• şənbə, 27 Aprel, 02:52
  • Baku Bakı 14°C

Avroparlamentin qərarı Türkiyə üçün göydəndüşmədir

26.11.16 10:38 1049
Avroparlamentin qərarı Türkiyə üçün göydəndüşmədir
Türkiyə 1987-ci ildə Avropa İqtisadi Təşkilatına üzvlük üçün müraciət edib. Sonradan Avropa İttifaqı (Aİ) adlanan bu qurumla rəsmi Ankara arasında üzvlük danışıqlarına isə 2005-ci ildə başlanılıb. 10 ildən çox davam edən üzvlük müzakirələri çərçivəsində 35 fəsildən yalnız 16-sı barədə görüşlər baş tutub və yalnız 1 fəsil tamamlanıb. Üzvlük məsələsində uzun sürən süni əngəllərdən, xüsusən də Aİ-yə üzv dövlətlər tərəfindən Türkiyəyə qarşı sərgilənən ikili standartlardan sonra rəsmi Ankara xarici siyasətində dəyişiklik etmək məcburiyyətində qalıb. Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Aİ-Türkiyə müzakirələrində irəliləmə əldə edilməsi üçün bu ilin sonunadək gözləniləcək, gələn il isə Aİ-yə üzvlük məsələsi referendum səsverməsinə çıxarılacaq.

Bununla yanaşı, rəsmi Ankara daxili siyasətdə də bəzi addımlar atıb, PKK terror təşkilatının siyasi qanadı kimi tanınan Xalqların Demokratiyası Partiyasının (HDP) liderləri, millət vəkilləri barədə həbs qərarı qəbul edib. Buna səbəb həmin şəxslərin separatçılarla əlaqədə olduğuna dair çoxsaylı faktların olmasıdır. Maraqlı burasıdır ki, illər uzunu türk insanının qanına susayan, onu qanına qəltan edən terror təşkilatının fəaliyyətinə göz yuman Aİ bu həbslərdən dərhal narahatlığını ifadə edib. Türkiyəyə qarşı ikili standartlardan çıxış edən, uzun illər üzvlüklə bağlı yalan vədlər verən Qərb bu günlərdə ona qarşı daha bir addım atıb, sanksiyalar məsələsini gündəmə gətirib. Belə ki, Avropa Parlamentinin deputatları 15 iyul qiyam cəhdindən sonra ölkədə gedən kütləvi həbsləri və təqibləri əsas gətirərək, Türkiyə ilə üzvlük danışıqlarının dayandırılmasına səs veriblər. Avropa Parlamentindəki ən iri fraksiyalar tərəfindən təklif edilən və qəbul olunan tövsiyə xarakterli qətnamədə Türkiyə ilə üzvlük danışıqlarının müvəqqəti dondurulması qeyd edilib. Beləliklə də Türkiyə ilə Aİ arasında münasibətlər kritik həddə çatıb.


Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Hikmət Məmmədov mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, Türkiyə və Aİ arasında indiki vəziyyət əvvəlcədən proqnozlaşdırılan, gözlənilən nəticə olub. Millət vəkilinin fikrincə, 50 ildən artıqdır davam edən Aİ-Türkiyə münasibətləri, həmçinin Türkiyənin bu quruma üzvlüy məsələsi belə məntiqi sonluqla başa çatmalıydı: "Ötən 54 il ərzində Avropa İttifaqının, bu qurumda təmsil olunan dövlətlərin niyyəti olmayıb ki, Türkiyəni də öz sıralarına qəbul etsinlər. Sadəcə, ötən müddətdə danışıqlar adı altında imitasiya ilə məşğul olublar, vəd veriblər ki, guya Türkiyə İttifaqa üzv olacaq. Amma bu danışıqlar prosesində onlar Türkiyənin hüquq sisteminə, daxili və xarici siyasətinə nəzarət ediblər. Türkiyənin hüquq sistemini yönəltməklə ölkədə cəzasızlıq mühiti formalaşdıran hüquq sistemi qurmaqda maraqlı olublar. Ona görə də Avropa İttifaqına daxil olmaq üçün şərtlər qoyanda, bir müddəa da irəli sürürlər ki, terrora qarşı mübarizədə liberal yanaşma nümayiş etdirilsin. Yaxud baş verən proseslərə Türkiyənin milli maraqlarından deyil, məhz Avropanın maraqları prizmasından baxılması şərti irəli sürülür. Bu isə Türkiyə dövlətçiliyinin əsaslarını sarsıtmağa xidmət edir. Beləliklə də Avropa İttifaqına üzvlük üçün danışıqlar adı altında Türkiyənin daxili və xarici siyasətini, hüquq sistemini yönəltdilər, digər tərəfdən də Türkiyənin daxilində və onun ətrafında güclü terror zolağı yaratdılar. Avropanın belə ikili standratlara söykənən, yalnız öz maraqlarına xidmət edən siyasətini açıb göstərmək lazımdır ki, məsələnin mahiyyəti tam çılpaqlığı ilə üzə çıxsın. Avropa İttifaqı bir xristian klubudur və Türkiyəni bu kluba heç zaman üzv etməyəcəklər. Bu reallıq Türkiyə və Avropa İttifaqı arasındakı münasibətləri indiki səviyyəyə çatdırıb. Nəhayət ki, Türkiyə bütün reallıqları olduğu kimi görüb və bizim müşahidə etdiyimiz hadisələr yaşanır. Türkiyə prezidenti də artıq bu məsələlərə çox obyektiv münasibətini ortaya qoyub. Əgər cari ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsində irəliləyiş əldə edilməzsə, gələn il bu, ümumxalq səsverməsinə çıxarılacaq”.

Politoloq H.Məmmədov onu da əlavə edib ki, hazırda beynəlxalq münasibətlərdə, Avrasiya regionunda çox dinamik proseslər baş verir. Onun fikrincə, bu proseslər nəticə etibarilə Avropa hegemoniyasının sonunu gətirəcək: "Bu proseslər Avrasiya məkanında güc mərkəzlərinin bölünməsini, balanslaşmasını da şərtləndirəcək. Belə olan halda Türkiyə ya yeni yaranan güc mərkəzlərindən biri olmalıdır, yaxud da yeni yaranan güc mərkəzləri ilə bir yerdə olmalıdır. Çünki Avropanın gələcək planlarında Türkiyə bir məkan və ya dövlət kimi Avropanın içərisində mövcud deyil. Bunu Türkiyə nə qədər tez dərk etsə, eyni zamanda bundan irəli gələrək dövlətin maraqlarına uyğun nə qədər tez qəti addım atılsa, bu, bir o qədər Türkiyənin mənafeyinə xidmət edəcəkdir. O baxımdan, indiki halda Türkiyədə daxili və xarici siyasətin real maraqlar üzərində qurulmasını doğru sayıram. Bir müddət sonra Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesi də başlayacaq. Bu hadisə sübut edir ki, Avropa qitəsini tərk etmədən, amma Avropa İttifaqına üzv olmadan da yaşamaq, inkişaf etmək, iqtisadi, siyasi, mədəni və sair münasibətlər qurmaq mümkündür. O baxımdan düşünürəm ki, rəsmi Ankaranın bundan sonra da atacağı qətiyyətli addımlar gələcəkdə yenidən dizayn olunacaq Avrasiyada Türkiyənin mövqeyini daha da möhkəmlədəcək, onu yeni bir güc mərkəzinə çevirəcək”.


İşçi qrupunun digər üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa hesab edir ki, Avropa Parlamenti qəbul etdiyi qətnamə ilə əslində sözügedən məsələdən Türkiyənin canını qurtarıb. Deputatın sözlərinə görə, Avroparlamentin qərarı bu mənada Türkiyə üçün göydəndüşmədir: "Avropa Parlamenti, Avropa İttifaqı Türkiyə ilə əməkdaşlıq məsələsinə, yaxud da gələcək perspektivdə Türkiyənin Avropa İttifaqına üzvlüyünə ciddi hadisə kimi yanaşmır. Ona görə də illərdir bu məsələ uzadılır, Türkiyə də qeyri-müəyyənlik içində saxlanılır. Bu səbəbdən Avroparlamentin qərarı Türkiyəyə imkan verəcək ki, seçim etsin. Daha əlverişli iqtisadi münasibətlər qura biləcək sistemlərə daxil olsun. Bu istiqamətdə Şanxay təşkilatına və sairə üzvlüklə bağlı yanaşmalar ortadadır. O nöqteyi-nəzərdən, Avroparlamentin qəbul etdiyi qətnamədən Türkiyənin ziyan çəkəcəyini, uduzacağını düşünmürəm. Türkiyə Avropa İttifaqına üzvlük məsələsində dəfələrlə açıq mövqe ortaya qoyub, bildirib ki, ona qarşı belə təzyiqlərlə davranmaq olmaz. Əsl reallıqda Avropa Parlamenti terrorçuları dəstəkləyən bir quruma çevrilib. Artıq PKK-nın ən böyük dayağı Avropa Parlamentidir. Bu gün Avropada baş verən terror hadisələrinin də səbəbi məhz Avropa Parlamentinin terrora qarşı münasibətdə qeyri-konstruktiv movqe ortaya qoymasıdır. Türkiyə bu faktı dəfələrlə bəyan edib. İndi Avropa Parlamenti bu izi itirmək üçün Türkiyəyə qarşı qətnamə qəbul edib. Ancaq bu, Türkiyənin ziyanına deyil. Onsuz da Avropa İttifaqı Türkiyəni yaxınına buraxmır. Bu da Türkiyəyə şans yaradır ki, daha düzgün seçim etsin”.


İşçi qrupunun başqa bir üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev də qəzetimizə açıqlamasında deyib ki, Aİ Türkiyəyə qarşı münasibətdə hər zaman qərəzli davranıb. O, Almaniya kansleri Angela Merkelin bir neçə il bundan öncə səsləndirdiyi "Avropa İttifaqı bir xristian klubudur və biz Türkiyəni burada görmək istəmirik” fikirlərini xatırladaraq, Avroparlamentin qəbul etdiyi qətnamənin heç də gözlənilməz olmadığını qeyd edib. Deputat bildirib ki, Aİ tərəfindən Türkiyə qarşısında qoyulan istənilən şərt həyata keçsə belə, İttifaqdakı dövlətlər inkişaf etmiş bir müsəlman ölkəsini öz sıralarına daxil etməyəcəklər: "Türkiyənin müxtəlif sahələrdə islahatlar aparmasına, qarşısına qoyulan şərtlərə əməl etməsinə baxmayaraq, Avropa İttifaqı dövlətləri hər dəfə bir bəhanə tapırlar. Düşünürəm ki, hətta İttifaqın son vaxtlar irəli sürdüyü şərtlər də həyata keçsəydi, yenə də hansısa bəhanələr tapılacaq, Türkiyənin Avropa İttifaqına üzvülüyü əngəllənəcəkdi. Ona görə Türkiyə də daxil olmaqla, bütün türk dövlətləri özləri dərin inteqrasiya prosesinə başlamalı, ölkələrarası mədəni-iqtisadi münasibətlər siyasi-hərbi müstəviyə qaldırılmalıdır”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər