Avtobus sürücüləri daha məsuliyyətli və peşəkar olacaqlar
Ümumi
istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və
yük daşımalarını yerinə yetirən sürücülərə dair tələblər
artırılıb.APA-nın məlumatına görə,Nazirlər
Kabinetibununla bağlı "Nəqliyyat
vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması
kursları haqqında Əsasnamə”, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları” və "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə
sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin
keçirilməsi Qaydası”na dəyişiklik edib.
Beləliklə, bundan sonra ümumi
istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və
yük daşımalarını yerinə yetirən sürücülərdənNazirlər
Kabineti tərəfindən iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq
edilmiş xüsusi proqram üzrə hazırlıq keçmək tələb olunacaq.
Hazırlanan tədris proqramının məqsəd və
nəticələrinin nələrdən ibarət olduğunu öyrənməyə çalışdıq.
Bütün daşıyıcı şirkətlərə məlumat verilib
Bakı Nəqliyyat
Agentliyinin mətbuat xidmətinin
rəhbəri Mayis Ağayev deyir ki, müntəzəm olaraq şəhərdaxili
sərnişin daşıma ilə məşğul olan avtobus sürücüləri ilə bağlı olan qaydalar
əvvəlcədən mövcud idi: "Yenilik isə
budur ki, yükdaşıma ilə məşğul olan sürücülərə də bu qaydalar şamil edilib.
Digər bir yenilik də odur ki, əvvəllər tədris proqramı Nəqliyyat Nazirliyi
tərəfindən tərtib olunurdu, indi isə bu iş Nazirlər Kabinetinə həvalə edilib.
Paytaxt ərazisində müntəzəm sərnişin daşıma ilə məşğul olan bütün daşıyıcı
şirkətlərə artıq bununla bağlı məlumat verilib. Və yaxın zamanda nəqliyyat
şəbəkəsində çalışan bütün sürücülər Bakı Nəqliyyat Agentliyinin sürücü təlim
mərkəzində təşkil olunacaq təlimlərə cəlb ediləcək. Bu təlimlər Nazirlər
Kabineti tərəfindən hazırlanan tədris proqramları əsasında həyata keçiriləcək”.
Müsahibimizdən
proqramda hansı təlimlərin tədris olunacağını və təlimlər bitdikdən sonra
sürücünün keçilənləri nə dərəcədə mənimsədiyini necə biləcəklərini soruşduq. Mayis
bəyin sözlərinə görə, həmin təlim proqramında ictimai nəqliyyatda çalışan
sürücünün bilməsi lazım olan bütün məqamlar öz əksini tapacaq: "Sürücünün peşəkarlıq
səviyyəsinin artması, yol hərəkəti qaydalarına əməl etməsi, sərnişinlərlə münasibəti,
bundan əlavə, onun bilməli olduğu digər nüansların hamısı proqramda əhatə
olunacaq. Eyni zamanda, təlimləri başa vurduqdan sonra sürücü imtahan verəcək. İmtahandan
uğurla keçib sertifikatı aldısa, o artıq fəaliyyətini davam etdirə biləcək. Yox
əgər təlim proqramının sonunda o, imtahanda müsbət nəticə göstərə bilməsə,
təbii ki, artıq onun sükan arxasında oturması mümkün olmayacaq. Bu təlim
prosesinə Bakı şəhərində müntəzəm sərnişin daşıma fəaliyyəti göstərən bütün
daşıyıcı şirkətlərin sürücüləri cəlb
ediləcək. Və bu, məcburi qaydada olacaq. İslam Oyunları yekunlaşdıqdan sonra
təlimlər başlayacaq”.
Həmsöhbətimiz
təlimlərin keçirilməsinin məqsədindən də danışdı. Bildirdi ki, sərnişin daşıma
ilə bağlı nə qədər hüquqi baza formalaşdırılsa da, nə qədər yeni nəqliyyat
vasitələri gətirilsə də, ən müasir texnologiyalar tətbiq edilsə də, sonda bütün
bunları ictimaiyyətə sürücü təqdim edir. Hər şey sürücüdən və onu peşəkarlığından
asılıdır. Bunun üçün də mütləq şəkildə sürücülər bu kursdan keçməlidirlər: "Və
biz əmin olmalıyıq ki, sərnişinlərin həyatı qeyri-peşəkara deyil, işini bilən, peşəkara etibar edilib”.
"Bu təlimlər indiyədək heç vaxt real olaraq həyata
keçirilməyib”
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirir ki, mətbuatda müxtəlif formada təqdim edilsə də, qaydalarda
elə də ciddi bir dəyişiklik yoxdur: "Bu qaydalar əvvəldən də mövcud idi. Sadəcə,
əvvəllər tədris proqramını Nəqliyyat Nazirliyi hazırlayırdı, bundan sonra isə
Nazirlər Kabineti tərtib edəcək. Bu təlimlər Sovet dövründən Azərbaycan
qanunvericiliyində nəzərdə tutulub. Amma indiyə qədər heç vaxt real olaraq həyata
keçirilməyib. Kağız üzərində qalıb. Yeganə olaraq "BakuBus” yaradıldıqdan sonra
onlar öz sürücülərinə təlim keçiriblər. Həmçinin yeni yaradılan qurum olan Bakı
Nəqliyyat Agentliyi artıq xüsusi təlim mərkəzi hazırlayıb. Və yaxın gələcəkdə,
İslam Oyunlarından sonra təlimlərə başlayacaqlar. İlk mərhələdə Bakı şəhərində
olan sürücülər bu təlimlərə cəlb olunacaqlar. Təlimlərin üstünlükləri isə ondan
ibarətdir ki, həmin proqramı keçən sürücü daha peşəkar, diqqətli və məsuliyyətli
olacaq”.
Sürücü
bazasının inkişaf etdirilməsi və təkmilləşdirilməsi vacibdir
Məsələ
ilə bağlı "BakuBus”un Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Mənsur Piriyevin də
fikrini öyrəndik. Onun sözlərinə görə, son illər ölkəmizin nəqliyyat sistemində
həyata keçirilən islahatlar və yenidənqurma işləri bu sahədə müsbət nəticələrin
əldə olunmasına və inkişafına gətirib çıxarır: "Paytaxtın nəqliyyat sisteminin
təşkilində aparılan işlər bizə yaxın gələcəkdə doğma şəhərimizi dünyanın
inkişaf etmiş digər böyük şəhərləri sırasında görməyə imkan verəcək.
Ümumiyyətlə sərnişindaşıma xidməti çoxtərəfli münasibətlər üzərində qurulan
xidmət növüdür. Burada yol hərəkəti iştirakçıları,
daşıyıcı şirkətlər, sərnişinlərlə yanaşı sürücülərin də rolu xüsusi əhəmiyyət
daşıyır. Bu baxımdan, mövcud sürücü bazasının inkişaf etdirilməsi və
təkmilləşdirilməsi müstəsna rol oynayır. Təcrübə göstərir ki, sürücülərin
təkmilləşdirilməsi ilə bağlı aparılan işlər uzun illərdən bəri sürücü-sərnişin
münasibətlərində mövcud olan problemlərin aradan qaldırılmasına və keyfiyyətli
sərnişindaşıma xidmətinin təşkilinə imkan yaradır. Düşünürəm ki, keçirilən bu
təlim proqramlarının sonunda sürücülər daha məsuliyyətli və peşəkar olacaqlar.
Çünki onlar avtobus sükanı arxasında əyləşərək hər gün yüzlərlə insan həyatı
üçün məsuliyyət daşıyırlar”.
Günel
Azadə