• cümə, 29 Mart, 14:26
  • Baku Bakı 14°C

Avtobusa minərkən kəlmeyi-şəhadətimizi oxuyaq?

24.09.13 08:45 1565
Avtobusa minərkən kəlmeyi-şəhadətimizi oxuyaq?
“Bakıda hər gün hansı avtobusda otururamsa, ilk növbədə kəlmeyi-şəhadətimi oxuyuram. Srücülər avtobusu elə sürürlər ki, elə bil “avtoş”dular. Buna görə də mənzil başına hər dəfə sağ-salamat çatacağımı əmin deyiləm”. Bu sözləri bizimlə söhbətində hər gün sərnişin nəqliyyatdan istifadə edən 45 yaşlı Bakı sakini Sərxan Musayev bildirdi.
Qeyd edək ki, son illərdə ölkədə sərnişin avtobuslarının ağır qəzalar törətməsi barədə məlumatlar səngimək bilmir. Son hadisələrdən biri ötən həftə Şıx qəsəbəsində 120 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun yol kənarındakı hotelin hasarına çırpılmasıdır. Nəticədə 2 nəfər dünyasını dəyişib, 8 nəfər yaralanıb. Sentyabrın 23-də isə Bakıda daha bir avtobus qəzası baş verib. Şüvəlan qəsəbəsində 100 nömrəli xətt üzrə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusu ilə 21 nömrəli xətt üzrə hərəkət edən “DAEWOO” markalı avtobus toqquşub. Nəticədə 100 nömrəli xətt üzrə hərəkət edən avtobus “HYUNDAİ” markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı 100 nömrəli sərnişin avtobusunda olan iki nəfər xəsarət alıb. Göründüyü kimi, az qala, hər gün sərnişin avtobusları ilə əlaqəli qəzalar baş verir. Mütəxəssislərlə qəzaların səbəbləri və bundan çıxış yolları barədə danışdıq.
Lazımi kateqoriyası olmayanlar da avtobus sürür
Sosial Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynov bizimlə söhbətində bildirdi ki, avtobusların tez-tez qəza törətməsinin müxtəlif səbəbələri var: “İlk növbədə, ictimai nəqliyyatda çalışan sürücülərin böyük əksəriyyəti yol hərəkəti qaydalarına düzgün əməl etmirlər. Nəqliyyat Nazirliyi tərəfindən aparılan monitorinqlərin nətcəsində bəlli olub ki, bir sıra hallarda ictimai nəqliyyatda çalışan sürücülər sürücülük hüququ olmadan bu sistemdə çalışırlar. Yəqin sərnişin nəqliyyatından istifadə edənlərin çoxu görüb ki, sürücülərin köməkçiləri olur. Bəzən sürücülər yorulanda, sükanı heç bir təcrübəsi olmayan köməkçilərinə həvalə edirlər. Nəticədə qəza baş verir. Bəzən isə elə sürücülərin özlərinin sürücülük kateqoriyaları onlara sərnişin nəqliyyatını idarə etməyə imkan verməsə də, şirkətlər tərəfindən işə götürülürlər. Bu cür sürücülər çox saydadır”.
İ.Hüseynov deyir ki, ikinci bir problem özəl şirkətlərin üzərilərinə düşən məsuliyyətin ağırlığını dərk etməməsidir: “Onlar əmək müqaviləsi olmadan, sürücülərin sürücülük kateqoriyasına, bəzən heç vəsiqələrinə də baxmadan onları işə götürürlər. Nəticədə isə eşidirik ki, hardasa qəza baş verib, ölənlər, yaralananlar var. Digər problem ondan ibarətdir ki, ictimai nəqliyyatda çalışan sürücülərə gün ərzində plan qoyulur. Sürücülər o planı doldurmaq üçün sürətlə, yol qaydalarına əməl etmədən işləyirlər ki, plandan əlavə qalan pul çox olsun. Çünki planı verdikdən sonra qalan pul sürücülərə çatır. Nəticədə sürücülər sürət həddini aşır, dayanacağa digər avtobuslardan tez çatmaq üçün manevrlər edir, hətta qırmızı işıqda yolu keçirlər”.
Müsahibimiz problemin həlli yolunu Nəqliyyat Nazirliyinin sərnişin avtobusunun sahibkarları olan şirkətlərə cərimələr tətbiq etməsində görür: “Nəticə etibarilə, bir neçə cərimədən sonra şirkətin bağlanması haqqında qərar verilməlidir, sanksiyalar tətbiq edilməlidir. Bu cür ağır sanksiyalar tətbiq olunmadığı halda, biz kütləvi ölüm hadisələrinin qarşısını ala bilməyəcəyik. Nəqliyyat Nazirliyi müfəttişləri yalnız taksi fəaliyyəti ilə məşğul olan şəxslərə deyil, yol polisi ilə birgə qaydalara əməl etməyən avtobus sürücülərinə qarşı da mübarizə tədbirlərini gücləndirməlidirlər. Mübarizə kompleks halda aparılmalıdır”.
