• çərşənbə axşamı, 19 mart, 14:29
  • Baku Bakı 8°C

Avstriya dəmir yollarında elektrik batareyaları ilə işləyən lokomotivlər istifadəyə veriləcək

25.08.19 17:00 4820
Avstriya dəmir yollarında elektrik batareyaları ilə işləyən lokomotivlər istifadəyə veriləcək
Avstriyanın Aşağı Avstriya federal əyalətində gələn aydan etibarən elektrik batareyaları ilə işləyən hibrid mühərrikli lokomotivlər istifadəyə veriləcək.
AZƏRTACxəbər verir ki, Avstriya Dəmir Yolları "Cityjet eco” adını daşıyacaq bu qatarlar üçün müvafiq lisenziyanı əldə edib və sərnişin daşımalarında ekoloji təmiz yeni nəqliyyat vasitəsinin istismarına başlayacaq. Konsernin hədəfi elektrikləşməmiş ərazilərdə dizellə çalışan lokomotivlərin əvəzinə, geniş şəkildə emissiyasız elektrik batareyaları ilə çalışan lokomotivlərə keçməkdir.
"Siemens Mobility” şirkəti tərəfindən təqdim edilən elektrohibrid batareya ilə çalışan lokomotivlər ilkin mərhələdə elektrikləşməmiş Kamptal regionunda sınaqdan keçiriləcək. Bu mühərriklərin xüsusiyyəti ondan ibarətdir ki, qatar elektrik xətləri olan ərazidə hərəkət edərkən, lokomotivin damında yerləşdirilmiş batareyalar enerji yığır və elektrik xətti olmayan ərazilərdə qatarın hərəkəti batareyaların köməyi ilə təmin olunur.
Avstriya Dəmir Yollarından verilən məlumata görə, ölkə ərazisində dəmir yollarının dörddəbiri hələ də elektrikləşməyib və yeni hibrid mühərrikli lokomotivlər regional sərnişin nəqliyyatında yeni mərhələnin başlanğıcı olacaq, ekologiyanın təmizliyinə töhfə verəcək. Payızda sınaq müddəti başa çatdıqdan sonra yeni lokomotivlərin Aşağı Avstriya, Yuxarı Avstriya və Ştiriya federal əyalətlərində regional sərnişin nəqliyyatında istifadəsi nəzərdə tutulur.

banner

Oxşar Xəbərlər