• çərşənbə axşamı, 16 aprel, 13:55
  • Baku Bakı 19°C

«AXCP və Müsavatın Milli Şurada təmsil olunması milli xəyanətdir»

18.09.13 09:47 2847
«AXCP və Müsavatın Milli Şurada təmsil olunması milli xəyanətdir»
Bir neçə ay bundan öncə mərhum prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev “Vahid Mİllət” Dövlətçiliyə Dəstək İctimai Birliyinin təsis olunması barədə mətbuat konfransı keçirərək, gələcək fəaliyyətində qarşısına qoyduğu məqsədlər barədə ictimaiyyətə açıqlama vermişdi. Sentyabrın 15-də isə onun rəhbərliyi ilə Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının (AMACP) yaranması barədə məlumat əldə etdik. Qərara gəldik ki, partiya sədri ilə görüşüb yeni siyasi təşkilatın hədəfləri, ölkədəki mövcud ictimai-siyasi vəziyyət, müxalifət və iqtidarın seçki hazırlığı, həmçinin digər məsələlərlə bağlı onun fikirlərini öyrənək. Beləliklə, “Kaspi”nin suallarını AMACP sədri Hürrü Əliyev cavablandırır.
-Hürrü bəy, yeni siyasi təşkilat olaraq qarşınızda dayanan vəzifə, hədəfləriniz nədən ibarətdir?
-Mən 2005-ci ildən siyasi proseslərdə fəal iştirak edirəm. Hələ o zaman Cümhuriyyət Xalq Partiyası yaradılmışdı. Bir müddət də uğurlu fəaliyyət göstərmişdi. Lakin bəzi səbəblərdən, xüsusən də siyasi proseslərə baxış nöqteyi-nəzərindən müəyyən inciklik yarandı. Biz siyasi səhnəyə daxil olanda mövcud hakimiyyət, iqtidar partiyaları bir kənarda qaldı, amma müxalifət üzərimizə yeridi. Konkret olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyası. Halbuki, bu partiyanı vaxtilə Əbülfəz Elçibəyin özü yaratmışdı. Bununla yanaşı, digər müxalifət partiyalarının əksəriyyəti də AXCP-dən kənarlaşan insanlar tərəfindən yaradılmışdı. Bütün bu partiyalar tərəfindən bizə təzyiqlər, şər-böhtan xarakterli ittihamlar oldu. Hiss etdik ki, bir növ müxalifətdə siyasi inhisarçılıq var. Əbülfəz bəyin ailəsindən kimlərinsə siyasi səhnəyə çıxmasına onlar qısqanclıqla yanaşdılar. Açıq-aydın hiss olundu ki, bu, kimlərəsə xeyir eləmir. Buna qədər, Əbülfəz bəyin dünyasını dəyişməsindən sonra biz bir qədər gözləmə mövqeyinə çəkilmişdik. Hadisələrə seyrçi mövqedən baxaraq, Əbülfəz Elçibəy yolunun, onun ideyalarının təbliğinin özünü onun davamçıları sayan şəxslər tərəfindən hansı formada həyata keçirildiyini müşahidə edirdik. Ancaq 2010-cu ildə mən parlament seçkilərində iştirak etmək üçün Suraxanı rayonundan namizədliyimi verdim. Sonradan ancaq müşahidəçi olmağı düzgün saymayaraq, yenidən siyasi səhnədə davamlı olaraq aktiv iştirak etmək qərarına gəldim. Vaxtilə Cümhuriyyət Xalq Partiyasında fəaliyyət göstərən əqidə yoldaşlarımızla bir araya gəlib siyasi prosesləri yaxından izlədik. Cəmiyyətdə siyasi səhnədə bir boşluğun yarandığının fərqinə vardıq. Bütün bunlara görə, əvvəlcə ictimai birlik, ardınsa siyasi partiya qismində meydana çıxdıq. Bilirsiniz, dövlət Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi, ölkənin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində öz diplomatiyasını yürüdür. Lakin ortada konstruktiv, ümummilli məsələlərdə milli mənafedən çıxış edən təşkilat yoxdur. Belə vəziyyət dövlətin özünə də ziyandır. Biz sadalanan prinsipləri öz fəaliyyətində əsas tutan siyasi təşkilat kimi var olmaq istəyirik. Biz görürük ki, hazırda özünü aparıcı müxalifət partiyası hesab edənlərin fəaliyyəti nə xalqa xidmət edir, nə də dövlətçiliyə və ümummilli məsələlərə. Biz fəaliyyətimizin böyük hissəsini gənclər üzərində qurmaq istəyirik.
-Uzun illərdən sonra müxalifət liderlərinin Milli Şura adı altında bir yerə toplaşmasına, qarşıdan gələn prezident seçkilərinə vahid namizədlə getməsinə necə baxırsınız?
-Sonuncu parlament seçkiləri öncəsi də indiki müxalifət Rəsulzadə-Elçibəy birliyi yaratmışdı. Mən mətbuata açıqlama verərək, bu birliyin özünü doğrultmayacağını, heç bir nəticə verməyəcəyini bəyan etdim. Çünki arxasında ideoloji sistem dayanmayan, xalqın, dövlətin maraqlarını özündə ifadə etməyən belə qurumlar gec-tez sıradan çıxmağa məhkumdur. Onlar bütün işlərini ancaq seçkiyə hesablayırlar. Seçkidən-seçkiyə oturub düşünür, hər hansı birlik, qurum, şura yaradıb mübarizəyə qoşulurlar. İctimaiyyət də bunları görür, siyasi liderlərin qeyri-səmimiliyini müşahidə edir, bu səbəbdən də onları dəstəkləmirlər. İctimai Palata yarananda da onun perspektivsiz bir qurum olduğunu bildirmişdim. Nəticə göz önündədir. Demək olar ki, belə bir qurumun vaxtilə mövcud olması, varlığı haqqında indi heç kimdə məlumat yoxdur. Eləcə də Milli Şura. Altı aydır ki, bu qurum barədə söz-söhbət gəzir. Amma təşkilat olaraq cəmi 3 aydır ki, üzə çıxıblar. Bir soruşan yoxdur ki, ay AXCP-Müsavat, siz hansı əsaslarla, hansı siyasi səriştə ilə Milli Şuranın yaradılması prosesində iştirak etdiniz, onun qanadı altına sığındınız? Hansı siyasi xidmətlərinə görə Rüstəm İbrahimbəyovu Milli Şuraya sədr qoyub ona partiya rəhbərlərinə başçılıq etmək səlahiyyəti verdiniz? Hesab edirəm ki, Rusiyada azərbaycanlılardan ibarət “Milyarderlər İttifaqının” yaradılmasını, bu təşkilatın Azərbaycan üzrə koordinatorluğunun Rüstəm İbrahimbəyova tapşırılmasını, onun Ziyalılar Forumunun üzvü olmasını bəzi partiya liderləri Kremlin ölkəmizə təzyiq etmək, burada dəyişikliklər həyata keçirmək istəməsi kimi başa düşdülər. Ona görə də bu layihəyə qoşuldular. Belə çıxır ki, bundan sonra da hər hansı xarici qüvvə Azərbaycanda hökumətə qarşı istənilən bir təşkilat yaratsa, dövlətə təzyiq etsə, dərhal müxalifət partiyaları orada təmsil olunacaqlar. Bax, indiki bəzi müxalifət partiyaları bu anlayışla hərəkət edirlər. Ona görə də Milli Şura və buna bənzər təşkilatların hər hansı uğurundan söhbət gedə bilməz. Əgər bu qurum 3-4 il bundan qabaq yaransa, qarşısına əsas məqsəd kimi Azərbaycanın ərazi bütövlüyü prinsipini, milli maraqları və sairi qoysaydı, o zaman Milli Şuranın nəyəsə nail ola biləcəyi barədə fikir yürütmək olardı. Amma bugünkü Milli Şura hakimiyyətə gəlməyə, yalnız şəxsi maraqları təmin etməyə hesablanan layihədir. Burada bu quruma qədər mövcud olan birliklərdə fəaliyyət göstərən, bir-birinə qarşı zidd olan insanlar toplaşıb. Hərənin öz hakimiyyət ambisiyası, şəxsi marağı var. Belə olan halda hansı nəticədən danışmaq olar?
-Rüstəm İbrahimbəyov iddia edir ki, 20 ilə yaxındır bir-birini didən müxalifət partiyalarını mən birləşdirməyə nail oldum. Sizcə, bu iddia nə dərəcədə düzgündür? Doğrudanmı Milli Şura müxalifətin birliyidir?
-Biz ilk gündən, yəni hələ yanvar ayından Milli Şura adlı birliyin yaranması, müxalifət partiyalarının burada təmsil olunması barədə müzakirələr gedərkən öz mövqeyimizi bildirmişdik. Qeyd etmişdik ki, AXCP və Müsavat partiyalarının Milli Şurada təmsil olunması Azərbaycana, onun xalqına qarşı milli xəyanətdir. Onlar xarici qüvvənin təsiri altında yaranacaq hər hansı təşkilatda bir araya gələ bilərlər. Hətta sifarişli birlikdə təmsil olunmağa razıdırlar, yetər ki, mövcud iqtidara, dövlətə, dövlətçiliyə ziyan dəysin, hakimiyyət dəyişsin. Bu isə mövqe deyil. Sən iqtidarın siyasətindən narazı ola, onu tənqid edə bilərsən, ancaq dövlətə, dövlətçiliyə, ümummilli maraqlara qarşı olmaq heç kimə fayda gətirməz. Təsəvvür edin, dünənə kimi AXCP və Müsavat özlərini ən güclü müxalifət partiyası hesab edir, xalqın onları dəstəklədiklərini bildirirdilər. Əgər belədirsə, Mİlli Şura nəyə lazım idi? Siyasi təcrübəsi olmayan, kinorejissor Rüstəm İbrahimbəyovu özlərinə sədr seçməyə nə ehtiyac var idi? Hər kəs aydın şəkildə görür ki, seçki günü yaxınlaşdıqca Milli Şura parçalanır. AXC-Müsavat partiyaları və Eldar Namazov arasında narazılıq açıq müstəviyə keçib, Lalə Şövkət bəyanat verərək bu qurumdan gedib, Rəsul Quliyev hər dəfə mətbuata açıqlama verəndə Milli Şuranı və onun vahid namizədini tənqid edir. Belə olan halda hansı birlikdən söhbət gedə bilər? Bunu birlik adlandırmaq olmaz. Hələ seçkidən sonra nəinki Milli Şuranın, eləcə də müxalifətin iflası realdır. Bunu yaxın zamanlarda hər kəs görəcək.
