• cümə axşamı, 28 mart, 18:12
  • Baku Bakı 13°C

Çavuşoğludan Avropaya sərt ittiham

18.03.17 09:30 664
Çavuşoğludan Avropaya sərt ittiham
Türkiyə və Hollandiya arasında yaşanan diplomatik qalmaqal bütün Avropa qitəsinə sirayət etməkdə davam edir. Sözsüz ki, bu gərginlik ilk növbədə Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərin soyuması ilə əlaqədardır. Bu qalmaqalda "əsas skripka” rolunu çox böyük sayda türk mühacirlərin olduğu Almaniya oynayıb. Aİ-nin bu cür münasibəti Avropada miqrasiya böhranı ilə əlaqədardır və avropalılar türkiyəli siyasətçilərin seçkiqabağı açıqlamalarından təşvişə düşdükləri gün kimi aydındır. Belə bir mürəkkəb durumda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sərt bəyanatla çıxış edib və deyib ki, tezliklə Avropanı "din müharibələri” gözləyir. M.Çavuşoğlu Hollandiyanın baş naziri Mark Rattın yenidən seçilməsini şərh edərkən vurğulayıb ki, Rattla faşist adlandırdığı sağçı Girt Ualder arasında fərq yoxdur.
"Avropanı hara sürükləyirsiniz? Siz Avropanı disinteqrasiya etməklə yanaşı, onu uçuruma aparırsınız” - deyə Çavuşoğlu bildirib. M.Çavuşoğlu bildirib ki, onlar keçmişdə yüz il bir-birləri ilə müharibə etdikdən sonra ibrət dərsi alaraq, Avropa İttifaqını yaradıblar, lakin indi onu dağıtmaqla məşğuldurlar. Antalyada seçicilər qarşısında çıxış edən Çavuşoğlu deyib ki, Avropanı qara günlər gözləyir. Təhlilçilər qeyd edirlər ki, Türkiyənin xarici işlər nazirini ona Hollandiyada, türk icmasının mitinqində çıxış etmək icazəsinin verilməməsi qəzəbləndirib. Rotterdamda çıxış etməsi planlaşdırılan Çavuşoğlunun təyyarəsinə Hollandiyaya enmək qadağan olunmuşdu. Baş nazir Binəli Yıldırım isə artıq Avropanın siyasətini Türkiyəyə görə istiqamətləndirdiyini söyləyib. Baş nazir Çankırı şəhərində xalqa xitabən etdiyi çıxışda Hollandiyada ötən gün keçirilən parlament seçkilərinə toxunaraq deyib ki, Türkiyə bu seçkiləri də nizama qoydu: "Ölkəmiz daha bir müddət irqçiliyə Avropada mane oldu. Lakin ağlınızı başınıza yığın, bu qərəzli siyasətlər, Türk düşmənçiliyi, İslam qorxusu sizi doğru istiqamətə aparmaz. Bəzi ölkələrin "Avropa dəyərləri, azadlıq, insan haqları” dediyini, amma onların gərçək üzünün bir həftə içində görüldüyünü ifadə edən baş nazir bildirib ki, Almaniyanın, Hollandiyanın, İsveçrənin mövzu Türkiyə olduqda, anidən necə də diktator olduqlarını, necə qadağanedici qərarlara üz tutduqlarını gördük. Oralarda "yox” demək sərbəst, "hə” demək qadağandır. Bunların söz azadlığından, azadlıqdan, insan haqlarından başa düşdükləri ancaq bu qədərdir”. Avropa ölkələrinə xəbərdarlıq da edən Yıldırım deyib ki, bu edilənləri yaddaşımıza yazdıq, vablar verildi, verməyə də davam edəcəyik.
"Avropaya hər ay 15 min miqrant göndərək, ağılları çaşsın”. Bu sözləri isə Türkiyənin daxili işlər naziri Süleyman Soylu öz çıxışı zamanı söyləyib. "İstədiklərini öz tərəfdaşlarına etdirə bilmədilər. İndi isə başqa yollarla elətdirməyə çalışırlar. Hollandiya, Almaniya, biz bunları anlamırıq? Biz seçkiləri orada keçirmirik ki, oranın konstitusiyası dəyişsin. Bu, bizim daxili məsələmizdir, bundan sizə nə? Çox arzu edirsinizsə, sizinlə "geri göndərmə” müqaviləmiz var. İstəsəniz, hər aya sizə göndərmədiyimiz 15 min miqrantın yolunu açaq, ağlınız çaşsın" – deyə, o, bildirib.
Öz növbəsində, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Avropa Məhkəməsinin müsəlman qadınların baş örtüyünə aid qərarını kəskin tənqid edib: "Ar olsun, Avropa! Siz ilk dəfə olaraq xristian xaçı ilə müsəlman ayparasını toqquşdurdunuz”. Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rattın Türkiyəni dost kimi itirdiyini deyib. O, Avropa İttifaqını antiislamçılıqda günahlandırıb. Hollandiyada keçirilən parlament seçkilərində baş nazir Mark Rattın mərkəz sağçı VVD (Azadlıq və Demokratiya Naminə Xalq Partiyası) partiyası 150 mandatdan 31-ni qazanaraq, qalib gəlib. Anti-İslam təmayüllü Girt Uildersin Azadlıq Partiyası rəy sorğularının proqnozlaşdırdığı nəticələri əldə edə bilməyib. Vildersin partiyası başqa iki partiya ilə ikinci yeri bölüşür. Bu üç partiyanın hər biri 19 mandat qazana bilər.
Münasibətlər isə fərqlidir. Məsələn, təhlilçi İrem Köker yazır ki, Türkiyə tərəfinin bəyanatlarının arxasında hökumətin konstitusiya referendumunda güclü dəstək səfərbər etmək məqsədi dayanır. Təhlilçinin fikrincə, referendum kampaniyası üç əsas istiqamətdə aparılır. Birincisi, hökumətin insan haqlarına dair Avropadan səslənən tənqidlərə cavab vermək cəhdidir. AKP hökuməti bununla bildirmək istəyir ki, demokratiya Avropada da tənəzzül edir. Buna misal kimi Avropada öz islamofobiyası ilə tanınan ifrat sağ partiyaların yüksəlişi göstərilir. İkinci səbəb budur ki, həm Ərdoğan, həm də Çavuşoğlu "Avropa bizə qarşıdır” mövzusunu ictimai diskussiya mövzusuna çevirməklə, AKP tərəfdarlarını səfərbər etməyə çalışırlar. Üçüncüsü, Ərdoğan hökuməti ictimaiyyətdə belə bir təsəvvür yaratmağa çalışır ki, Avropanı Türkiyəyə ehtiram göstərməyə məcbur etmək istəyir. Beləliklə, gəlinən qənaət budur ki, 16 aprel referendumu yaxınlaşdıqca, türk siyasətçilərinin Qərb əleyhinə bəyanatları daha tez-tez və daha yüksəkdən səslənəcək.
Azər
banner

Oxşar Xəbərlər