• cümə, 29 Mart, 11:47
  • Baku Bakı 5°C

AXC (1918-1920): müsəlman Şərqinin ilk demokratik respublikası

09.10.18 16:03 523
AXC (1918-1920): müsəlman Şərqinin ilk demokratik respublikası
DIPLOMAT MAGAZINE,Niderland
09.10.2018
Müəllif: Cəlal Mirzəyev (Azərbaycanın Niderlanddakı müvəqqəti işlər vəkili)

2018-ci il Azərbaycan xalqının tarixində vacib ildir. Bu il onlar Azərbaycan dövlətçiliyinin – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü qeyd edir. Bu il dünyanın müxtəlif yerlərində qısa müddət yaşamış, lakin ölkə tarixində şanlı iz buraxmış bu dövlətlə bağlı tədbirlər keçirilir.
AXC 1918-ci il mayın 28-də "Azərbaycanın istiqlaliyyəti haqqında Akt”ın qəbulu ilə elan olunub. Siyasi sənəd olan Aktda respublikanın demokratik prinsiplərə, hüququn aliliyinə sadiqliyi qeyd olunurdu. Maraqlıdır ki, AXC müstəqilliyini Cənubi Qafqaz regionunda kifayət qədər mürəkkəb geosiyasi şəraitdə elan etmişdi. Lakin o, yaranması ilə bağlı olan çətinliklərə rəğmən, Qərb demokratiyasını, liberal dəyərlərini, ideyalarını Şərq mədəni dəyərlərilə birləşdirə bilmişdi. AXC dünyəvi müstəqil dövlət idi. Respublikada etnik kimliyindən, sinfindən və ya cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər siyasi, iqtisadi, sosial hüquqlar verilmişdi.
Bununla yanaşı, o, müsəlman Şərqində ilk dəfə olaraq, qadınların səsvermə hüququnun tanındığı respublikadır. Belə məsələlərdə AXC bu günün bir çox demokratik ölkəsini belə, qabaqlayıb.
AXC qısa müddətdə bütün Azərbaycanı vahid rəhbərlik altında birləşdirə bilmişdi. Onun ilk paytaxtı Gəncə olsa da, sonradan paytaxt Bakıya köçürülmüşdü. Qısa vaxtda respublikanın sadiq ordusu da yaradılmışdı. Əhalisi 3,3 milyon nəfər olan respublikanın ərazisi 114 min kvadrat kilometr idi.
Azərbaycanın bugünkü milli bayrağı da ilk dəfə AXC Nazirlər Şurası tərəfindən təsdiq olunub. Üçrəngli bayrağımızın mərkəzində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunub. Bayraqdakı rənglər AXC yaradıcılarının ideyalarını tərənnüm edir: mavi – türkçülük, qırmızı- müasirlik, yaşıl – islam.
Azərbaycanın ilk parlamenti də 1918-ci ildə yaradılıb. Orada ölkənin bütün etnik və dini qrupları təmsil olunur, hər bir parlamentari fikirini azad şəkildə ifadə edirdi. Müasir, gənc, mütərəqqi şəxslərin toplaşdığı hökumətə arxalanan parlament çoxsayda nümunəvi, böyük əhəmiyyətə malik islahatlar həyata keçirmişdi. Məsələn, iqtisadi islahatlar çərçivəsində Bakı-Batumi neft kəməri bərpa olunmuş, Bakı-Culfa dəmir yolunun tikintisi davam etdirilmiş, Azərbaycan Dövlət Bankı təsis olunmuş, milli valyuta dövriyyəyə buraxılmış, "Xəzər Gəmiçilik Şirkəti”nin inkişafı ilə bağlı tədbirlər görülmüşdü və s.
Parlamentin əsas sosial islahatlarından biri senzuranın ləğvi idi. Bundan əlavə, AXC gənclərin təhsilinə böyük önəm verirdi. Bu məqsədlə hökumətin gənclərin xaricdə təhsilini maliyyələşdirməsinə icazə verən qanun qəbul olunmuşdu. Az sonra ölkədə Bakı Dövlət Universiteti də təsis olunmuşdu.
AXC hökumətinin uğurlu xarici siyasəti də onun əsas nailiyyətlərindən idi. Gənc respublika müxtəlif ölkələrlə diplomatik əlaqələrin qurulmasına böyük diqqət verirdi. Qısa zamanda Azərbaycanda Böyük Britaniya, Yunanıstan, Belçika, Danimarka, İtaliya, Litva, Polşa, İran, ABŞ, Ukrayna, Finlandiya, İsveç və İsveçrənin nümayəndəlikləri açılmış, parlamentdə müxtəlif ölkələrdə diplomatik missiyanın yaradılması haqqında qanun təsdiqlənmişdi.
Ölkənin parlaq dövlət xadimləri və diplomatlarının təmsil olunduğu nümayəndə heyəti Paris Sülh Konfransına göndərilmiş və bu səfər kifayət qədər uğurlu olmuşdu. Nəticədə, 1919-cu il Paris Sülh Konfransında iştirak edən ölkələr Azərbaycanın müstəqilliyini de-fakto tanımışdı. AXC-nin nümayəndə heyəti bu konfransda iştirak edən ABŞ prezidenti Vudro Vilsonda böyük təəssürat yaratmışdı. Hər halda, Vilson bir müddət sonra həmin görüşü belə xatırlamışdı: "Mən bu şəxslərlə eyni dildə – fikir və ideyalara hörmət, azadlıq düşüncəsi,hüquq və ədalətin aliliyinə ehtiram dilində söhbət etdim”.
Lakin AXC 1920-ci ildə kənar hərbi müdaxilə nəticəsində süquta uğrayıb. Bununla da Azərbaycan tarixinin bir parlaq səhifəsi başa çatıb. Bundan sonra respublikada düz 70 il Sovet hakimiyyəti hökm sürüb. Nəhayət, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edib.
AXC-nin ömrü qısa olsa da, bu, ölkə tarixinin ən şanlı dövrlərindən sayılır. Azərbaycanlılar həmin dövrü indi də böyük hörmətlə anır.
İngilis dilindən tərcümə - WorldMedia.Az
banner

Oxşar Xəbərlər