• şənbə, 20 Aprel, 10:53
  • Baku Bakı 14°C

AXCP sədri Əli Kərimlinin siyasi bioqrafiyası çoxdan bitib

05.09.19 19:43 999
AXCP sədri Əli Kərimlinin siyasi bioqrafiyası çoxdan bitib
Siyasi hakimiyyəti silah gücü ilə ələ keçirərək 1992-ci ildə iqtidara gələn AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti cəmi bir il ərzində Azərbaycanı böyük fəlakətlərlə üz-üzə qoyub. Müstəqilliyini yenicə bərpa etmiş ölkədə dərin iqtisadi, siyasi, hərbi böhran yaşanıb. Azərbaycan bir tərəfdən Ermənistan silahlı birləşmələrinin işğalına məruz qalıb. Xankəndi, Xocavənd, Əsgəran, Xocalı işğal olunduğu halda, silahlı müxalifət gücünü düşmənə qarşı səfərbər etmək əvəzinə, ölkə daxilində hakimiyyəti ələ keçirməyi qarşısına məqsəd qoyub.AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsindən sonra səbatsız idarəetməsi, milli azadlıq hərəkatı fəallarının vəzifə davası, regionçuluq amilləri ölkə daxilində separatizmi, vətəndaş müharibəsini körüklədib. Bundan məharətlə yararlanan düşmən strateji yüksəklikdə yerləşən, alınmaz qala sayılan Şuşa, Laçın, Kəlbəcər kimi yaşayış məntəqələrimizi işğal edib.
Təhlükənin qarşısını almaqda aciz qalan prezident
Beləliklə də həm xarici, həm də daxili amillər sayəsində Azərbaycanın müstəqil dövlət kimi yox olmaq təhlükəsi yaranıb. Bu təhlükənin qarşısını almaqda aciz qalan o zamankı Prezident Əbülfəz Elçibəy çıxış yolunu öz "vəzir-vəkilləri” ilə birlikdə Kələki kəndinə qaçmaqda görüb. Belə bir vaxtda xalq Heydər Əliyevə müraciət edərək, onu yenidən Azərbaycanda siyasi hakimiyyətə gətirib. Lakin siyasi hakimiyyəti itirən AXC-Müsavat cütlüyü, onların nəzarəti altında olan silahlı birləşmələr, həmçinin onların hələ də vəzifədə olan adamları bütün vasitələrlə ulu öndər Heydər Əliyevin fəaliyyətinə maneələr yaratmağa çalışıblar. Üstündən illər keçəndən sonra vaxtilə hakimiyyətdə olan, hazırda isə radikal müxalifət düşərgəsində yer alan AXCP sədri Əli Kərimli və tərəfdarları tarixi reallıqları saxtalaşdırmağa, öz mənafelərinə uyğun şəkildə ictimailəşdirməyə can atırlar. Bu məqsədlə uydurduqları bir çox yalanlara "həqiqət donu” geyindirməyə çalışırlar. Amma unudurlar ki, o dövrün tarixi proseslərini yaxından izləyən, hadisələrin real şahidi olan insanlar hələ sağ və aramızdadırlar.
Yaxın tariximizin təhrifi
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov "Facebook”dakı şəxsi profilində bu günlərdə status yazaraq, həmin hadisələrə bir daha aydınlıq gətirib. O qeyd edib ki, AXCP sədri Ə.Kərimli son vaxtlar yenidən yaxın tariximizi təhrif edərək ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın 7 rayonunun işğal olduğunu iddia etməyə başlayıb. Prezidentin köməkçisi vurğulayıb ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon Heydər Əliyev Azərbaycanın rəsmən prezidenti seçilməmişdən əvvəl işğal edilib. Onun sözlərinə görə, Azərbaycanın işğal edilmiş sonuncu rayonu Zəngilan Ermənistan hərbi birləşmələri tərəfindən 1993-cü ilin oktyabrında zəbt edilib ki, həmin vaxta qədər də Azərbaycanın legitim prezidenti Əbülfəz Elçibəy olub.
Silahlı birləşmələr siyasi mübarizəyə cəlb edilib
Ə.Həsənov bildirib ki, Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqın dəvəti ilə Azərbaycanı düşdüyü çıxılmaz vəziyyətdən xilas etmək üçün Bakıya gəlib və Ali Sovetin sədri seçilib. Lakin ölkədə bütün güc strukturları parlamentin sədrinə yox, formal olaraq, legitim prezidentə, faktiki olaraq baş nazirə tabe olub: "Parlamentin sədri kimi Heydər Əliyevə tabe olan nə ordu, nə də heç bir güc strukturu yox idi. Paytaxtı tərk etmiş legitim prezidentin tərəfdarı olan deputatlar və ona sadiq məmur korpusu tərəfindən Heydər Əliyevin hətta parlamentin sədri kimi səlahiyyətlərinin icrasına da hüquqi və qeyri-hüquqi maneələr yaradırdılar. AXC-Müsavat hakimiyyətinin ölkəni saldığı bərbad vəziyyət orduda daha acınacaqlı hal almışdı. Ordunun maddi-texniki təminatı, hərbi arsenalı yox idi, ordunun döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi vaxt arxa cəbhədə vəzifə davası aparılır, siyasi qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Silahlı qüvvələr daxilindəki müxtəlif birləşmələr də ayrı-ayrı siyasi və maraq qruplarının tabeliyində idi. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri cəbhə xəttindən geri çəkərək, Bakıya gətirir, siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər. Silahlı birləşmələr Bakıda vəzifə davasında iştirak etdiyi vaxt isə cəbhə müdafiəsiz qalmışdı. Nəticədə erməni işğalçıları Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da zəbt etməyə nail oldular. Tarixi saxtalaşdırmağa çalışanlar cavab versinlər: Belə bir vəziyyətdə Heydər Əliyev hansı ordu, hansı güc strukturu və hansı səlahiyyətlə ərazi itkilərinin qarşını ala bilərdi?”.
Acı nəticələri özgələrə yükləmək cəhdi
Prezidentin köməkçisi Ə.Həsənov qeyd edib ki, AXCP sədri Ə.Kərimli və tərəfdaşları saxtakarlığa əl atdıqları üçün məhz tarix onlara əsl yerini göstərib. Administrasiya rəsmisinin qənaətincə, Ə.Kərimlinin siyasi bioqrafiyası çoxdan bitib və indi o, adi bloqqer kimi maraq doğurur. Professorun yazdığı bu status qarşısında deməyə və ya yazmağa söz tapmayan radikal düşərgə təmsilçiləri öz ayıblarına kor olmaq əvəzinə, bir qədər sonra növbəti yalanlarla tarixi saxtalaşdırmağa yeni cəhdlər ediblər. Buna cavab olaraq Prezidentin köməkçisi Ə.Həsənov "Yarıtmaz fəaliyyətin acı nəticələrini özgələrə yükləmək cəhdi” adlı daha bir yazısını sosial şəbəkədə paylaşıb.
Legitim və faktiki hakimiyyəti olmayan dövlət
Administrasiya rəsmisi bəzi müxalif bloqçuların ciddi faktları və arqumentləri arxa plana ataraq, oxucuların diqqətini 1993-cü ilin avqust ayında keçirilmiş referendum aktı üzərində fokuslamağa, sanki bununla o zamankı məsuliyyətsizliklərinə haqq qazandırmağa çalışmalarına münasibət bildirib: "1993-cü il avqustun 29-da referendum aktı olmuşdu və mən o zaman Heydər Əliyevin rəhbəri olduğu YAP-ın fəal üzvlərindən biri olaraq və aktiv vətəndaş mövqeli şəxs kimi, əlbəttə ki, bu proseslərdən xəbərdar idim. Həm də sadəcə xəbərdar deyildim, yaxından müşahidə etmək imkanına malik idim. Referendum aktını zəruri edən səbəblər o zaman kifayət qədər idi. İlk növbədə, Azərbaycanın xariclə əlaqələrini tənzimləmək üçün hüquqi əsas lazım idi. O zamankı xarici diplomatların ölkədəki faktiki siyasi durumu legitimləşdirmək üçün etdiyi çağırışlar da unudulmayıb. Lakin təəssüflə təkrar xatırlatmağa məcburam ki, Azərbaycanın daha çox xarici diplomatik əlaqələrini tənzimləmək, xarici tərəfdaşlarla danışıqlarda "legitim və faktiki hakimiyyəti olmayan dövlət” imicindən qurtulmaq üçün məcburən gedilmiş referendum ölkə daxilində vəziyyəti tam nəzarətə götürmək üçün yetərli olmamışdı. Çünki, bir tərəfdən Əbülfəz Elçibəy təkidlə özünü yeganə seçilmiş prezident elan edir, Ali Sovetin müvafiq qərarını, eləcə də sonradan keçirilmiş referendumun nəticələrini qəbul etmir, digər tərəfdən ona sadiq parlament üzvləri və məmur korpusu Heydər Əliyevə öz parlament sədri səlahiyyətlərini icra etməyə bu və ya digər maneələr yaradır, vəzifələrini dondurur, dövlət idarələrinin işini sabotaj edirdilər. Digər tərəfdən ilin sonuna qədər ölkənin sərhəd bölgələrində separatizm təhlükəsi davam edirdi”.
Ayrı-ayrı səhra komandirlərinə tabe olan silahlı birliklər
Ə.Həsənov bildirib ki, o dövrdə yaranmış hüquqi anlaşılmazlıqları, məmur korpusunun sabotaj cəhdlərini, silahlı qüvvələrin başıpozuqluğunu aradan qaldırmaq üçün tanınmış ziyalıların Kələkiyə etdikləri səfərlər də nəticəsiz başa çatmışdı: "Parlamentdə aparılmış müzakirələrdə silahlı qüvvələrin Heydər Əliyevə deyil, baş nazirə tabe edilməsi haqda anlaşma əldə edilmişdi. Lakin silahlı qüvvələr üzərində nəzarət yalnız baş nazirdə də deyildi, Ələkrəm Hümbətova, Rövşən Cavadova, ayrı-ayrı səhra komandirlərinə tabe olan silahlı birliklər də mövcud idi. Anlaşma da heç bir vahid hüquqi fəaliyyət ehtiva etmirdi. Çünki Azərbaycanın o zaman düşdüyü vəziyyətdə hüquqi addımlar atmaq mümkünsüzləşmişdi. Bəzən ümumi qənaətlər, parlament tribunasında edilən şifahi çıxışlar hüquqi aktları əvəz edirdi”.
Tarixi əhəmiyyət daşıyan proqram səciyyəli çıxış
Prezidentin köməkçisi bir daha diqqətə çatdırıb ki, o dövrdə işğala məruz qalan əraziləri hakimiyyət uğrunda siyasi mübarizəyə cəlb edilmiş başıpozuq hərbi dəstələrlə, vahid nizami ordu olmadan qorumaq mümkün deyildi: "Yalnız Heydər Əliyev oktyabrda prezident seçildikdən, hüquqi anlaşılmazlıqlar və silahlı qarşıdurmalar nisbətən ardan qalxdıqdan sonra ölkədə ciddi ordu quruculuğuna başlanması mümkün oldu ki, bu haqda da məqalədə qeyd edilib. Həmin mərhələnin başlanğıcı dövlət başçısı Heydər Əliyevin radio və televiziya ilə Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciəti ilə qoyuldu. 2 noyabr 1993-cü il tarixli müraciət təkcə hərb quruculuğu deyil, həm də Azərbaycanın dövlət quruculuğu sahəsində tarixi əhəmiyyət daşıyan proqram səciyyəli çıxış idi”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər