• cümə axşamı, 25 aprel, 17:26
  • Baku Bakı 23°C

“AXC və Müsavat düz yol getməyi bacarmırlar”

27.12.13 11:24 1758
“AXC və Müsavat düz yol getməyi bacarmırlar”
Rəsul Quliyev, Eldar Namazov və Lalə Şövkətin Milli Şuradakı (MŞ) proseslərdən kənara çəkilməsi siyasi gündəmdə bir sıra müzakirələrə yol açdı. Bəzi müxalifətçilər bunu kinorejissor Rüstəm İbrahimbəyovun xüsusi planı ilə əlaqələndirdilər. Qeyd olundu ki, MŞ-nın fəxri sədri özünə yaxın çevrə ilə birlikdə yeni təşkilat yaradır. Eks-spikerin vaxtilə liderlik etdiyi Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər isə son xəbərlərə bir qədər fərqli formada münasibət bildirib. O, R.Quliyevin ACP-yə liderlik etdiyi dövr ərzində partiyanın ancaq utopik addımlar atdığını diqqətə çatdıraraq, yeni siyasi təşkilata ehtiyac duyulmadığını vurğulayıb. Deyib ki, R.Quliyev bu vaxta kimi 3-4 partiya yaradıb, hamısı da sonradan onunla yolunu ayırıb. Xaricdə oturub tapşırıq verməklə işlərin yekunlaşmadığını söyləyən S.Əkbər, ACP var ikən başqa partiyanın yaradılmasını mənasız sayıb. Onu da əlavə edib ki, R.Quliyev ACP-nin lideri olub, amma sonradan istefa verib gedib və yeni partiya yaratmaqla özünü meymunluğa qoyub. Bu və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını sabiq millət vəkili, ACP Ali Məclisinin keçmiş sədri Zəminə Dünyamalıyeva cavablandırır.
- Zəminə xanım, “Yeni Müsavat” qəzetinin baş redaktoru, İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Rauf Arifoğlu Milli Şura daxilindəki prosesləri qiymətləndirərkən, bu qurumu Azərbaycan müxalifətinin konflikt ocağı kimi qiymətləndirib. Sizcə, özlərini demokratik qüvvələr adlandıranların cəmləşdiyi Milli Şurada belə bir mənzərənin yaranmasına səbəb nədir?
- Xatırlayırsınızsa, mən müsahibələrimin birində də qeyd etmişdim ki, hələ Milli Şura yaradılmamışdan öncə ACP birlik təşəbbüsü ilə çıxış etmişdi. İctimai Palatada mən çıxış edərək, bu təşəbbüs barədə fikrimi, partiyanın mövqeyini ortaya qoymuşdum. O zaman qaraguruhçular mənim təklifimi səs-küylə qarşıladılar. Onda çıxışımı davam etdirərək bildirdim ki, illər keçsə də, müxtəlif birliklər yaransa da, nə sizlərin demokratlığı, mədəniyyəti var, nə də həqiqi birliyi. Cəmiyyətin tələbi idi ki, özlərini demokratik adlandıran qüvvələr sözün həqiqi mənasında bir olsunlar. Lakin onlar arasında düşmənçilik toxumu səpilib. Başlayıblar bir-birilərini “didməyə”. Söz-söhbət olan yerdə isə ot da göyərmir. Ona görə də Milli Şurada belə problemlər özünü göstərdi. Buna bir səbəb də bu qurumu yaradanların niyyətinin öz şəxsi maraqlarını təmin etmək istəmələri oldu. Onlar cəmiyyətin, xalqın maraqlarını deyil, öz mənafelərini güdürdülər. Şəxsi maraqlar naminə yaradılan Milli Şuranın belə aqibəti gözlənilən idi.
- R.Quliyev əvvəlcə Milli Şuraya üzvlükdən, ardınca ACP liderliyindən istefa verdi. Bunun ardınca onun sabiq səhiyyə naziri Əli İnsanov və keçmiş deputat Hüseyn Abdullayevlə bərabər “Yeni Nəfəs” partiyası yaratması barədə xəbərlər yayıldı. Düzdür, bu məlumat sonradan təkzib edildi, amma indi də yeni yaradılan təşkilatın ona bağlı olduğu bildirilir. Sabiq spikerə yaxınlığı ilə seçilən şəxs olaraq, deyə bilərsinizmi, bu deyilənlər nə dərəcədə doğrudur?