-Milli Şuranın vahid namizədi Cəmil Həsənli müxalifəti acınacaqlı durumdan xilas edə bilərmi?
-Əgər 7 partiya Milli Şuranı heç 6 ay yaşada bilmirsə, o zaman tək Cəmil Həsənli bütövlükdə müxalifəti düşdüyü çətin vəziyyətdən xilas edə bilməz. İndi təsəvvür edin görək, həmin adamlar hakimiyyətə gələrlərsə, dövləti, hakimiyyəti necə yaşadacaqlar?
-Müxalifətin vahid namizədinin xarici ölkələrə səfərinə münasibətiniz necədir?
-Əsl gerçəklikdə, indiki məqamda bu kimi səfərlərə heç bir ehtiyac yoxdur. Qonşu Türkiyədə də parlament, bələdiyyə və prezident seçkiləri keçirilir. Baxın görün, həmin ərəfədə oradakı partiya sədrləri xarici ölkələrdə görüşlər keçirirmi, kimdənsə dəstək umurmu? Türkiyədə partiya sədrləri seçkilərdə dəstəyi xalqdan, öz vətəndaşlarından umurlar. Amma acınacaqlı da olsa reallıq budur ki, bizdə müxalifət liderlərinin xalqdan dəstək alacağı mümkün deyil. Onlar cəmiyyətdə olan-qalan nüfuzlarını itiriblər. Ona görə də Rusiyaya, Amerikaya, İngiltərəyə səfərlər təşkil etməklə, nüfuz qazanmaq, kimlərinsə dəstəyini əldə etmək istəyirlər. Təbii ki, bu da düzgün çıxış yolu deyil.
-“EL” Hərəkatının üzvü Əflan İbrahimov mətbuata açıqlamasından belə məlum oldu ki, Milli Şuranın bir sıra üzvləri ölkədə ictimai-siyasi sabitliyin pozulmasında, iğtişaşların törədilməsində maraqlıdırlar. Müxalifətin siyasi hakimiyyətə gəlmək üçün bu cür mübarizə metodu seçməsini necə qarşılayırsınız?
-İndi elə bir dövr deyil ki, iğtişaşlarla, terrorla siyasi hakimiyyətə yiyələnəsən. Digər tərəfdən müxalifət partiya liderlərinin o potensialı da yoxdur. Hakimiyyətə gəlmək üçün ilk növbədə böyük bazan, bacarığın, komandan, birliyin olmalıdır. Cəmiyyət və xalq da bunları görüb səni dəstəkləməli, arxanca gəlməlidir. Müxalifət liderlərində bu da yoxdur. Sadəcə, ənənəvi münasibət seçkidən-seçkiyə aktivlik nümayiş etdirir, seçki prosesi başa çatanda isə məqsədli şəkildə pozuculuq, zorakılıq, iğtişaş yaradaraq, kimlərəsə özünü göstərirlər. Yəni, məğlubiyyətlərini ört-basdır etmək üçün sifarişçilərə şou göstərirlər. Hesabat verirlər ki, baxın, biz qalib gəldik, xalq da bizi dəstəklədi, amma iqtidar öz imkanlarından istifadə edib bunun qarşısını aldı. Bütün bunlar xarici qüvvələrin sifarişi ilə həyata keçirilən layihələr, həmin müxalifət liderləri isə bu oyunların oyunçusudurlar. Son nəticədə hər zaman əzilən, döyülən, həbs edilən o liderlərə inanaraq onların dalınca gedən sadə partiya üzvləri, əsasən də gənclərdir. Bir zaman gələcək həmin gənclərin özü də dərk edəcək ki, təmsil etdikləri partiyaların liderləri onlar üzərində hansı oyunlar qurublar.
-Mərkəzi Seçki Komissiyası tərəfindən 10 nəfərin namizədliyi qeydə alınıb. Sizcə, onlar arasında hazırkı Prezident İlham Əliyevə alternativ varmı?
-Hər zaman məsələlərə reallıqdan yanaşmaq lazımdır. Bu gün iqtidar böyük bir komanda, gücdür. Hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev böyük nüfuz sahibi, güclü dövlət başçısıdır. O, xalqın mütləq əksəriyyətinin etimadını, iradəsini, inamını qazanıb. Prezident İlham Əliyev alternativsiz liderdir. Bu səbəbdən onun da iştirak edəcəyi növbəti prezident seçkilərində Milli Şura da daxil olmaqla, ümumilikdə müxalifət heç 5 faiz səs toplaya bilməyəcək.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər