Avtomobil bazarında qiymətləri qaldıran alverçilərdir
Bu ilin iyul
ayında Azərbaycanın avtomobil bazarında avtomobillərin orta qiyməti 38 817
manat təşkil edib. Bu barədə Trend-ə "MBA Group" konsaltinq
şirkətinin direktoru Nüsrət İbrahimov məlumat verib. Onun sözlərinə görə,
2019-cu ilin əvvəlindən avtomobil bazarında qiymətlər 34 faiz artıb: "Qiymət
artımı ilin əvvəlində avtomobil idxalına aksiz vergisinin dərəcəsinin
artırılması səbəb olub. Eyni zamanda, ötən illə müqayisədə avtomobil bazarında
fəallığın azalması müşahidə olunur. Bazarda təklif tələbi əhəmiyyətli dərəcədə
üstələyir. Hesab edirəm ki, yaxın aylarda yüksək tələbatla əlaqədar olaraq
kiçiklitrajlı avtomobillərin qiymətində azalma gözlənilmir. Böyük ehtimalla,
irihəcmli və qiyməti yüksək olan avtomobillər ucuzlaşacaq”.
Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?
Günel Azadə
N.İbrahimov
bildirib ki, 2019-cu ilin iyul ayında iyunla müqayisədə böyükhəcmli
avtomobillərin qiyməti 0,99 faiz azalıb, kiçiklitrajlı avtomobillərin qiyməti
isə 3,8 faiz artıb: "Avtomobil bazarında dizel mühərrikli avtomobillərə marağın
azalması müşahidə olunur. Əksər hallarda müştərilər KIA, "Hyundai”, "Toyota”
markalarına üstünlük veriblər. Ötən ay bahalı avtomobillərin (əsasən "Land
Rover” şirkətinin avtomobilləri) orta qiyməti 400 min manatdan çox olub, az büdcəli
avtomobillərin (əsasən 1984-cü il istehsalı olan VAZ) orta qiyməti isə 1800
manat təşkil edib”.
Ekspert əlavə
edib ki, "Peugeot” markalı avtomobillərin münasib qiymətlərinə (ortalama 16 min
manat) baxmayaraq, bu nəqliyyat vasitələri Azərbaycanda kifayət qədər populyar
deyil. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?
Avtomobil məsələləri üzrə ekspert Eldəniz Cəfərov avtomobil bazarı anlayışının geniş olduğunu və bazardakı qiymət
haqqında fikir söyləmək üçün bütün satış platformalarını təhlil etmək lazım
olduğunu deyir: "Açığı, keçən həftənin araşdırmasına əsasən bazarda qiymət
stabildir. Yəni, ciddi, nəzərəçarpacaq artım yoxdur. Bilirsiniz, avtomobil
bazarı geniş anlayışdır, burada yalnız maşın bazarlarında olan qiymət nəzərdə
tutulmur. Maşın bazarına gedib ümumi qiymətlərlə maraqlanıb avtomobil bazarı
haqqında konkret bir fikir demək düzgün deyil. Günümüzdə maşın alğı-satqısı
müxtəlif platformalardan həyata keçirilir. Satış avtomobil salonlarında, maşın
bazarlarında, bir də onlayn satış saytlarında elanların yerləşdirilməsi ilə baş
tutur. Avtomobil bazarı haqqında danışarkən bu sadaladıqlarımı da kompleks
şəklində nəzərə alıb, həm birinci, həm də ikinci əl maşın bazarını araşdırıb,
müəyyən təhlillər apardıqdan sonra artım və ya azalma olduğunu deyə bilərik, sırf
bazardakı qiymətə yönlənməməliyik. Maşın bazarı elədir ki, insanlar buradan
gəlir əldə etmək məqsədi ilə istifadə edir. Yəni, elə şəxslər var ki, artıq
müntəzəm olaraq alğı-satqı ilə məşğuldur. Bunlar süni qiymət artımına səbəb
olurlar. Amma ümumi bazarda fərdi şəxslər öz maşınlarını normal qiymətə satışa
çıxarırlar. Bu istiqamətdə avtomobillərin qiyməti yüksəlməyib. Yeni
avtomobillərdə qiymət artımından isə ümumiyyətlə danışa bilmərik. Çünki onların
qiymətini rəsmi distribüterlər tənzimləyir. Bu avtomobillərin qiyməti dövlət
rüsumları yüksələndə artır. Payızda da yüksəlmə gözlənilir demək olmaz. Birinci
əl bazarda yüksəlmə gözlənilmir. Çünki bu ilin sonuna qədər hər hansısa dövlət
rüsumunun qalxması haqqında məlumatlı deyilik. Dövlət rüsumunda yüksəlmə
olmasa, yeni avtomobillərin qiymətində də artım müşahidə edilməyək. Çünki
ölkəyə maşın gətirən şirkətlər də qiymət artımında maraqlı deyillər. Onlar
qiymətin rəqabətə uyğun olmasını və məhsulun satılmağını istəyirlər”.
Qiymətlərdə
yüksəlmə müşahidə edilmədiyini deyən ekspert qeyd edir ki, tək-tük adamlar ola
bilsin maşın bazarında məhsulu baha qiymətə deyib, süni qiymət artımına səbəb
olsunlar: "Lakin onun deməyi ilə deyil, bazar qiymətləri özü tənzimləyir. Həmin
satıcı da son məqamda məcbur olaraq bazara uyğun satış edir. Deməzdim ki,
azalma var. Hazırda qiymətləri liberal saymaq olar. Son olaraq yenə də qeyd
edirəm ki, yeni avtomobil bazarında ən azı ilin sonuna qədər yüksəlmə
gözlənilmir. İkinci əl maşın bazarında isə qiymətlər stabildir, kəskin artım
müşahidə edilmir”.
Avtomobil sahəsi üzrə ekspert Eyyub Əliyev bildirir ki, son dönəmlər ikinci əl maşınlara maraq artıb: "Hazırda
satış əvvəlki dönəmə nisbətən yaxşıdır. İyun, iyul ayları avtomobil şirkətləri
üçün çox yaxşı oldu. Avqust ayı isə həm devalvasiyadan əvvəl, həm də sonra
həmişə sönük keçib. Çünki həmin dövrdə insanların başı istirahətə qarışır, çoxu
pulunu o istiqamətdə xərcləyir. Amma sentyabrdan mövsümü olaraq bazar yenidən
canlanacaq. İkinci əl bazarda bir məsələni müşahidə etmişəm ki, insanlar müəyyən
şirkətlərin lizinqdə olan avtomobillərini satmağa çalışırlar. Daha çox nağd pula
maşın almaq istəyirlər. Yəni, köhnə olsun, amma nağd olsun deyirlər. Bəziləri aylıq
qazanclarının bir hissəsini maşına ödəməkdən beziblər. Demək olar ki, köhnə
maşınlara tələbat artıb. Ona görə də ikinci əl bazarda cüzi qiymət yüksəlməsi
olub”.
Ekspertdən
dizel mühərrikli avtomobillərə marağın azalma səbəbini də soruşduq. O bildirdi
ki, sürücülərin bizim dizeldən ciddi şikayətləri var: "Bizdə avro dizel
olmadığı üçün sürücülər narazılıq edir. Amma SOCAR-ın prezidenti bu problemin
2020-ci ildən həll olunacağını qeyd edib. Həmçinin dizel mühərrikli
avtomobillərdə problemlər olur və onların ehtiyat hissləri bir qədər baha başa
gəlir. Yanacaq baxımdan qənaətcil olsalar da, ehtiyat hissələrinin
bahalılığından sürücülər həmin maşınlara üstünlük vermirlər”.
Günel Azadə