• çərşənbə axşamı, 23 aprel, 11:03
  • Baku Bakı 20°C

Avstriya jurnalı Aslan Aslanovun analitik məqaləsini dərc edib

11.11.14 17:56 1123
Avstriya jurnalı Aslan Aslanovun analitik məqaləsini dərc edib
Avstriyanın nüfuzlu “Society” jurnalı AzərTAc-ın baş direktoru Aslan Aslanovun “Ənənəvi mediadan dünya informasiya şəbəkəsinə transformasiya labüddür” sərlövhəli analitik məqaləsini alman dilində dərc edib. Məqalədə yeni informasiya texnologiyalarının inkişaf meyllərindən və sosial şəbəkələrlə ənənəvi media arasında qarşılıqlı münasibətlərdən bəhs edilir. Analitik yazıda, həmçinin bu il oktyabrın 2-3-də keçirilmiş IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu mövzuya həsr olunmuş “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri” adlı “dəyirmi masa” da səsləndirilən fikir və təkliflərə münasibət bildirilir. Müəllif sosial mediadan informasiya mənbəyi kimi istifadə olunmasının, xəbər agentliklərinin müasir dövrün çağırışları ilə ayaqlaşmasının zəruriliyinə dair fikirlərini diqqətə çatdırır. Yeni informasiya texnologiyalarının tərəqqisi fonunda jurnalistikanın inkişaf meyllərinin nəzəri və təcrübi cəhətdən təsvir olunduğu məqalədə gələcək tendensiyalar və uğur mexanizmləri haqqında da fikirlər bildirilir.
Hazırkı “Society” jurnalı 1945-ci ildə Avstriyanın Federal Kansleri Karl Rennerin təşəbbüsü ilə təsis edilmiş “BMT jurnalı” və 1992-ci ildə Q.Tauxhammerin əsasını qoyduğu “Society” jurnalının birləşməsi nəticəsində yaranıb. Jurnal ildə dörd dəfə nəşr olunur və son dövrlərdə digər mətbu orqanlar kimi daha çox müasir texnoloji imkanlardan (internet, sosial şəbəkələr və daşınar mobil cihazlar üçün proqramlar) istifadə edir. Əsasən ictimai-siyasi, iqtisadiyyat və mədəniyyət mövzularında materialların dərc olunduğu jurnal alman və ingilis dillərində çıxır. Avstriyanın dövlət və hökumət dairələri, bu ölkədəki beynəlxalq təşkilatlar və diplomatik korpus jurnalın əsas abunəçiləri sırasındadır.
Elgün Niftəliyev,
AzərTAc-ın xüsusi müxbiri
Vyana
banner

Oxşar Xəbərlər