• şənbə, 20 Aprel, 18:55
  • Baku Bakı 24°C

AXCP və ReAL arasında “yağ-yaxmac” davası

08.04.19 18:25 905
AXCP və ReAL arasında “yağ-yaxmac” davası
Müxalifət partiyaları arasında "kimdir müqəssir” sualına cavab axtarışı davam edir. Son günlər sosial şəbəkələrdə növbəti dəfə bunun şahidi oluruq. Ayrı-ayrı partiyalara bölünən bu zümrə demək olar ki, hər ilin yaz ayları bir araya gəlmək üçün müzakirələr aparır, pafoslu çıxışlarla "güc birlikdədir” söyləyirlər, amma onların bu hay-küyü taqqıldadılan boş qazan səsindən o yana keçmir. Bu azmış kimi, dünənə qədər "6-7 aprel mitinqi” davası edənlər indi də öz içərilərində "satqın ovu”na çıxıblar. Amma maraqlı məqam ondadır ki, bütün "siyasi dava”larda rinqin bir tərəfində dəyişiklik olsa da, digər tərəfində rəqib yenə də AXCP- Milli Şura olur. Necə ki, bir neçə gün əvvəl mitinqlə bağlı AXCP və Müsavat partiyası arasında ciddi şəkildə mübahisələr, qarşılıqlı tənqidlər və hətta təhqirlər oldu. İndi isə AXCP və ReAL hərəkatı arasında "nənəm sənə yağ-yaxmac vermişdi” mübahisəsi pik həddə çatıb.
Söhbət ondan gedir ki, ReAL-ın İdarə Heyətinin üzvləri Natiq Cəfərli və Erkin Qədirli Brüsseldə səfərdə olublar. Hərəkat nümayəndələri Brüsseldə Avropa diplomatları ilə görüşdə Azərbaycanda son vaxtlar həyata keçirilən islahatlarla bağlı müsbət fikirlərini ifadə ediblər. ReAL üzvü Erkin Qədirli bununla əlaqədar özünün sosial şəbəkələrdəki səhifəsində geniş məlumat verib. Lakin buna baxmayaraq, "keçmiş diplomat” Arif Məmmədov AXCP-çilərə "intiqam almaq” fürsəti verən bir yazı ilə çıxış edib. O, özəl mənbələrinə istinadən ReAL-ın Avropadakı görüşlərdə hakimiyyəti müdafiə etdiyini bildirib. Elə əsl qalmaqal da bundan sonra başlayıb. "Azadlıq” qəzetinin uzun illərdir Fransada məskunlaşan radikal baş redaktoru Qənimət Zahid "diplomat”ın” adını açıqlamaq istəməyən mənbəyə əsasən yazdığı məlumatın dəqiqliyini "araşdırdığını” bildirib və ReAL hərəkatını, eləcə də onun üzvlərinin iqtidarla "razılaşmada” ittiham edib. O həmçinin, Natiq Cəfərlinin öz statusunda "dünənki əfv addımı pozitiv xəbər oldu, siyasi açılım işarəsi kimi qəbul edilə bilər” qeydlərinə, "Bakıda yazırsınızsa, Brüsseldə niyə deməyəsiniz?” sualı ilə cavab verib. Q.Zahid iddia edir ki, ReALçılar Brüsseldə "Azərbaycanda siyasi müxalifət düşərgəsində bəzi qüvvələrin taktikası ölkəni Suriyaya çevirə bilər” kimi fikirlər səsələndiriblər. AXCP funksioneri bu fikrinin ardınca İlqar Məmmədovun hamının gözü qarşısında Milli Şuranı inqilab etməyə cəhddə qınadığını bildirib. "Bizim yanımızda olmayan, bizdən deyil” prinsipinə əsaslanan Q.Zahid ReAL-ın bu proseslərdə özünəməxsus xətt tutduğunu qeyd edərək, onların mitinqlər və kütləvi aksiyalar yoluna yox, təşkilatlanmaqla seçkilərə qatılmaq xəttini əsas götürdüyünü vurğulayıb: "Bu fikirləri siz hər gün səsləndirmirsiniz? Sizi başa düşürəm, Azərbaycandan Brüsselə müxalifət adı ilə səfər etmiş şəxslərin bu tezisləri səsləndirməsinin ictimaiyyətə açıqlanması sizə diskomfort yaradır, güzgüdəki rəsmdən bir az sıxılırsınız. Ancaq nə etmək olar, siz xeyli müddətdir ki, bu yanlış yoldasınız”.

Təbii ki, Q.Zahid bu fikirləri ilə AXCP üzvlərinə "pas” ötürmüş olub və ReAL sosial şəbəkələrdə, AXCP-yə bağlı səhifələrdə "top atəşinə” tutulub. Q.Zahidin "araşdırmasına” AXCP-çilər "İlqar həbsdə olarkən AXCP seçkilərə hazırlaşsaydı, indi başlarından böyük qələt edib hakimiyyətin göstərişi ilə Əli bəyə dil uzatmazdılar”, "demək olar ki, ReAL öz yolunu seçib və o yoldan dönməyəcək”, "cənab İlqar Məmmədov kor atı minib köndələn çapıb, Don Kixotluq edir”, "ReALçılar heç vaxt real mübarizə aparmayıblar”, "İlqar müəllim türmədən çıxanda xalq ona çox güvənmişdi. İndidə çıxıb müxalifətə qarşı müxalifətçilik edir. Yaxşı ki, əsl üzünü belə tez göstərdi” kimi şərhlər yazaraq, dünənə qədər birləşmək istədikləri ReAL-ı "linç” ediblər.
AXCP-nin mətbuat xidmətinin mühacirətdəki rəhbəri Natiq Ədilov da gecikmədən ReAL sədri İlqar Məmmədov haqqında "ürək sözlərini” yazıb. O, fikirlərini indi qələmə almasını "hörmət əlaməti” olaraq, ReAL sədrinin bir müddət əvvələ qədər həbsxanada olması ilə əlaqələndirib: "Hökumət 2013-cü ildə İlqar Məmmədovdan qorxdu, ona görə onu həbs etdi söhbəti gülünc idi. Bizlər də bunu eşidəndə gülümsəyib, keçirdik və həbsdə olan adamın işinə ziyan vuracaq açıqlamalardan çəkinirdik. İndi İlqar bəy özü məcbur edir. Beləliklə, İlqar bəyin 20 ildən artıq siyasi yolu kifayət qədər ziqzaqlı olub. Burada Etibar Məmmədova müavinlik və həbs dövrünü çıxsaq İlqar Məmmədov indi özü də xatırlatdığı kimi hər zaman müxalifətə müxalifət vəzifəsində işləyib. İndi də işinin başındadır”.
Bütün bunlara ReAL hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirlinin cavabı gecikməyib. O, Q.Zahidə və digər AXCP üzvlərinə "həsr etdiyi” statusunda qeyd edir ki, cəbhəçilər ReAl-ı dediklərinin nə anlama gəldiyini düşünmədən satqınlıqda ittiham edirlər: "Belə şeylərə o qədər alışıblar ki, bu söhbətin ReAl-a ən azı texniki baxımdan aid oluna bilməyəcəyini anlamırlar. Bir neçə yerə (AXCP, KXCP, BXCP və s.) bölündüklərini, aralarından YAP-a keçmiş olanları və s. nəzərə alsaq, cəbhəçilərin "satqınlıq" mövzusuna bu qədər həssas yanaşmalarını anlamaq olar. Hərçənd, o biri yandan, cəbhəçilərin başqaları ilə yaxşı münasibətdə olduğunu da demək olmur. Hamı ilə münasibətlərini pozurlar, ünsiyyət qura bilmirlər. Bir partiya adı çəkə bilərsinizmi AXCP ilə yaxşı münasibətdə olduğunu açıq və əminliklə söyləyə bilsin? Hamını damğalayırlar”.

E.Qədirli əlavə edib ki, Müsavat, AMİP və başqaları vaxtı ilə AXCP ilə bir yerdə olublar, bir hərəkatdan çıxıblar, dəfələrlə ittifaq qurmağa çalışıblar, sonra sözləri düz gəlməyib, aralanıblar: "Bəs ReAl bunları necə sata bilər? ReAl-ın AXCP qarşısında heç bir öhdəliyi yoxdur, olmayıb da”.
Bütün bunlar bir daha onu göstərir ki, radikal müxalifət düşərgəsində siyasi proseslərə heç vaxt normal yanaşma, şəxslərin fikirlərinə hörmət olmayıb. Bir-birini satqınlıqda, xəyanətdə günahlandıran və hətta şəxsi ambisiyaları naminə təhqirlər səsləndirən bu cür qüvvənin arxasınca hansı elektorat gedəcək? Təbii ki, bu səviyyədə olan siyasi qüvvələrin iqtidara gələcəyi ilə bağlı iddialar sadəcə, gülüş doğurur.

AZAD

banner

Oxşar Xəbərlər