• çərşənbə axşamı, 23 aprel, 23:00
  • Baku Bakı 20°C

AXC parlamentinin fəaliyyəti

24.05.18 10:00 3877
AXC parlamentinin fəaliyyəti
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamda deyilir: "Cümhuriyyət parlamentinin il yarımlıq
fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli
irəliləyişə imkan verdi”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Xalqımızın ümummilli Lideri Heydər Əliyev demişdir: "Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır”.
Çox təəssüf ki, Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, o cümlədən onun parlament fəaliyyəti kifayət qədər geniş öyrənilməmişdir. Belə ki, kommunist ideologiyası bu məsələnin öyrənilməsinə faktiki qadağa qoymuş, əksinə onun fəaliyyətinin, həyata keçirdiyi tədbirlərin və o dövrün hadisələrinin mahiyyəti təhrif olunmuşdur.
Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” məlum sərəncamı - AXC-nin parlament fəaliyyətinin hərtərəfli, dərindən təhlil edilib öyrənilməsini tələb edir.
Məlumdur ki, dünya tarixində yeni respublika tipli demokratik dövlət idarəçiliyi formasının geniş yayılmağa başladığı dövrdə - 1918-ci il mayın 28-də Demokratik Respublikanın elan edilməsi xalqımızın tarixində və taleyində çox mühüm hadisə olmaqla yanaşı, tarixin ən qədim qatlarından baş alıb gələn dövlətçilik mədəniyyətinin qanunauyğun davamı idi.
Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan Çar Rusiyası Dövlət Dumasında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi formalaşması tarixi reallıqdan doğurdu. Çarizmin devrilməsindən sonrakı hadisələrin real inkişafı da işi buna doğru aparırdı.
Maraqlı və eyni zamanda qanunauyğun hal idi ki, Rusiya Dövlət Dumasında olduğu kimi, Zaqafqaziya Seyminin də ən fəal üzvləri bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat idi. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar, ertəsi gün mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.
Mayın 27-də Seymin müsəlman fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası, özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində, Azərbaycanda ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu.
Məlumdur ki, 1918-ci il iyunun 16-da Milli Şura və hökumət özünün fəaliyyət mərkəzini Gəncəyə köçürdü və iyunun 17-də iki mühüm qərar qəbul edərək öz fəaliyyətini müvəqqəti olaraq dayandırdı, bütün hakimiyyət (həm qanunvericilik, həm də icra hakimiyyətini) Parlament çağırılanadək Fətəli Xan Xoyskinin sədrliyi ilə yaradılmış yeni-ikinci Müvəqqəti hökumətə həvalə etdi.
1918-ci il sentyabrın 17-də F.Xoyski kabinetinin təşkilindən 3 ay sonra AXC hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. AXC-nin hakimiyyət dairəsi genişləndi. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan F.Xoyski hökuməti, eyni zamanda parlamentin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı. Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da keçirilən iclasında Azərbaycan parlamentçiliyi tarixinin çox mühüm qərarı – Azərbaycanda ilk parlamentin-ali qanunverici orqanın yaradılması haqqında qanun verildi.
Təkpalatalı parlament (parlaman, məclisi-məbusan da deyirdilər-F.İ.) bu qanuna əsasən 120 nəfərdən ibarət olmaqla formalaşdırılmalı, 1918-ci il dekabrın 3-də başa çatmalı idi. Azərbaycan Milli Şurasının qərarına əsasən, 44 nəfər türk-müsəlman deputat birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilməklə, ölkə əhalisinin əksəriyyətini təşkil edən yerli müsəlman əhalidən (2,75 milyonluq ümumi əhalinin 1,9 milyonu) daha 36 nümayəndənin seçilməsi nəzərdə tutulurdu.
Müsavat partiyasının ideyası əsasında qanunverici orqan kimi yaradılan Azərbaycan parlamenti demokratikləşməyə doğru müəyyən addım idi.
Azərbaycan Demokratik Respublikası parlamentinin ilk təsis iclası 1918-ci il dekabr ayının 7-də Bakıda (o vaxt Tağıyev qız məktəbinin, indi isə Əlyazmalar İnstitutunun binasında) oldu. Parlamentdə 11 müxtəlif fraksiya və qrup təmsil olunmuşdu. Müsavat və bitərəflər fraksiyası (38 nəfər), "İttihad” (13 nəfər), "Əhrar” (6 nəfər), "Sosialistlər” (13 nəfər), bitərəflər (3 nəfər), partiyadan kənarda olanlar (4 nəfər), sol bitərəf (1 nəfər), Slavyan-Rus Cəmiyyəti (3 nəfər), azlıqla qalan milli fraksiya (4 nəfər), erməni fraksiyası (5 nəfər) və daşnaksütun fraksiyası (6 nəfər). Milli bayraqlar və xalılarla bəzədilmiş parlamentin iclas salonunda Türk Demokratik Federalistlər Partiyası-Müsavatın üzvləri, eləcə də azlıqla qalan millətlərin nümayəndələri ortada, hümmətçi manşeviklər və sosialistlər solda, bitərəflər və ittihad partiyasının üzvləri sağda əyləşmişdilər. Diplomatik nümayəndələr lojasında general Tomsonun nümayəndəsi Kon-kepel, İranın baş konsulu Sədulrüzarə və onun maliyyə müşaviri, Dağlılar hökumətinin Azərbaycandakı nümayəndəsi Qandəmirov, Gürcüstan Respublikasının nümayəndəsi Karsevadze, eləcə də Araz-Türk Respublikasının (bəzi mənbələrdə Araz Respublikası da adlanır – F.İ.) nümayəndəsi Paşa Əliyev oturmuşdular. Azərbaycan hökumətinin üzvləri də iclasda iştirak edirdi.
Nəzərə çatdırmaq vacibdir ki, parlamentdə Naxçıvan əhalisinin Araz-Türk Respublikası timsalında bir nəfərlə təmsil olunması, Naxçıvanda yeni bərqərar olan Araz-Türk Respublikasına (noyabr 1918-ci ildə yaranmışdır – F.İ.) qarşı Azərbaycan Xalq Cümhuriyyətinin bütövlüklə Naxçıvanın məsələsi Azərbaycanın xeyrinə həll edilənə qədər gözləmə mövqeyi saxlamasından qaynaqlanırdı.
Sosial tərkibinə görə parlamentdə 43 mülkədar, 15 neft sənayeçisi, 12 iri tacir, 8 din xadimi və sair nümayəndələr var idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin mövcud olduğu dövrdə 11 parlament komissiyası yaradılmış, 140-a qədər ümumi iclas olmuşdur. 1919-cu ilin sonuna qədər keçirilmiş 110 iclasın 13-ü kvorum olmadığından baş tutmamış, 2 iclas təntənəli yubiley iclası xarakterində olmuş (Azərbaycanın müstəqilliyinin bir illiyi münasibətilə 1919-cu ilin 28 may tarixli və Bakının fəthinin ildönümü münasibətilə 1919-cu ilin 15 sentyabr tarixli iclasları), bir fövqəladə iclas Gürcüstanla Ermənistan arasında müharibənin başlanmasına həsr olunmuşdu. Daha üç iclas da təntənəli şəraitdə keçmiş, onlar fevral inqilabının ikinci ildönümünə, Azərbaycanla Gürcüstan arasında hərbi ittifaqın bağlanması və parlamentin təşkilinin ildönümünə həsr edilmişdi. Qalan 91 iclas adi iclas idi. Həmin dövrdə cəmi 315 qanun layihəsi təqdim edilmiş, bunlardan 10-12-si rədd edilmiş, ya da onların komissiyalarda müzakirəsi davam etmişdi. Qanun layihəsindən 82-si Maliyyə Nazirliyi, 32-si Ədliyyə, 24-ü Daxili İşlər, 19-u Xalq Maarifi, 12-si torpaq, 10-u sosial təminat, 9-u hərbi nazirlik və başqaları tərəfindən təqdim edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlament üzvlərinin əksəriyyətinin əsasən Avropa təhsilli, o cümlədən rus təhsilli olması, parlamentin iclaslarının Azərbaycan dilində aparılmasına baxmayaraq (parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi) qəbul olunmuş qanun və qərarlar rus dilində tərtib və çap olunmuşdur. Düzdür, bəzi mənbələrdə yazılır ki, dövlət dilində olmayan sənədlərin üstündə adətən parlamentin sədr müavini belə bir məzmunda dərkənar qoyurmuş: "Ərizə türkcə lisanda olmadığı üçün imzasız qalır”.
Parlamentin ilk iclasını Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə açmış, böyük təbrik nitqi söyləmişdi.
Şəfi bəy Rüstəmbəylinin təklifi ilə bitərəf hüquqşünas Əlimərdan bəy Topçubaşov Azərbaycan Parlamentinin sədri, hüquqşünas Həsən bəy Ağayev isə onun birinci müavini seçilmişdir. Ə.Topçubaşov iclasda iştirak etmədiyindən (bu zaman o, İstanbulda Azərbaycan Respublikasının nümayəndəsi idi) iclasın sonrakı gedişi H.Ağayevin sədrliyi ilə keçmişdi. Ənənəyə uyğun olaraq parlamentin ən gənc üzvü Rəhim bəy Vəkilov isə katib seçilmişdir.
Parlamentin ilk tədbirlərindən birini Paris sülh konfransına səlahiyyətli nümayəndə heyəti göndərməsi təşkil edir. Bu nümayəndə heyəti qarşısında Azərbaycan istiqlaliyyətinin Avropa ölkələri tərəfindən tanıdılması kimi tarixi vəzifə dururdu. Nümayəndə heyətinə parlamentin sədri və üzvləri Ə.M.Topçubaşov, M.H.Hacınski, A.Ağaoğlu, Ə.Şeyxülislamzadə, eləcə də müşavirlər M.Məhərrəmov, M.Mirmehdiyev, C.Hacıbəyli, əməkdaşlar Ə.Hüseynzadə, V.Marrevski və başqaları daxil idi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin dekabr ayında keçirilmiş iclaslarında "Siyasi amnistiya haqqında” qanun layihəsi müzakirə edilir və 8 yanvar 1919-cu il tarixli iclasında qəbul edilir.
Parlament 25 yanvar 1919-cu il tarixdə səpkili yatalaq epidemiyası ilə mübarizə məqsədilə Bakı şəhər bələdiyyəsinə dövlət xəzinəsindən iki milyon iki yüz min rubl, Gəncə bələdiyyəsinə isə dörd yüz əlli min rubl faizsiz kredit ayrılması barədə qanun qəbul edir. Hələ bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 9 noyabr 1918-ci il tarixdə milli bayraq haqqında qərar qəbul etmiş, həmin qərarda yaşıl, qırmızı və mavi rənglərdən ağ aypara və səkkizbucaqlı ulduzdan ibarət olan milli bayrağın təsviri təsdiq edilmişdir.
Təsadüfi deyildir ki, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti 20 dekabr 1918-ci il tarixdə Naxçıvandakı vəziyyətlə əlaqədar məsələ müzakirə etmişdir. Maraqlıdır ki, həmin iclasda iştirak edən Naxçıvan nümayəndə heyətinin tərkibində böyük dramaturq və şair Hüseyn Cavid də var idi. Naxçıvanda böyük nüfuza malik olan Hüseyn Cavid Araz-Türk Respublikasının ağır günlərində xalqın taleyüklü məsələlərinin həllində yaxından iştirak edirdi. Bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ilin yanvarında yerli əhalinin ehtiyaclarına tanışlıq məqsədilə "İrəvan Quberniyası müsəlmanları həmyerlilər cəmiyyəti”nin nümayəndəsi Mirabbas Mirbağırovu Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin 12 zabiti ilə birlikdə Naxçıvana göndərmiş və parlamentin qərarı ilə naxçıvanlılara kömək məqsədilə bir milyon manat pul göndərilmişdi. Eyni zamanda, 1919-cu ilin martında Araz-Türk Respublikası hərbi hissəsinin rəisi Bəhram xan Naxçıvanski Bakıya göndərilmiş, danışıq və razılaşmalardan sonra AXC hökumətinin Naxçıvana göndərdiyi 12 nəfərlik zabit heyəti Araz-Türk Respublikasının hərbi hissələrində təlimlər keçmiş, kəşfiyyat işlərinin təşkilində və sərhəd xidmətinin möhkəmləndirilməsində iştirak etmiş, həmçinin Naxçıvanın Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olması məsələsi müzakirə olunmuşdu. Hətta, Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə Naxçıvana müvəkkil təyin etdiyi Səməd bəy Cəmilinskinin Naxçıvanda, Şərurda, Ordubadda təsis etdiyi inzibati idarələr yerli xalqın hərtərəfli tərəqqisi naminə olduqca faydalı, səmərəli işlər görməyə çalışmışdır.
Baxmayaraq ki, o dövrdə Araz-Türk Respublikası əhalisinin gözlədiyi köməyi Azərbaycan Xalq Cümhuriyyəti ona göstərə bilmirdi və Naxçıvanın ərazisi formal olaraq onun tərkibinə daxil edilmişdi, ancaq o vaxt Naxçıvanda fəaliyyətdə olan Amerika general-qubernatorluğunun etirazına baxmayaraq 1919-cu il fevralın 24-də Araz-Türk Respublikasının AXC-nin tərkibinə daxil olması haqqında aktın tərtib edilməsi başa çatmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən qəbul edilmiş qanunların təhlili göstərir ki, parlament əhalinin konkret təbəqələrinin maddi-sosial müdafiəsini gücləndirmək məqsədilə bir sıra qanunlar qəbul etmişdir. Belə ki, parlament 4 fevral 1919-cu il tarixdə "Dəmir yolu qulluqçularının vəziyyətini yaxşılaşdırmaq haqqında” qanun qəbul etmişdir. Bu, onun fəaliyyətində yeganə hal olmamışdır. Belə ki, parlament 19 may 1919-cu il tarixdə "Azərbaycan hökumət təşkilatlarının qulluqçularına Novruz bayramı münasibətilə birdəfəlik yardım verilməsi haqqında” qanun qəbul etmişdir.
"Bakı Dövlət Universitetinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 29 aprel 1919-cu il tarixli qərarı isə Azərbaycan tarixinin sonrakı mərhələlərində də elm və tədrisin inkişafında müstəsna rol oynamışdır. Ümummilli Liderimiz Heydər Əliyev bu hadisəni belə qiymətləndirmişdir: "Əsrin əvvəllərindən bu günə kimi Azərbaycan elminə və maarifinə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisədir”.
Parlamentin 17 iyul 1919-cu il tarixdə qəbul etdiyi "Qısa müddətli pedaqoji kursların açılması haqqında” qanun da bu qəbildəndir. Qanunda 1 iyul 1919-cu il tarixdən Qazax, Nuxa (indiki Şəki – F.İ.), Şuşa, Quba, Zaqatala, Salyan, Bakı və Gəncə şəhərlərində iki aylıq pedaqoji kursların açılması və bu məqsədlə dövlət xəzinəsindən iki milyon üç yüz doxsan min rubl ayrılması nəzərdə tutulurdu.
Azərbaycan Xalq Cümhuriyyəti nisbətən qısa müddət yaşamasına baxmayaraq, əhalinin maarifləndirilməsi işinə xüsusi diqqət yetirmişdir.
Belə ki, parlamentin 1 sentyabr 1919-cu il tarixdə qəbul etdiyi qərara görə, xarici ölkələrə elə 1919-1920-ci tədris ilində 100 nəfər abituriyent və tələbə ezam olunması müəyyən edilmişdi. İngiltərəyə (10 nəfər), İtaliyaya (23), Fransaya (45), Türkiyəyə (9) və Rusiyaya (13) tələbə göndərilməsi nəzərdə tutulurdu. Bu tələbələr üçün dövlət hesabına ayda 400 frank, 1000 frank yol xərci, Rusiyaya göndərilənlərə ayda 3 min rubl, 3 min rubl isə yol xərci ödəmək şərti ilə qarşılıqlı razılaşma əsasında müqavilə imzalanırdı ki, dövlət hesabına oxuyan tələbələr təhsili başa vurduqdan sonra hökumətin göndərdiyi yerdə 4 il işləsinlər.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə xalq təhsili ilə bağlı belə qanun və qərarların qəbul edilməsi yeganə hal olmamışdır. Belə ki, parlament 18 sentyabr 1919-cu il tarixdə "Xalq məktəblərinin kitabxanaları üçün türk dilində (Azərbaycan dilində - F.İ.) yeni kitabların alınması üçün Xalq Maarifi Nazirliyinin sərəncamına dövlət xəzinəsindən bir milyon rubl vəsait ayrılması haqqında” qanun da qəbul etmişdi.
Dövlət hakimiyyətinin bölgüsü prinsipi baxımından, nisbətən yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin Məclisi Müəssisan ilə bağlı normativ hüquqi aktının qəbul edilməsinin xüsusi əhəmiyyəti vardır. Təsadüfi deyildir ki, parlament 21 iyul 1919-cu il tarixdə "Azərbaycan Respublikasının Məclisi Müəssisana seçki haqqında Əsasnamə” qəbul etmişdi. Əsasnaməyə görə, Məclisi Müəssisana 120 üzvün seçilməsi nəzərdə tutulurdu.
Azərbaycan Xalq Cümhuriyyətinin qanunvericilik fəaliyyəti baxımından xüsusi əhəmiyyət kəsb edən qanunlarından biri də parlamentin 11 avqust 1919-cu il tarixdə qəbul etdiyi "Azərbaycan vətəndaşlığı haqqında” qanun idi. Qanunun 1-ci maddəsinə əsasən, milli və dini fərqlərə baxmayaraq, özləri və ya onların valideynləri Azərbaycan Respublikasının ərazisində doğulmuş keçmiş Rusiya imperiyasının bütün təbəələri Azərbaycan vətəndaşları hesab edilirdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti dövründə demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və başqa sahələrdə atdığı mühüm addımlarla yanaşı, xalqın və dövlətin taleyüklü məsələlərinin həllində daha önəmli yer tutan hadisələrə də öz qanuni münasibətini bildirmişdir.
Belə ki, parlament öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin qayğısına qalmağı da yaddan çıxarmamış və 8 yanvar 1920-ci il tarixdə "Qaçqınların ehtiyaclarının ödənilməsi haqqında” qanun qəbul etmiş, həmçinin zəlzələdən zərər çəkmiş gürcü xalqına öz kömək əlini uzadaraq 11 mart 1920-ci il tarixdə hökumətin İşlər İdarəsinin smetasından üç milyon manat ayrılması haqqında qanun da qəbul etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti dövlətin iqtisadi müstəqilliyinin təmin edilməsi üçün gömrük xidmətinin mühüm əhəmiyyətini nəzərə alaraq, bu sahədə də bir sıra qanunlar qəbul etmişdir. Parlamentin 18 avqust 1920-ci il tarixdə qəbul etdiyi "Azərbaycan Respublikasında gömrük münasibətlərində (sahəsində - F.İ.) sərhəd mühafizəsinin yaradılması haqqında” qanun buna əyani sübutdur.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 27 aprel 1920-ci il tarixdə keçirilən son iclasında fakt qarşısında qalaraq Azərbaycan K(b)P, Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu və Mərkəzi Fəhlə Konfransı adından verilmiş ultimatuma cavab olaraq hakimiyyətin Azərbaycan İnqilab Komitəsinə verilməsi haqqında qərar qəbul etmiş və aprelin 28-də qan tökülmədən hakimiyyət Azərbaycan İnqilab Komitəsinə təhvil verilmişdi.
Fikrimizcə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: birinci dövr 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk deputatdan ibarət olan ilk Azərbaycan parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək cəmi 17 ay davam etmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas 1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.
Təəssüflə göstərmək lazımdır ki, həmin dövrün qanunvericilik təcrübəsinin primitiv olması səbəbindən Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən qəbul edilmiş qanunlar və hökumət qərarları qanunvericilik aktları strukturunun tərkib hissəsi olan preambulasız (müqəddiməsiz – F.İ.) qəbul edilmişdir.
Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin qısa müddət (cəmi 17 ay) fəaliyyət göstərməsinə baxmayaraq, həyatiliyini və işgüzarlıq qabiliyyətini sübut etdi. O, göstərdi ki, Azərbaycan xalqı, həqiqətən, parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. Onun qısa müddətdə qəbul etdiyi qanun və qərarlar xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. O vaxt Azərbaycan Cümhuriyyəti bütün müsəlman Şərqində yeganə parlamentli respublika olmuşdu.
Qeyd etmək lazımdır ki, Azərbaycan parlamentinin açılışından bir ay sonra çağırılan Araz-Türk Respublikasının parlamenti türk xalqlarının tarixində ikinci parlament, təkcə Cənub Qərbi Qafqaz üçün yox, bütün Şərq tarixi üçün parlaq fenomen idi. Elə ilk günlərdən Araz-Türk Respublikasının parlamenti regionun bütün əhalisi arasında nüfuz qazanmış, hətta Batum Vilayəti Gürcüstan Respublikasına birləşdikdən sonra onun nümayəndələri parlamentin iclaslarında iştirak etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri və roluna ən dolğun və düzgün qiyməti də məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vermişdir. Xalqımızın dahi oğlu tariximizin bu şanlı səhifəsi ilə bağlı demişdir: "Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.
Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyini əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət, qazanılan uğurlar belə bir fikri əminliklə söyləməyə əsas verir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcəyik, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik”.
Fizuli İbrahimzadə
Tarix üzrə fəlsəfə doktoru, dosent
banner

Oxşar Xəbərlər