• çərşənbə, 24 Aprel, 00:43
  • Baku Bakı 14°C

Avropaya inteqrasiya Azərbaycanın əsas prioriteti olaraq qalmaqdadır

19.06.14 08:38 1135
Avropaya inteqrasiya Azərbaycanın əsas prioriteti olaraq qalmaqdadır
İyunun 14-də Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo Bakıya gələrək Azərbaycan rəhbərliyi ilə ikitərəfli münasibətlərin inkişafı və enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdi. Təbii ki, onun ölkəmizə səfəri maraqla gözlənilirdi. Hətta səfərin hansı məqsədlə edildiyi haqda əvvəlcədən bəzi mülahizələr yürüdülür, müxtəlif proqnozlar verilirdi. Ələlxüsus da, hazırda regionda cərəyan edən geosiyasi hadisələr fonunda bu görüşün xüsusi əhəmiyyət daşıdığı aydın idi. Barozzonun Bakıya gəlişi hər şeydən öncə, Aİ-nin ölkəmizə dəstəyinin nümayişi kimi dəyərləndirilirdi. Regionda Rusiya layihələrinin reallaşdırıldığı, Avrasiya İqtisadi Birliyinin (AİB) yaradıldığı vaxtda rəsmi Moskvanın Azərbaycanı öz qurumlarına üzv etmək üçün təzyiqlərini artırmayacağını düşünmək sadəlövhlük olardı. Bu yerdə qeyd olunmalıdır ki, Azərbaycan Gürcüstan və digərləri kimi Rusiya ilə münasibətləri korlanmış dövlət deyil. Buna görə də ikitərəfli münasibətlərin normal olduğu müddətdə qərarlarımızı verərkən atacağımız addımların yaxın münasibətdə olduğumuz ölkələrlə əlaqələrimizə nə dərəcədə təsir edəcəyini nəzərə almalıyıq. Əslində, Azərbaycan da məhz bu cür balanslaşdırılmış xarici siyasət yürüdür və qonşuluq əlaqələrini nəzərə alır. Ölkəmizin belə mövqeyi Aİ tərəfindən də qəbul edilir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Ermənistan deyil və birmənalı şəkildə Rusiyaya “böyük qardaş” deyib Şimala üz tutmur. Ələlxüsus da, Aİ-nin iqtisadi cəhətdən AİB-dən dəfələrlə üstün olduğunu bildiyi vaxtda. Bəzi ekspertlərin araşdırmaları göstərir ki, MDB üzvü olan bütün ölkələr AİB-ə qoşulsa, o zaman Gömrük İttifaqı dünya üzrə ümumi daxili məhsulun 4 faizini təşkil edəcək. Aİ-də isə bu göstərici 26 faizdir. Eyni zamanda, Aİ vahid bazar prinsipi əsasında fəaliyyət göstərdiyi halda, Gömrük İttifaqında bunu tətbiq etmək mümkün deyil. Azərbaycan dövlətçiliyi üçün ən vacib məqam odur ki, Rusiyanın yaratdığı birliklərə üzv olmaq iqtisadi məqamlarla yekunlaşmır. Aydın məsələdir ki, bu qurumlar şimal qonşumuzun regionda öz təsirini gücləndirməsinə hesablanıb. Ona görə də Azərbaycan Avropaya üz çevirmədi və Aİ ilə İttifaqın proqramlarında iştirakın ümumi prinsipləri haqqında çərçivə sazişi imzalandı. Qeyd edək ki, regionda Rusiyanın iddialarının artması və Ukraynada yaşananlar fonunda bu sazişin imzalanması hər iki tərəf üçün ciddi əhəmiyyət daşıyır. Sirr deyil ki, Rusiya SSRİ-ni bərpa etmək yolunda yaratdığı birliklərə Azərbaycanı da daxil etmək üçün müəyyən danışıqlar aparır. Ona görə də son vaxtlar Azərbaycanın Qərbi yoxsa Şimalı seçəcəyi barədə müxtəlif fikirlər səsləndirilir. Azərbaycan hər zaman avrointeqrasiya siyasətinə üstünlük verdiyini açıqlasa da, Aİ ilə Assosiasiya Sazişini imzalamağın ölkə maraqlarına uyğun gəlmədiyini söyləyirdi və bu sazişin əvəzinə özünün alternativ təklifini irəli sürmüşdü. Anlamaq çətin deyil ki, hər zaman Azərbaycanı öz tərəfinə çəkmək istəyən Aİ son olaylardan sonra ölkəmizi özündən daha da uzaq salmaq istəməzdi. Elə bu səbəbdən də onlar Azərbaycanın təklifini qəbul etdilər və Barrozonun səfəri çərçivəsində sözügedən saziş imzalandı. Aİ-nin Azərbaycanın istəyi ilə razılaşması və bizim maraqlarımıza uyğun gələn müqaviləni imzalaması o qurumun ölkəmizin nə dərəcədə əhəmiyyətli tərəfdaş olduğunu anladığını göstərir. Xüsusən, Rusiyanın qaz faktorundan istifadə etməklə Avropanı təhdid edə bildiyi vaxtda onlar üçün alternativ enerji mənbəyini itirmək yaxşı heç nə vəd etmirdi. Qeyd edək ki, Barrozo bir müddət əvvəl mətbuata açıqlamasında Avropa üçün “Cənub Axını” qaz kəməri layihəsinin prioritet olmadığını söyləmişdi. Bildirmişdi ki, onlar üçün Azərbaycan qazı daha vacib əhəmiyyət daşıyır. Bu və digər səbəbləri xatırladıqda Aİ-nin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu bir daha açıq-aşkar görünür. Doğrudur, Azərbaycanın Şərq Tərəfdaşlığı çərçivəsində Aİ ilə müəyyən münasibətləri var. Amma o da məlumdur ki, ölkəmiz Qoşulmamaq Hərəkatının üzvü kimi balanslı siyasətə üstünlük verir. Onu da deyək ki, son günlər belə fikirlər səslənirdi ki, hazırkı gedişat Azərbaycanın AİB-ə üzv olmağa hazırlaşdığını göstərir. Bu baxımdan, sazişin imzalanmasını yerinə düşən addım və müəyyən qüvvələrə cavab kimi qiymətləndirmək olar. Yəıni Azərbaycan necə deyərlər, “bir güllə ilə iki dovşan vurdu”. Həm Avropa İttifaqı ilə əlaqələrin inkişafında maraqlı olduğunu nümayiş etdirdi, həm də Rusiyanı narazı salmadı. Onu da deyək ki, Azərbaycanın Avropanın xeyli vaxtdır israr etdiyi Assosiasiya Sazişini imzalamaması onu göstərdi ki, Azərbaycan üçün milli maraqlar bütün digər nüanslardan üstündür. Ona görə də hökumət sözündən dönməyərək bu sazişi imzalamadı və məhz bizim dövlətçilik maraqlarımıza uyğun gələn xüsusi sənədin hazırlanmasında təkid etdi. Təbii ki, regionda yaşanan gərginlik, nəyin nə olduğunun aşkarlandığı vaxtda Azərbaycanın belə addım atması olduqca əhəmiyyətli hadisədir. Bildirək ki, səfər çərçivəsində ölkəmizin Avropa üçün xüsusi əhəmiyyət daşıdığının bir daha bəyan olması ilə yanaşı, Azərbaycan üçün Avropaya inteqrasiya siyasətinin hələ də prioritet mövzu olduğu da növbəti dəfə təsdiqləndi.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər