• cümə, 29 Mart, 00:48
  • Baku Bakı 7°C

Avtobuslar üçün xüsusi yol zolaqları yaradılır

16.03.17 11:30 992
Avtobuslar üçün xüsusi yol zolaqları yaradılır
Hər gün işə, dərsə gecikənlərin gətirdikləri əsas bəhanələrədən biri də yollardakı tıxaclar olur. Dərd orasıdır ki, heç kim günahı özündə görmür və başqalarını günahkar hesab edir. Avtobus sürücüləri avtomobil, avtomobil sürücüləri isə avtobus sürücülərindən şikayətçidirlər. Beləcə, problem günü-gündən daha da ağır nəticələrə gətirib çixarır. Əslində çoxumuzun boğaza yığıldığı bu problem sən demə, heç də çözümsüz bir hal deyilmiş. Artıq paytaxt küçələrində tıxacın tarixə qovuşacağı gün uzaqdadır desəm, yəqin ki, yanılmaram.
Belə ki, Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatdan istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı şəhərinin küçə və prospektlərində yalnız sərnişin avtobuslarının hərəkət etməsi üçün xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlayıb. "APA-Economics" xəbər verir ki, bunu BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. M.Ağayevin sözlərinə görə, xətlənmə işləri ilkin mərhələdə paytaxtın 9 küçə və prospektində aparılacaq. "ArtıqFüzuli küçəsində xüsusi hərəkət zolağının çəkilişinə başlanılıb. Xüsusi hərəkət zolaqları yalnız sərnişin avtobuslarının hərəkəti üçün nəzərdə tutulub. Digər nəqliyyat vasitələrinin bu hərəkət zolaqlarından istifadəsi qadağandır. Bu zolaqlarda avtomobillərin park edilməsi də qadağandır. Zolaq boyunca yerləşən yaşayış məntəqələrində yaşayan sakinlər üçün xüsusi nişanlar qoyulacaq ki, həmin yerlərdən sakinlər məhəllələrinə daxil ola biləcəklər", - deyə qurumun sözçüsü bildirib.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovisə bildirib ki, ictimai nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı xüsusi hərəkət zolaqlarının yaradılması hərəkətin təhlükəsizliyinin təmin edilməsi baxımından vacibdir: "Bu gün paytaxtın istənilən inzibati ərazisinə aid küçə və prospektlərdə ictimai nəqliyyat vasitələrinin hərəkətində yaşanan problem istər-istəməz digər avtomobil vasitələrinin sürücülərinə də maneələr yaradır. Bu kimi xüsusi hərəkət zolaqlarının yaradılması problemlərin həlli və ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin ləngimədən mənzil başına çatması deməkdir".
Xüsusi hərəkət zolağı ilə hərəkət edəcək digər nəqliyyat vasitələrinə tətbiq olunacaq cərimələrə gəlincə, qurum rəsmisi bildirib ki, ictimai nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı tələblər öz həllini tapdıqdan sonra bu barədə məlumat veriləcək.
Bəs görəsən, paytaxtın yol infrastrukturu belə zolaqların yaradılmasına imkan verirmi? Bu zolaqlar tıxacı daha da artıracaq. yoxsa əksinə? Mövzu ilə bağlı ekspertlərin rəyini aldıq.
Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynlideyir ki,paytaxatın bəzi küçələrində infrastruktur imkan verir ki, belə zolaqlar yaradılsın. Artıq bidiyimiz kimi, Heydər Əliyev, Azadlıq prospektlərində bununla bağlı müəyyən işlər görülüb. Yəni həmin prospektlərin eni geniş yol zolağının salınması üçün əlverişlidir. Amma qeyd edim ki, bu işi paytaxtın bütün küçələrində həyata keçirmək tamamilə qeyri-mümkündür. İlk növbədə yolların darısqallığı buna imkan vermir. Məsələn, Azadlıq prospektinin Amerika səfirliyinə qədər olan hissəsində buna imkan olsa da, digər tərəfi heç də belə deyil. Təəssüflər olsuun ki, şəhərin az bir hissəsində bu layihəni əhəyata keçirmək mümkündür. Məsələn 1, 2, 3-cü mikrorayonların ərazisində yolların eni bu zolaqların yaradılmasına imkan vermir. Lakin hesab edirəm ki, bu zolaqlar müəyyən mənada nəqliyyatın sıxlığını aradan qaldıra biləcək və sərnişinlərin də artıq təşkil olunmuş dayanacaqlardan səmərəli istifadəsinə imkan yaradılacaq. Çünki həmin avtobuslar sıxlığı daha çox artırır. Doğrudan da avtobusların çoxluğu, dayanacaqlardan düzgün istifadə edilməməsi və düzgün park edilməmələr ümumi istifadə üçün nəzərdə tutulan prospektlərdə bir sıra problemlər yaradır. Amma onlar konkret yol zolağına yönələrsə, təbii ki, bu, problemin həllinə öz müsbət təsirini göstərər”.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspertElməddin Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı xeyli vaxtdır müzakirələr gedirdi: "Əslində bu zolaqların yaradılması müsbət addım kimi qiymətləndirilə bilər. Çünki sərnişindaşıma fəaliyyətinin təkmilləşdirilməsindən danışarkən sərnişindaşıma ilə məşğul olanlar üçün normal şərait yaradılmalıdır. Məsələn, avtobus sürücüləri arasında interval davası gedir. Bu baxımdan, yenilik həm də sürücülərin işini asanlaşdırmış olacaq. Adətən yollarda yaranan sıxlıq üzündən belə problemlər ortaya çıxırdı. Əlbəttə ki, şəhərin ütün küçələrində bu sistemi qurmaq çətin məsələdir. Çünki hər bir yolda bunun üçün şərait yoxdur. Hazırda Səməd Vurğun və Füzuli küçələrində bu yenilik tətbiq olundu. Çünki bu hissədə hərəkət bir o qədər də intensiv deyildi. Adıçəkilən küçələrdə belə bir zolağın yaradılması üçün imkan var. Hər halda hesab edirəm ki, sınaq üçün edilən bu layihənin daha geniş ərazidə necə tətbiq edilməsi üzərində düşünülməlidir. Çünki bəzi yollarda da bunun üçün müvafiq infrastruktur var”.
Ekspert deyir ki, vacib məqamlardan biri də bu məsələnin qanunvericilikdə necə tənzimlənəcəyidir: "Mühüm məqamlardan biri də cərimə məsələsidir. Yəni qaydanı pozan sürücüləri inspektor cərimə edəcək, yoxsa onlar kameralar vasitəsilə qeydə alınacaq? Tutaq ki, sürücülər avtobus zolağına daxil olduqda cərimələnəcək. Bəs avtobuslar o zolaqdan kənarda hərəkət etdikdə nə tədbirlər görüləcək? Düşünürəm ki, bu kimi məsələlər də öz həllini tapmalıdır. Agentliyin müəyyən etdiyi küçələr var ki, o küçələrdə zolaqlar tıxac problemi yaratmayacaq. Amma təbii ki, Neftçilər prospektində bu qaydanı tətbiq etsələr, ciddi problemlər yarana bilər. Tıxac probleminin qarşısını alamq üçün elə bir sistem qurmaq lazımdır ki, günün müəyyən saatlarında nəqliyyat vasitələri də bu zolağa daxil ola bilsin. Bunun üçün elektron tablolar və ya elektron qaydada yol nişanları qoyulmaldır ki, gün ərzində hərəkətin sıx olduğu vaxtlarda avtomobillər də bu zolaqdan istifadə edə bilsin. Yoxsa 10 dəqiqədən bir, cəmi bir avtobus keçəcək deyə zolağı boş saxlamaq əlbəttə, tıxaca səbəb ola bilər. Nişanlar qoyulduqdan sonra qanunun tələblərini pozanlar müvafiq qaydada cərimələnəcək. Dünya təcrübəsində də bu zolaqlardan istifadə edilir. Odur ki, bizdə də belə bir yeniliyin tətbiq olunması müsbət haldır. Qeyd edim ki, bu zolaqlar sırf sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulacaq. Məsələn, hansısa rayon avtobusu bu zolağa daxil ola bilməz. Və yaxud özəl şirkətlərin işçiləri üçün nəzərdə tutulan avtobusların da zolaqlara daxil olması qadağandır. Sürücülər indidən bu kimi vacib detalları nəzərə almalıdırlar ki, sonradan problemlər yaşanmasın”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər