• cümə, 29 Mart, 16:08
  • Baku Bakı 14°C

Avstriyanın vunderkindi – Portret

03.05.16 11:33 2391
Avstriyanın vunderkindi – Portret

Vaxtilə dünya çempionatında bürünc medal qazanmış və dəfələrlə mundialın iştirakçısı olmuş Avstriya millisi keçmiş günlərinin həsrətindədir. 1998-ci ildə Fransada təşkil edilmiş dünya çempionatından sonra mundialın final mərhələsinə həsrət qalan avstriyalılar, son seçmə mərhələyədək qitə birinciliyinə də kənardan baxırdı. Avstriya millisi sonuncu dəfə (bu həm də ilk dəfə idi) qitə birinciliyinin final mərhələsində 2008-ci ildə çıxış etmişdi ki, onda da ev sahibi kimi seçmə mərhələdən azad idi.
Vətəndə keçirilən qitə birinciliyindəki fiasko avstriyalılar üçün həyəcan siqnalı oldu. Avstriya millisi Polşa, Xorvatiya və Almaniya ilə mübarizə apardığı B qrupunu qələbəsiz başa vurdu (1 heç-heçə, 2 məğlubiyyət). Evdə keçirilən qitə birinciliyindəki fiasko Avstriya Futbol Federasiyasını hərəkətə keçirdi. Futbolla bağlı yeni layihələr həyata keçirən federasiya, bunun qarşılığını 2015-ci ildə AÇ-2016-nın seçmə mərhələsinin sonunda gördü. Avstriya millisi Marsel Kollerin rəhbərliyi altında qrupda Rusiya və İsveç kimi milliləri geridə qoyaraq, birinci pilləni tutub, bu il Fransada təşkil ediləcək Avropa çempionatına vəsiqəni təmin etdi.
Avstriya millisi DÇ-2014-ün seçmə mərhələsi ilə müqayisədə böyük irəliləyiş əldə edib. Cəmi iki il əvvəlki seçmə mərhələni 17 xalla qrup üçüncüsü kimi başa vuran avstriyalılar, bu dəfə 28 xalla birinci oldu. Kollerin yetirmələri keçən seçmə mərhələdə yenə eyni qrupda mübarizə apardıqları və 3 xal geri qaldıqları İsveçi, bu dəfə 10 xal (!) qabaqladılar. Avstriyalılar seçmə mərhələdə çıxdıqları 10 oyunun 9-nu qələbəylə başa vurub 1-də heç-heçə edərək, bütün Avropanı heyrətləndirdilər.
Millinin bu uğurunda Almaniya Bundesliqasında çıxış edən futbolçuların - Marko Arnautoviç, Zlatko Yunusoviç, Martin Harnik, David Alaba və s. kimi oyunçuların əvəzsiz xidməti oldu. Xüsusilə də Alaba son illərdə həm millidə, həm də klubu "Bavariya"da oynadığı futbolla göz oxşayır. Avstriya millisinin AÇ-2016-nın final mərhələsindəki əsas silahlarından biri də, heç şübhəsiz, qaradərili müdafiəçisi David Alabadır.

Beynəlmiləl ailə

David Alaba 1992-ci il, iyun ayının 24-də, Avstriyanın paytaxtı Vyanada dünyaya göz açıb. Alabanı etnik kimliyinə görə əsl "dünya vətəndaşı" saymaq olar. Belə ki, Davidin atası nigeriyalı, anası filippinlidir. Özü isə dünya musiqisinin beşiyi sayılan və adıçəkilən ölkələrdən minlərlə km uzaqda yerləşən Vyanada doğulub. Digər maraqlı cəhət isə Alabanın valideynlərinin və özünün fərqli qitələrdə doğulmasıdır (Afrika, Asiya və Avropa). Davidin atası Corc Alaba Avstriyada məşhur DJ-lərdən sayılır. O, həmçinin repçiliyilə də ad çıxardıb. Futbolçunun anası Cina isə əslən filippinlidir. Avstriyaya tibb bacısı kimi işləmək üçün gələn Cina, burda Corcla tanış olur və ailə həyatı qurur. İkilinin nikahından dünyaya gələn David atası kimi qaradərili olsa da, üz cizgilərindən anasını xatırladır.

Avstriya həvəskarından Almaniya nəhənginədək


Kiçik David futbolla 9 yaşından etibarən məşğul olmağa başlayır. Onun ilk klubu həvəskar "Aspern" olur. Cəmi bir il burda top qovan David, 2002-ci ildə Vyana "Austria"sının aşağı yaş qruplarından ibarət komandasına qoşulur. Bu klubun yeniyetmələrdən ibarət komandalarındakı çıxışı ilə diqqət mərkəzinə düşən Alaba, "Bavariya"nın skautlarının nəzərindən yayınmır. Artıq 2008-ci ildə, 16 yaşındaykən, Münhen klubu onu komandaya cəlb edir. Almanlar onun keçidi üçün Vyana klubuna 150 min avro transfer haqqı ödəyirlər.
Alaba "Bavariya"dakı ilk mövsümündə Münhen klubunun U-17 və U-19 komandalarında çıxış edir. Növbəti - 2009/10 mövsümündən etibarən isə David "Bavariya"nın əvəzedicilərindən ibarət komandasına cəlb edilir. O, 2009-cu ilin avqustunda peşəkar futbolda debüt edir. David 3-cü liqada çıxış edən "Bavariya II"-nin heyətində "Dinamo" (Drezden) ilə oyunda ilk oyununa çıxır.
Münhen klubunun əvəzedici heyətində yaxşı mənada fərqlənən Alaba elə həmin mövsümdə "Bavariya"nın əsas komandasına cəlb edilir. "Bavariya" avstriyalı müdafiəçinin adını Çempionlar Liqasının 2009/10 mövsümünün iştirak ərizəsinə də daxil edir. Alabanın Münhen klubunun əsas heyətində debütü isə 2010-cu il fevralın 10-a təsadüf edir. O, Almaniya kubokunun "Qroyter Furs"la oyununun 59-cu dəqiqəsində, 27 nömrəli futbolkayla meydana daxil olur. Həmin oyunda Alaba topa ikinci toxunuşunda Frank Riberiyə ötürmə edir, fransız isə hesabı 3:2 Münhen klubunun xeyrinə dəyişir. Oyun "Bavariya"nın böyük hesablı qələbəsi ilə nəticələnir - 6:2. Münhen klubunda 17 yaş, 7 ay və 8 günlüyündə debüt edən Alaba, klubda rəsmi oyuna çıxan ən gənc futbolçu kimi tarixə düşür.

Avstriyanın vunderkindi

David 2009-cu ildə daha bir uğura imza atır. O, Fransa ilə qarşılaşmada millidə ilk oyununa çıxaraq, yığmanın da tarixinə düşür. Belə ki, Alaba Avstriya millisində meydana çıxan ən gənc futbolçu olur. David 2012-ci ildə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Avstriyanın Qazaxıstanı 4:0 hesabı ilə məğlub etdiyi oyunda millidə qol hesabını açır.
Millidən söz düşmüşkən, Alaba hələ vətənində "Austria"da çıxış edərkən ölkəsinin aşağı yaş qruplarından ibarət millilərinə çağırılırdı. Ancaq müdafiəçi atasının vətəni olan Nigeriya millisinin də şərəfini qoruya bilərdi. Özünün dediyinə görə, hətta buna razılıq da verib. Ancaq Nigeriya Futbol Federasiyasının bu məsələdə ciddi-cəhd göstərməməsi, Alabanın Avstriya millisini seçməsi ilə nəticələnib.
Gənc futbolçu son seçmə mərhələdə Avstriya millisinin əsas dayağı oldu desək, yəqin ki, yanılmarıq. Marsel Kollerin komandasının müdafiə xəttinin əvəzedilməz üzvlərindən olan David, hücumda da komandasına xeyir verdi. Alaba seçmə mərhələdə Avstriya millisinin qrupu birinci pillədə başa vurmasına 4 qolla töhfə verdi. Özü də David bu qollardan ikisinə Avstriya millisinin qrupda əsas rəqiblərindən olan İsveçlə oyunlarda imza atdı.
banner

Oxşar Xəbərlər