• cümə, 19 Aprel, 20:01
  • Baku Bakı 24°C

Avtoritar idarəçilik Müsavаtda daxili böhran yaradıb

06.09.13 09:15 1691
Avtoritar idarəçilik Müsavаtda daxili böhran yaradıb
Müsavat partiyasında uzun müddətdir ki, davam edən təşkilatdaxili ziddiyyətlər və qarşıdurmalar son günlər daha kəskin xarakterə doğru keçid almaqdadır. Xatırladaq ki, uzun müddətdən bəri öz qurultayını keçirə bilməyən partiyada daha öncələr də qarşılıqlı ittihamlar, iddialar baş qaldırıb. Belə ki, buna misal olaraq başqanlıq postu uğrunda qrup savaşlarını göstərmək mümkündür.
Təbii ki, belə hadisələrin yaşanmasına ilk səbəb məhz rəhbərliyin yürütdüyü naşı siyasət və avtoritar idarəçilik üsul-idarəsidir. Məsələn, artıq bir neçə ildir ki, başqanlıq postuna göz dikənlər qrup maraqlarından çıxışlar edirlər. Partiyanın Mərkəzi Aparatının rəhbəri Arif Hacılı, Ali Məclisin sədri Arzu Səmədbəyli, Müsavat başqanının müavini Gülağa Aslanlı bu sırada birincidirlər. Hələ 2011-ci ildə məhkəməsi dövrü Müsavat Partiyasına müraciət ünvanlayan Arif Hacılı qeyd etmişdi ki, başqanlıq postuna olan seçkilərdə özünü namizəd kimi görür. Həmin dövrlərdə Arzu Səmədbəyli müxalifət mediasına verdiyi açıqlamalarından birində öz iddiasını ortaya qoyaraq bildirmişdi ki, namizədi partiyanın Divanı müəyyən edəcək. Yəni burada da görünürdü ki, partiya daxilində yüksək posta sahib olmaq üçün qızğın münaqişələr səngimirdi. Məhz həmin dövrlərdə də partiya başqanı İsa Qəmbərin münasibəti susqunluqla müşahidə olуnurdru. Yəni hadisələrin belə getməsi ona sərf edirdi.
Bu gün də həmin hal davam edir. Məhz belə idarəçiliyin nəticəsidir ki, Müsavat partiyası daxilində son günlər növbəti qalmaqallar baş qaldırıb. Məsələ ondadır ki, qurumun Gənclər Təşkilatının sədrliyinə keçirilən seçkinin ləğvi sonradan növbəti qarşıdurmalar fonunda inkişaf edib. Onu da xatırlatmaq mümkündür ki, müsavatçı gənclərin Gənclər Təşkilatının sədrlik postu uğrundakı mübarizələri etikadan kənar səviyyədə cərəyan edib. Düzdür, müsavatçı fəallar bunu guya texniki xəta, yaxud da digər bəhanələrlə pərdələməyə cəhd göstərsələr də görünən budur ki, məsələnin kökündə İsa Qəmbər amili, yaxud müdaxiləsi mövcuddur. Bu isə həm də belə zəmin yaradır ki, partiyanın rəhbər strukturları həmçinin qeyri-demokratik ab-hava şəraitində digərlərini öz inhisarları altında saxlayırlar.
Çünki sədr seçimində növbəti bəhanələrdən biri də bəzilərinin həmin seçkilərdə iştirak etməməsi ilə bağlı olub. Bu zaman demək mümkündür ki, seçkilərdə iştirak etməyən tərəflər qərəzli olaraq seçkilərə buraxılmayıblar. İştirak edənlər isə söz yox ki, özlərinə yaxın olan rəhbər strukturların təlimatlarını uyğulayıblar. Belə olan təqdirdə isə nə demokratik seçimdən, nə də ki, azad səsvermədən danışmaq ümumiyyətlə, yersizdir.
Başqa tərəfdən, Müsavat partiyasının Gənclər Təşkilatının keçmiş sədri, Divan üzvü Tural Abbaslının son açıqlaması növbəti ziddiyyətli məqamlara səbəb olub. Belə ki, Abbaslı mətbuata verdiyi açıqlamalarının birində qeyd edib ki, əvvəlki namizədlər keçirilməsi planlaşdırılan yeni seçkilərdə iştirak etməyə bilərlər. Yəni nəticəsi ləğv olunmuş seçkidən sonra orada iştirak edənlərin qarşısı növbəti seçkilərdə zorən alınacaq. Bu faktor isə bütün mənalarda sübut edir ki, Müsavat rəhbərliyi anti-demokratik addımlar ataraq növbəti seçkilərin nəticələrini də öz xeyirləri, səmərələri istiqamətində istifadə edəcəklərini etiraf edirlər.
Bu arada onu da qeyd edək ki, partiyadaxili münaqişələr səngiməmiş, orada daha bir qarşıdurma situasiyası yaşanıb. Məhz sözüzgedən savaş da Müsavat Gənclər Təşkilatına keçirilən seçkilərin nəticələrinin Müsavat Divanı tərəfindən ləğv olunması məsələsinin müzakirəsi vaxtına təsadüf edib. Xatırladaq ki, avqustun 25-də keçirilən seçkilərdə sədrliyə iki nəfərin namizədliyi irəli sürülmüşdü - Rauf Məmmədli və Cavid Hacıbəyli. Seçkinin nəticələrinə görə C.Hacıbəyli 58 səslə 49 səs toplayan R.Məmmədliyə qalib gəlmişdi.
Ancaq sentyabrın 3-də Müsavat Divanı seçkilərdə texniki səhvlər olduğunu əsas gətirərək nəticələri ləğv edib. Növbəti müzakirələr zamanı isə tərəflər arasında qızğın mübahisə baş verib və bu sonradan davaya çevrilib. Məhz həmin dava zamanı Müsavat Gənclər Təşkilatının fəal üzvü, jurnalist Günel Rəhimli döyülərək, ciddi xəsarətlər alıb.
Maraqlı nüanslardan biri də vəziyyəti bu həddə qədər gətirib-çıxaran partiya rəhbərliyinin, xüsusilə də İsa Qəmbərin hadisələrə münasibət bildirməməsidir. Demək belə anlaşılır ki, bu olaydan xəbərdar olan Müsavat başqanı sadəcə yaxasını kənara çəkərək ona sərf edən vəziyyətdən yararlanır. Daha dəqiq desək İsa Qəmbər partiyadaxili böhranı əldə saxlamaqla yanaşı, həm də öz postunu qoruyur. Ancaq avtoritar idarəçilik və anti-demokratik yollarla.
Rövşən
banner

Oxşar Xəbərlər