• cümə, 29 Mart, 00:00
  • Baku Bakı 7°C

Avtobus davaları

16.07.13 10:10 2684
Avtobus davaları
Xoşbəxt o insandır ki evdən işə, işdən evə tələsir. Bir çoxumuz bu yolu ictimai nəqliyyatla qət edirik. Təəssüf ki, son zamanlar xüsusən avtobuslarda aqressiv davranışların tez-tez şahidi oluruq.
“Hazırda cəmiyyətdə aqressiya təmayülünün qüvvətlənməsi aşkar şəkildə hiss olunur. İnsanlar çox vaxt ən sadə, həlli asanlıqla mümkün olan məsələlərdə bir-birilərinə dözümsüzlük nümayiş etdirirlər, qarşılıqlı təhqirə keçir, zorakılığa cəhd göstərirlər. Bu, həm adi ünsiyyətdə, dükan, bazar, məişət müstəvisində, həm də xüsusi olaraq, nəqliyyatda nəzərə çarpır”. Bu sözləri bizə psixoloq Nail Cəlil söylədi.
Onun fikrincə, insanların getdikcə bu cür aqressivləşməsinin bir çox səbəbləri var. Bu səbəblərin sırası kifayət qədər geniş və müxtəlifdir ki, onların da bir qismi obyektivdir: “Nəqliyyatın sıxlığının, intensivliyinin artması, nəzarət mexanizminin güclənməsi və genişlənməsi aqressiyanı yaradan obyektiv səbəbdir. Əhalinin mobilliyinin, hərəkətliliyinin artması da obyektiv amillər sırasına daxil edilə bilər. Bəzən iddia edilir ki, bu sıxlıq, intensivlik Qərb ölkələri, Avropa ilə müqayisədə heç də böyük, yüksək deyil. Əlbəttə, bu fikirdə müəyyən həqiqət payı ola bilər. Lakin istənilən halda paytaxt Bakıda bəzən saatlarla sürən tıxacların yaranması, yol hərəkəti qaydalarının çox tez-tez pozulması, eyni nömrəli iki avtobus marşrutunun ötüşərkən toqquşması, faciəli qəzalar törətməsi onu göstərir ki, nəqliyyatın fəaliyyətinin tənzimlənməsində ciddi problemlər var”.
Psixoloq hesab edir ki, insanların əsəbi, acıqlı davranma səbəbinin böyük bir qismi də mənəvi-psixoloji problemlərlə bağlıdır: “Bütün bu məsələlərin kökü vətəndaşların ünsiyyət, davranış mədəniyyəti, ictimai düşüncə və yol mədəniyyəti ilə də sıx bağlıdır. Çox zaman nəqliyyatın sıxlığı, hərəkət intensivliyi qiymətləndirilərkən orta statistik göstəricilər əsas götürülür. Lakin nədənsə subyektiv amillər nəzərə alınmır. Məsələn, Bakı şəhəri avtomobillə həddən artıq yüklənib. Paytaxta doğru miqrasiya nəzərə alınmır, diqqətdən kənarda qalır. Bəlli olan odur ki, cəmiyyətdə pozitiv inkişaf təmayülləri ilə yanaşı, müəyyən mənfi təmayüllər də qabarır”. Nail Cəlilin fikrincə, son zamanlar insanlarda fərdiləşmə, eqoist meyillər, şəxsi özünütəsdiq cəhdləri daha çox özünü göstərir. Sürücülük isə, indi nisbətən gəlirli, qazanclı peşələrdən sayılır. Buna görə də bu sahəyə meyil edənlərin sayı artmaqdadır. Nəticədə, sürücülər arasında müəyyən rəqabət yaranır: “Bəzən sürücülər gündəlik normanı ödəyib daha çox qazanc əldə etmək üçün hər yola əl atırlar. Hətta ictimai nəqliyyata edilən güzəştlərdən sui-istifadə edərək, yol hərəkəti qaydalarını belə pozmaqdan çəkinmirlər. Avtobusu qadağan olunan yerlərdə saxlayır, “ikinci dərəcəli” dayanacaqlarda isə çox vaxt saxlamağı unudurlar. Belə vəziyyət sərnişinlərin narazılığına səbəb olur. Elə hallar da olur ki, sərnişin özü sürücünü yol hərəkəti qaydalarını pozmağa məcbur edir. Yəni sürücünü avtobusu dayanacaqdan kənar bir yerdə saxlamağa vadar edir”.
Müsahibimiz düşünür ki, cəmiyyətdə aqressiv halların qabarmasında medianın, yeniləşən informasiya texnologiyalarının, internetin də özünəməxsus mənfi rolu var: “Bir qədər təəccüblü görünsə də, deməliyəm ki, televiziya efirində “şok terapiyası”na üstünlük verilməsi düzgün hal deyil. Mediada qəzaların, kriminal hadisələrin qabardılması, zorakı səhnələrlə zəngin filmlərə, seriallara üstünlük verilməsi insanların beynində şüuraltıya sirayət edir və sonradan onların aqressivləşməsinə, qeyri-iradi hərəkətlər etməsinə səbəb olur”.
N.Cəlil vurğuladı ki, yaranmış vəziyyətdə baş verən xoşagəlməz halları mümkün qədər aradan qaldırmaq üçün kompleks tədbirlər görmək lazımdır. Həyata keçirilən tədbirləri isə bir qədər də təkmilləşdirmək, optimallaşdırmaq vacibdir. Bu tədbirlər həm nəqliyyat infrastrukturunu, həm də ictimai sahəni – sürücü-sərnişin mədəniyyətini, digər sosial tədbirləri əhatə etməlidir:
“Sözsüz ki, burada müəyyən sosial-psixoloji prosedurların tətbiqi, məsələn, sürücülərin peşə qabiliyyəti ilə yanaşı, psixoloji hazırlığının vaxtaşırı yoxlanılması səmərəli ola bilər. Həmçinin sərnişin-sürücü mədəniyyəti ilə bağlı kütləvi kampaniyalar çox böyük fayda verə bilər”.
Gəlin, səbrli olaq. Əgər daha təmkinli davrana bilsək, münasibətlərimizi düzgün qurmağı bacarsaq, nə aqressiya olar, nə də onun fəsadları.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər