• çərşənbə axşamı, 19 mart, 15:50
  • Baku Bakı 8°C

Avtostopla dünyanı gəzənlər - Reportaj

19.01.18 09:00 2691
Avtostopla dünyanı gəzənlər - Reportaj
Komfortlu deyil, çətin şəraitdə gəzməyi sevirlər, macəra axtarırlar, yeni insanlarla tanış olmaq, hekayələrini dinləmək istəkləri böyükdür. Çox pulla yox, mümkün qədər az məbləğlə, hətta maliyyə xərcləmədən gəzməyə üstünlük verirlər. Söhbət avtostopçulardan gedir. Dünyanı kəşf etmək üçün səyahət ən gözəl üsuldursa, onların söhbətinə şahid olanlar səyahətin ən gözəl üsulunu seçdikləri qənaətinə gələ bilərlər.

Bu səyahət növü ilə dünyanı gəzən digər ölkə vətəndaşları çoxdur. Bizdə hələ o qədər geniş sahə olmasa da, artıq bir neçə ildir yola çıxanlar var və sıraları genişlənməkdədir. Daha da çox olmaq, təcrübələrini bölüşmək üçün yeni yaradılan "Avtostop Azərbaycan" qrupu bu səyahət növü ilə yola çıxanları, arzusunda olanları bir araya gətirmək üçün ilk dəfə "Avtostopçuların görüşü”nü təşkil etdi. Biz də orda iştirak edənlərdən olduq.

Avtostop deyəndə çoxluq olaraq kişilərin bu səyahət növünə müraciət edəcəyi qənaətində olsaq da, görüşə gələnlər içərisində qadınlar da çox idi. Məkana daxil olarkən elə bir pozitiv abı-hava, deyib-gülmək eşitdim ki, gözəl xatirələrin çox olduğunu anladım.


"19 yaşımdan avtostopa başlamışam”

Sıra ilə hər kəs özünü təqdim edəcəkdi, lakin ilkin təqdimatı edən Lamiyə Ramazanovanın ürəyi dolu olduğu üçün, növbədəkilərin təqdimatını gözləmədən avtostopa başladığı tarixçəni bölüşdü: "22 yaşım var, avtostopla 33 ölkə gəzmişəm. 19 yaşımdan avtostopa başlamışam. 18 yaşımda Türkiyədə oxuyanda ilk dəfə qısa məsafəni avtostopla getmişəm, amma onu avtostop saymıram. Ordan sayıram ki, Litvada oxuyanda avtostopun qaydalarını bilmədən, nəsə yeni bir şey sınamaq istədim. İlk olaraq bir qızla Varşavaya avtostop etmək qərarına gəldik, yolda mindiyimiz maşının sürücüsü dedi ki, Almaniyaya gedir. Dedik elə, biz də ora gedək. Bununla avtostop həyatım başladı. Orda qızla ayrıldım və ondan sora avtostopla tək gəzmişəm. Sonra Parisə, Belçikaya, ordan bir də Almaniyaya, sonda Litvaya getdim. Heç bir təcrübəm yox idi, ingilis dili biliyim də zəif. Amma bu səfərlər alınırdı”.

Kasıb da sənə öz hekayəsini danışır, varlı da

Lamiyənin bu xatirəsindən ilhamlanan iştirakçıların təqdimatı daha pozitiv oldu. Hər kəs özünü təqdim etdi, avtostopla bağlı qısa təəssüratlarını bildirdi. Kimi ötən il başlayıb, kimi hələ başlamaq arzusundadır, kimi qonşu ölkələrə gedib, kimi artıq Avropanın bir çox yerində olub, kimi hələ ölkəmizdə təcrübəsini yoxlayır, kimi də hələ ki, dinləyir, qismət olsa, gedəcəyini dilə gətirir.

