• cümə, 19 Aprel, 02:44
  • Baku Bakı 18°C

Avtomobil istehsalı sənayenin daha sürətlə inkişafına səbəb olur - Fotolar

08.11.17 13:30 7000
Avtomobil istehsalı sənayenin daha sürətlə inkişafına səbəb olur - Fotolar
Maşınqayırma sənayesi iqtisadiyyatın ağır sahəsi sayılır. Bu sahə özü-özlüyündə yüzdən çox ayrı-ayrı istehsallar, sahələr, yarımsahələr, elmi-texniki komplekslərdən ibarətdir. Daimi iş yerlərinin yaradılmasında, yeni məhsulların bazara çıxarılmasında, ölkə iqtisadiyyatının güclənməsində, dövlətin iqtisadi müstəqilliyinin artmasında, hərbi cəhətdən güclü olmasında maşınqayırmaya alternativ sahə yoxdur. İqtisadiyyatın bu ağır sənaye növündə nəqliyyat maşınqayırması xüsusi yer tutur ki, bu sahəyə də avtomobil və gəmiqayırma zavodları aid edilir. Hazırda Azərbaycanda belə zavodlar mövcuddur. Bunlar Bakı Gəmiqayırma Zavodu, Gəncə, Naxçıvan avtomobil zavodları və Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodudur.

2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Bakı Gəmiqayırma Zavodu Qaradağ rayonunda yerləşir. Ən müasir standartlara cavab verən bu zavod Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayır. Zavod ildə 25 min ton metal konstruksiya istehsal etmək gücünə malikdir. İstehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürməqabiliyyəti olan iki tanker və dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkündür. Hazırda bu zavod Xəzər dənizində istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.
Nəqliyyat maşınqayırmasına aid edilən digər bir müəssisə Gəncə Avtomobil Zavodudur. Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 1986-cı ildə əsası qoyulmuş bu zavodunun istehsal gücü layihəyə əsasən 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdı. Layihəyə görə, müəssisənin tikintisi 1989-cu ilin sonlarına qədər başa çatdırmalı idi. Lakinsovetlər birliyinin dağılması nəticəsində zavodun tikintisi yarımçıq qalıb. Yalnız 2004-cü ilin dekabrında Gəncə avtomobil zavodunu işə salmaq mümkün olub və müəssisədə yığımdan keçən ilk avtomobil istismara buraxılıb. Həmin vaxtdan indiyə qədər Gəncə Avtomobil Zavodunda müxtəlif ölkələrin istehsal müəssisələri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinə uyğun olaraq, VAZ 11113 "OKA”, "UAZ”, "KaMAZ”, "URAL” (Rusiya), "Can Qan” (Çin), MAZ (Belarus) markalı minik və yük avtomobilləri, "Belarus” markalı traktorlar istehsal olunub. Hazırda da zavodda fəaliyyətini davam etdirilir və burada yük avtomobilləri, traktorlar istehsal olunur.

Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyət göstərir. 2009-cu ilin may ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "Chongqing Lifan Industry (Group) IMP. & EXP. CO., LTD.” Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalanıb. Bu sazişə əsasən də Naxçıvanda "Lifan” markalı minik avtomobillərinin yığımı təşkil olunub. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb.İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə "NAZ-Lifan” markası ilə istehsal olunan avtomobillər ilk vaxtlar baqaj hissəsi salonda olan (xeitçbek) "320” və baqaj bölməsi salondan kənarda yerləşən (sedan) "620” modellərindən ibarət olub.Zavodda 2011-ci ildə yeni "NAZ-Lifan X-60” modelinin istehsalı üçün konveyer xəttində müəyyən dəyişikliklər aparılıb, 2012-ci ilin yanvar ayından etibarən "NAZ-Lifan X-60” modelinin kütləvi istehsalına başlanılıb. Həmçinin müəssisəyə təcrübə-sınaq məqsədilə 2012-ci ilin sonunda kiçik partiyada 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub. 2013-cü ilin oktyabr ayında "NAZ-Lifan-620” model avtomobillər avtomatik sürət qutusu ilə təchiz edilərək satışa çıxarılıb. 2014-cü ildən "NAZ-Lifan” markalı avtomobillərin "330”, "630” və "720” modellərinin kütləvi istehsalına başlanılıb. Sonradan istər texniki göstəriciləri, istərsə də keyfiyyət baxımından daha komfortlu "NAZ-Lifan” markalı avtomobillərin "NAZ-Lifan X-50”, "NAZ-Lifan-820” modelləri istehsalına başlanılıb. Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə hazırda 6 modeldə "NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edilir. Zavod ildə 5000 ədəd avtomobil istehsal etmək gücünə malikdir.

Ölkəmizdə bu cür istehsal müəssisələrinin yaradılmasının davamı olaraq, Prezident İlham Əliyevin 2014-cü ildə Neftçalaya səfəri zamanı verdiyi tapşırığa və 2015-ci ilin fevralında imzaladığı müvafiq Sərəncama əsasən Neftçala rayonunda sənaye məhəlləsi həyata vəsiqə alıb. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri "Azərmaş” ASC - "İran Khodro” birgə avtomobil zavodudur. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir.
Müəssisədə "İran Khodro” şirkəti 25 faizlik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda "Runna”, "Samand”, "Soren”, "Dena”, "Peugeot-206”, "Peugeot-207”, "Renault-Tondar”, "Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. Rəsmi məlumatlara görə, artıq bu model avtomobillərdən yerli bazarda 4 min ədəd satılıb. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Ümumi investisiya dəyəri 24 milyon manat olan müəssisəyə verilən İnvestisiya Təşviqi Sənədi hesabına təqribən 2 milyon manata qənaət edilib. Müəssisədə 300 nəfər işlə təmin ediləcək. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi istehsal və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır. Zavodun 2017-ci ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədovbütün bu zavodların Azərbaycan iqtisadiyyatına gətirdiyi fayda barədə qəzetimizə açıqlamasında bildirib ki, istənilən ölkənin tərəqqisində sənayenin inkişafının mühüm rolu var. Millət vəkili deyib ki, hər şeydən öncə sənaye mədəniyyət, yeni iş yerləri deməkdir. Bununla yanaşı, sənayenin inkişafı digər sahələrin inkişafına da ciddi təkan verir. Komitə üzvünün sözlərinə görə, Azərbaycanda da aqrar islahatların həyata keçirilməsinin, bu sahədə bir sıra vacib addımlar atılmasının ardınca, sənayenin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılıb: "Azərbaycanın müxtəlif regionlarında sənaye parklarının, məhəllələrinin tikilməsi buna əyani misaldır. Bu çərçivədə Gəncə, Naxçıvan, Neftçala avtomobil zavodlarının tikintisi də iqtisadi baxımdan böyük hadisədir. Düzdür, hələlik ölkəmizdə istehsal olunan avtomobillərin müəyyən hissələri xaricdən gətirilir. Ancaq arzuolunandır ki, gələcəkdə daxili və xarici bazara çıxaracağımız avtomobillərin bütün hissələri Azərbaycanda istehsal olunsun. Bunun üçün ölkəmizin bazası, potensialı var. Sovetlər İttifaqı dövründə balaca mühərriklərdən başlamış böyük avadanlıqlara qədər Azərbaycanda istehsal olunur, müxtəlif ölkələrə satılırdı. Bu, həmin Azərbaycandır. Müstəqillik illərimizdə xaricə ixrac edə biləcəyimiz hər bir məhsul ölkəmizin büdcəsinə əlavə gəlirlər gətirir. Bu isə iqtisadiyyatın inkişafına, dövlətin güclənməsinə, ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşmasına gətirib çıxarır. Ona görə də ölkəmizdə sənaye komplekslərinin, o cümlədən avtomobil zavodlarının yaradılmasının böyük əhəmiyyəti var”.

İqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi Əli Əlirzayev də hesab edir ki, ölkədə istənilən istehsal müəssisəsinin, həmçinin də maşınqayırma sənayesinin yaradılması, yeni zavodların açılması iqtisadi baxımdan mühüm hadisədir: "İlk növbədə ona görə ki, yeni müəssisə, zavod yeni iş yerlərinin açılması deməkdir. Bununla yanaşı, istehlak bazarı, alqı-satqı təmin olunur, rəqabət mühiti yaranır. Yüz milyonlarla vəsaitin ölkə xaricinə axınının qarşısı alınır. Konkret olaraq avtomobil zavodlarına gəldikdə isə, yeni zavodların açılması avtomobil sektorunda tələbat nəzərə alınmaqla həyata keçirilir. Bu sahədə bazanın yaradılması illər keçdikcə avtomobil istehsalının güclənməsinə, yeni növ avtomobilin – rəqabətə davamlı məhsulun ortaya çıxmasına səbəb olur. Bunun üçün də istehsal edəcəyimiz avtomobil keyfiyyətli olmalı, rəqabətə davam gətirməli, alıcılar üçün əlçatan, tələbata uyğun olmalıdır. Bu şərtlər əsasında istehsal getdiyi halda avtomobil zavodlarının yaradılmasının, ölkəmizdə avtomobil istehsal olunmasının böyük sosial-iqtisadi əhəmiyyəti var. Birinci mərhələdə istehsal olunacaq avtomobillərin ehtiyat hissələri xaricdən gətiriləcək, Azərbaycanda yığılacaq ki, bu da özlüyündə müsbət hadisə kimi qiymətləndirilməlidir. Çünki, bu da yeni iş yerlərinin açılması ilə müşayiət olunur”.

İqtisadçı alim bizimlə söhbətində vurğulayıb ki, istehsal naminə istehsal sahəsi yaratmaq doğru olmaz: "Çalışmaq lazımdır ki, keyfiyyət amilinə diqqət yetirilsin, yerli avtomobil münasib qiymətə satışa çıxarılsın, həm ölkə daxilində, həm də xarici bazarda rəqabətə davamlı olsun. Zaman keçdikcə isə həmin avtomobilin bütün hissələrinin ölkədə istehsal olunmasına çalışmaq lazımdır. Azərbaycanda bacarıqlı ustalar, çilingərlər olduğu halda, onların potensialından yararlanmaq ən doğru addımlardan biridir. Yəni, avtomobilin ayrı-ayrı hissələrinin istehsal edilməsi üçün ölkəmizdə qabiliyyətli insanlar çoxdur. Belə adamlara meydan vermək, onların işləməsinə şərait yaratmaq lazımdır. Avtomobil zavodlarının fəaliyyətə başlaması bu baxımdan olduqca mühüm addımdır”.

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri, sabiq maliyyə naziri Fikrət Yusifovda Azərbaycanda üç avtomobil zavodunun mövcudluğunu çox yaxşı hal kimi dəyərləndirib. O, qəzetimizə açıqlamasında bildirib ki, bununla öz ölkəmizin istehsalı olan avtomobillərdən kütləvi şəkildə istifadə edə bilmək imkanları qazanırıq: "Yeni yaranan avtomobil istehsalı sənayesinin daha sürətlə inkişaf etdirmək məqsədilə hökumətin bir sıra zəruri addımlar atması vacibdir. Yerli avtomobil istehsalını inkişaf etdirməyin bir yaxşı yolu bu sahədəki vergi siyasətini dəyişməkdən keçir. Hesab edirəm ki, daxili bazarı qorumaq məqsədilə ölkəmizə idxal olunan xarici avtomobillərə tətbiq edilən aksiz vergilərini bir neçə dəfə artırmağın vaxtı çatıb. Bu sahədə qonşu İran və Türkiyə ölkələrində kifayət qədər yaxşı təcrübə mövcuddur. Hər üç zavod Azərbaycan iqtisadiyyatına bu yolla çox dvidentlər verə bilər. Digər tərəfdən idxal olunan xarici avtomobillərə aksiz vergilərinin dediyimiz şəkildə artırılması yeni avtomobil zavodlarının tikintisi üçün də bir stimul rolunu oynayacaqdır”.

Sonda qeyd edək ki, beynəlxalq aləmdə maşınqayırma ölkənin iqtisadi gücünün barometri kimi qiymətləndirilir. Maşınqayırmanın səviyyəsinə görə, ölkənin sosial-iqtisadi inkişafı haqqında fikir yürüdülür. Hətta belə bir deyim var ki, maşınqayırması yaxşı olan ölkənin inkişaf səviyyəsi də yüksək olur. Məhz bu səbəbdən sənaye cəhətdən inkişaf etmiş ölkələrin iqtisadiyyatında aparıcı mövqe maşınqayırmaya, həmçinin onunla əlaqədar olan istehsal və sosial infrastrukturlara məxsusdur. Sevindirici haldır ki, maşınqayırma sahəsində sovetlər birliyi dövründən Azərbaycanda formalaşan ənənə bu gün Gəncə, Naxçıvan və Neftçala avtomobil zavodlarının timsalında müasir dövrün tələbləri səviyyəsində daha da inkişaf etdirilir.

Rufik İSMAYILOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi müsabiqəyə təqdim edilir

banner

Oxşar Xəbərlər