bezdin, eləmi?
Çiyninə yük olan o qəm şələni
Nə görən, nə də ki, alanlar oldu.
Taleh Həmid özünün son ünvanına səfər etdi. Çox tələsdi.
Qəbri nurla dolsun.
banner

Oxşar Xəbərlər