- Bu barədə mən də mətbuat üzərindən xəbər tutmuşam. Onu deyə bilərəm ki, adları çəkilən üç nəfərin iştirakı ilə yaranmır bu partiya. Yeni təşkilatı bir neçə adam yığışıb yaradıb. Hətta bu barədə Ağasif Şakiroğlu açıqlama verib deyib ki, Azərbaycan siyasi sahəsində aktiv olan və tanınmış ziyalılar bu partiyada təmsil olunacaq. Partiyanın Rəsul Quliyevə, Əli İnsanova, Hüseyn Abdullayevə aidiyyəti yoxdur. Bu adamlar sadəcə mənəvi dəstək verə bilərlər. Həmin təşkilatın adı da “Yeni Nəfəs” deyil, “Gələcək Azərbaycan” Partiyası olacaq. Mənim fikrimcə, partiyanı yaradan gənclər 3 tanınmış adamın adlarını hallandırmaqla, onların hüquqlarını müdafiə edəcəklərini bildiriblər, bununla siyasi gündəmin diqqətini özlərinə yönəltmək istəyiblər. Yəni, yeni yaradılan partiyanın cəlbedici olmasını istəyiblər. Məqsəd, niyyət yalnız bu olub. Onlar öz təbliğatlarını qurub, tanınmaq arzusunda olublar.
- Sizdən fərqli olaraq, ACP sədri S.Əkbər bu barədə “Bizim yol” qəzetinə tamamilə başqa bir münasibət bildirib. O, R.Quliyevin ünvanına qeyri-etik ifadələr də işlədib. Bundan xəbəriniz varmı?
- Çox əminliklə deyə bilərəm ki, Sülhəddin bəy Rəsul Quliyev haqqında belə ifadələr işlətməz. İnanmıram ki, bu, ACP sədrinin fikirləridir. Sülhəddin bəyin fikri kimi təqdim olunan bu məlumat əvvəlcə o qədər də tanınmayan bir xəbər portalında yer almışdı. Həmin xəbəri mən ilk dəfə oradan diqqətlə oxudum. Mənbənin göstərilməməsi şübhə doğurdu. Yəni bu açıqlamanı kimin nə vaxt Sülhəddin bəydən alması barədə orada hər hansı xatırlatma yox idi. Sadəcə yazılıb ki, ACP sədri belə deyib. Görünür, bu xəbəri dəqiqləşdirməyi özünə əziyyət sayan bəzi kütləvi informasiya vasitələri nümayəndələri də onu öz qəzet səhifələrinə çıxarıblar. Düzdür, indi senzura yoxdur, amma hər kəsin özünün məsuliyyəti olmalıdır. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Rəsul bəyin ünvanına ACP sədri adından mətbuatda yayılan açıqlamanın heç bir əsası yoxdur.
- Müsavat Partiyasının Divan üzvü Tural Abbaslının sözlərinə görə, onun təmsil olunduğu partiya ACP və ALP-ni real müxalifət qüvvələri hesab etmir. Sizcə, prezident seçkilərində iqtidarın namizədinə qarşı Milli Şurada birləşən, eyni məqsəd uğrunda mübarizə aparan digər partiyalar nə üçün bu cür aşağılanır?
- Məşhur atalar misalında olduğu kimi, bəzi adamlar güzgüyə baxıb öz adını başqalarına qoyurlar. Guya, Rəsulzadə-Elçibəy yolunu davam etdirən real müxalifət qüvvələri yalnız Müsavat və AXC-dir, qalanları real müxalifət deyillər. insan danışanda söylədiklərinin məsuliyyətini hiss edər. Tural Abbaslı düşünsün görsün ki, ACP-yə, ALP-yə kimlər gəlib, kimlər gedib. İnsan öz çəkisini dərk etməyəndə, qarşısındakını ümumiyyətlə dərk eləmir. O, getsin öz partiyasının, eləcə də AXC-nin keçmişinə bir nəzər salsın. 20 ildir ki, AXC və Müsavat düz yol getməyi bacarmırlar. Çünki ayrı-ayrılıqda eyni iddia, eyni maraq üstündə mübarizə aparırlar. Liderliyi ələ almaq, gündəmdə qalmaq üçün biri hər hansı fikir söyləyən kimi dərhal o birisi buna etiraz edir. Bu iki partiya və onun liderləri müxalifət adından oyun oynayır, xalqı, milləti aldadırlar. İndi gəlib nə haqla, hansı Rəsulzadə-Elçibəy yolundan danışırlar? Bu liderlərin nə birliyi, nə də demokratlığı yoxdur. Əgər demokrat olsaydılar, birliyi düşünsəydilər bir-birinə güzəştə getməyi bacarar, digər partiyalarla səmimi münasibət qurardılar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər