• şənbə, 20 Aprel, 08:14
  • Baku Bakı 14°C

AXCP və Müsavat təkcə özlərini deyil, daşıdıqları əqidə və ideyaları da gözdən salır

15.01.14 09:51 1760
AXCP və Müsavat təkcə özlərini deyil, daşıdıqları əqidə və ideyaları da gözdən salır
AXCP-Müsavat qarşıdurması artıq kəskin xarakter alıb. Cəbhəçilər Müsavat Partiyasının 2003-cü ildən sonra bir neçə dəfə ağır böhranla üzləşdiyini, çətin durumdan çıxması üçün ona AXCP-nin əl uzatdığını, lakin qarşı tərəfin hər zaman 5-6 mandat müqabilində satqınlıq etdiyini bildiriblər. Hətta 1998-ci ildə məhz İsa Qəmbərin eks-prezident Əbülfəz Elçibəyin namizədliyinə güzəştə getməməsi səbəbindən müxalifətin ən güclü vaxtında seçkini boykot etmək məcburiyyətində qaldığını bəyan ediblər. Müsavatçılar isə öz ünvanlarına səsləndirilən ittihamları əsassız adlandıraraq, AXCP sədrini satılmaqda günahkar biliblər. Onların arqumentinə görə, Əli Kərimli 2003-cü ildə hakimiyyətin sifarişi ilə Etibar Məmmədovu dəstəkləyib, 2005-ci ildən 2010-cu ilə qədər isə Müsavata böhtan atıb, onu iqtidar partiyası adlandırıb. Amma sonradan Müsavatın resurslarından istifadə etmək üçün əməkdaşlıq təklif edib, istədiyinə çatar-çatmaz, yenidən müttəfiqinə badalaq atıb.
Müxalifət düşərgəsindəki son proseslər, partiyalararası münasibət, liderlərin qarşılıqlı ittihamları və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını politoloq Qabil Hüseynli cavablandırır.
- Qabil bəy, son günlər mətbuatın gündəmini təşkil edən mövzulardan biri də Müsavat və AXC partiyaları arasında yaşanan gərginlik, müxalifət funksionerlərinin qarşılıqlı ittihamlarıdır. Siyasətçi kimi bu prosesləri necə qiymətləndirirsiniz?

- Bu, çox ciddi surətdə müxalifətin indiyə qədər uğur qazanmamasının səbəblərini göstərən amillərdən biridir. Bundan əvvəl “Azadlıq Bloku” yaranarkən də belə oldu. Əvvəl birləşdilər, sonra uydurma bəhanələrlə yenə də Müsavat “Azadlıq Bloku”nun dağılması prosesində iştirak etdi. Lap əvvəllər də Demokratiya Uğrunda Hərəkat, SİDSUH kimi müxtəlif birliklər olub. Hər dəfə də siyasi liderlərin barışmaz münasibətləri, ölçüsüz ambisiyaları, güzəştə getmək mədəniyyətlərinin olmaması nəticə etibarilə təşkilatların bir-biri ilə çətinliklə əldə edilmiş siyasi inteqrasiyasını dağıdıb. Arada itirən isə Azərbaycan xalqı, eləcə də müxalifət partiyalarının sıravi üzvləri olur. Demokratik proseslərin inkişafı ilə bağlı problemlər meydana gəlir. Mən sıravi üzvləri qınayıram ki, onlar dəfələrlə bu cür hərəkət edən liderləri haqqında ölçü götürmürlər. Partiya üzvlərinin səlahiyyəti var ki, baş verən hadisələr haqqında öz liderlərindən ətraflı izahat alsınlar. Bu izahatlar üzvləri təmin etmədikdə, fövqəladə qurultay çağırıb onları idarə edənləri təşkilati formada cəzalandıra bilərlər. Lakin təəssüf ki, bütün bunlar baş vermir. Aşağı partiya təşkilatlarına daxil olan sıravilər liderlərin ağzından çıxanları az qala müqəddəs kəlam kimi qəbul edir, onların arxasınca gedirlər. İndiyə qədər 20 ildən artıq müddətdə baş verən məğlubiyyətə görə də heç kim cavabdehlik daşımaq istəmir. Ümumiyyətlə, ötən müddətdə müxalifət çox şey itirib. Ən əsası, müxalifət xalqdan uzaq düşüb və xalq onlara inanmır. Müxalifətin elektoral bazası çox ciddi surətdə daralıb. Müxalifətin ictimai-siyasi proseslərə təsir etmə imkanları çox zəifdir. Məsələn, kütləvi tədbirlər keçirə, ölkə ictimai rəyinə təsir edə biləcək hərəkətlər edə bilmirlər. Adi bəyanatlarla bu və ya digər dərəcədə ölkədəki hadisələrə münasibət bildirməklə kifayətlənirlər. Bütün bunların səbəbi siyasi liderlərin bu cür ambisioz hərəkətlərində, xalqa vəd verib onu yerinə yetirməməkdə, xalq qarşısında məsuliyyət daşıyıb-daşımamalarını dərk edə bilməmələrindədir.
- Müsavat rəhbərliyi partiyasının Milli Şuradan çıxmasını bu qurumun artıq missiyasını başa vurması ilə əlaqələndirir, qarşı tərəf, xüsusən də AXCP funksionerləri qurumun əsas missiyasının hələ qabaqda olduğunu qeyd edir, yeni təşkilatları əməkdaşlığa cəlb etməyi planlaşdırırlar. Bu hadisələr fonunda Milli Şuranın yenidən dirçəlməsi nə dərəcədə realdır?