“Hərəkət iştirakçıları varsa, qəza qaçılmazdır”
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov qəzetimizə açıqlamasında dedi ki, əgər avtomobil, sürücü və digər hərəkət iştirakçıları varsa, təəssüf ki, hadisələr də qaçılmazdır: “Ancaq mövcud şərait, mövcud vəziyyət bizə əsas verir ki, bu hadisələrin qarşısını almaq üçün tədbirlər görək. Bunun üçün ilk növbədə yol hərəkətində mədəniyyət yaradılmalıdır”.
V.Əsədov qəzaların əsas səbəbinin ilk növbədə sürət həddinin aşılması olduğunu dedi: “Qəzaların 51 faizi sürət həddini aşmaya görə, 47 faizi piyadaların vurulmasına görə baş verir”.
Sürücülük vəsiqəsi olmayanların, yaxud kateqoriyası imkan verməyənlərin sərnişin nəqliyyatı idarə etməsinə gəlincə, BDYP rəsmisi mütəmadi olaraq yükdaşıyan maşınların reydlərini keçirdiklərini bildirdi: “Yükdaşıyan avtomobillərin idarə edilməsində kateqoriyası olmayan, iş stajı az olan sürücülər işləyir. Amma şəhər daxilində sərnişin nəqliyyatında bu problemlər öz həllini tapıb. Son günlər sərnişindaşıma ilə bağlı keçirdiyimiz tədbirlər və tərtib etdiyimiz protokollar deməyə əsas verir ki, problem yavaş-yavaş öz həllini tapır. Gün ərzində avtobusların hərəkətinə videokameralar vasitəsilə biz də nəzarət edirik. Qaydaları pozanlar tapılıb məsuliyyətə cəlb edilirlər”.
Qəzaları necə azaltmalı?
Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmovun sözlərinə görə, bu gün sərnişin avtobusları insanlar üçün qorxulu nəqliyyat vasitəsinə çevrilib: “Nəqliyyat Nazirliyi, Dövlət Yol Polisinin nümayəndələri və yolların inşası ilə məşğul olan mütəxəssislər bu haqda fikirləşməlidirlər. Hər bir hadisəyə fərdi yanaşılmalı, hadisənin baş vermə səbəbi dəqiq araşdırılmalıdır. Məsələyə “bu, yol hadisəsidir, hərəkət iştirakçıları varsa, hadisə baş verməlidir”, yaxud “bütün hadisələrdə sürücü günahkardır” kimi fikirlərlə yanaşmaq düzgün deyil”.
M.Rüstəmov bu gün ictimai nəqliyyatda qəzaların əsas səbəblərindən birini sürücülərin gəlirlərinin qənaətbəxş olmaması ilə əlaqələndirdi: “Sürücülərin sosial vəziyyəti normal deyil və onlar ehtiyac içində olduqları üçün işlərinə tam məsuliyyətlə yanaşmırlar. Aldıqları əməkhaqqı sürücüləri qane etmədiyi üçün yollarda tələskənliyə yol verirlər. Sürücülər təhlükəsizlik barədə yox, nə qədər pul qazanacaqları barədə düşünürlər. Yəni faktiki olaraq sürücü bilmir ki, ayın axırı nə alacaq və ailəsini necə dolandıracaq. Bundan əlavə, sürücülər işə götürülərkən onların sağlamlığı nəzərə alınmır, psixoloji vəziyyəti yoxlanılmır və bütün bunlar belə qəzaların yaranmasına təkan verir. Kiçicik bir ehtiyatsızlıq fəlakətlə sonuclanır”.
Mütəxəssisin sözlərinə görə, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün avtobus sürücüləri maaş sisteminə keçirilməlidir: “Sürücülər gün ərzində yüzlərlə insanın həyatına cavabdehdir. Belə məsuliyyəti üzərinə götürən insanı seçim qarşısında qoymaq olmaz ki, alacağı pul nə qədər işləməyinə bağlıdır. Sürücüyə maksimum həddə əməkhaqqı təyin olunmalıdır ki, öz sənətinə şərəfli bir sənət kimi yanaşsın. Sərnişinlərin rahat gediş-gəlişini tənzimləmək üçün düşünürəm ki, avtobus sürücülərinin iş şəraiti yaxşılaşdırılmalı, onlara yüksək əmək haqqı verilməli və növbəli iş rejiminə keçilməlidir. Yalnız bundan sonra sərnişinlər ictimai-nəqliyyatdan qorxmadan istifadə edə bilərlər”.
Lalə
banner

Oxşar Xəbərlər