• cümə axşamı, 18 aprel, 20:01
  • Baku Bakı 21°C

Avropaya açılan qapı

23.07.18 20:26 2074
Avropaya açılan qapı
Fransa Avropa İttifaqının qurucu üzvü olan Qərbi Avropa ölkəsidir. Rusiya və Ukraynadan sonra ərazi baxımından Avropanın üçüncü ən böyük ölkəsi sayılan Fransanın 70 milyona yaxın əhalisi var. Əhali sayına görə bu ölkə dünyada 20-ci, Avropada üçüncüdür. Avropa İttifaqında isə əhalisinin sayına görə Almaniyadan sonra ikinci yerdə qərarlaşıb. Fransa dünyada, eləcə də Avropa İttifaqında iqtisadi, siyasi, mədəni çəkisinə görə də fərqlənən ölkələrdəndir. Ona görə də SSRİ-nin süqutundan sonra müstəqilliyini yenidən bərpa edən Azərbaycan bu Avropa ölkəsi ilə münasibətlərin qurulmasında və inkişaf etdirilməsində maraqlı olub. Təsadüfi deyil ki, Fransa Azərbaycanın dövlət müstəqilliyini 1992-ci ilin yanvarında tanıyan, həmin ilin fevralında isə diplomatik əlaqələr yaradan ikinci xarici ölkədir. Fransa səfiri Azərbaycanda Türkiyə səfirindən sonra rəsmi fəaliyyətə başlayan ikinci diplomat olub. Lakin təəssüflər olsun ki, Azərbaycan-Fransa münasibətlərin ilkin mərhələdə nisbətən zəif inkişaf edib. Buna da səbəb o zaman Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinə görə hərbi-siyasi vəziyyətin gərgin olması, Fransanın Ermənistanla sıx əməkdaşlıq əlaqəsi saxlayan ölkə kimi qiymətləndirilməsi idi.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gətirilməsindən sonra Azərbaycanın xarici siyasətinin Avropa istiqaməti gücləndirilib. 1993-cü ildən etibarən Avropa dövlətləri, xüsusən də Fransa ilə əlaqələrin genişləndirilməsinə başlanılıb. 1993-cü ilin sonlarında Azərbaycan Prezidenti Heydər Əliyev Avropa ilə əməkdaşlıq siyasətinə Fransadan başlayıb. O, Azərbaycan prezidenti seçildikdən sonra xaricə ilk rəsmi səfərini Fransa prezidenti Fransua Mitteranın dəvəti ilə bu ölkəyə edib. Fransa və Azərbaycan arasında dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə imzalanıb. Ulu öndər Heydər Əliyev Parisdə olduğu zaman ATƏM-in əsas müqavilələrindən olan, Şərqi Avropanın sosialist və keçmiş sovet respublikalarının demokratiya və bazar iqtisadiyyatına keçidini nəzərdə tutan "Paris Xartiyası”nı da imzalayıb. F.Mitteran Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını bəyan edib. O, münaqişənin ATƏM konfransı çərçivəsində həllinin düzgünlüyünü bildirib. F.Mitteran Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda vəziyyətin daha gərgin olduğunu təsdiqləyib və Fransanın evlərini və torpaqlarını itirmiş insanlara yardım göstərəcəyini deyib. Ümummilli lider H.Əliyev də F.Mitterana Azərbaycanın Fransa ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini, onun sərhədlərin toxunulmazlığı barədə bəyanatını yüksək qiymətləndirdiyini bəyan edib. Beləliklə də bu səfərdən sonra Azərbaycan-Fransa iqtisadi əlaqələri genişlənməyə başlayıb. Ulu öndər H.Əliyev 1995-ci ilin dekabrında Fransaya ikinci dəfə səfər edərək Azərbaycanda investisiya qoyulmasına dair konfransın iştirakçısı olub və fransız şirkətlərini Azərbaycana dəvət edib. 1996-cı ildə Fransanın "Elf – Aquitaine” şirkəti "Şahdəniz” yatağının istismarına dair müqaviləyə qoşulub. Azərbaycan-Fransa tərəfdaşlığının dərinləşdirilməsinin davamı olaraq, ulu öndər H.Əliyevin Fransaya səfərlərini, prezident Jak Şirakla görüşlərini, həmçinin prezident İlham Əliyevin Fransaya səfərini, bu ölkənin rəhbərləri ilə görüşlərini, Fransa prezidentinin, xarici işlər nazirinin Azərbaycana səfərlərini və sairi göstərmək olar.
Qeyd edək ki, 1996-cı ildən etibarən Fransa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçi olan ATƏT-in Minsk qrupunun ABŞ və Rusiya ilə birlikdə həmsədri kimi fəaliyyətə başlayıb. 2001-ci ildə birbaşa Jak Şirakın təşəbbüsü ilə Parisdə Azərbaycanın dövlət başçısı Heydər Əliyev və Ermənistanın prezidenti Robert Koçaryanın iki dəfə təkbətək danışıqları keçirilib. 2002-ci ilin noyabrında NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının Praqa sammitində də görüşən ulu öndər H.Əliyev və J.Şirak Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib. Şirak Heydər Əliyevə vasitəçilik fəaliyyətini davam etdirməyə söz verib. Prezident J.Şirak ümummilli lider H.Əliyevə verdiyi sözə əməl edərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yüksək səviyyədə vasitəçilik fəaliyyətini davam etdirib. 2006-cı ilin fevralında Paris yaxınlığındakı Rambuye qəsrində Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistan prezidenti Robert Koçaryan arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə növbəti görüş keçirilib. Bu çətin, ancaq vacib olan dialoqu davam etdirmək üçün 2014-cü ilin oktyabr ayında Fransa dövlət başçısı Fransua Olland prezidentlər İlham Əliyev və Serj Sarkisyanın Parisdə görüşmələri üçün təşəbbüs göstərib. "Paris sammiti”' adlanan bu görüş hər iki prezidentə mühüm əhəmiyyət kəsb edən humanitar məsələdə – münaqişə zamanı itkin düşmüş şəxslər barəsində məlumatların mübadiləsi məsələsində razılığa gəlməyə imkan verib. Bundan irəli gələn ağır vəzifə Beynəlxalq Qırmızı Xaç Komitəsinə həvalə olunub.
Ümumiyyətlə, Fransa Azərbaycanın Avropa Şurasına daxil olması üçün lazımi addımlar atan ölkədir. Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi olmuş Fransa parlamentinin üzvü Jak Bommel bu istiqamətdə fəaliyyət göstərib. Fransa və Azərbaycan arasında hərbi sahədə də rəsmi əlaqə mövcuddur. 2002-ci ilin sentyabrından Fransanın Tbilisidə yerləşən və səlahiyyət dairəsinə Azərbaycanın da aid olduğu hərbi attaşesi fəaliyyət göstərir. Bu sahədə əməkdaşlıq Fransanın ATƏT-in Minsk qrupunda vasitəçi həmsədr kimi fəaliyyət göstərdiyinə görə az inkişaf edib. Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələr isə son onilliklər ərzində əhəmiyyətli dərəcədə möhkəmlənib. Xüsusilə nəqliyyat, ərzaq-yeyinti, mehmanxana, kənd təsərrüfatı, enerji, yüksək texnologiyalar, telekommunikasiya və sair sahələrdə iqtisadi əlaqələr qurulub. Azərbaycanın ilk peyki – "Azərspace-1” Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan – Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5” daşıyıcı raketi ilə orbitə buraxılıb. Bu, iki ölkə arasında yüksək kosmik texnologiyalar sahəsində qurulan sıx tərəfdaşlıq nəticəsində mümkün olub. Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün həyata keçirilən nəhəng layihələrdə də Fransa-Azərbaycan əlaqələrini görmək mümkündür.
Bütün bu əlaqələr hazırda da inkişaf etdirilməkdədir. Buna misal olaraq, Prezident İlham Əliyevin cari ilin 19-20 iyul tarixlərində Parisə rəsmi səfər etməsini göstərmək olar. Məhz bu səfər çərçivəsində dövlət başçısı İlham Əliyev çoxsaylı rəsmi görüşlər, həmçinin Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər keçirib. Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr Fransa-Azərbaycan münasibətlərinə töhfə verməklə yanaşı, dövlət başçısı İlham Əliyevin xarici siyasətinin növbəti iqtisadi qələbəsi kimi də dəyərləndirilir. Çünki, Fransa iqtisadi gücünə görə Avropa İttifaqının ilk üçlüyünə daxildir. Fransa şirkətləri Avropada, ümumilikdə dünyada öz sahələrində ən inkişaf etmiş şirkətlərdən hesab olunur. İqtisadi əlaqələrin bu səviyyədə inkişafı istər-istəməz siyasi, diplomatik münasibətlərə də təsir edir. Bu isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində böyük əhəmiyyət kəsb edir.
Bu səfər Azərbaycanın Fransa ilə genişlənən siyasi və iqtisadi əlaqələri ölkəmizin Avropa İttifaqı ilə əlaqələri baxımından da mühüm əhəmiyyət kəsb edir. Rəsmi Bakı Fransa ilə güclənən əlaqələr fonunda Avropanın qapısını daha güclü şəkildə açmış olur!
Alpər TURAN
banner

Oxşar Xəbərlər