- Əvvəla, onu qeyd edim ki, gətirilən bəhanələrin heç biri reallığı əks etdirmir. Yəni Milli Şuranın bir seçki dövrü, yaxud demokratiyaya keçid üçün yaranması və sair barədə söylənilənlər əsaslı deyil. İstənilən halda müxalifətin siyasi inteqrasiyası daha çox onların özlərinə lazımdır. Çünki ayrı-ayrılıqda onlar çox zəif qüvvədirlər, heç bir şeyə təsir edə bilmirlər. Birləşdikdə bəlkə də ictimai rəyə hansısa formada təsir imkanları yarana bilər, ölkədə müxalifətin olduğunu hiss etdirərlər və sair. Milli Şuranın yenidən dirçəlməsini isə güman etmirəm. Çünki Milli Şuranı dirçəltmək üçün oraya yeni-yeni siyasi partiyaları qəbul etmək, xalqın inamını bərpa eləmək lazımdır. Bunların heç biri mümkün deyil. Misal üçün, ALP ilə yenidən danışıqlara başlasalar da, ortada heç bir nəticə yoxdur. Lap elə ALP ora gəlsə, nə dəyişəcək ki? Zəif və eloktoral bazası olmayan bu cür kiçik partiya ilə ciddi irəliləyiş əldə etmək mümkün deyil. Hazırda Milli Şuranın ayaq üstə durması üçün ən mühüm məsələ xalq ilə körpülərin qurulması, vətəndaşların etimadının qazanılmasıdır ki, bu da çox ciddi şəkildə sarsılıb. Bu mənada Milli Şura ideyası artıq iflasa uğrayıb. Bu iflası gerçəkləşdirənlər, Milli Şuranı iflasa uğradanlar müxalifət partiya liderləridir, ayrı-ayrı şəxslərdir. Bundan sonra edilən cəhdlər heç bir səmərə verməyəcək, qurumu ayaq üstdə saxlamaq mümkün olmayacaq. Çünki bələdiyyə seçkiləri yaxınlaşdıqca, hər bir partiya yorğanı öz üzərinə çəkmək, yaxud da müstəqil fəaliyyət göstərmək istəyəcək. İndidən bunun siqnallarını verən ayrı-ayrı siyasi təşkilatlar da var. Bu səbəbdən müxalifət partiyalarının həm bələdiyyə, həm də parlament seçkilərinə bir yerdə deyil, müstəqil şəkildə gedəcəyini indidən proqnozlaşdırmaq olar.
- Partiyalararası qarşıdurma, gərginlik AXCP sədri Əli Kərimli, eləcə də “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu səviyyəsində daha çox davam etməkdədir. Bu münasibətlərin tarixi kökləri barədə də fikirlərinizi bilmək istərdik.

- Onların hər ikisi vaxtilə milli azadlıq hərəkatında iştirak etmiş, ideya baxımından yaxın olmuş adamlardır. Lakin bu gün bir-birilərinə qarşı elə ittihamlar irəli sürürlər ki, adam görüb-eşitdiklərindən utanır. Yəni onların qarşılıqlı ittihamlarla müşayiət olunan açıqlamaları müxalifətə vurulan ən böyük zərbələrdir. Çünki xalqın aparıcı dəstəsi sayılan ziyalılar, ictimai-siyasi xadimlər prosesləri izləyir, baş verənlərdən təəssüfünü gizlətmirlər. Müxalifət təmsilçiləri düz oldu-olmadı öz rəylərini yeganə həqiqət kimi cəmiyyətə təqdim etməyə, qarşısındakını nüfuzdan salmağa çalışırlar. Belə olan halda, nüfuzdan düşən təkcə müxalifətçilər deyil, eyni zamanda onların daşıdıqları ideyalar, qulluq etdikləri əqidə olur. Bu nöqteyi-nəzərdən müxalifət funksionerlərinin qarşılıqlı ittihamları bir vətəndaş kimi məni də məyus edir, onlara olan inamı daha da azaldır.
- Müxalif partiya liderləri Milli Şuradan öncə də müxtəlif təşkilatlarda bir araya gəliblər. Lakin hər dəfə bu birliklər parçalananda, liderlərin bir-birilərinə qarşı eyni xarakterli ittihamlarını müşahidə etmişik. İndiki vəziyyəti və keçmiş təcrübəni nəzərə alsaq, gələcəkdə müxalifət liderlərinin hər hansı birlikdə yenidən toplaşması mümkündürmü?

- Bu adamlar barmaqla sayılacaq qədərdirlər. 5-6 nəfər adam var ki, müxalifət düşərgəsini istədikləri istiqamətə fırlatmağı bacarırlar. Mənə elə gəlir ki, artıq onlara bəslənilən etimad “krediti” bitmək üzrədir. Rauf Arifoğlu qəzetçidir və o, bu proseslərdən sonra da işini davam etdirə biləcək, nüfuzunu qoruyub saxlamağa çalışacaq. Lakin siyasi partiya liderlərinin bundan sonra bəlli bir reytinqi qoruyub saxlamalarına, gələcək seçkilərdə yenidən birləşməyə, inteqrasiyaya can atmalarına vaxt qalmayacaq. İndidən müxalifət partiyalarının içərisində gərginlik yaşanmaqdadır. Sıravi partiya üzvləri baş verənləri həzm etdikcə, öz liderlərinə müəyyən qəzəb də ifadə etməkdədirlər. Hətta bəziləri nümayişkaranə şəkildə təmsil olunduğu partiyadan istefa verib digər siyasi təşkilata üzv olurlar. Partiyaların bəzisində dağılma prosesi də getməkdədir. Onsuz da zəif idilər, sıralarına yeni üzvlər cəlb edə bilmirdilər və sair. Məncə, partiyalar yeniləşmədən, partiya liderləri öz postlarına yeni baxışlı, siyasi dünyagörüşlü şəxslər yetişdirmədən prosesləri irəliyə doğru aparmaqda ciddi çətinliklərlə üzləşəcəklər. Güman edirəm ki, həmin partiyaların içərisində də bu hadisələri dərk edən, proseslərin hansı istiqamətə inkişaf etməsinin zəruriliyini başa düşən adamlar az deyil. Gec-tez onlar hansısa formada öz etirazlarını bildirəcəklər. Bir neçə dəfə müxalifət liderləri birləşib, sonra dalaşıb ayrılıblar, ardınca yenidən bir araya gəliblər. Lakin gələcəkdə təkrar bu mənzərənin, yəni birləşmənin olması ehtimalı çox zəifdir. Belə olsa, bu adamlar siyasi səhnədə qala bilməyəcəklər. Çünki uzun illər onlar hər hansı ciddi nailiyyətə imza ata bilməyiblər, partiyalarını müəyyən hədəfə doğru inkişaf etdirməyiblər. Əksinə, kiçilə-kiçilə bu günümüzə gəlib çatıblar. Hətta kiçik formada belə, daha ciddi dava-dalaş edir, bir-birinə qarşı ciddi ittihamlar irəli sürürlər.
- Qarşılıqlı ittihamlar zamanı hər iki tərəf mərhum Əbülfəz Elçibəyin onlara daha yaxın olduğunu cəmiyyətə inandırmaq istəyir, eks-prezidentin fikirlərindən sitat gətirməklə qarşı tərəfin satqın olduğunu sübut etməyə çalışırlar. Müxalifət liderlərinin bu hərəkətlərinə münasibətiniz necədir?

- Bu davranış tərzi etik çərçivəyə sığmır. Fəlsəfədə belə bir kəlam var: Həqiqətin meyarı praktikadır. Təkcə Əbülfəz Elçibəydən sitat gətirməklə özünü haqlı çıxara bilməzsən. Dağ başında heyvandarlıqla məşğul olan fermerin, çobanın, əkinçiliklə məşğul olan əkinçinin, pambıqçının, məktəbdə dərs deyən müəllimin də fikrini öyrənmək lazımdır. Yəni cəmiyyətin bütün təbəqələrinin fikrini öyrənib ictimai rəyə çevirəndən sonra kimin düzgün, kimin yanlış olduğu qənaətinə gəlmək mümkündür. Vəfat etmiş bir şəxsin vaxtilə dar çərçivədə, cəmi bir neçə nəfərin yanında dediyi sözlərlə həqiqəti aşkar etmək mümkün deyil.
- Milli Şuranın fiaskosundan sonra Cəmil Həsənlinin taleyi həll olunubmu?

- Cəmil Həsənli onsuz da əvvəlki taleyini yaşayır. Alim və tədqiqatçı kimi bundan sonra da bu taleyi yaşayacaq. Ola bilsin siyasətdə qalıb bir müddət də Milli Şuranı qoruyub saxlamağa çalışacaq. Lakin o, bilməlidir ki, Milli Şura sədrliyi onluq deyil. Cəmil Həsənli gec-tez hadisələrdən bezib proseslərdən müəyyən məsafəyə çəkiləcək, ənənəvi peşəsinə qayıdacaq.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər