AZE | RUS | ENG |


AXTARIŞ

AXTARIŞ
Esse

 "Allah göylərin və yerin nurudur.”
(" Nur” surəsi, ayə 35)
 
"Səni itirən nəyi tapmışdır? Səni tapan
nəyi itirmişdir?” 
İmam Hüseyn
 
Kim onu hər yerdə görmürsə, heç
vaxt üz-üzə görə bilməz. 
İ.Höte
 
...Yox-yox, gözəlliyi tapdığımda yox,
Tapmışam əbədi axtarışımda.
               B. Vahabzadə.
 
...Hər şey axtarışla başlayıb axtarışla qurtarır. 
İnsan öləndən sonra da axtarışda olacaq. Məhşər günündə Allahı görmək istəyəcək. Ancaq çoxları bəlkə də belə axtarışın fərqində deyillər.
   Biri ruzi axtarır, biri gözəl gün-güzəran, digəri gözəllik, əbədilik və s. 
   Bir başqası da Şərq mütəfəkkiri İbn Yəminin "Əvvəlcə ən vacib incini axtar” fikrindən xəbərsizmiş kimi, özgə dərd-azarı yoxmuş elə bil. "Öz gözündə tiri görmür, özgə gözdə tük axtarır”. 
   "İncil”də deyildiyinə görə "İnsanlar itirilmiş qoyunlardır” İnsan özü axtarışdadır. Bəs insan hardadır? Və insan nəyi (kimi) axtarır?
   Yaxud Borxesin təbirincə desək, insanlar hələdəmi bilmirlər ki, "axtarılan elə axtaranlar özləridir!”
   F.Əttarın "Quşların söhbəti” əsərindən məlum olur ki, bir gün quşlar qərara alırlar ki, quşlar padşahını - Simurqu tapsınlar. Bilirdilər ki, onun adının mənası "Otuz quş” deməkdir. Bilirdilər ki, onun sarayı Yer kurəsini qucaqlamış dairəvi, əfsanəvi Qaf dağındadır. Onlar sonu olmayan bir yola çıxdılar. 7 uçurum və dəniz keçdilər. Sonuncudan əvvəlki "Baş gicəllənmə,” sonuncu "Həlak” (ölum) adlanırdı. Yolçuların bəziləri qaçdılar, digərləri qaldı. Öz əməyi ilə təmizlənmiş otuz quş Simurq dağına gəldilər. Nəhayət, onu gördülər, anladılar ki, Simurq onların özləridir: hər biri ayrı-ayrılıqda və hamısı birlikdə...”
 
                                                              ***
 
Bəşər övladının yarandığı gündən bəri axtarışda olmadığı bir an olmuşdurmu?
   Və insanın ən çox axtardığı bəlkə də Allah olub. Əhməd Ağaoğlunun "Tanrı dağında” adlı çox gözəl bir hekayəsi var. Hekayədə bələdçi-qamla birlikdə Allahın yanına getmək istəyən bir yolçu təsvir olunur. Nə qədər dərələr keçib, təpələr, dağlar aşandan sonra ona bildirilir:
   "Tanrıya qovuşmağı asanmı bildin? Daha neçə dərələr, təpələr, neçə uçurumlar keçmək, neçə qorxunc təhlükələri adlamaq lazım gələcək. Sonunda da tanrının bizi qəbul edib- etməyəcəyi bilinmir. Onun hüzuruna çıxmağa layiq ola bilmək üçün yeddi qapı dəyişdirmək, doqquz nəfəs tükətmək istər...”
 
                                                              ***
   ...Öy-öy (Qumru) quşları "Ku! ku! (hanı? hanı?) deyə oxuyurlar.
   Göyərçinlər "Hu!Hu! (O!O!) yəni Allah! Allah! deyə ötürlər.
 
   Anadillər "Tapdınmı?”, "Yox, tapmadım” deyə min illərdi ki, dünyanı ələk-vələk edirlər.
   Simurq (Ünqa, Zümrüd) quşu küfrlə iman arasında qalıb həqiqət axtarışıyla küsüb, Qaf dağının arxasına çəkilib.
   Eyni vaxtda 3 adam: bir tacir, bir səyyah, bir də həqiqət axtaran yola düşüb dünyanı gəzməyə başlayıblar. Tacir alıb-satmadığı şey qalmayıb, illərdən sonra sağ-salamat qayıdıb gəlib. Səyyah ayağı dəymədiyi ölkə qalmayıb, o da geri dönüb.
   Ancaq həqiqət axtarandan hələ də bir soraq verən yoxdur. O gedən gedib...
   Axtarışla axtarıcılıqla bağlı ən yüksək fikri Məhəmməd peyğəmbər demişdir. "Tapanlar axtaranlardır”.
   Serb yazıçısı Milorad Paviçdən soruşublar ki, "Allah hardadı?” 
   "Allah kitabdı” deyə cavab verib və əlavə edib: Əsl kitab.
   Demək, söhbət müqəddəs kitablardan gedir, bu da "Başlanğıcda kəlam vardı” fikrinə uyğun gəlir.
   ...Yunis İmrə bir gün dərgahdan qaçır. Allahı axtarmağa gedir. Yolda 2 dərvişə rast gəlir. Yoldaş olurlar. Çörəkləri qurtaranda dərvişlərdən biri dua edir, Allahdan süfrə nazil olur. O biri gün 2-ci dərvişin duası hasil olur.
   Növbə Yunusa çatır. Xəlvətə çəkilir. Düşünür: görəsən, Allah dərgahından qaçanın duasını Allah qəbul edəcəkmi? Fikirləşir ki, görəsən, məndən əvvəlkilər necə dua etdilər ki, duaları qəbul oldu?
   Əl açıb üzünü göyə tutur: "Allahım, məndən əvvəlkilər kimin, nəyin xətrinə səndən süfrə istəmişdilərsə mənə də belə bir süfrə yetir”.
   Onun da duası qəbul olunur. 
   Yeyib-içdikdən sonra dərvişlərdən soruşur ki, siz necə dua etdiniz ki, duanız qəbul oldu? Onlar deyirlər: Yunus adlı bir övliyanın adını çəkdik. Ona görə duamız çin çıxdı.
   Yunus onda başa düşür ki, hələ özünü yaxşı tanımayıbmış. Əvvəlcə Allahı deyil, özünü axtarmalıymış. Lakin indiyəcən tapmayıbmış. İndi isə Allahı gəzərkən özünü tapmışdı...
   Demək, ariflər düz deyirmişlər ki, özünü dərk edən Allahını dərk edir.
 
                                                              ***
 
   Rəvayətə görə bir nəsihətçi kürsüdə qəbir əhvalatını danışırdı:
   - Ey Allahın qulu, səndən soruşulacaq ki, biliyini nəyə sərf etdin, malını, mülkünü harda əritdin, ömrünü necə keçirdin, ibadətlərin nə vəziyyətdədir, halala, harama diqqət etdinmi və s...
   Camaatın arasında Şeyx Şibli həzrətləri də varmış. O, nəsihətçiyə deyir:
   - Əsas soruşulacaq şeyi unutdun. Allah-taala soruşacaq ki, ey bəndəm, mən sənin yanında ikən, səninlə ikən sən onda kiminləydin?! Bu suala cavab verən olacaqmı?!
 
                                                   ***
 
   "...Amma mən ayrı bir şey axtarmıram ki, yalnız haqqı axtarıram, dedim.
   Mənim səfərim Rəbbimi tapmaq səfəridir.
   ...Uşaqlığımdan bəri o biri aləmə ziyarətə gedir, kəşflər edir, qeybdən səslər eşidirəm. Allahımla danışıram. O, mənimlə danışır. Başa salır, izah eləyir, elə gün olur pıçıltı qədər zəifləyir, ərşin yeddinci qatına yüksəlirəm. Gah orda, gah da burdayam. ...O qədər sadəlövh idim ki, elə bilirdim, hamının gözünə mənim gördüklərim görünür. ...Yaşamağa dəyən həyatı gəzirəm və bir də bilməyə dəyər biliyi. (Ş.Təbrizi)
   Cəlaləddin Rumi axtarışa mühüm önəm verirdi, deyirdi: "Topal da olsan, şil də olsan, yuxulasan da, ədəbsiz belə olsan, yenə onun yolundan çıxma. Daim Ona doğru sürün, daim Onu, yəni Allahı axtar!”
   Allah axtarışıyla bağlı ən yaxşı əhvalatlardan biri İbrahim Ədhəm həzrətləri haqda olan əhvalatdır.
   "Öz adından-sanından arxayın halda yatan padşah, qəflətən damda bir taqqıltı, sonra isə hay-haray eşitdi, öz-özünə: "Axı, kim buna cürət edə bilər? ”deyə soruşdu.
   Sarayın pəncərəsindən boylanıb "kimdir o?” deyə bağırdı. O vaxtadək kimsənin görmədiyi bir dəstə insan damdan başlarını aşağı salmaqla: "Gecənin zülmətində itirdiyimiz şeyi axtarırıq” - dedi. İbrahimin "Axı, nə axtarırsınız?” sualına onlar "Dəvələrimizi” cavabını verdilər. "Bəyəm damda da dəvə axtarlar?” dedi İbrahim.
   Onlar da cavabında soruşdular: "Onda sən özün de, səltənət taxtında oturmaqla Allahmı tapmaq olar, Ona qovuşmaqmı olar?”
   Hər şey də elə bundan sonra baş verdi: Bir daha İbrahim Ədhəm həzrətlərini heç kimsə görmədi. Padşahlıq ünvanını da, taxt-tacını da atıb getdi."(C.Rumi).
   İbrahim Ədhəmi düşündürən sual hamımızı düşündürməlidir: "Bir könül mülkünün sultanlığı üstündür, yoxsa bu həqir dünyanın padşahlığı?!” Bu sualın cavabında Allahını sevənlər "Əlbəttə ki, könül mülkünün sultanlığı!” demişlər.
 Hətta C.Rumi sanki özünə borc bilmişdir ki, belə desin: "Sevgilimi, yəni Allahı gərək o qədər çox axtarım, onu tapmaq üçün o qədər qeyrət sərf edim ki, ən sonda onu axtarmamağın gərəyini anlayım!”
   Allahı axtarmağın ən qısa yolu budur: Onu görmək üçün dünyadan vaz keçməlisən. Səni maddiyyata, dünyaya bağlayan bütün nəsnələrdən əl çəkməlisən, imtina etməlisən, maddiyyatla bağlı nə varsa ona heç gözünün ucu ilə də baxmamalısan. Bunu Həzrət Əli belə ifadə etmişdi: "Kim ki, dünyanı tutdu, dünya onu atdı, kim ki, dünyanı atdı, dünya onu tutdu”.
 
                                                  ***
 
   Gənc şair olduğu vaxtlarda Səməd Vurğun da Allahı axtarmış, görmək istəmişdi: "Allah- o nədir cümlə təxəyyül cərəyanı, görmək dilərəm varsa görünsün o, əyani” misralarını da yazmışdı.
    Həllac Mənsursa əksinə, "Məni Allahın əlindən alın... Onu axtarmayın, O hər yerdədir...”demişdi.
 Hüqo da bu fikirdəydi ki, Allah hər şeydədir, ancaq hər şey onun görünməsinə mane olur.
 
                                      Min ildi, milyon ildi,
                                      Bağlayıb yollarımı bir-birinin ucuna
                                      Gəlib çatdım axırı, sənin dar ağacına.
                                      Kəndirin dartıldıqca, boynum
                                                                                     Dincəlir Allah.
                                      Boynum dincələn görüb
                                                                         Tez vururlar boynumu,
                                      Çiynim dincəlir, Allah!...
                                      Şükür, şükür, çox şükür,
                                                                         Sən yenə Göyüzündən
                                      Mənə sarı enirsən...
                                      Dünya sönüb itdikcə
                                      Gözümə sən görünürsən...
                                                                                     (Vaqif Bayatlı Odər)
 
                                                              ***
 
Doğrudan da, görəsən, Tanrı harda qərar tutub? Onu harada axtarmaq lazımdır və onu harada axtarmayıblar ki?
   Füzuliyə görə Tanrı elə bir yerdə qərar tutub ki, o yerin özünə "Cənnət quşu yetməz min il uçmaq ilən!”
   Amma bu da bir həqiqətdir ki, tanrı bu qədər uzaq olduğu qədər də bizə çox yaxınmış.
   "Mən sizə şah damarınızdan yaxınam” deyən tanrı Quran ayəsi ilə özünü və öz yerini nişan verib axı!
   ...Kəbədə İbrahim peyğəmbərin tikdiyi köhnə divarlar, daşlar içində qədim Suriya dilində heç kimin oxuya bilmədiyi bir yazı varmış. Nəhayət, bir gün bir yəhudi həmin yazını oxumuşdu. Daşda yazılmışdı: "Mən Məkkə hökmdarı Allaham. Məkkəni yerlə, göylə, ayla, ulduzla bir gündə yaratmışam”. 
   Yaxud belə bir hədis var ki, tanrı yaratdığı 18 min aləmə sığmadı, bir möminin qəlbinə isə sığdı...
 
                                                              ***
 
S.Yağmurun "Göz yaşları” romanında deyilir: "Ərəfat görüş deməkdir.
   Həzrəti Adəm və həzrəti Həvva dünyaya ayrı-ayrı göndərilmişdilər. Yer üzündə bir-birini axtardılar, nəhayət, bu təpədə qarşılaşıb görüşdülər”.
   Demək, Yer üzündə ilk axtarış nəylə başlamışdır? Yer üzünə atılan Adəmlə Həvvanın bir-birini axtarmasıyla!?
   İlk ağla gələn bu fərziyyədir. Amma ilk axtarış bu, deyil.
   İlk axtarışı Allah özü etmişdir. "Mən bir gizli xəzinə idim” deyib, o xəzinəyə sahib çıxanı axtaranda, insanı yaratmaq istəyəndə!
 
                                                              ***      
 
   4 il C.Rumini müəllimi olmuş Seyyid Burhanəddin vidalaşıb, "Çöllərə gedirəm” deyəndə Cəlaləddin soruşub:
   - Nə üçün getməlisən! Çöllərdə nə var?
   -Allah ordadı.
   - Allah hər yerdədir. Bizə şah damarımızdan daha yaxındır.
   Mövlanə Şəms Təbrizidən soruşub:
   - Bu qədər insan arasında niyə məni tapdın?
   - Mən qul axtarırdım, gördüm ki, hamı Allahlıq arxasınsa qaçır, bircə qul olaraq səni tapdım.
                                                              ***
 
   Allaha cismani halda qovuşmaq olmaz. Amma ruhaniyyətlə, eşqlə qovuşmaq mümkündür. Onda Füzuli kimi deyə bilərsən: "Getdin o yerə ki, getmək olmaz, yetdin o yerə ki, yetmək olmaz”
 
   Allaha üç yolla yetmək olar:
 
   1) Eynül-yəqin - göz yoluyla
   2) Elmül-yəqin - elm yoluyla
   3) Həqqül-yəqin - qəlb yoluyla 
                                                              ***


   M.Ə.Nəsəfiyə görə təsəvvüf ardıcılları xüsusi səyahətə çıxırdılar ki, buna "Suluq” deyirdilər. Bu Allaha aparan yolun səyahəti idi və Allahın özünə səyahət idi.                                  
   Demokrit deyərmiş ki, görünməyəni tədqiq etmək lazımdır, aydın, aşkar görünəni yox.
   ...Bir dəfə bacısı qızı Krasimira Vanqadan soruşur:
   - İnsan öz-özündə nə deməkdir? 
   Vanqa gülərək cavab verir:
   - Cavab elə sualın özündədir! İnsan təlaşlı bir məxluqdur. O, daim bir şeyi tədqiq edir, hər şeyi müşahidə edir, həmişə nəyisə axtarır və heç cürə tapa bilmir.
                                                              ***
 
   İbn Əl-Ərəbi isə tamamilə başqa fikirdə olub. "Allahı axtaranlara məsləhət” əsərində qeyd edib: "Kim ki, Allaha və onun rəsuluna can atır, o kəsin yolu məhz Ona (Allaha) aparır”.
 
                                                              ***
 
   C.Rumi İnsanın dəyərini belə qiymətləndirirdi:
   "İnsanın dəyəri nədir? Axtardığı şeydir!”
   Şəms Təbrizi "İçimdəki uzağı axatarıram” deyirmiş. Yəqin ki, o uzaq dediyi həm də yaxın Allahmış: 
   X.R.Ulutürk bu fikirdəymiş ki, axtarsan, axtarmağı bacarsan, ot tayasının içində iynəni də tapa bilərsən. Axtarmasan, axtarmağı bacarmasan heç düm-düz səhrada dəvəni də görə bilməzsən.
 
                                                              ***
 
   Xristian ilahiyyatçsı, kardinal Nikolay Kuzanski "Allahın görünməsi haqqında” ("De Visione Dei”) əsərində deyir: 
   - İlahi, sənin varlığın mənim varlığımı tərk etmir. Sənin zühür edən qüdrətində zərrə ilə küll birləşir.
 
                                                              ***
 
   N.F.Qısakürək Lüğətdən "Allah” sözündən başqa nə varsa hamısını silmək istəyirdi. Yazırdı ki: 
   Anladım əsl sənət Allahı aramaqmış,
   Mərifət bu, gerisi yalnız çəlik-çomaqmış.               
 
                                                              ***
 
   Rəvayətə görə bir gün Şibli Həllacdan soruşur:
   - Ya Şeyx Allah təalaya yol necədir?
   - İki addım atsan çatarsan, deyə cavab verir.
 
                                                              ***
 
   Allah axtarışıyla bağlı məsələlər "İncil”də də kifayət qədər öz əksinin tapmışdır və belə buyurulmuşdur:
   "Əvvəlcə Allahın səltənətini və Onun salehlərini axtarım”. (Matta 6:33)
 
                                                              ***


   "O, bütün xalqlardan olan insanları bir qatdan yaratdı ki, bütün yer üzündə yaşasınlar. Onların qabaqcadan müəyyən edilmiş vaxtlarını və yaşadıqları yerlərin sərvətlərini müəyyən etdi ki, Allahı axtaranlar bəlkə əl-ələ, yoxlaya-yoxlaya tapsınlar. Amma bununla bərabər O, heç birimizdən uzaqda deyil. Çünki biz Onunla yaşayırıq, hərəkət edirik və varıq. ("Həvarilərin işləri 17: 16-31.)
 
                                                              ***
 
   Lev Tolstoy nəsihət deyil, sanki bəşər övladına vəsiyyət edirdi:
"Allahı axtararaq yaşa, onda həyatın Allahsız olmayacaq”.
 
                                                              ***
 
   Allah axtaranların allahıymış, axtaranları sevirmiş.
   Allah insanı, əslində, Allahı deyil, Allahın xəzinəsini axtarsın deyə xəlq etmişdir.                                    
               Səni anlamaq üçün məni uzağa atdın,
               Aləmi mənim, məni özün üçün yaratdın.
                                                                          (N.F.Qısakürək)
 
                                                              ***
 
   Niyə insanların bir qismi axtarışa meyilli deyillər? Buna "Baqara” surəsinin 7-ci ayəsində cavab tapmaq mümkündür. "Onların o kəsə bənzəri var ki, qaranlıqda od qalamaq istəmiş, ətraf nura boyananda gözlərinin nurunu almış Allah, qaranlıqlar içində onu yalqız buraxmış, görən deyillər daha!”.
   Halbuki C.Ruminin təbirincə desək, "Bir çox ibadətlər və yaxşı əməllər cənab Haqqın daim onunla bərabər olduğunu İnsana anlatdı. Bu həqiqətə varanlara Haqq yolçuları deyərlər!”
   "Bu birlikdəliyimizi başdan bəri bilsəydim, heç Onu axtarardım? Heç bunca sağa-sola vurnuxardım?”
 
                                                              ***
 
   ... C.Rumi deyir ki, "Biz Allahı axtarır, görmək istəyirik. Ancaq niyə bilmirik ki, O , bizi bizdən qabaq axtarır?!
   Həzrət Əli deyərmiş: "Görmədiyim Allaha sədcə etmərəm.”
   "Sən evi görürsən, mənsə evin içindəki Allahı görürəm” (Hafiz)
   Allah həmişə mənim də yanımda olduğu üçün Allahı axtarmıram.
   Özümü də həmişə Allahın yanında hiss edirəm.
   Mən də Allahı hər gün, hər saat, hər dəqiqə, hər saniyə görürəm. Amma bu bəni-adəm kimdir, nədir, görə bilmirəm, bilə bilmirəm!
   Qorxum budu ki, qiyamətim bəri başdan qopar, Allah məni yanında görməyib axtarmağa başlar...
                                                  
                                                              ***
 
   Bəzi sufilər Allahı 900 qatlıq dəniz adlandırmışlar. Sual olunur: 900 qatlıq qüdrətə (dənizə )- Allaha varmağın yolu hansıdır.
   ... Onu tapmalı!
   ...Onu tanımalı!
   ...Bəndə Allahı, Allaha ən yaxın olan yeri, anı axtarır. O yer, o an səcdədir.      
 
                                                              ***
 
   ...Hər şey axtarışla başlayıb axtarışla qurtarır. İnsan öləndən sonra da axtarışda olacaq. Məhşər günündə Allahı görmək istəyəcək.
   ...Məhəmməd peyğəmbərin sığındığı yerin adı "Nur” dağıymış. İlk vəhyi "Hira” mağarasında eşidibmiş. Həmin mağaranın adının mənası "Axtarış” idi...
 
BARAT VÜSAL


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1952
TRY 1 Türk lirəsi 0.4837
KWD 1 Küveyt dinarı 5.6346
SEK 1 İsveç kronu 0.2108
EUR 1 Avro 2.0035
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7008