Xatirələrdən öncə avtostopun maraqlı tərəflərindən danışdılar. Deyirlər ki, bu səyahət növü ilə həm dilin, həm mədəniyyətin, dünyagörüşün inkişaf edir, həm də stereotiplər qırılır. Kasıb da sənə öz hekayəsini danışır, varlı da. Ağdərili də görürlər, qaradərili də. Müsəlmanla da tanış olurlar, digər dinlərin nümayəndələri ilə də. Gündüzlər avtostop etməyin daha məsləhətli və təhlükəsiz olduğu qənaətinə gəliblər. Həm də bu səfərlərin insanların tanımadığı adamlara da etibar etməyi öyrətdiyini deyirlər. Bəzən fərqli ölkədə doğma ailə münasibəti də görürlər. Xanımın tanımadığı bir kişinin maşınına minməyinin qəbuledilməz olduğu bir yanaşmaya öyrəşsək də, avtostop edən xanımlar bir çoxundan qardaş münasibəti, qayğısı gördüklərini deyirlər. Əksi olanda isə özlərini hərəkət edən maşından yerə də atıblar...

"14 ölkəni 2 ay yarıma fırlanıb Azərbaycana gəldim”

Gələk digər tarixçələrə... Nəriman Niftəliyevavtostopla gəzməyə ötən il başlayıb. İlk olaraq dünyanı velosipedlə gəzmək istəsə də, sonra bu fikrini dəyişməli olub: "Əslində, velosipedlə gəzmək istəyirdim. Velosipedimi Almaniyaya apardım ki, qayıdanda onunla gəlim. Sonra baxdım ki, velosipedlə yavaş gedirəm, həm də sağlamlığımda problem yarandı deyə, avtostop etməyə başladım. Almaniyadan çıxıb 14 ölkəni 2 ay yarıma fırlanıb Azərbaycana gəldim. İşlə bağlı indi tez-tez gedə bilmirəm. Ötən il səyahətdən qayıdanda istəyirdim qışqırıb hamıya deyim ki, gedib gəzin. Mən 29 yaşımda bu gözəlliyi kəşf etdim. Bu yaş isə ciddi öhdəliklər tələb edən bir vaxtdır”.

Pis təsir edən və bezdirici tərəfləri

Hər bir işin maraqlı tərəfi nə qədər çoxdursa, çətin tərəfləri də olur. Deyirlər ki, avtostop insandan gözüaçıqlıq tələb edir, ona görə ilk vaxtlarda çətinlik də çox olur. Amma danışıqlarından hiss etdim ki, bu çətinliklərin gözəl xatirələri daha çoxdur. Onlara ən pis təsir edən isə, sürücünün maşının saxlaması, oturmaq istəyəndə isə tez sürüb getməsidir. Bezdirici tərəfləri isə eyni hekayəni hamıya danışmağa məcbur olmaları, "Qorxmursan ki, üstünə silah çəkərəm?”, "Başına nəsə iş gələr” tipli fikirlərdir.


"Qocalmamaq üçün də avtostop, dağçılıq gözəl üsullardandır”

Azərbaycanla qonşu olan ölkələri gəzən, daha böyük bir səfərə hazırlaşdığını deyən görüşün təşkilatçısı 23 yaşlı Elvin Quliyevin də xatirələri çoxdur: "Türkiyənin 35 şəhərini gəzdim, 250 manat xərcim çıxdı. İlk 10 gün yeməyə, nəqliyyata pul vermədim. Bir az lüks gəzdim, telefonumu oğurlatdım, 5500 şəklim, xatirələrim içində getdi. Amma heyfislənmirəm, getməyə dəyərdi. Telefonumun oğurlanmağı ilə bağlı polisə müraciət etdim, onların telefonu tapması, yaxud telefonun tam pulunu qaytarmaları gec olacaqdı, qayıtmalı idim. 800 TL olan telefon əvəzinə 300 TL verdilər”.

Günəş xanım gənc qalmaq üçün avtostopun gözəl üsul olduğunu deyir: "Birinci avtostopu Qazaxa qədər Məsudla etmişik. İkincinə də İranı daxil etmək istəyirdik, alınmadı. Həvəskar dağçıyam. Uşaqlarım mənə deyib ki, sənə qocalmağa icazə vermirik. Qocalmamaq üçün də avtostop, dağçılıq gözəl üsullardandır”.

"Şantaj da ediblər, üstümə maşın da sürüblər”

Az pulla, özü də lap çətin şəraitlərdə avtostop etməyi sevən Eltac Zeynalov bildirdi ki, sol ayağında fiziki məhdudiyyəti olsa da, bu, ona dünyanı gəzməyə mane olmur. Deyir ki, avtostop edəndə üstünə silah da çəkiblər, maşın da sürüblər, şantaj da ediblər, üzünə də tüpürüblər: "Qonşu ölkələrin demək olar ki, çoxunu gəzmişəm, Avropa ölkələrində də olmuşam. Axırıncı dəfə üstümüzə silah dirəmişdilər, həyatımda ən güclü adrenalini onda yaşadım”.

