• çərşənbə, 24 Aprel, 04:49
  • Baku Bakı 14°C

AXCP-nin “satqın” axtarışı

10.04.19 18:30 773
AXCP-nin “satqın” axtarışı
Müxalif düşərgəsində yeni gərginlik yaranıb və bu dəfə də AXCP "satqın ovuna” çıxıb. Bir müddət əvvələ qədər onların bu ritorikası vaxtı ilə həmkarları olmuş şəxslərə, müttəfiqlik etdikləri partiya sədrinə yönəlirdi. İndi isə bu "taktika”nı başqa siyasi qüvvələrə qarşı tətbiq etməyə başlayıblar və konstruktiv mövqedən çıxış edən siyasi qüvvələri hədəfə alıblar. Bu günlərdə AXCP-nin ReAL hərəkatının rəhbərlərinə "satqın” damğası vurmağa çalışması da bunun bariz nümunəsidir. Təbii ki, bu hərəkatın təmsilçilərinin müxalifət kimi Avropa institutlarında dinlənilməsi AXCP və Milli Şuradakı bəzi qüvvələri qıcıqlandırmaya bilməzdi. Çünki burnundan o tərəfi görə bilməyən AXCP siyasi baxımdan tükənsə də, yenə də özlərini "ana müxalifət”, "yeganə aparıcı siyasi qüvvə” kimi görür.
Bəs görəsən AXCP və Milli Şura təmsilçiləri niyə həmişə konstruktiv mövqedən çıxış edən siyasi qüvvələri satqınlıqda günahlandırırlar?
Mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirdi ki, ReAL hərəkatının rəhbərliyində müxtəlif zamanlarda sapmalar olsa da, bu təşkilatda müəyyən intellektli qüvvələr toplanıb: "Bu hərəkatda hadisələri real qiymətləndirən və məsuliyyət hissini düşünən insanlar var. ReAL-da dağıtmaq deyil, qurmağı dərk etmək məsuliyyəti var, amma AXCP-də bu yoxdur. AXCP içərisində daha çox qaragüruhçular üstünlük təşkil edir və həmişə də qisasçılıq arxasınca gedirlər. Onların mövqeyi belədir ki, biz dağıdaq, sonra nə olur olsun. Təəssüf ki, belə düşünənlər var. Halbuki 10 il AXCP təmsilçiləri parlamentdə oturanda özlərini satqın hesab etmirdilər. İndiki halda AXCP və Milli Şurada vəzifədən çıxarılanlar və ya qovulanlar, eləcə də cəmiyyətdə öz yerini tapa bilməyənlər toplanıb. Bu insanlar acıqlarından dayana bilmirlər ki, nəyə görə hakimiyyət əlimizdə ola-ola onu itirdik, nə üçün imkanlarımızı geri qaytara bilmirik? O səbəbdən də bu insanlarda qaragüruhçuluq hissi hər şeyi üstələyir. Başa düşə bilmirlər ki, Azərbaycan üçün ən vacib məsələ sabitlikdir. Sabitlik olmayan yerdə demokratiyadan, insan haqlarından, azad sözdən danışmağa dəyməz. Necə ki, bu illər ərzində "ərəb baharı”ndan danışırlar, bir sıra ölkələr onlara demokratiya vəd edirdi. Lakin bu gün "ərəb baharı” olan ölkələr cəhənnəm həyatı yaşayırlar. AXCP üçün də fərqi yoxdur, nə olur olsun, nə baş verir versin. Çünki bu insanlar cəmiyyətin gələcəyi üçün məsuliyyət daşımırlar. Əgər daşısalar, belə fikirlər söyləməzlər. Ona görə də hesab edirəm ki, ReAL-ın son addımları, dövlətlə hökuməti ayır edə bilməsi, iqtidara müxalif olsalar da, yeri gələndə Azərbaycan dövlətinin mənafeyi nöqteyi-nəzərindən bir sıra düzgün addımlar atması AXCP-ni çox qıcıqlandırır. Bu hərəkat dağıtmaq yolunu deyil, islahat yolunu qəbul edir. Düşünürəm ki, bunlar ən əsas səbəblərdir”.
T.Kərimli əlavə etdi ki, AXCP-də daim qisasçılıq, düşmənçilik, haqsız olmasına baxmayaraq, məğlubiyyətin əvəzini çıxmaq ruhu hakim olub: "Təbii ki, bütün bunlar AXCP-ni gözdən salır, burada toplanan insanlar real durumu başa düşəndə ordan ayrılmağa başlayırlar. Bununla belə onlar verdikləri sözləri də yerinə yetirmirlər. Bəzən AXCP əvvəlcədən verdiyi bəyanatı yerinə yetirə bilmədiyi üçün içərilərində acıq yaranır. Misal üçün, yanvarın 19-da keçirilən mitinqdə AXCP rəhbəri mitinqçiləri arxasınca qələbəyə aparacağını bəyan etmişdi. Lakin indi AXCP və Milli Şurada toplaşanlar Əli Kərimlidən bu vədinə niyə əməl etmədiyini soruşurlar. Bunun əksinə olaraq, dövlət islahatlar keçirdi. Bu gün cəmiyyətin gözləntisi prezidentdəndir və heç bir halda AXCP-dən heç nə gözləmir. Məhz yaranmış bu vəziyyət AXCP-ni ciddi narahat etməyə başlayıb və hakimiyyətə gücləri çatmadığına görə konstruktiv davranan siyasi qüvvələrdən qisas almağa çalışırlar”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, AXCP təmsilçilərinin konstruktiv yanaşmamasının əsas səbəblərindən biri onların dünyagörüşü ilə bağlıdır: "Çünki Əli Kərimlinin bütün həyat yolu satqınlıqdan ibarətdir. Bu adam liderinə, hərəkat yoldaşlarına, dövlətinə və xalqına qarşı olan münasibətdə mövqeyini dəfələrlə dəyişib. Azərbaycanın konstitusiyalı quruluşunu dəyişmək istəyən radikal qüvvələrlə belə iş birliyinə gedib, onları dəstəkləyib. Bu baxımdan, bu cür insanların hər kəsə satqın gözü ilə baxması təbii qəbul olunmalıdır. Çünki mahiyyət etibarı ilə özlərində bu hiss var. Satqın elə fikirləşər ki, hamı onun kimidir, xəyanətkardır”.
E.Mirzəbəyli vurğuladı ki, biz bundan əvvəl ölkədə keçirilən seçkilərdə bu qüvvələrin bir-birinə qarşı ittihamlarla çıxış etməsinin şahidi olmuşuq: "Gözümüzün qabağında saysız-hesabsız birliklər formalaşdırılıb, bloklar yaradılıb, amma nəticə etibarı ilə qısa müddətdən sonra həmin birliklərdə olan insanlar bir-birilərinə qarşı ən sərt və ağır ittihamlarla çıxış ediblər, hətta bir-birilərini xəyanətdə suçlayıblar. Bu baxımdan, proseslər yenə ənənəvi qaydada cərəyan edəcək, çünki bu düşərgədən bundan artığını gözləmək mümkün deyil”.

AZAD

banner

Oxşar Xəbərlər