AZE | RUS | ENG |


Axı ona söz vermişdim...

Axı ona söz vermişdim...
"Dünya bir pəncərədir, hər gələn baxar, keçər” deyiblər. Ancaq elə insanlar var ki, onların baxdığı pəncərələrdə izlər qalır, unudulmur, yaddaşlardan silinmir. Xalq onları o qədər sevir ki, o qədər qəlbən bağlanır ki, yoxluqları ilə barışa bilmir. Götürək Yaşar Nurini. Nə yalan deyim, onun filmlərini, oyandığı teletamaşaları izləyəndə elə bilirəm o, hələ da sağdır, sabah universitetə və yaxud da teatra gedib Yaşar müəllimi görəcəyəm. Yaratdığı obrazı haqqında uzun-uzadı fikir mübadilələri aparacağam. Adətimdir, həmişə nədənsə danışanda bir mövzunu qoyub başqasına keçirəm.

 Elə xalq artistlərimiz var ki, ömürləri boyu nə qədər çalışıb- vuruşsalar da, ancaq xalqın hörmətini qazana bilməyiblər ki, bilməyiblər. Alınmayıb, gənclərin dili ilə desək, "tutuzdura” bilməyiblər. Səmimilikdənmi, sünilikdənmi, yoxsa həyatda başqa cür, səhnədə başqa biri kimi yaşadıqlarındamı irəli gəlir, onu da bilmirəm. Ancaq sözün əsl mənasında, sənəti ilə yadda qalanlar uzun müddət yaddaşlardan silinmir. 

İlə yeni başlamışdıq ki, ilk bəd xəbər Gəncə Dövlət Dram Teatrından gəldi. Bölgə teatrımızın ən peşəkar aktyorlarından hesab olunan Faiq Qasımovun ölüm xəbəri bizi məyus etdi. Heç üzərindən bir gün keçməmiş digər bölgə teatrımızdan növbəti bir kədərli xəbəri aldıq. Belə ki, Lənkəran Dövlət Dram Teatrının istedadlı aktyoru, əməkdar artist Təvəkkül Əliyevin ürək tutmasından dünyasını dəyişdiyini eşitdik. Hələ onunla yeni danışmışdım. Bu yay görüşəcəkdik. Amma qismətimizdə deyilmiş. İndi yaydır, Lənkəran Teatrına getmək və mövsüm bağlanışını  izləmək istəyirəm. Bilirəm ki, yaradıcı kollektivin arasında gözlərim Təvəkkül müəllimi axtaracaq. Axı ona söz vermişdim, gələcəyəm demişdim...

Yanvar ayında eşitdiyimiz bu xəbərlər peşəkar aktyor baxımdan qıtlıq çəkən bölgə teatrlarımıza böyük zərbə oldu. Bəlkə də, yazını oxuyan bölgə teatrlarımızın rəhbərləri deyəcəklər ki, aktyor qıtlığımız-filan yoxdur. Bu, hər bir teatrın adətidir axı, qısa bir irad bildirəndə, onlara söz gəlməsin deyə, deyirlər ki, yalandır, bizim heç bir problemimiz yoxdur. Bölgə teatrı olasan, ancaq heç bir problemin olmaya? Reallıq isə budur ki, bu gün bölgə teatrlarının peşəkar aktyor qıtlığı var. Axırıncı dəfə paytaxtda fəaliyyət göstərən və yaxud da ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən hansı tələbənin öz doğma diyarına gedib, aktyor və ya rejissor sənəti ilə məşğul olduğunu görmürsünüz? Bölgə teatrlarının aktyorları əsasən özfəaliyyət dərnəklərində, bəzi teatrların studiyalarında yetişib.
Məhz belə bir məqamda özü və sözü ilə yaddaşlarda qalan şəxslərin dünyadan köçməsi bölgə teatrlarımızın vəziyyətini daha da ağırlaşdırır. Məqsədim bölgə teatrlarını müqayisəyə qoymaq və onların bugünkü reallığını gündəmə gətirmək deyil. Məsələ burasındadır ki, 2017-ci il öz mübarək qədəmlərini ölkəmizə basandan, Azərbaycan teatrının səhnəsində bir-birindən istedadlı aktyorlarımız dünyasını dəyişir. 

Bunlar azmış kimi, iyunun 26-da xalq artisti Qəndab Quliyevanın ölüm xəbərini aldıq. O, Azərbaycan teatrının səhnəsində  Leyli, Əsli, Ərəbzəngi, Şahsənəm, Gülbahar, Xanəndə qız rollarının mahir ifaçılarından idi. Yüz minlərlə adam onun səsinin vurğunu idi. Onun ifasında "Xaric seygah”, "Şahnaz”, "Mahur-Hindi”, "Bayatı-Şiraz”, "Şur” muğamlarını demək olar ki, uşaqlıdan əzbər bilirik. Bizdən əvvəlki nəslin nümayəndələrinin ulduzu, pop-starı, hətta megastarı idi Qəndab xanım. Özü indi bizimlə olmasa da, ruhən hər zaman qəlblərimizdə və yaddaşımızda yaşayacaq. 

Ötən gün xalq artisti, Azərbaycan rəqs sənətinin görkəmli nümayəndəsi, baletmeyster Xumar Zülfüqarını da itirdik. Elə "bu necə baş verdi, nə zaman oldu” harayına getmişdik ki, əməkdar artist, Akademik Milli Dram Teatrının istedadlı aktyoru Telman Əliyev də qəfildən dünyasını dəyişdi. İndi elə bir zəmanəyə gəlib çıxmışıq ki, artıq eşitdiyimiz ölüm xəbərləri bizi təəccübləndirmir.  Hətta bu xəbərlər gündəlik vərdişimizin bir hissəsinə çevrilib desək, yanılmarıq. Hələ ili başa vurmamışıq. Allah yerdə qalanlarımıza dəyməsin. Onlar da getsələr,  teatrlarımız sütunsuz qalar. Sütunsuz teatr kimə və nəyə lazımdır?  
 
Xəyalə Rəis
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002