Hətta bir dəfə Dolu Bəyaziddə PKK üzvləri ilə də qarşılaşdığını deyən Hüseyn İsanın da səfərlərində başına gəlməyən qalmayıb: "Elə olub ki, sürücü kişi mən maşına minəndə silahını çıxarıb göstərib, "ağıllı ol” deyib. Bir də 5 saat içində başıma gələnlərdən danışacam. PKK üzvləri ilə qarşılaşandan iki saat sonra avtostop çəkirdik. İrana girdik, yanımızda bir maşın saxladı. O vaxt sevgilim də yanımda idi. Qız mindi, mən çantaları qoyub minənə qədər maşını sürüb getdilər. Polisə dedim ki, qızın ailəsinin mənimlə bura gəldiyindən xəbəri yoxdur, indi haradan tapım onu? Dedi ki, heç nə olmaz qaytararlar. 10 dəqiqəyə qaytardılar. Adamın sürücülük vəsiqəsi yox imiş, polisdən qaçırmış. Təzədən bir maşın saxladı, içində iki nəfər vardı. Onlarla getdik, orda isə başqa bir macəra oldu. 15 TL ilə 6 həftə Türkiyəni gəzdim, 50 TL ilə evə qayıtdım. 20 manatla Türkiyəyə gedib-gəlmişəm”.


Növbəti səfərin məqsədi...

İnsanlarda güvənsizlik olduğu üçün avtostop etmək onlara elə də asan başa gəlmir. Başqa məqsədlərdən dolayı avtostop edənlərin də olması onların işini çətinləşdirir. Bəzən maşınını saxlayan olmayanda çox uzun yolu piyada getməyə məcbur olduqlarını dedilər...

Əslində xatirələr çoxdur, danışa bildikləri və bilmədikləri var. Amma təcrübələrini bölüşüb, xatirələrini danışdıqdan sonra növbəti səfərlərinin planını qurdular. Yanvarın 27-28-də Daşkəsənin Xoşbulaq kəndinə səfər etməyi planlaşdırdılar. Bu səfər ideyasını irəli sürən Günəş xanım sonra bizimlə söhbətində dedi ki, bu havada zirvəyə çıxmaq fikirləri yoxdur. Daşkəsəni, dağlıq, qar olan yeri seçməyinin bir səbəbi var. Deyir ki, üç alpinistimizin itkin düşməsindən sonra çox adamda dağlara, təbiətə qarşı bir küskünlük var. Bu səfərin məqsədi də həmin insanları təbiətlə barışdırmaq, dağçı dostları xatırlamaqdır.

"Avtostop hər yerdə eyni deyil”

Görüşün sonunda xatirə şəkli çəkdirdikdən sonra avtostopçuları bir araya gətirən Elvin Quliyevlə söhbətləşdik. Bildirdi ki, görüşü təşkil etməkdə əsas məqsəd Avropa və Asiyada avtostop təcrübəli şəxslərin öz təcrübələrini digərləri ilə bölüşməsinə şərait yaratmaq olub: "Avtostop hər yerdə eyni deyil, maşınların sizin üçün dayanmağı, insanların avtostop anlayışı, təhlükəsizlik və digər şeylər. Ancaq Azərbaycanda avtostop etmiş dostlarımız üçün lazımlı görüş olar deyə, düşündük. Digər məqsədimiz Azərbaycanda avtostop anlayışının düzgün təbliğatının aparılması idi. Bunun üçün də öncə özümüz bir araya gəlməli, müzakirələr etməli idik. Görüşdə bu yöndə bir çox təkliflər irəli sürüldü, buna bölgələrdə təbliğat xarakterli çıxışlar, Bakıda yerləşən ali məktəblərdə görüşlər, albom xarakterli kiçik kitabçalar buraxmaq və sair təkliflər daxil idi. Zənnimcə, buna az da olsa nail olduq. Növbəti görüş mart ayının sonları bölgələrimizdən birində kamp şəklində olacaq və ora hər kəsin avtostopla gəlməsi şərti qoyulacaq”.

Aygün Asimqızı







banner

Oxşar Xəbərlər