• şənbə, 20 Aprel, 15:03
  • Baku Bakı 23°C

Ağxalatlı qəhrəmanlar

17.06.20 19:12 874
Ağxalatlı qəhrəmanlar
"Virusla mübarizədə ən böyük yük tibb işçilərinin üzərinə düşdü”

Yəqin ki, bir çoxlarınız uşaq vaxtı "böyüyəndə kim olacaqsan” sualına düşünmədən həkim cavabı veribsiniz. Çünki uşaq ağlımızla, insanların xəstəliklərini sağaltmağı, onların ağrılarına şəfa tapmağı ən müqəddəs vəzifə bilirdik. Böyüdükcə bir çoxlarımızın uşaqlıq xəyalları yadından çıxdı. Amma ağ xalat geyinmək sevdası güc gələnlər, bu xəyallarının arxasınca getdi. Bu gün xəyalındakı "sehrli ağ xalatı” geyinib insanlarımızın sağlığının keşiyində dayanan yüzlərlə həkimlərimiz, tibb işçilərimiz var. 17 iyun məhz onların günüdür. Xüsusilə, pandemiyanın sürətlə yayıldığı bir dövrdə bu ağxalatlı qəhrəmanlara daha çox ehtiyacımız var. Azərbaycanda həkimlik peşəsinə hər zaman xüsusi ehtiram göstərilib. Dövlətimiz hər zaman onların qayğısına qalıb.
Elə bu münasibətlə Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində tibb işçilərinin peşə bayramı münasibətilə paylaşım edilib: "Yorulmadan, fədakarlıqla insanların sağlamlığı üçün mübarizə aparan tibb işçilərimiz ən böyük hörmətə layiqdirlər. Azərbaycan həkimlərinə eşq olsun!”
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Millət vəkili Musa Quliyev də bizimlə söhbətində fürsətdən istifadə edib öz növbəsində bütün tibb işçilərini, həkimləri, tibb bacılarını peşə bayramı münasibətilə ürəkdən təbrik etdi: "Həkimlik ən şərəfli peşələrdən biridir. Çünki insanlarımızın sağlamlığının keşiyində onlar dayanıb. Ən vacib xidmət sahələrindən biri də məhz tibb işçiləridir. Həkimlik həm də ən humanist peşələrdən biridir. Son dövrlərdə bütün dünyada yayılan pandemiya cəmiyyətin savadlı, humanist, vicdanlı həkimlərə nə qədər ehtiyacının olduğunu bir daha sübut etdi. Azərbaycan həkimləri də bu virusla mübarizədə böyük şücaət göstərir. Heç təsadüfi deyil ki, koronavirus üçüncü dünya müharibəsi adlandırılır. Bu müharibənin ön cəbhəsində tibb işçiləri dayanır. Bu gün bizim onlarla tibb işçimiz var ki, insanlarımıza xidmət edərkən özləri də virusa yoluxub. Bu mübarizədə həyatını itirən tibb işçilərimiz, həkimlərimiz də var. Onlara Allahdan rəhmət diləyir, xəstələrə şəfa arzu edirik. Azərbaycan xalqı həkimlərimizə hər zaman böyük hörmət və ehtiramla yanaşıb. Bütün tibb işçilərinin zəhmətini xalqımız hər zaman, xüsusilə də indiki dövrdə lazımınca qiymətləndirir. Dövlətimiz də hər zaman həkimlərə xüsusi qayğı göstərib. Dövlət başçımız İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman tibb işçilərini diqqətdə saxlayır. Peşə bayramı münasibətilə dövlət başçımız bu sahədə çalışan hər kəsi təbrik edib. Prezident bir sıra həkimlərə fəxri adların verilməsi ilə bağlı sərəncam imzaladı. COVİD-19-la mübarizədə onların əmək haqqı üç-beş dəfəyə qədər artırıldı. Bu mübarizədə göstərdiyi şücaətə görə, həkimlərimiz ayaq üstə alqışlanıb. Bütün bunlar həm dövlətin, həm də cəmiyyətin bu peşənin sahiblərinə göstərdiyi dərin hörmət, ehtiram və qayğının nümunəsidir. Əminəm ki, bundan sonra da tibb işçilərimiz xalqımıza yüksək peşəkarlıq və vicdanla xidmət göstərəcəklər. Xalqımız da onların zəhmətini hər zaman yüksək qiymətləndirəcək”.
Millət vəkili Naqif Həmzəyev bildirib ki, koronavirusla mübarizədə ən böyük yük, məhz tibb işçilərinin üzərinə düşüb: "Ümumi evimiz olan yer kürəsi artıq bir neçə aydan çoxdur ki, topsuz-tüfəngsiz atəş açan "gözəgörünməz düşmən”lə - koronavirus pandemiyası ilə vuruşmağa məhkumdur. Dünyamız bu çətin sınaqdan çıxmaq üçün var gücü ilə mübarizə aparır. Bu mübarizənin ən böyük yükü tibb işçilərinin üzərinə düşdü. Müqəddəs və şərəfli peşə sahibləri, insanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq üçün gecə-gündüz fədakarlıqla mübarizə aparırlar. İnsanların sağlamlığını qorumaq missiyasını yerinə yetirən tibb işçilərimizin pandemiya dövründə göstərdikləri fədakarlıqlara xüsusi diqqət çəkmək istəyirəm. Könüllü gənclərimiz, hərbi qulluqçularımız, polis əməkdaşlarımızla yanaşı, cəsarətli tibb işçilərimiz fədakarlıqla vətəndaşların sağlamlığı keşiyində ayıq-sayıq dayandılar. Ağxalatlı qəhrəmanlar təkcə öz həyatlarını deyil, doğmalarının da həyatlarını təhlükə qarşısında qoyaraq, günlərlə, bəzən də aylarla işlərinin başında oldular”.
Sosioloq Lalə Mehralı deyir ki, pandemiya dövründə sözün əsl mənasında həkimlərimizin böyük fədakarlığının şahidi olduq: "Bəzən bəzi "həkim”lərin səhvi ucbatından cəmiyyətdə müxtəlif narazılıqların şahidi oluruq. Həkimlərimizin imici cəmiyyətimizdə zədələnmişdi. Halbuki, ölkəmizdə öz peşəsini layiqincə yerinə yetirən yüzlərlə peşəkar, savadlı və vicdanlı həkimlərimiz var. Belə bir dövrdə həkimlərin cəmiyyət üçün nə dərəcədə vacib olduğunu bir daha anladıq. Onlar bu mübarizdə cəsarətlə vuruşurlar. Hər birimizin ailəsində, yaxınlarında tibb işçiləri var. Onların bu müddət ərzində necə gərgin rejimlə, ağır şərtlər altında işlədiyini bir daha görmüş olduq. Əksər həkimlərimiz iki-üç ay öz ailəsində uzaqda qaldı. Bununla belə, hər bir tibb işçimiz xalqımızın sağlamlığının keşiyində layiqincə dayandı. Biz öz yaxınlarımıza görə nə qədər narahat olduqsa, həkimlərimiz bizim yaxınlarımıza görə daha artıq narahat oldu. Həkimlərimiz hər bir xəstənin qayğısına öz ailə üzvü kimi qaldılar. Onlar virusla mübarizədə xəstələrimizlə birgə çiyin-çiyinə vuruşdular. Bu mübarizədə bəzi həkimlərimiz, tibb bacılarımız var ki, özləri də virusa yoluxdu. Vəziyyətin gərgin olduğunun ən yaxın şahidi məhz onlardır. Bu mənada, hər bir tibb işçisinə xalqımız adından dərin təşəkkür edirik. Məhz onların belə əzmkar mübarizəsi sayəsində bu gün yüzlərlə, minlərlə virusa yoluxan xəstə öz sağlamlığına qovuşub”.
Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər