• cümə, 19 Aprel, 07:20
  • Baku Bakı 13°C

Avtobus parkının yenilənməsi ilə bağlı təkliflər paketi hazırlanıb

24.02.20 13:45 1463
Avtobus parkının yenilənməsi ilə bağlı təkliflər paketi hazırlanıb
Prezident İlham Əliyevin Azərbaycanda avtobus parkının yenilənməsi ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində işlər görülür.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, ötən il Azərbaycanda qeydiyyatda olan, ümumi və texniki baxışdan keçən, sərnişindaşıma üçün yararlı hesab edilən avtobusların sayı 13 min 833 olub. Bu avtobuslardan fərqlənmə nişanı əsasında fəaliyyət göstərənlərin sayı 3363-dür. Şəhərlərarası 617 marşrut üzrə 897, rayon mərkəzlərindən kəndlərə isə 557 marşrut üzrə 1729 avtobus fəaliyyət göstərir. Respublikamızda 2277 daşıyıcı xidmət göstərir və onlardan 2206-sı fiziki, 71-i hüquqi şəxsdir. Beynəlxalq sərnişindaşımalar üzrə 78 ədəd avtobusla 12 daşıyıcı tərəfindən 19 istiqamət üzrə daşımalar həyata keçirilir.
O qeyd edib ki, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobuslarla bağlı fərqlənmə nişanına cəlbolunma prosesi qənaətbəxşdir. 2018-ci ildə sərnişindaşımada istifadə olunan avtobusların yaş həddinin 10-dan yuxarı olması faizlə göstəricidə 77 faiz olubsa, hazırda bu rəqəm 67 faizə endirilib. Avtobus parkının yenilənməsinə dair 2018-ci ildə daşıyıclar qarşısında qoyulan tələblər "Yol hərəkətinin təhlükəzliyinə dair 2019-2023-ci il Dövlət Proqramı” əsasında daha da gücləndirilib. 2023-cü ilə qədər bu göstəricinin minimuma endirilməsi planlaşdırılıb.
N.Allahyarovanın sözlərinə görə, avtobus parkının yenilənməsi ilə bağlı tələbdən əlavə, daşıyıcıya dəstək məqsədilə utilizasiya proqramının təklifləri hazırlanır. Proqramın qəbul olunması üçün hökümətə DANX tərəfindən təkliflər paketi ünvanlanıb. Bu təkliflərin sırasında utilizasiya əsas yer tutur. Bir il ərzində köhnə avtobusların tamamilə sıradan çıxarılması və yeni avtobusların alınması mümkün deyil. Bu səbəbdən onların əsaslı təmiri işlərinin həyata keçirilməsi təklif edilib. Avtobus parkının yenilənməsinə dair qoyulan tələblərlə bağlı qaydalar da işlənilərək hazırlanıb: "Bu qaydalar təkcə utilizasiya ilə bağlı deyil. Daşıyıcılar sərnişindaşıma xidməti göstərmək üçün hazırda fərqlənmə nişanı əldə edir və orada müəyyən qaydalar var. Bu qaydalar hər hansı qanuni baza ilə tənzimlənməlidir. Hökumətə bununla da bağlı təkliflər paketi yönləndirilib. Fərqlənmə nişanını da özündə ehtiva edən bu yeni icazə forması biznesə buraxılış və ya sahibkara icazə də adlandırıla bilər. Burada qaydalar göstəricilərlə müəyyən olunur. Sahibkar artıq biləcək ki, onun avtonəqliyyat vasitəsi hansı illəri, hansı komfort meyarları əhatə etməlidir və avtobusda hansı xidmətlər təklif olunmalıdır. Həmçinin avtobusları sərnişindaşımaya cəlb etmək üçün qaraj, texniki və tibbi baxışdan keçirilməsi üçün baza yaradılmalıdır”.
Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən avtobus parkının yenilənməsi ilə bağlı deyib: "...Hazırda Bakı və Sumqayıt şəhərlərində avtobusla sərnişin daşımaları müasir standartlara uyğundur. O da hər yerdə deyil. Hələ də Bakı şəhərində keyfiyyəti yüksək olmayan və istismar müddəti bitmiş avtobuslar fəaliyyət göstərir. Bu məqsədlə biz hər il ölkəmizə 300 avtobus gətizdiririk. Mənə verilən məlumata görə, Gəncə şəhərində avtobus təsərrüfatı köhnəlib. Digər şəhərlərdə nə qədər avtobus fəaliyyətdədir, nə qədər avtobus alınmalıdır? Əlbəttə ki, ilk növbədə, paytaxt Bakının bu məsələsi həll olunmalıdır. Amma digər şəhərlər də diqqətdən kənarda qalmamalıdır”.
banner

Oxşar Xəbərlər