AXCP NTK sədri: “Əli Kərimlinin bütün xəyanətkar əməllərini ifşa edəcəyik” - Fotolar

AXCP NTK sədri: “Əli Kərimlinin bütün xəyanətkar əməllərini ifşa edəcəyik” - Fotolar

Təfsilat
30 Sentyabr 2019, 16:15 210
AXCP sədri Əli Kərimli demokratiya libasına bürünüb azad cəmiyyətin, azad fikrin, haqq-ədalətin tərəfdarı olduğunu bildirsə də partiya daxili idarəetmədə əsl diktator olduğunu dəfələrlə nümayiş etdirib. İndiyə qədər AXCP sədrliyini əlində saxlamaq üçün bu posta iddialı olanları müxtəlif vasitələrlə partiyadan uzaqlaşdırıb. Onun iradəsinə tabe olmayan, fərqli fikir ortaya qoyan cəbhəçilərə qarşı trollar vasitəsilə şər-böhtan kampaniyası aparıb, onları mənəvi terrora məruz qoyub. Ona görə də ömürlərinin böyük hissəsini AXCP-yə həsr edən çoxsaylı cəbhəçilər zaman-zaman Ə.Kərimli adlı tiranla yollarını ayırıb, istefa veriblər. Yaxud siyasi bəyanatlarla çıxışedərək AXCP sədrinin əsl mahiyyətini ortaya qoyub, digər cəbhəçilərin də ayılmasına çalışıblar.  
 
 

Bu günlərdə daha bir cəbhəçi - AXCP Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyev "Facebook”dakı şəxsi profilində video-müraciət yayaraq Ə.Kərimlini ifşa edib. O, müraciətində qeyd edib ki, 1988-ci ildən etibarən xalq hərəkatının fəal üzvü olub, Azərbaycanda demokratik cəmiyyət qurulması uğrunda cəbhəçilərlə birlikdə mübarizə aparıb: "Doğulduğum Cəbrayıl rayonu erməni qəsbkarları tərəfindən işğal edildikdən sonra ailəmlə birlikdə məcburi köçkün həyatı yaşayıram. Bütün çətinliklərə, dəfələrlə həbslərə məruz qalmağıma baxmayaraq, öz əqidəmdən dönməmişəm. Demokratiya, haqq-ədalətin bərqərar olması uğrunda mübarizəni həyatımın mənası hesab etmişəm. AXCP-nin ən fəal üzvlərindən biri olaraq, partiyada müxtəlif rəhbər vəzifələrdə olmuşam. 2015-ci ildə partiyanın qurultayında AXCP-nin Nəzarət Təftiş Komissiyasının üzvü, sonra isə sədri seçilmişəm. Sonradan bilmişəm ki, mənim kimi obyektiv, düz danışan, prinsipial insanın bu vəzifəyə seçilməsi AXCP sədri Əli Kərimlinin ürəyincə olmayıb”. 
 


AXCP NTK sədri A.Əliyev bildirib ki, Ə.Kərimli partiya daxili maliyyə, xaricdən gələn qrant və sair pul məsələlərini ancaq öz nəzarətində saxlayıb, özünün, ailəsinin, xaricdə yaşayan oğlunun, ərəb şeyxlərinin övladı kimi yaşamasına sərf edib. Onun sözlərinə görə, AXCP sədri Ə.Kərimlini düzgün, əqidəli cəbhəçilər heç zaman qane etməyib: "30 illik siyasi fəaliyyətdən sonra başa düşmüşəm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılmışıq. O, bizim hər birimizdən şəxsi mənafeyi üçün istifadə edib. Sözdə demokratiya uğrunda mübarizə apardığını söyləsə də, əslində partiyada çox sərt diktatura rejimi qurub. Fərqli düşünənləri, onun antidemokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub, partiyadan uzaqlaşdırıb”.
 
 

AXCP NTK sədri A.Əliyev deyib ki, Ə.Kərimli bir siyasi dələduz olaraq cəbhəçiləri, xalqımızı illərdir aldadır: "O, bu gün də gənclərimizi aldadaraq, özünün çirkin oyunlarına qüvvət vermək istəyir. Sizin çoxlarınız Əli Kərimlinin antidemokratik, qanunsuz, partiyanın nizamnamə və məramnaməsinə zidd əməllərindən xəbərdarsınız. Lakin onu dilə gətirməkdən çəkinirsiniz. Bizim məqsədimiz Əli Kərimli kimi bir diktatoru yox, azad, demokratik seçkilər nəticəsində xalqımızın etimad göstərdiyi bir siyasi liderin hakimiyyətə gəlməsi olmalıdır. Əziz dostlar, əli Kərimli və onun əlaltıları məni də öz çirkin oyunlarının qurbanına çevirib, ləkələyərək partiyadan, siyasi mübarizədən uzaqlaşdırmağa, istefa verməyə məcbur etmək istəyirlər. Ancaq bildirirəm ki, mən istefa verməyəcəyəm. Partiyamızda olan yüzlərlə əqidəli, xalqını sevən cəbhədaşlarımla birlikdə Əli Kərimlinin partiyamızda ytaratdığı diktatura rejiminə, onun çirkin oyunlarına qarşı mübarizə aparacağıq. Onun bütün xəyanətkar əməllərini ifşa edəcəyik. Çalışacağıq ki, partiyamızın bütün üzvləri, həm də xalqımız Əli Kərimlinin iç üzünü tanısınlar. Onun əslində xalqımıza qarşı hansı xəyanətlərə yol verməsindən xəbərdar olsunlar”.
 


AXCP NTK sədri A.Əliyev müraciətinin sonunda Ə.Kərimliyə səslənərək, onu xəyanətkarlıqdan əl çəkməyə çağırıb: "Əli Kərimli, bu illər ərzində apardığın bu çirkin, xəyanətkar oyunlar yetər! Partiyada yaratdığın diktaturaya son qoy! Əgər cəsarətin və mənliyin çatırsa, istefa ver! Qoy partiyanın üzvləri özlərinə gənc, savadlı, xalqını sevən, bacarıqlı rəhbər seçib demokratik cəmiyyət qurmaq üçün mübarizə aparsınlar. Partiyamızı çirkin oyunlara təhrik etməkdən, Azərbaycanı fəlakətə aparan əməllərdən əl çək! Bilirəm ki, bu müraciətimdən sonra Əli Kərimlinin göstərişi ilə onun əlaltıları mənə qarşı böhtan və şər kampaniyasına başlayacaqlar. Ancaq bütün bunlara əhəmiyyət verməyərək, qabaqcadan həmin şəxslərə səslənirəm ki, barəmdə danışarkən haqq və ədalət hissini unutmasınlar. Bir gün onlar da Əli Kərimlinin çirkinm oyunlarının qurbanı olduqlarını başa düşəcəklər”.
 
 

AXCP NTK sədrinin bu video-müraciəti "Facebook”da yayılan kimi AXCP sədri Ə.Kərimlinin nəzarətində olan trollar – virtual söyüş ordusu dərhal A.Əliyevin şəxsi profilinə "hücum” edərək, onun ünvanına söyüşlər, təhqirlər yazıblar. Bəzi rəylərdə isə cəbhəçilər bu video-müraciəti hakimiyyətin sifarişi kimi qələmə verməyə, A.Əliyevin nəyinsə müqabilində iqtidara satılmasını, xəyanətkar yol tutmasını ictimai rəyə sırımağa çalışıblar. Lakin məşhur atalar misalında deyildiyi kimi, görünən kəndin bələdçiyə ehtiyacı yoxdur...

Rufik İSMAYILOV