• cümə axşamı, 25 aprel, 02:00
  • Baku Bakı 19°C

Avtomobili yaxşı idarə et, birini də hədiyyə qazan

09.08.19 09:30 5399
Avtomobili yaxşı idarə et, birini də hədiyyə qazan
Dubay polisi yol hərəkəti qaydalarına vicdanla riayət etdiyinə görə Əmirliklərin vətəndaşı Saif Al-Svediyə yeni avtomobil hədiyyə edib. AZƏRTACDubay Polis İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, Saif Al-Svedi özünün qüsursuz sürməyi ilə asayiş keşikçilərinin maraq dairəsinə düşüb. Bu səbəbdən onun yeni avtomobillə mükafatlandırılması barədə qərar qəbul edilib. Polis nümayəndələri onun evinə gedib və bahalı hədiyyəni nümunəvi sürücünün ailəsinə təqdim ediblər. Çünki həmin vaxt Saif Al-Svedi ölkə xaricində olub.
Polis nümayəndəsi Məhəmməd Saif Al-Zafin bildirib ki, yollardakı videomüşahidə qurğularının göstəricilərinə əsasən, Al-Svedi bir dəfə də olsun yol hərəkəti qaydalarını pozmayıb və o, qiymətli hədiyyəyə Əmirliklərdə bu kimi insanları mükafatlandırmaq üçün fəaliyyət göstərən "ağ işarələr sistemi” çərçivəsində layiq görülüb. Polis nümayəndəsi bütün sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə çağırıb. Qeyd edib ki, yeni avtomobil kimi mükafatlar polisdə o qədər də çox deyil. Lakin bütün sürücülərin Dubayda yol hərəkəti qaydalarına riayət etməsinə əlavə stimul yaratmaqdan ötrü bəzi hallarda sürücüləri belə mükafatla təltif edirlər.
Maraqlıdır, bizdə heç bir qayda pozuntusuna yol verməyən sürücüləri motivasiya etmək üçün hansı işlər görülür, ümumiyyətlə, elə sürücülər varmı?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bizim ölkəmizdə də qayda pozuntusuna yol verməyən sürücülərin mükafatlandırıldığını deyir: "Əslində, uzun müddətdir ki, bu mövzuda təkliflər irəli sürülür. Belə ki, il ərzində xidmətdə qayda pozuntusu etməyən yol polisi əməkdaşları mükafatlandırılır. Eyni zamanda yol polislərinə təklif etmişdik ki, bir-iki il ərzində yol hərəkəti qaydalarında xəta etməyən sürücüləri də mükafatlandıraq və biz cari ildə bu yeniliyi etdik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərovun və mənim imzamla 12 sürücüyə diplom və müxtəlif şirkətlərin təqdim etdiyi qiymətli hədiyyələri verdik. Həmin diplomda bu sürücülərin 2 il ərzində heç bir qayda pozuntusuna yol vermədiyi qeyd edilirdi. Yəni, o adamların adına heç bir cərimə yoxdur, biz bunu mərkəzi məlumat bazasında yoxladıq. Bizim bu addımımız çox yaxşı qarşılandı, sürücülər üçün də maraqlı oldu. Düşünürəm ki, bunun özü böyük motivasiyadır. Həmin sürücülər də aldıqları diplomu, hədiyyələri sosial şəbəkə profillərində paylaşdılar. Nəticədə, bu addım geniş auditoriyaya çatdı. Növbəti ildə bir az da geniş səpkidə bunu davam etdirməyi düşünürük. Yəqin ki, belə mükafatlandırılmaq üçün digər sürücülər də qayda pozuntusuna yol verməməyə çalışacaqlar. Biz çox istərdik ki, həqiqətən nümunəvi sürücülərimizin sayı günü-gündən artsın. Yol polisi bu ənənəni davam etdirsə, biz də buna dəstək olarıq. Hesab edirəm ki, gələn il yay aylarında yenə belə bir müsabiqə elan edəcəyik. Hədiyyə məsələsinə gəlincə, isə Dubay kifayət qədər zəngin şəhərdir, onların verdiyi bahalı hədiyyə kimisini verə bilmək imkanımız yoxdur. Bəlkə hansısa avtomobil şirkəti reklamı üçün bu jesti edə bilər. Amma Dövlət Yol Polisinin belə hədiyyə vermək fikri yoxdur”.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, kifayət qədər sürücümüz var ki, nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarına tam əməl edirlər: "İnzibati xətalara görə yazılmış elektron protokolların sayına baxsaq, bu, təxminən 1 milyondan azdır. Qaydaları pozma faktı bütün sürücülərə şamil edilmir. Ola bilər ki, bir sürücü daha çox xəta törədib. Digər tərəfdən rəsmi statistikaya nəzər salsaq, 4 milyondan çox vətəndaşın sürücülük vəsiqəsi olduğu bildirilir. Təbii ki, həmin şəxslərin hamısının maşını yoxdur, amma sürənlər də az deyil. Ölkəmizdə yol hərəkəti qaydalarına uyğun maşın idarə edənlər əksəriyyət təşkil edir. O ki qaldı qeyd etdiyiniz hədiyyə məsələsinə, açığı, Dubayda bu seçimin hansı prinsiplərə uyğun aparıldığından xəbərdar deyiləm, amma bilirəm ki, orada da kifayət qədər qayda pozuntusu edən sürücü var. Ola bilsin ki, bu, reklam xarakterli bir addım olub. Ölkəmizə gəlincə isə, düşünürəm ki, motivasiya məsələləri gündəmdə saxlanılmalıdır. Çünki biz daha çox qaydaları pozan sürücülərdən danışırıq, amma yaxşı olar ki, yol hərəkəti qaydalarına əməl edən şəxslərlə bağlı da müəyyən stimullaşdırıcı işlər görülsün. Hər kəsə bəllidir ki, Dövlət Yol Polisi İdarəsi zaman-zaman bəzi aksiyalar keçirdir. Məsələn, 8 Mart günündə avtomobili qayda pozmadan idarə edən xanımlara gül və digər hədiyyələr verirlər. Bundan başqa, hansısa qeyri-hökumət təşkilatları və ya icra qurumu 200, 500 sürücü arasında müəyyən qiymətləndirmə apararaq daha səliqəli, diqqətli maşın sürən şəxsə müəyyən hədiyyələr təqdim edir. Stimullaşdırıcı digər bir fakt isə sığorta sahəsində mövcuddur. Məsələn, nəqliyyat vasitəsinin icbari sığortası zamanı şirkət sistemdə həmin şəxsin adına inzibati xətanın olub-olmadığına baxır və son bir il ərzində heç bir qayda pozuntusu olmadığını görəndə, sürücüyə müəyyən güzəştlər tətbiq edilir. Bunlar hamısı öz yerində, amma ümumilikdə bu istiqamətdə görülən işlər azdır. Yaxşı olar ki, bu stimullaşdırıcı tədbirlərə servis xidmətləri, yanacaq doldurma məntəqələri də qoşulsun. Ümid edirəm ki, bu yazı dərc edildikdən sonra aidiyyatı qurumlar bu istiqamətdə müəyyən işlər görəcəklər. Çünki onlar onsuz da reklama kifayət qədər böyük vəsait xərcləyirlər, amma bu kimi işlər reklamın qazandırdığından daha çox divident gətirir”.

Günel Azadə
banner

Oxşar Xəbərlər