• çərşənbə axşamı, 16 aprel, 10:33
  • Baku Bakı 14°C

Avropaya gedən 10 mindən çox gürcü siyasi sığınacaq istəyib

22.02.18 09:00 857
Avropaya gedən 10 mindən çox gürcü siyasi sığınacaq istəyib
Almaniya Gürcüstanla vizasız rejimin dayandırılması məsələsini nəzərdən keçirə bilər. Səbəb bu ölkədən olan qaçqınların kəskin şəkildə artması, eləcə də, gürcü kriminal qruplaşmalarının aktivləşməsidir. Əgər Almaniya belə bir addımı atmağa qərar versə, onda vizasız gediş-gəlişin dayandırılması barədə qərar avtomatik olaraq digər Şengen zonası üzvləri tərəfindən də qəbul olunacaq. Yeri gəlmişkən, narahatçılığı Almaniya daxili işlər naziri Tomas de Mezyer Münhendə keçirilən təhlükəsizlik konfransında səsləndirib. O bildirib ki, məsələ ilə bağlı Gürcüstan xarici işlər naziri Mixail Canelidzeni xəbərdar edib. Vizasız rejimin dayandırılması barədə xəbərdarlığını bəyan edən alman nazir əlavə edib ki, problemin həlli Gürcüstandan asılıdır: "Ümid edirəm ki, viza liberallaşması saxlanılacaq, lakin qanunu pozanların sayı narahatçılıq doğurur”.
Gürcüstandan gələnlər arasında kriminal hadisələrə qarışanların artdığı da xüsusi vurğulanıb. Gürcüstandan arzuolunmaz trafikin qarşısının alınması barədə Almaniya DİN rəhbərinə Vestfaliya və Bavariya torpağının rəhbərləri də müraciət ediblər. Tbilisi ilk xəbərdarlığını ötən ilin sonunda alıb. Avropa strukturlarının hesabatlarında Gürcüstan vətəndaşı olan şəxslərin Avropada qanunla nəzərdə tutulmuş müddətdən çox qalmaq üçün status almaq müraciətlərinin sayının artdığından söhbət açılıb. Məlumat üçün bildirək ki, ötən həftənin sonu ilk həyəcan dolu mesaj edilib – Almaniyanın Memminqen şəhərində 19 gürcü vətəndaşı qəfildən ölkədən qovulub. Onların 9-nu təyyarə ilə Kutaisiyə göndəriblər, yerdə qalanını isə Münxen aeroportunda tranzit zonaya gətiriblər. Almaniyadan Gürcüstana qaytarılan şəxslər hansı səbəbdən qovulmamalını şərh edə bilməyiblər. Lakin Kutaisi-Memminqen reysi ilə hərəkət edən sərnişinlərlə bağlı yaşanan insidentdən bir neçə gün əvvəl Şimali Reyn-Vestfaliya əyalətinin inteqrasiya məsələləri üzrə naziri İoahim Ştamp federal hökuməti Gürcüstandan sığınacaq almaq üçün müraciətlərin sayına diqqət yetirməyə çağırıb. Elə bununla eyni vaxtda "Welt” qəzeti bu problemlə bağlı sərt bir məqalə dərc edib. Məqalədə xatırladılır ki, Almaniya hökuməti Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiq olunmasına qarşı olub. Hesab edilir ki, gürcü kriminal qruplar bütün Avropa üçün ciddi problemdir. Rəsmi Berlin ötən il məsələnin müsbət həll olunmasına yalnız bir şərtlə razılıq verib – fövqəladə hallarda vizasız gediş-gəlişin dayandırılması barədə mexanizm yaradılsın. Viza rejiminin liberallaşmasından bir il sonra qəzet problemi yenidən qabardıb. Məqalədə Bundestaqın Xristian-Demokrat İttifaqı/ Xristian Sosialistlər İttifaqı fraksiyasından olan deputat Ştefan Mayerin fikirləri əks olunub. O bildirib ki, Avropa İttifaqı viza rejiminin ləğv etmək iqtidarında olduğunu nümayiş etdirməlidir. Onun sözlərinə görə, sığınacaq almaq istəyənlərin sayının son 4 ayda üç dəfə artması belə bir addım atmağı zəruri edir. Sentyabr ayında 238, oktyabr - 355, noyabr - 44, dekabr 522, yanvarda isə 745 nəfər belə bir müraciətlə çıxış edib.
Dərhal da gürcü müxalifəti yaranmış vəziyyətdən hakimiyyəti tənqid etmək üçün istifadə etməyə çalışıb. Müxalifət bəyan edib ki, hakimiyyət Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək əvəzinə, geriyə doğru addım atır.
Öz növbəsində Gürcüstan xarici işlər naziri Mixail Canelidze hesab edir ki, vəziyyət o qədər də kritik deyil. Onun qənaətincə, Tbilisi yaranmış vəziyyəti dəyişmək iqtidarındadır və avropalı tərəfdaşlarında yaranan suallara cavab verə bilər. Nazir yaranmış vəziyyətə Gürcüstan parlamentində də münasibət bildirib. O deyib ki, baş nazir Georgi Kvirikaşvili hökumətin iclasını çağırıb və vizasız rejimin pozulması hallarına qarşı tədbirlər görülməsi qərara alınıb. Nazirin sözlərindən bəlli olur ki, problemin aradan qaldırılması üçün gürcü sərhədçilərinin səlahiyyətləri genişləndiriləcək. "Onlar Avropaya gedən gürcü vətəndaşları ilə geniş söhbətlər aparacaqlar. Bununla gedənlərin real planlarının nədən ibarət olduğu üzə çıxacaq. Eyni zamanda, maarifləndirici işlər də aparılacaq. Əhali bilməlidir ki, Avropada Gürcüstanı azad ölkə hesab edirlər. Bu səbəbdən də siyasi sığınacaq barədə müraciətlərə mənfi yanaşırlar”, - deyə nazir bildirib. O əlavə edib ki, status almaqda kömək vədi verən "vasitəçilər”ə inanmaq gərək deyil. Gürcü nazir bildirib ki, vizasız rejimdən indiyə qədər 220 min insan istifadə edib. Oktyabrda bəlli olub ki, Gürcüstandan Avropa İttifaqına yollananların 10 mini vaxtında geri dönməyib. Onların bir çoxu Almaniya və Aİ-nin digər üzvlərindən siyasi sığınacaq istəyiblər. Ötən il belə bir müraciətlərin sayı 35 faiz artaraq 10 455-ə çatıb.
Nazirin bəyanatının ardınca rəsmi Tbilisi Almaniyaya Gürcüstan üçün "təhlükəsiz dövlət” statusunun verilməsini təklif edib. Əgər belə bir status verilsə, onda Almaniya hökuməti miqrantlara rədd cavabı verə və onları avtomatik olaraq ölkədən çıxara bilər. Bütün bu proses isə gürcü hökumətinin hesabına həyata keçiriləcək.
Ekspertlərin qənaətincə, vəziyyət insanların hərəkət fəaliyyətini məhdudlaşdıran hakimiyyətin xeyrinə dəyişmir. Əgər insanın xarici getmək üçün sənədləri qaydasındadırsa, onda onların xaricə getməyinin qarşısını adi bir şübhə ilə almağa çalışılması düzgün hesab edilmir. Başqa bir problem avropalıların kriminal qruplaşmalara olan münasibətidir. Avtoritetlər Gürcüstandan hələ cinayətkarlığa qarşı total müharibə elan edən Mixail Saakaşvili dövründə çıxarılıblar. Gürcü hakimiyyət orqanları Avropada kriminal vəziyyətə təsir etmək iqtidarında deyillər. Qalır hüquq-mühafizə orqanları səviyyəsində əməkdaşlıq, informasiya mübadiləsi. Bu da onların avropalı tərəfdaşlarını maraqlandıra bilər. Tbilisinin bu sahədə problemi yoxdur. Lakin Avropanın bununla kifayətlənib-kifayətlənməyəcəyi yaxın gələcəkdə bəlli olacaq.
Maraqlıdır ki, gürcü tərəfi yaranmış vəziyyətə görə məsuliyyəti Rusiyanın üzərinə atıb. Tbilisidə hesab edirlər ki, Rusiya təbliğat Gürcüstanla Aİ arasında imzalanmış vizasız rejimi ləkələməyə çalışır. Gürcüstan XİN rəhbəri də əminliklə bildirib ki, Rusiyanın narazılığına baxmayaraq, vizasız rejim saxlanılacaq. Bu fikri prezident Georgi Marqvelaşvili də müdafiə edib. Onun sözlərinə görə, Rusiyanın bu və digər ölkədə seçkilərin nəticələrinə təsir etmək ağlına gəlirsə, onda gürcülərin Avropa üçün problem yarada biləcəyini inandırmaq istəyi də təəccüb doğurmamalıdır.
Azər
banner

Oxşar Xəbərlər