Çavuşoğlu qırğız və tacik həmkarları ilə telefonla danışıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan və Tacikistanın xarici işlər nazirləri ilə telefonla danışıb.
M.Çavuşoğlu iki ölkə arasında imzalanan atəşkəs razılaşmasından Türkiyənin məmnun olduğunu ifadə edib.
APA-nın yeri bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, M.Çavuşoğlu qırğız həmkarı Ruslan Kazakbayev və tacik həmkarı Sirocidin Muhriddin ilə ayrı-ayrılıqda telefonla danışarkən bildirib ki, Türkiyə iki qonşu, qardaş ölkə arasında yaranan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.
Nazir deyib ki, ehtiyac olacağı təqdirdə Türkiyə hər iki ölkəyə dəstək verməyə hazırdır.
M.Çavuşoğlu iki ölkə arasında imzalanan atəşkəs razılaşmasından Türkiyənin məmnun olduğunu ifadə edib.
Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgəsinin sakinləri arasında qarşıdurma olub və bu, sərhədçilər arasında silahlı münaqişəyə çevrilib. Qarşıdurmada təxminən 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb. Rəsmi Bişkek silahlı insident nəticəsində Qırğızıstan tərəfdən 31 nəfərin həlak olduğunu, 150-dən çox insanın yaralandığını açıqlayıb.