• cümə, 29 Mart, 09:57
  • Baku Bakı 5°C

“AXCP-Müsavat savaşı” “Santa Barbara”nı keçir

18.12.14 11:28 1065
“AXCP-Müsavat savaşı” “Santa Barbara”nı keçir
AXCP-çilərin Müsavatı ələsalma kampaniyası davam edir. Dəfələrlə paylaşılmasına baxmayaraq, onlar hələ də Natiq Ədilovun “Yeni Müsavat”la, daha doğrusu, Rauf Arifoğlu ilə bağlı məlum yazısını paylaşaraq qarşı tərəfi gülünc vəziyyətə salmaqda davam edirlər. Hətta AXCP-çilərdən biri yazını paylaşarkən başlıq kimi “Natiq adamı intihar həddinə çatdırar” yazıb. Digərləri də təxminən bu tipli fikirlər yazaraq zarafatla mətbuat katibinin heç mərhəmət göstərmədiyini qeyd ediblər. Yazını Facebook profilində paylaşanlardan biri də AXCP sədr müavini Gözəl Bayramlı olub və o yazısına maraqlı bir link də əlavə edib. Həmin yazıda isə söhbət iki müsavatçının davasından gedir. G.Bayramlı bu yolla Müsavat daxili vəziyyətin gərgin olaraq qaldığına bir daha diqqət çəkmək istəyib.
AXCP-nin onlara qarşı hücumuna münasibət bildirən Müsavat başqanı müavini Elman Fəttah bildirib ki, partiyanın sədr müavini Fuad Qəhrəmanlı başda olmaqla, Müsavatın mitinqini lağa qoyanlar hamısı hakimiyyətə işləyir. Müsavat başqanı Arif Hacılı özü isə mitinq haqda fikirlərini bölüşərkən iştirakçıların sayının ən önəmli məsələ kimi müzakirə olunmasının yanlış olduğunu bildirib: “AXCP rəhbərliyinə daxil olan şəxslər və onlara yaxın media orqanı Müsavatın mitinqini ələ salan təbliğat aparır, əsas diqqəti mitinqində yetərli kütləviliyin olmamasına yönəltməyə çalışırlar. Siyasi məhbusların azadlığa buraxılması tələbi ilə aksiyaların keçirilməsi hansısa siyasi təşkilatların monopoliyasında olan bir məsələ deyil. Müsavat Partiyası başqanının üç müavini hazırda həbsxanadadır. Azərbaycanda demokratiya uğrunda mübarizə aparan əsas siyasi təşkilatlardan biri olaraq Müsavat Partiyasının bu şəxslərin azadlığa buraxılması istiqamətində fəaliyyət göstərməsi və bu məzmunda aksiyalar keçirməsi tamamilə təbiidir. Biz bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirmək niyyətindəyik. Milli Şuranın keçirdiyi eyni məzmunlu kütləvi aksiyalarda bu və ya digər şəkildə iştirak etmişik, digərlərini də bu aksiyalarda iştirak etməyə çağırmışıq. Bu, bizim problemə yanaşma konsepsiyamızdır. Təəssüf ki, AXCP-nin bu məsələlərə yanaşma konsepsiyası bir qədər fərqlidir”.
A.Hacılının fikrincə, mitinqdə xeyli adam iştirak edib: “Bu məsələ ilə əlaqədar olan bütün təşkilati-texniki işləri öz üzərimizə götürərək həll etmişdik. Heç şübhəsiz ki, həm mitinq iştirakçıları, həm də mətbuat vasitəsilə Azərbaycan cəmiyyətinin əksəriyyəti mitinqin məqsədləri, orada irəli sürülən təkliflər barədə xəbər tutdu. Bu baxımdan, mitinqin iştirakçılarının sayının birinci məsələ kimi müzakirə edilməsi hesab edirəm ki, yanlışdır. Nümunə üçün deyim ki, əhalisi Azərbaycan əhalisindən daha çox olan bir çox ölkələrdə hətta bir neçə nəfərin iştirakı ilə piketlər, bir neçə yüz nəfərin iştirakı ilə yürüşlər, mitinqlər keçirilir ki, bu aksiyalarda irəli sürülən tələblər həm həmin ölkələrin ərazisində, həm də dünya miqyasında ictimaiyyətin diqqətinə çatdırılır. Ümumiyyətlə, mitinq iştirakçılarının sayının bu baxımdan ən önəmli bir məsələ kimi müzakirə olunması yanlış mövqedir. Biz öz mövqeyimizi ortaya qoymuşuq və bu mübarizədə kimlər bizimlə birlikdə birbaşa fəaliyyət göstərmək niyyətindədirsə, həmin insanlarla öz fəaliyyətimizi davam etdirəcəyik. Mitinqə qarşı istər hakimiyyət dairələri tərəfindən, istər Müsavat Partiyasını özünə opponent hesab edən digər qüvvələr tərəfindən mitinqə qarşı genişmiqyaslı kampaniya aparılırdı. Bununla belə, çətin hava şəraitinə, müxtəlif basqılara baxmayaraq xeyli adam bu mitinqinə toplaşmışdı”.
H.Əsgər
banner

Oxşar Xəbərlər