• şənbə, 27 Aprel, 07:31
  • Baku Bakı 12°C

AXCP-nin zombi dəstəsi media azadlığına qarşı

02.03.17 13:00 1064
AXCP-nin zombi dəstəsi media azadlığına qarşı
Demokratiya libasına bürünən radikal müxalifət "liderləri” əsl gerçəklikdə alternativ fikrə qarşı dözümsüz yanaşan, qaragüruhçu, demokratik prinsiplərdən çox-çox uzaq şəxslərdir. Bu gerçəkliyi Əli Kərimlinin, eləcə də digərlərinin rəhbərlik etdiyi təşkilatlar daxilində baş verənlər, həmin hadisələrə "liderlərin” qərəzli münasibəti daha çılpaq şəkildə göstərir. Xalqa demokratiya dərsi keçən, söz-mətbuat azadlığından dəm vuran, fərqli fikrə qarşı dözümlü olmağı tövsiyə edən belə adamlar hətta öz müavinlərini, uzun müddət bir cəbhədə mübarizə apardıqları, çörək kəsdikləri həmfikirlərini də "linç” etməkdən çəkinməzlər. Bunun üçün həmin kəslərin azacıq cəsarət nümayiş etdirib qatığın qara deyil, ağ olmasını söyləməsi kifayətdir. Yaxud, ən sıravi partiya üzvlərindən kimsə durub desə ki, ay başqan, sənin söylədiklərin nağıldır, reallıqla səsləşmir, dərhal həmin müxalifətçinin "qələmi qırılacaq”. Onu nəinki partiya sıralarından kənarlaşdıracaqlar, eləcə də nəzarətlərində olan media qurumları, cəbhəçilərin sosial şəbəkələrdəki profilləri vasitəsilə təhqir edəcək, şəxsiyyətini alçaldacaqlar.
Bu günlərdə sosial şəbəkədə müşahidə etdiyimiz daha bir hadisə Əli Kərimli və dəstəsinin nə dərəcədə demokrat, fərqli fikrə dözümlü yanaşmalarını, media təmsilçilərinə münasibətlərini növbəti dəfə ortaya qoyub. Belə ki, tanınmış jurnalist Aygün Muradxanlı metroda gedərkən diqqətini 3 gənc çəkib. Onların xarici görünüşündən, saç-saqqalından, hərbçilərə məxsus xaki rəngdə çanta, həmçinin digər əşyalar daşımasından şübhələnib və onları terrorçulara bənzədib. Sırf təhlükəsizlik və insanları daha da ayıq-sayıq olmağa dəvət etmək məqsədilə həmin gənclərin şəklini çəkib, bu barədə sosial şəbəkədə status paylaşıb. Eyni zamanda sual formasında müraciət edib ki, görəsən metro stansiyasının girişindəki mühafizə polisi bu şəxsləri ciddi-ciddi yoxlayıbmı? Bu statusun yazılmasından heç 5 dəqiqə keçməmiş A.Muradxanlının Facebook dostlarından bir nəfər ona yazıb ki, şəkildəki həmin gənclər tanış adamlardır, terrorçu-filan deyillər. Xanım jurnalist dərhal həmin statusu silib. Lakin şəkli çəkilən 2 Türkiyə və 1 Azərbaycan vətəndaşı A.Muradxanlını bu hərəkətinə görə məhkəməyə verəcəklərini bildiriblər. Daha acınacaqlısı isə cəbhəçi gənclərlə bağlılığı olan həmin 1 nəfər Azərbaycan vətəndaşı daha da ifrata vararaq, şərəf-ləyaqətinin alçaldığı və sair bu kimi iddialar irəli sürüb, bununla bağlı ayrıca status yazıb. Cəbhəçi dostlar da dərhal hadisəyə reaksiya verərək, xanım jurnalistin ünvanına ən müxtəlif təhqir, təhdid, ittihamlar səsləndirməyə başlayıblar.
Ölkədə təhlükəsizlik tədbirlərinə diqqət çəkmək məqsədi daşıyan və qısa zaman sonra sildiyi statusu ilə bağlı üzləşdiyi hadisədən dolayı narahatlıq yaşayan A.Muradxanlıya dəstək olmaq məqsədilə jurnalist həmkarları AXCP sədri Əli Kərimliyə müraciət də ünvanlayıblar. Müraciətdə təəssüflə bildirilib ki, Əbülfəz Elçibəydən miras qalmış təşkilatın gənc üzvləri tanınmış jurnalisti məhkəməyə verməklə hədələyirlər. Hadisənin təfərrüatlarının da qeyd olunduğu müraciətdə daha sonra qeyd edilib ki, AXCP Gənclər Komitəsinin bir qrup üzvü bu paylaşıma görə A.Muradxanlıdan üzr tələb edib, qarşı tərəfi məsələni məhkəmədə çözməyə çağırır. Eyni zamanda, Facebookda davam edən müzakirələrdə həmin gənclər bu təhdidlə qalmayıb, jurnalisti və onu müdafiə edənləri təhqir də ediblər. Müraciət müəllifləri vurğulayıblar ki, A.Muradxanlının AXCP funksionerlərinə müraciətindən sonra "demokrat gənclər” susmayıb. Qeyd edilib ki, həmin təhdid və təhqir dolu rəyləri yazan şəxslər AXCP-də kifayət qədər tanınan insanlardır. O gənclərdən biri AXCP sədrinin həbsdə olan müşavirinin oğlu, digəri AXCP GK-nin İdarə Heyətinin üzvü, başqa biri "Azadlıq" qəzetinin işçisidir. Müraciət müəllifləri AXCP sədrindən tələb ediblər ki, jurnalistləri hədəf alan gəncləri siyasi mübarizəyə yönəltsin. Bildirilib ki, siyasi mübarizə həmin gənclərin anladığı kimi, mətbuat təmsilçilərini təhdid və təhqir etmək deyil.
Lakin bir qədər əvvəl də təsvir edildiyi kimi, AXCP sədrinə ünvanlanan müraciətdən sonra cəbhəçi gənclər daha da "qızışıb”, xanım jurnalistə qarşı təhdid və təhqirlərin miqyasını bir qədər də genişləndiriblər. Hətta A.Muradxanlıya dəstək olan şəxslər də cəbhəçi gənclərin "səlib yürüşünə” məruz qalıblar. Misal üçün, A.Muradxanlının profilində bu mövzuda açılmış müzakirələrdə Ruslan Məmmədzadə, Azər Həsrət, Zaur Bayramlı və digərləri xanım jurnalistə dəstək ifadə ediblər. Cəbhəçilər isə dərhal onların ünvanına ən müxtəlif ittihamlar, hətta təhqirlər səsləndirməkdən belə çəkinməyiblər. Bütün bunlar bir daha onu nümayiş etdirir ki, AXCP sədri Ə.Kərimli və onun zonbiləşmiş dəstəsi heç bir demokratik prinsiplərə, o cümlədən söz-mətbuat azadlığına, fərqli fikirlərə hörmətlə yanaşmırlar. Dövlət və milli maraqlardan uzaqlaşan bu antimilli dəstə yalnız öz çıxarlarını düşünür, bu yolda mətbuat nümayəndəsini, hətta xanım jurnalisti də "linç” etməkdən çəkinmirlər.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər