• şənbə, 20 Aprel, 15:36
  • Baku Bakı 23°C

AXCP-də partiya üzvlərinə alət kimi baxırlar

04.04.15 06:21 1206
AXCP-də partiya üzvlərinə alət kimi baxırlar
Razi Nurullayevin sözlərinə görə, təşkilatda hətta gənclərin kafelərə getməsi, toylara pul salması kimi məsələlərə də qarışırlar
“Bu cür narazılıqların baş verməsinə səbəb partiyada mövcud olan problemlərdir. Ən böyük problem isə idarəçiliklə bağlıdır”. Bu sözləri “Kaspi”yə açıqlamasında AXCP sədrinin keçmiş müavini Razi Nurullayev həmin partiyanın üzvü olan gənclərin rəhbərlik və funksionerləri tənqid etdiklərinə görə təşkilatdan qovulmalarına münasibət bildirərkən dedi. R.Nurullayev hesab edir ki, gənclərin təqsiri cəsarətli olmalarıdır: “Orada tənqidə dözümsüzlük hər zaman olub. Bu da növbəti belə bir nümunədir. Təəssüf ki, bu cür vəziyyət getdikcə daha da güclənir. Cəsarətli gənclər yol verdikləri qüsurları üzlərinə deyən zaman çıxış yolu kimi yalnız onları partiyadan uzaqlaşdırmağa qərar verirlər. Onların xisləti budur”.
Keçmiş sədr müavini vurğuladı ki, AXCP-də partiya üzvlərinə sadəcə alət kimi baxırlar: “Partiyanın resursları sədr və ona yaxın olan adamlar üçün istifadə olunur. Yəqin elə bu səbəbdəndir ki, rəhbərliyə daxil olan şəxslərin bir çoxu sıravi cəbhəçilərə yuxarıdan aşağı baxır, onların fikirlərini nəzərə almırlar. Sıravi cəbhəçilərə ancaq və ancaq istifadə olunan material kimi baxırlar. Onlar ancaq adamları mitinqlərə dəvət etmək, Facebookda statuslar paylaşmaq, şərhlər yazmaq üçün lazımdırlar. Ən vacib işləri isə partiya rəhbərliyini tərif və təbliğ etməkdir. Bu, mütləq icra olunmalı işdir. Hazırda isə vəziyyət bir qədər fərqlidir. Yəni Azərbaycan gəncliyi artıq belə işlərdən bezib. Onların düşüncələri fərqlidir və onlar bu cür gedişatla razılaşmaq istəmirlər. Onun üçün də zaman-zaman fikir ayrılıqları yaranır”.
R.Nurullayev deyir ki, partiyada olduğu vaxtlarda da ciddi şəkildə fikir ayrılıqları və ondan yaranan problemlər var imiş: “Təəssüf ki, partiya rəhbərliyi insanların düşüncəsini, bütünlüklə yaşayış tərzini idarə etmək istəyir. Bəzi məqamları nəzərə çatdırım. Mən hələ partiyada olarkən, gənclər dincəlmək üçün harasa yollananda, bu, böyük problemlərə səbəb olurdu. Deyək ki, gənclər hər hansı bir restoranda oturub yemək yeyirlər və şəklini Facebookda paylaşırlar. Belə adi məsələlər də partiya rəhbərliyində qısqanclıq yaradırdı. Deyirdilər ki, əgər gənclərin pulu varsa, nəyə görə gedib kafedə oturub yemək yeyirlər? Ondansa, həmin maddi vəsaiti partiyaya sərf etsinlər. Pulları ora-bura xərcləməkdənsə, telefon xərclərinə versinlər və daha çox adama zəng vurub əlaqə saxlasınlar. Hətta hansısa AXCP üzvü toyda şəkil çəkdirib paylaşırdısa, bunun özü də böyük narazıçılıq yaradırdı. Həmin adama ciddi irad tutulurdu ki, toya yazdırdığı 50-100 manatı nəyə görə partiyaya sərf etmir. Bütün bu kimi narazılıqlara partiyada olduğum vaxt şahidlik etmişəm. İnsanların şəxsi həyatına və fərdi qərarlarına bu dərəcədə nüfuz etmək, qarışmaq partiya rəhbərliyinə yaraşan hal deyil və olduqca böyük qüsurdur”.
Müsahibimiz AXCP rəhbərliyinin işinin üzvlərə yuxarıdan aşağı baxaraq, yalnız onlara göstəriş və tapşırıqlar verməkdən ibarət olduğunu söylədi: “Üzvlər rəhbərlikdən aldıqları əmri yerinə yetirməklə bağlı böyük məsuliyyət daşıyırlar. Gənclərlə rəhbərlik arasında narazılıqlar əsasən bundan yaranmışdı. Sonuncu fakt isə mitinq zamanı Fuad Qəhrəmanlının özündən yaşca böyük partiya üzvləri ilə kobud danışması, onların üstünə bağıraraq təhqir etməsi ilə bağlı idi. Bu kimi davranışlara etiraz edən gənclər isə birmənalı şəkildə partiyadan qovulurlar. Ümumiyyətlə, partiyada tənqid qəbul olunmur. Ancaq və ancaq tərif deyilməlidir. Partiya rəhbəri haqda bəlağətli ifadələr işlədilməlidir. Heç kim onun haqqında, kiçik bir məsələdə belə, mənfi rəy bildirə bilməz. Tənqid yalnız hakimiyyət haqda səsləndirilə bilər. Partiya rəhbərliyi və ya fuksionerlər haqda deyilən neqativ fikirlərin sonunun nə olduğu məlum məsələdir. Bu isə orada hökm sürən dözümsüzlüyün göstəricisidir. Hər zaman deyirdim ki, əgər biz kimisə tənqid ediriksə, özümüz də tənqidə açıq olmalıyıq. Söz azadlığından danışırıqsa, himayəmizdə olan qəzet, jurnallar və s. də hər bir insana açıq olmalıdır. Təbii ki, belə təkliflər reallaşmadı. Normal düşüncəli adamlarda isə bu, etiraz doğururdu. AXCP-nin hazırkı perspektivinə inanmayan gənclər də idarəçiliyə etiraz edirlər və partiyanı başqa yöndə görmək istəyirlər. Onlara daha müstəqil olmağı tövsiyə edirəm. İstəyirəm ki, onlara verilən göstərişləri kor-koranə yerinə yetirməsinlər. AXCP-nin üzvü olan gənclər arasında elələri var ki, partiya rəhbərliyinə daxil olan şəxslərdən 10 dəfə daha ağıllı, bacarıqlı, təşkilatçılıq qabiliyyətli və yüksək mənliklidirlər. Özlərindən bilik və savadda, səviyyəcə xeyli aşağı olan adamlardan əmr, göstəriş almamağı, özlərinin məqbul bildiyi yolla getməyi tövsiyə edirəm”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər