• cümə, 19 Aprel, 16:02
  • Baku Bakı 25°C

Avropaya etibarlı tərəfdaş lazımdır

17.02.15 08:18 1876
Avropaya etibarlı tərəfdaş lazımdır
Son geosiyasi proseslər fonunda dünya və ölkəmiz üçün əhəmiyyəti artan mövzulardan biri də enerji təhlükəsizliyi məsələsidir. Rusiyanın Avropanı qazı kəsməklə hədələməsi, ikincinin yeni alternativ enerji mənbəyi və strateji tərəfdaş axtarışı ölkəmizin bu mövzuda önəminin artmasına birbaşa təsir edən məqamdır. Xatırladaq ki, Azərbaycanın reallaşdırmaq istədiyi enerji layihələrindən biri də Cənub qaz dəhlizidir. Bir neçə gün öncə paytaxtımızda layihənin Məşvərət Şurasının ilk iclası keçirilib və bu dəhlizin Avropa üçün yeganə qaz mənbəyi olacağı bildirilib. Layihənin konkret olaraq ölkəmiz üçün əhəmiyyəti, Avropa ilə münasibətlərimizə verəcəyi töhfə və s. məqamlar barədə suallarımızı politoloq Elman Nəsirova ünvanladıq.
- Elman müəllim, Cənub qaz dəhlizi layihəsinin Azərbaycan üçün tarixi əhəmiyyəti nədir?

- Bu layihənin nəinki Azərbaycan, Avropa üçün də böyük əhəmiyyəti var. Ölkəmiz Avropa üçün yeni alternativ enerji mənbəyi kimi çıxış edir. Prezident hələ Münhen Təhlükəsizlik Konfransında olarkən Cənub qaz dəhlizinin məşvərət iclasının Bakıda keçirilməsi ilə bağlı anons verdi. Qeyd etdi ki, Azərbaycan enerji təhlükəsizliyi məsələlərinə təkcə marşrutun şaxələndirilməsi deyil, mənbələrin şaxələndirilməsi baxımından da qiymət verir. Bilirsiniz ki, iclasda Türkiyədən, Gürcüstandan, hətta bizimlə qeyri-tərəfdaş olan ölkələrdən - İtaliyadan, Yunanıstandan rəsmi şəxslər iştirak edirdi. Bu isə layihənin əhəmiyyətinin böyük olduğunu göstərən məqamdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryol xətti Azərbaycan üçün daha regional layihələr idi. Onları Türkiyə və Gürcüstanın iştirakı ilə reallaşdırırdıq. Cənub qaz dəhlizi isə ölkəmizin ilk dəfə tam şəkildə Avropa bazarına daxil olması deməkdir. Qeyd edim ki, vaxtilə Nabukko layihəsinə qatılmış dövlətlər də Cənub qaz dəhlizinə maraq göstərir və konkret addımlar atırlar. Məsələn, Bolqarıstan Nabukkoda iştirakçılardan idi. İndi isə onlar Cənub qaz dəhlizinə qatılırlar. Xorvatiyanın da analoji addım atacağı gözlənilir. Bu, layihənin önəmini xatırladan məsələdir. Cənub qaz dəhlizi layihəsi ilə bağlı ilk məşvərət iclasının Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan reallaşdırmaq istədiyi enerji layihələri barədə sözdə danışmır və konkret əməli addımlar atır. Prezident qeyd etdi ki, Nabukko ilə bağlı dəfələrlə toplantı keçirilib, danışıqlar, müzakirələr aparılıb. Amma səslənən fikirlər, təkliflər faktiki olaraq reallaşdırılmayıb. Amma Azərbaycan indiyə qədər hansı layihələrlə bağlı mövqe bildiribsə, onların hər biri reallaşmaqdadır. Cənub qaz dəhlizi layihəsində iştirak edən tərəflər də bundan əmindirlər. Azərbaycan tərəfi son dərəcədə maraqlıdır ki, layihədə iştirak edən ölkələr arasında ciddi qaydada əlaqələndirilmiş fəaliyyət olsun. Hansısa əngəllərin olmasını istəmirik. Layihəyə start verilirsə, iştirak edən tərəflər üzərlərinə öhdəlik götürürlərsə, ortaya problemlər çıxanda baş verənlərə dərhal reaksiya versinlər. Bu gün layihədə iştirak edən Avropa dövlətləri təsdiq edirlər ki, Azərbaycan Cənub qaz dəhlizi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirir. Belə qətiyyətimiz sayəsində 2018-ci ildə TANAP, 2020-ci ildə isə TAP layihəsi reallaşacaq. Hesab edirəm ki, Cənub qaz dəhlizi layihəsi sözün həqiqi mənasında, çox böyük potensialı olan yeganə alternativ enerji mənbəyidir.
- Bəs bu layihənin Avropa üçün xüsusi önəmi varmı?
- Təbii ki, Cənub qaz dəhlizi Avropa üçün olduqca böyük əhəmiyyət daşıyır. Məsələ ondadır ki, Avropa ölkələrinin təxminən 40 faizi Rusiyadan qaz asılılığı vəziyyətindədir. Hazırda Rusiya ilə Qərbin münasibətlərinin kəskinləşməsi reallığını və Rusiyanın “Cənub axını” layihəsindən imtina etməsini nəzərə alsaq, Avropanın yeni enerji mənbəyinə ehtiyacı olduğu məlum olur. Xatırladım ki, Avropa ildə 150 milyard kubmetrdən çox qaz istehlak edir və onun da böyük əksəriyyətini Rusiyadan alır. Deməli, Avropa üçün mütləq mənada etibarlı tərəfdaş lazımdır. Onlar belə bir dövlətin Azərbaycan olduğunu etiraf edirlər. Son geosiyasi vəziyyət, Qərb ilə Rusiyanın münasibətlərinin həddindən artıq korlanması, Rusiyanın enerji məsələsindən təzyiq kimi istifadə etməsi və s. reallıqlar Azərbaycanın Avropa üçün əhəmiyyətinin kifayət qədər artmasına səbəb olur.
- Sizcə, müəyyən qüvvələr Azərbaycanın böyük layihə reallaşdırmasına müxtəlif maneələr yarada bilərlərmi?
- Azərbaycanın Avropa üçün əsas iqtisadi tərəfdaşa çevrilməsi, onların enerji təhlükəsizliyinə xüsusi töhfə vermək imkanlarına malik olması, bu imkanların reallaşması yönündə konkret addımlar atması və s. şübhəsiz ki, ölkəmizin gücünü, qüdrətini ortaya qoyur. Əsas məqam odur ki, biz Avropanı enerji ilə təmin etməklə yanaşı, öz iqtisadi imkanlarımızı da xeyli artırırıq. Məlumdur ki, layihələrin gerçəkləşməsi büdcəyə böyük miqdarda əlavə vəsaitin daxil olması deməkdir. Bundan əlavə, Azərbaycanın regionda çəkisi artır, beynəlxalq aləmdə nüfuzu daha da yüksəlir. Təbii ki, belə reallıqları qəbul etməyən qüvvələr var. Dünyanın əksər ölkələrini böhran bürüdüyü vaxtda Azərbaycan sürətli inkişafından geri qalmadı. Onlar bunun qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edirlər və üsullar içində çox geniş yayılmış təzyiq elementləri var. Guya ki, Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti pisdir və s. Bütün bunlar sınaqdan çıxarılmış üsullardır və belə yollarla ölkəmizə təzyiq göstərmək mümkün deyil. Prezident dəfələrlə qeyd edib ki, bu cür təzyiqlərlə Azərbaycanı asılı vəziyyətə salmağa nail olmayacaqlar. Azərbaycanın öz yolu var və biz inkişaf etmiş dövlətlər sırasına daxil olmaq istəyirik. Nəzərə alınmalıdır ki, Azərbaycanda siyasi sabitlik var və xalq öz prezidentini dəstəkləyir. Siyasi sabitlik iqtisadi inkişafı təmin edir. Belə məqamlardan həm dünya, həm də qonşu ölkələr faydalanır. Təəssüf ki, bədxahlar həmişə var. İşğalçı ölkəni dəstəkləyən, ermənipərəst mövqeyini gizlətməyən qüvvələr həmişə olub. Qarabağ münaqişəsini dondurulmuş vəziyyətdə saxlamaqla hesab edirlər ki, Azərbaycanın inkişafına mane olacaqlar. Bu cəhdlər müəyyən məqamlarda həmin tərəflərin mənafeyinə xidmət göstərsə də, strateji baxımdan onların özünə də ziyandır. Çünki bir regionda pozulan sabitlik digərlərinə də sirayət edir və böhrana gətirib çıxara bilir. Azərbaycan isə Cənubi Qafqazın mühüm elementidir. Bunu hər zaman nəzərə almaq lazımdır. Azərbaycanın bütün istiqamətlərdə, xüsusilə enerji sahəsində yeritdiyi siyasət təkcə bizim deyil, islehlakçı ölkələrin də mənafeyinə xidmət göstərir.
- Belə ehtimallar da var ki, neftin ucuzlaşması rentabelliyi aşağı saldığına görə TAP, TANAP, Cənub qaz dəhlizi layihələrinin reallaşmasında problemlər yarana bilər.
- Bəli, belə fikirlər səsləndirilir. Prezident özü də dedi ki, bəzən müəyyən tərəflər hesab edirlər ki, neftin qiymətinin düşməsi bu layihələrin reallaşmasına müəyyən mənada təsir göstərə bilər. Cavab olaraq dedi ki, biz strateji layihələrlə işləyirik. Həm TAP, həm də TANAP layihəsi strateji əhəmiyyət daşıyır. Bu gün beynəlxalq aləmdə baş verənləri əsas kimi götürmək olmaz. Neftin qiymətinin ucuzlaşması taktiki gedişdir. İstisna deyil ki, bir müddətdən sonra əksinə, qiymətlərin bahalaşması baş versin. Əsas odur ki, bu, alternativ enerji mənbəyi layihəsidir və siyasi risklərin azalması deməkdir. Azərbaycan risklərin aradan qaldırılması istiqamətində və təhlükəsizlik baxımından mühüm rol oynayır. Ona görə də hesab edirəm ki, qiymətlərdə ucuzlaşma strateji məsələlərdə mövqeyin dəyişməsinə gətirib çıxara bilməz.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər