• çərşənbə axşamı, 23 aprel, 21:51
  • Baku Bakı 20°C

Avtobuslarda cibimiz əldən gedir... Araşdırma

20.12.13 10:39 1621
Avtobuslarda cibimiz əldən gedir... Araşdırma
Son zamanlar ictimai nəqliyyatda “işləyən” cibgirlər fəallaşıb. Bu barədə çox yazılıb-deyilsə də, el arasında “qızılbarmaq” adlandırılan cibgirlər ictimai nəqliyyatlarda, əhalinin sıx olduğu yerlərdə at oynadırlar. Xüsusilə bu aralar cibgirlik kuliminasiya həddinə çatıb desək, yəqin ki, yanılmarıq.
Təsadüfi deyil ki, avtobusların çoxunda “özünüzü cibgirlərdən qoruyun!!!”, “İtən əşyalara sürücü cavabdeh deyil” kimi elanlar da yerləşdirilib. Lakin bu, problemi həll etmir. Cibgirlər rahatca, çəkinmədən sərnişinlərin ciblərinə əl uzada bilirlər...
14, 199, 207 saylı marşrutlarda baş verənlər
“Qızılbarmaqlar”dan nəsibini alan sərnişinlərdən biri Ülkər Əkbərlidir. Ülkər bizimlə söhbətində bildirdi ki, bu hadisə onun başına 14 nömrəli marşrutda gəlib: “Marşrut həmişə olduğu kimi, həmin gün də basabas idi. Heydər Əliyev Mərkəzinin yanında saxladı və camaat bir az da sıxlaşmağa başladı. Mən də ayaq üstə dayanmışdım. Bu zaman hiss etdim ki, çantamı kimsə dartır. Öncə fərqinə varmadım, fikirləşdim ki, yəqin sıxlığa görə oldu. Çantamı çəkmək istəyəndə, orta yaşlı bir kişinin pul kisəmi götürdüyünü gördüm. Arxasınca qaçsam da, ona çata bilmədim”.
Belə üzücü hal ilə Gülnar İbrahimova da qarşılaşıb. Gülnarın sözlərinə görə, onun pul kisəsi oğurlanan zaman marşrutda daha 5 nəfər oğurluğa məruz qalıb: “Gənclikdən Xırdalana gedərkən 199 nömrəli marşrutda bu hadisə başıma gəlib. Saat haradasa səhər 8-9 olardı. Sürücüyə yolpulunu vermək istəyəndə pul kisəmi tapa bilmədim. Həmin vaxt marşrutda çaxnaşma yarandı, sən demə, bir neçə nəfərin əşyaları oğurlanmışdı. Maraqlısı isə odur ki, pul kisəm çantamın içində çox çətin yerdə idi. Onu necə götürüblər ki, mən hiss etməmişəm? Hələ də bu sual ətrafında fikirləşirəm”.
“Cibgirlərə sürücülər şərait yaradır”
Bəzi insanlar isə iddia edirlər ki, avtobuslarda “fəaliyyət göstərən” cibgirlər sürücülərlə əlbir olurlar. Yəni avtobus sürücüləri cibgirlərə “qızıl əllərini” işə salmaq üçün şərait yaradırlar. Belə düşünən sərnişinlərdən biri də İlhamə Xankişiyevadır. O, iddia edir ki, onun başına belə hadisə gələrkən sürücü buna şərait yaradıb: “207 nömrəli marşrutla “Binə” ticarət mərkəzindən şəhərə doğru gəlirdim. Ayaq üstə dayanmışdım. Bu zaman orta yaşlı kişi basabasdan istifadə edib məni sıxışdırmağa başladı. Əvvəlcə başa düşmədim. Amma pul kisəmi çantamdan çıxaranda hiss elədim və kişini saxlamağa çalışdım. Cibgir avtobus sürücüsünə “saxla” deyən kimi dayanacaqdan kənar olmasına baxmayaraq, avtobusu saxladı və o düşən kimi qapıları bağladı. Nə qədər “qapını aç, mən də düşürəm” deməyimə baxmayaraq, “dayanacaqdan kənarda saxlamaq olmaz” dedi və oğrunun pul kisəmi götürüb qaçmasına səbəb oldu”.
Cibgirlərin “iş” saatı
Bəs cibgirləri necə tanımaq olar? Onlardan qorunmaq üçün nə etmək lazımdır?
Ekspertlərin bildirdiyinə görə, indiki cibgirlər geyimlərindən, davranışlarından heç də oğru təsəvvürü yaratmırlar. Əksinə, şübhələri üzərindən götürmək və işgüzarlıq görüntüsü yaratmaq üçün çox səliqəli geyinir, hətta əlində qovluq, çanta belə gəzdirirlər.
Mütəxəssislər qeyd edir ki, cibgirlərin hamısı normal geyimdə və ən azı, birlikdə üç nəfər olur. Onların özlərinin də digər işlərdə olduğu kimi, xüsusi taktikası var. Günün əsasən pik saatlarında - səhər insanlar işə gedən zaman, günorta saat 13:00-14:00 arası və axşam iş vaxtı bitəndə, saat 18:00-21:00 arası “fəaliyyətdə” olurlar. Belə halda, onlar avtobusda istədikləri kimi qarışıqlıq, basabas yaradaraq məqsədlərinə nail olurlar. Əsasən dayanacaqda sərnişin düşən zaman avtobusda elə bir süni qarışıqlıq yaranır ki, nəyin harada olduğunu da unudursan. Məhz bu zaman əllər öz “işini” görür. Birinin cibindən axırıncı 5 manatı yoxa çıxır, birinin aylıq maaşı, birinin də borc edib evindəki xəstəsi üçün alacağı dərmanların pulu kiminsə havayı “çörək puluna” çevrilir.
“Qızıl əllər”dən qorunmanın yolları
Sosioloqlar hesab edir ki, cibgirlər üçün ən uyğun şərait avtobusda sıxlıq zamanı yaranır. Deməli, burada problem yalnız cibgirlərin, sadəcə, mövcudluğunda deyil. Onların “fəaliyyəti” üçün uyğun şərait də var. Bu problemdən can qurtarmaq mümkün olmasa da, ən azından sayını kifayət qədər azaltmaq olar. Əgər avtobuslarda ayaq üstə duran sərnişinlər rahat şəkildə öz əhatələrini görə bilərlərsə, heç bir cibgir də əlini salıb kiminsə cibindən pulunu çıxara bilməz. Bunun üçün də ən uyğun nəqliyyat növü, təbii ki, iritutumlu avtobuslardır. Amma Bakının nəqliyyat sahəsindəki çatışmazlıqlar hələ tam həll olunmadığından, hətta yeni avtobuslarda da bu cür sıxlıqlar yaranır. Sürücülərin köməyinə gəlincə, onlar ən azından sərnişinlərə yazılı xəbərdarlıq edib, sayıq olmağa çağırırlar və “Marşrutda itən əşyalara görə sürücü cavabdeh deyil” elanı ilə kifayətlənirlər.
Ekspertlər cibgirlərin qurbanı olmamaq üçün aşağıdakıları etməyi məsləhət görür:
Mümkün qədər, basabas olan avtobuslardan istifadə etməyin;
Əgər basabas olan avtobusa minmisinizsə, onda son dərəcə ehtiyatlı olun; Avtobusda cibinizi qoruya biləcəyiniz bir mövqe seçin;
Cibinizə və ya çantanıza müdaxilə edildiyini hiss etdiyiniz zaman dərhal utanmadan əşyalarınızın oğurlanıb-oğurlanmadığını dəqiqləşdirin;
Avtobusda kiminsə tıxac yaratdığını müşahidə edirsinizsə, onda bilin ki, cibgirlər hərəkətə keçib...
Qanun nə deyir?
Məsələyə münasibət bildirən hüquqşünas Əlövsət Allahverdiyev qanunvericiliyə əsasən cibgirliyə görə cəzalar haqqında məlumat verdi. Onun sözlərinə görə, qanunda konkret olaraq cibgirliyin qarşısının alınmasını tənzimləyən norma yoxdur: “Cibgirlik - başqasına məxsus olan əşya və ya pulun gizli olaraq oğurlanması hesab olunduğu üçün Azərbaycan respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) tövsif olunur. Qanunda belə qeyd edilib: “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Hüquqşünas bizimlə söhbətində vurğuladı ki, cibgirlərin yaxalanması və onlarla mübarizə əməliyyat axtarış fəaliyyətinin subyektləri, başqa sözlə, polislər tərəfindən həyata keçirilir.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər