• cümə axşamı, 28 mart, 20:01
  • Baku Bakı 13°C

AXCP sədrinin “islah olunmuş mühacirlər” narahatlığı

21.05.19 18:59 523
AXCP sədrinin “islah olunmuş mühacirlər” narahatlığı
Avropa mühacir həyatı yaşayan azərbaycanlılar bir çox hallarda bilərəkdən və ya bilməyərəkdən xaricdəki mərkəzlərin təsir dairəsinə düşür. Nəticədə də Azərbaycanın milli maraqlarına qarşı çıxış etməyə başlayırlar. Lakin zaman keçdikcə onların bəziləri bu addımlarının yanlış olduğunu dərk edirlər. Necə ki, bur müddət əvvəl Emin Milli sosial şəbəkə vasitəsilə atdığı addımlara görə üzr istədi. Bundan başqa jurnalist Elnur Məcidli də nisbətən eyni mövqedən çıxış etdi. Bu da onu göstərir ki, artıq Avropaya sığınan ayrı-ayrı mühacirlər bir sıra oyunlardan xəbərdardırlar. Maraqlıdır ki, mühacirlərin bu addımını alqışlayanlarla yanaşı, onlara istehza edən, ironiya ilə yanaşan, hətta təhqir edənlər də var.
Onların bu addımı xüsusilə də Azərbaycanın daxilindəki radikal müxalifət tərəfindən birmənalı qarşılanmadı. Səhvini anlayan mühacirlərə ironiya və istehza ilə yanaşanlardan biri də AXCP sədri Əli Kərimlidir. O, səhvini etiraf etmiş mühacirlər haqqında "islah olunmuş mühacirlər” ifadəsini də işlədir. Hələ bu azmış kimi AXCP-nin sosial şəbəkədəki trol dəstələri həmin mühacirlərə qarşı "səlib yürüşü”nə çıxıb. Bəs görəsən mövqeyi yumşalan mühacirləri hədəfə alan Ə.Kərimli nədən narahatdır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirdi ki, bütövlükdə AXCP sədri Əli Kərimlinin fəaliyyəti anti-milli xarakter daşıyır və Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət etmir: "O, siyasi baxımdan kifayət qədər zəifləyib, demək olar ki, ətrafında kimsə qalmayıb. 5-10 nəfərə pul verib kompüterin arxasında oturdaraq sosial şəbəkələrdə fəallığını nümayiş etdirməyə çalışır. Eyni zamanda müxtəlif insanlara böhtan, şər yağdırmaqla, təhqir etməklə məşğul olur. İndi də Emin Milli kimi soydaşlarımızın etdikləri seçimə hörmətlə yanaşmaq əvəzinə, onlara qarşı təzyiq və deyərdim ki, etdiyi ironiya ilə təhdidə də əl atır. Bu, siyasətçiyə yaraşan hərəkət deyil və onun zəifliyini göstərən və psixikasında problemlərin olduğunu ifadə edən elementdir. Düşünürəm ki, həqiqətən Azərbaycan dövlətinin və xalqının inkişafında maraqlı olan hər bir vətəndaşımız harada yaşamasından asılı olmayaraq bu gün ölkəmizlə bərabərdir. Bu yaxınlarda ölkə prezidentinin Brüsselə səfəri zamanı biz bunun bir daha şahidi olduq. Onlarla soydaşımız Brüsseldə dövlət başçısını salamladı, fəaliyyətində uğurlar dilədi və apardığı siyasəti birmənalı şəkildə dəstəklədiklərini ifadə etdilər. Bu göstərir ki, artıq xaricdə yaşayan soydaşlarımızın mütləq əksəriyyəti bu gün dövlətimizlə, prezidentimizlə bir yerdədir. Əlbəttə ki, bu da Əli Kərimli kimi bütün siyasi imkanlarını itirən, tükənmiş şəxsi əsəbiləşdirir. Ona görə də o, sosial şəbəkədəki mövqeyi ilə xaricdə yaşayan soydaşlarımıza təzyiq edir. Hesab edirəm ki, bu mövqe artıq Əli Kərimlinin ciddi psixoloji probleminin olduğunu göstərir”.
F.Ağamalı qeyd etdi ki, satqın, danışığını bilməyən, təhqirlərə xüsusi yer verən xəyanətkar qüvvələr də var ki, mənasız sözlərlə, fikirlərlə gündəmdə qalmağa çalışırlar: "Onlar son addımları ilə özlərini gülünc vəziyyətdə qoydular və Azərbaycan xalqının da birmənalı şəkildə nifrətini qazandılar. Belələrinin içərisində Əli Kərimli və onu tərəfdarları da var. Bu gün Azərbaycan xalqının mütləq əksəriyyəti dövlətimizlə, prezidentimizlə bərabərdir. Ayrı-ayrı şəxslərin bu tip fəaliyyəti birmənalı şəkildə sübut edir ki, xalq anti-milli qüvvələrə inanmır və onların heç bir perspektivi yoxdur. Yaxın zamanlarda biz onların "buxarlanaraq” Azərbaycan siyasətindən uzaqlaşdığını və evlərində yalquzaq kimi yaşadıqlarının şahidi olacağıq”.
Millət vəkili Hikmət Məmmədov bildirdi ki, ölkəmizdən kənarda yaşayan Azərbaycan vətəndaşları bu və ya digər şəkildə anti-milli şəbəkələr tərəfindən fəaliyyətə cəlb olunurlar və onların enerjisini milli məqsədlərimizə qarşı yönəltməyə cəhd edirlər: "Amma bu, əksər hallarda uğursuz olur. Çox nadir hallarda bəzi vətəndaşlarımız bilərəkdən və ya bilməyərəkdən bu şəbəkənin iştirakçısına çevrilirlər. Lakin məsələ ondadır ki, ölkə daxilində olan bəzi müxalif qüvvələr bu məsələdə maraqlıdırlar. Son dövrlər Azərbaycan prezidentinin həyata keçirdiyi siyasət sayəsində ölkəmizin beynəlxalq nüfuzu artıb. Aparılan maarifləndirmə işləri sayəsində qərbdə yaşayan çoxsaylı Azərbaycan vətəndaşı öz mövqelərində rasional dəyişikliklər edib. Bu gün bizə milli birlik lazımdır ki, bu informasiya savaşında milli maraqlarımızı təmin edək. Vaxtı ilə Azərbaycana qarşı radikal mövqedə olan vətəndaşlarımız bu gün həqiqəti deməyi bacarırlar. Bəzi hallarda etdikləri səhvi etiraf edirlər və yaxud bir vətəndaş olaraq bundan sonrakı mərhələdə üzərilərinə düşəni etməyə hazır olduqlarını bildirirlər. Bu, xalqımız tərəfindən çox müsbət qarşılanır. Amma çox təəssüf ki, özünü müxalifət adlandıran Əli Kərimli buna etiraz edir. Hətta sosial şəbəkədə ciddi narahatlıq keçirir və yeni "islah olunmuş mühacirlər” terminini ortaya atır. Ümumiyyətlə, bu, kökündən yanlış olan ifadədir. Azərbaycan heç kəsi islah eləmək istəmir və hökumətin marağı bütün vətəndaşların intellektual resurslarını Azərbaycan naminə səfərbər etməkdir”.
H.Məmmədov vurğuladı ki, vaxtı ilə mənsub olduğu siyasi təşkilatın maraqlarından imtina edən, öz maraqlarını önə çəkən Əli Kərimli indi də ümumi mənafeyimizə zidd olaraq bu cür fikirlər səsləndirir: "Əlbəttə, Azərbaycan vətəndaşları tərəfindən düzgün dərk olunur ki, bu doğru yol deyil. Ona görə də vaxtı ilə Avropada fəaliyyət göstərən ayrı-ayrı vətəndaşlarımız Azərbaycanın maraqları ilə bərabər beynəlxalq münasibətlər sistemində, informasiya savaşında ölkələrinin yanında olduqlarını bəyan edirlər”.

AZAD
banner

Oxşar Xəbərlər